Məhkəmə qərarları › İş №2(006)-5422/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-5422/2021

10.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5422/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.700 manat borcun, hüquqi xidmətə görə ödənilmiş 60 manat haqqın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 8.500 manat borcun, hüquqi xidmətə görə ödənilmiş 60 manat haqqın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi iki ildir ki tanıyır. 2020-ci ilin sonlarında rastlaşarkən ona demişdir ki, qarşıdan gələn 2021-ci ilin yanvar ayında nəqliyyat şirkəti açmağı planlaşdırır. Deməsinə görə, 2006-cı il zavod istehsalı olan «Toyota» markalı 4 ədəd avtomobil kreditə götürmək və pul qazanmaq istəyir. Ona pulla bu işdə kömək edərsə, onu da bu işə qoşacağına söz vermişdir. Bildirmişdir ki, 2021-ci ilin mart ayının 1-dək hazırlıq işlərini qurtarmaq və biznesə başlamaq üçün ona pul lazımdır. Pulunu da mart ayında qaytaracaqdır. O da inanıb cavabdehə 9.900 manat pulu borc vermişdir. Həmin tarix çatdıqda isə işinin ləngidiyini, aprel ayının 1-dək işə başlayacağını demişdir. Lakin aprel ayının 1-i yetişsə də, cavabdeh sözünə əməl etməmiş və onun pulunu qismən, yəni 1.200 manatını qaytarmışdır. Qalan pulu isə verməmişdir. Bu səbəbdən, aldandığını güman edərək Nərimanov RPİ-yə müraciət etməli olmuşdur. Polis İdarəsində aparılan araşdırma zamanı X1 ona olan borcunu yazılı şəkildə etiraf etsə də, 3cü şəxslər tərəfindən aldandığını və həmin pulun sonuncular tərəfindən ələ keçirildiyini bildirmişdir. Hesab edir ki, cavabdeh onunla razılaşaraq borc götürdüyü və bunu yazılı şəkildə təsdiq etdiyi üçün mülki məhkəmə icraatı qaydasında məsuliyyət daşımalı, ondan 8.700 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli 2(006)-5422/2021 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 01 iyun 2021-ci il tarixli sadə yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 03 fevral 2020-ci il tarixdə 3.400 manat, 10 mart 2021-ci il tarixdə 6.500 manat olmaqla, ümumilikdə 9.900 manat borc götürmüşdür. Həmin puldan 1.200 manatını geri qaytarmışdır. Qəbz yazılan tarixə 8.700 manat borc məbləği qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir, iddiaçının bildirdiyinə görə, hal-hazırda cavabdehin 8.500 manat borcu var. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş borc öhdəliyi olduğundan, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, hüquqi yardıma görə Vəkil Bürosuna 60 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 8.500 manat borc, hüquqi xidmətə görə ödənilmiş 60 manat haqq və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241- 244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 8.500 manat borc, hüquqi xidmətə görə ödənilmiş 60 manat haqq və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar