Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5436/2025 16.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12 000 manat borcun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Qarabağ İqtisadi bölgəsində aparılan antiterror əməliyyatları zamanı, Ağdarə rayonu istiqanətində gedən döyüşlərdə şəhid olmuş X4 atasıdır. Oğlu şəhid oduğuna görə ona şəhid ailəsi statusu verilmişdir. Oğlu Həsən 2020-ci ilin mart ayında Azərbaycan Dəmir Yolları Qapalı Səhimdər Cəmiyyətinin Gəncə stansiyasında mühafizəçi vəzifəsində çalışdığı zaman, oğlu Həsən Həsənov Cavabdeh ilə tanış olmuş, söhbət əsasında Cavabdeh polis orqanlarına işə girmək istəsiyini bildirmiş, Cavabdeh isə oğluna onu polis orqanlarına işə girməkdə köməklik edəcəyinə söz vermiş və oğlu Həsəni polisə düzəldəcəyinin qarşılığında oğlundan 14000 manat pul istəmiş, Asifin oğlu Həsənə guya ki, onun hansısa yaxın qohumunun DİN-in X11 Alayında kadrlar şöbəsində işlədiyini və onun vasitəsilə bu işi həll edə biləcəyini demiş, Asif Həsəndən ilkin olaraq 12000 manat pul istəmiş, qalan 2000 manat pulu isə Həsən işə düzəldikdən sonra alacağını bildirmişdir. Bundan sonra o, oğlu Həsənin bu istəyini nəzərə alıb özü hissə-hissə kredit və borc götürməyə başlamış və 12000 manat pul toplamışdır. X14 ilkin olaraq 2000 manat pul vermiş, oğlu isə ondan aldığı 2000 manat pulu 2020-ci ilin dekabr ayının sonlarında Bakı şəhərinə yedib X12 yanında Asifə vermişdir, daha sonra işin düzəlməsi ilə bağlı Asif əlavə olaraq Həsəndən 8000 manat pul istədiyindən o, 8000 manat pulu da Asifə verməsi üçün oğlu Həsənə vermişdir, Həsən 2021-ci ilin fevral ayının əvvəllərində yenə də Bakı şəhərinə gəlib Cavabdehla X12 yanında görüşərək 8000 manat pulu burada Cavabdeh vermişdir. Bundan təxminən 3-4 gün sonra yəni 2021-ci ilin fevral ayının əvvəllərində Asif oğlu Həsənə qalan 2000 manat pulun da verilməli olmasını demiş, yenə də 2000 manat pulu oğlu Həsənə vermiş, o, da öz növbəsində 2000 manat pulu Gəncə şəhərində yerləşən mağazaların birində olan ödəniş terminalı vasitəsilə Cavabdeh istifadəsində olan bank kartına göndərmişdir. Beləliklə, Cavabdeh Həsən Həsənovu polisə düzəltmək adı ilə oğlundan 12000 manat pul almışdır. Dəfələrlə cavabdehdən 12000 manat pulu geri istəsə də, bəhanələr gətirərək yayınmışdır. xx.xx.2023-cü il tarixdə Qarabağ İqtisadi bölgəsində aparılan antiterror əməliyyatları zamanı, Ağdarə rayonu istiqamətində gedən döyüşlərdə oğlu X5 şəhid olmuşdur. O, 12000 manat pulu qaytarmadığına görə Cavabdeh barəsində polisə şikayət etmiş və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma zamanı ona məlum olmuşdur ki, Cavabdeh tək onu yox, bir neçə nəfəri, o cümlədən X2 da aldadıb onun 3.500 manat pulunu alıb qaytarmamışdır. X1 atası kimi onun və qeyrilərinin şikayət ərizələri əsasında ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Cavabdeh barəsində Bakı şəhəri Nərimanov rayon polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılıb istintaq aparılaraq, cinayət işi yekunlaşdırılıb baxılması üçün Baki şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində bu iddia üzrə Cavabdeh barəsində olan cinayət işinə xx.xx.2025-ci il tarixdə baxılaraq, 1(005)-54/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 02 il 09 ay müddətə azadlıqdan məhrum edilmişdir. İstər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə istintaqı zamanı Cavabdeh onlardan 12000 manat dələduzluq yolu ilə pul aldığı tam təsdiq olunmuşdur. Cavabdeh tərəfindən 12000 manatın qaytarılmadığına görə hökümdən ziyanın ödənilməməsi ilə bağlı hissəsindən narazı qaldığından, Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti yazıb vermişdir. Baki Apellyasiya Məhkəməsində onun apellyasiya şikayətinə xx.xx.2025-ci il tarixdə baxılaraq, apellyasiya şikayətini təmin edilməməsinə dair 1(103)-1398/2025 nömrəli qərar gəbul edilmişdir. Məhkəmə qeyd edib göstərmişdir ki, ziyanının ödənilməsi ilə bağlı Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldıra bilər. Odur ki, onun pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaqdan başqa yolu qalmamışdır. Cavabdeh dələduzluq yolu ilə oğlu Həsənin sağlığında ondan 12000 manat pul aldığı onun özünün istintaq və araşdırma zamanı etirafı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(005)-54/2025 nömrəli hökmü ilə də tam təsdiq olunur. Bu günə kimi dəfələrlə təqsirləndirilən şəxsdən aldlğı pulu geri qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Hesab etmişdir ki, cavabdeh törətdiyi cinayət əməllərinə görə layiqli cəza almaqla yanaşı həm də ona dəymiş maddi zərəri ödəməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəmədə mülki iddia qaldırmaq qərarına gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları: İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(005)-54/2025 saylı hökmümün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsrli bilinərək 02 (iki) il 09 (doquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə həmçinin göstərilmişdir ki, təqsirləndirilən Cavabdeh zərərçəkmiş şəxs İddiaçı münasibətdə özünü qismən təqsirli bilmişdir. Belə ki, onun oğlu Həsən Həsənovla tanış olmuş və Həsən Həsənovu polis orqanlarına işə düzəltmək istədiyini demişd, bu işdə ona kömək edə biləcəyini söyləmişdir. Daha sonra DİN-in X11 Alayında kadrlar şöbəsində olan tanışına birlikdə 10000 manat məbləğində pul vermişlər. Ona isə bu işdə vasitəçi olduğu üçün 2000 manat pul çatmışdır. X3 12 000 manat vermiş, o da halhazırki vaxtadək onun ailəsinə 3000 manat məbləğində ödəniş qaytarmışdır. Tətbiq edilən hüquq: Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda iddiaçı cavabdehə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məcəllənin 1093-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvericiliyin normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən cinayət qanuni ilə nəzərdə tutulmuş əməl törədilməklə iddiaçıya zərər vurulduğundan, iddiaçı hüquqi varis olaraq həmin zərərin əvəzini tələb etməklə haqlıdır. Odur ki, 12000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12000 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 12000 manat alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №2(006)-5436/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5436/2025
16.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver