Məhkəmə qərarları › İş №2(006)-5423/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5423/2025

21.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5423/2025 21.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin təsisçisi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 2902 manat pul vəsaitini və ödənilmiş 49 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: 25 iyul 2025-ci il tarixdə Türkiyə Respublikasına istirahət üçün getmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, 28 may, ev 29, mənzil 1-də yerləşən Cavabdeh MMC-nin aviakassasında bütöv 1750 manat pul ödəyərək iddiaçı özü və üç ailə üzvü üçün bilet almışdır. Həmin aviakassanı təsadüfən tapmışdır. İddiaçı 24 avqust 2025-ci il tarixdə saat 02:00 radələrində Heydər Əliyev adına X4 ailə üzvləri ilə birlikdə olduğu zaman Cavabdeh MMC-nin iddiaçıya satdığı biletlərin saxta olduğu, hava limanında həmin biletləri yoxladıqca yalnız bron edildiyi, lakin biletlərin pulunun ödənilmədiyi bildirilmişdir. Beləliklə, iddiaçı cavabdeh Məlikli Qara tərəfindən aldadıldığını başa düşmüşdür. İddiaçı bundan sonra məcbur olaraq 4652 manat pul ödəyərək özü və ailə üzvləri üçün bilet almışdır. İddiaçı cavabdehin əməlinə hüquqi qiymət vermək üçün Nəsimi rayonu Polis İdarəsinin 22ci Polis Şöbəsinə müraciət etmişdir. Şöbəyə dəvət olunan X7 izahatında bildirmişdir ki, Cavabdeh MMC turizm şirkəti və aviakassa kimi fəaliyyət göstərir. O, izahatında oğlunun hazırda xəstə olduğunu bildirmiş, izahatında oğlunun ondan 1750 manat pul aldığını bildirmiş, oğlunun həmin pula nə etdiyinin bilmədiyini qeyd etmişdir. Hal-hazırda oğlu danışa bilmədiyi üçün əlavə məlumatı yoxdur. Xəstəliyi ilə əlaqədar bileti ala bilməmiş, pulu isə seyfə qoymuşdur. Hazırda iddiaçının pulunun geri qaytarıldığını bildirmişdir. Araşdırmadan sonra Nəsimi rayonu Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iyul ayının 25-i 28 mayda Travel şirkətinə yaxşılaşmışdır. Ən ucuzu həmin şirkət idi. Bir bilet 400 manat olmaqla, ailə üzvləri üçün 4 bilet almışdır. Baqaj üçün də 150 manat ödəyib. Ümumilikdə 1750 manat pul vermişdir. Elə həmin gün də şəxsiyyət vəsiqələrini veriblər. Bir müddət sonra anası xəstə olduğu üçün Gürcüstana getməli idi. Avqustun 3-ü nağd pul verib anası üçün bilet alıb. Anası Gürcüstana gedib, lakin geri dönüş biletində problem yaranıb. Qara ona avqustun 9-u zəng edib deyib ki, bilet ləğv olunub. Elə həmin gün onun ofisinə gedib. Orada danışıb. Ona deyib ki, avqustun 10-na bilet alınacaq və anasıgil onunla geri qayıdacaqlar. O, Qaradan soruşub ki, onlar gedəndə də belə problem olmaz ki? Deyib ki, olmayacaq. Avqustun 24-ü Heydər Əliyev adına X6 gedəndə biletə baxıblar, lakin tapa bilməyiblər. Deyiblər ki, bron olunub, amma alınmayıb. O da həmin gün məcbur olduğu üçün 4652 manata bilet alıb uçublar. Geri döndükdən sonra polisə müraciət edərək 1750 manatı alıb. 2902 manatı qalıb. Ona görə də məhkəməyə müraciət etmişdir. Atasının izahatına görə bileti alandan sonra Qara xəstələnib. Lakin xəstələnibsə, ayın 9-u onunla necə görüşmüşdür? Ayın 24-ü gedəcəkdilər. Birinci ailəsi üçün, sonra anası üçün bilet almışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirmişdir ki, iddiaçı şirkətə 1750 manat pul verib, bilet alıb. İndi isə iddia edir ki, 5000 manat biletlərə pul xərcləyib. Onları polisə vermişdilər, araşdırma başlamışdır. 1750 manat iddiaçıya ödənilib. Oğlu xəstələndiyi üçün bileti bron etsə də, bileti ala bilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2025-ci il tarixli Heydər Əliyev adına X1 alınmış biletlərdən görünür ki, 1181.99 manat məbləğində İddiaçı, Məmmədli İsmayıl, Quliyeva Aynurə adına, həmçinin 1105.18 manat məbləğində Məmmədli Muhamməd adına biletlər alınmışdır. Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, HK-1617 saylı məktubundan görünür ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə daxil olmuş müraciətə əsasən araşdırma aparılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda tərəflər arasında olan mübahisənin mülki xarakterli, yəni mülki mübahisə predmeti olması müəyyən edildiyindən onların mülki mühakimə icraatı qaydasında rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Qəbul edilmiş qərara əsasən bildirilmişdir ki, qərarla razı olmadıqları halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə müvafiq olaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud məhkəməyə şikayət vermək hüququnun olduğu bildirilmişdir. Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsini rəhbər tutaraq cinayət işinin başlanmasının rədd edilməsi və ərizəçi vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Maddə 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 433. Borclunun öz öhdəliyini qanunla icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödənilməsi öhdəliyin icrası sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən Türkiyə istiqamətində səfərin həyata keçirilməsi məqsədi ilə cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi (direktoru) X5 (MM 49.2) aviabiletlərin alınması sifariş verilmiş, bunun üçün sonuncuya bilet alınması üçün 1750 manat ödəniş edilmiş (MM 433), lakin həmin biletlər yalnız bron edilərək, biletlərə görə hər hansı ödəniş həyata keçirilməmiş (biletlər faktiki olaraq alınmamış), iddiaçı uçuş günü hava limanında əlavə 2902 manat pul vəsaiti hesabına yeni biletlər əldə etmək məcburiyyətində qalmışdır. Sonradan hüquq-mühafizə orqanına edilən müraciətin nəticəsində MMC-nin qanuni təmsilçisi X8 tərəfindən iddiaçının ödədiyi 1750 manatın iddiaçıya geri qaytarılması təmin edilmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Hüquqi şəxsin direktorunun (hazırkı işdə X3) hüquqi şəxsin adından hərəkət edən şəxs olması, bağladığı müqavilələrin hüquqi şəxs üçün hüquq və öhdəliklər yaratması nəzərə alındıqda, hazırkı halda ödənilən 1750 manat pul Cavabdeh MMC-yə ödənilmiş sayılır və müvafiq olaraq öhdəliyi də cavabdeh hüquqi şəxs daşıyır. Məhkəmə iclasında cavabdeh tərəf bu halı, X3 Cavabdeh MMC-nin adından fəaliyyət göstərməklə, müvafiq öhdəliyin hüquqi şəxsə məxsus olmasını təsdiq etmiş, lakin ödənilmiş pulun (1750 manatın) iddiaçıya geri qaytarılmasına istinad edərək, iddiaçıya vurulmuş zərərin tərəfindən qarşılandığını bildirib iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçı, cavabdeh tərəfindən səfər üçün aviabiletlərin alınmasının təşkil edilməsini sifariş vermiş və cavabdeh müvafiq xidməti göstərməli olduğu halda, sonuncunun vaxtında biletlərin ödənişini etməməsi səbəbindən iddiaçı 2902 manat əlavə ödəniş etməli olmuş, bununla da iddiaçıya real maddi ziyan dəymişdir. Mülki qanunvericiliyə əsasən, dəymiş zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması; - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; - zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; - zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçıya dəymiş maddi zərərin açıq-aşkar mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və iddiaçıya dəymiş maddi zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə öz təsdiqini tapdığından, məhkəmə iddianın təmin edilərək, iddiaçıya dəymiş olan maddi ziyanın ödənilməli olması qənaətinə gəlir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, vurulmuş maddi ziyana görə 2902 manat pul vəsait və iddianın qaldırılması üçün ödənilmiş 49 manat dövlət rüsumu cavabdeh “Best of Travel’’ MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi və iddiasında tələb etdiyi 49 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyana görə 2902 (iki min doqquz yüz iki) manat pul vəsait və iddianın qaldırılması üçün ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar