Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5454/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Cavabdeh ünvan 1 ünvanına istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzil onun adına xx.xx.2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestirində qeydə alınmış və bu barədə adına RX 0412530-li Qeydiyyat Vəsiqəsi verilmişdir. Cavabdeh onun bacısı uşağıdı. Cavabdeh qeyd olunan mənzildə pastort qeydiyyatında olmasına baxmayaraq, cavabdeh 20 ildir ki, çıxıb getmiş və daimi başqa yerdə Sabunçu Rayonu, X1, ev ünvanında cavabdehə məxsus olan evdə (təzə-tikilidə) yaşayır. Qeyd olunan ünvan 4 ünvanda yaşamır. Bu da onu göstərir ki, cavabdeh onun xüsusi mülkiyyətindəki pasport qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh hal-hazırda onunla birgə təsərüffat idarə etmir və həmin mənzildən istifadə etmirlər. Cavabdehin pasport qeydiyyatında qalması, mülkiyyətində olan mənzil üzərində hüquqlarını məhdudlaşdırır, cavabdeh əvəzinə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Cavabdehin pasport qeydiyyatından çıxarılması üçün, Nəsimi rayon pasport şöbəsinə müraciət etmiş, lakin oradan ona bildirildi ki, o, yalnız məhkəməyə müraciət etdikdən sonra cavabdehin qeydiyyatı silinə bilər. Bu səbəbdən mövcud iddia ilə məhkəməyə müraciət edir və hesab edir ki, iddiası təmin olunmalıdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, həmin ünvanda doğulmuşdur. Ev babasının adına olub. Babası rəhmətə gedəndən sonra övladlarının, həmçinin anasının da razılığı ilə dayısının adına keçib. Onun dayısındandan mülkiyyət tələbi yoxdur. Dayısı 3-4 ay əvvəl qeydiyyatdan çıxmağı bildirdi. O, ehtiyatda olan əsgərdir. Onun sənədlərində qeydiyyat ünvanı həmin evdir. Bu səbəbdən dayısından vaxt istəmişdir. Dayısı da 2 ay gözlədi, sonra məhkəməyə müraciət etmişdir. Onun evi yoxdur, 2 sot torpaq sahəsi var, əkin təyinatlı sahədir. Həmin yerə çıxarış verilmir. Uşaq vaxtı - 10 yaşınadək dayısının evində yaşamışdır. Mənzil dayısının adına keçəndən sonra orada yaşamamışdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 5 ünvanının mülkiyyətçisi İddiaçıdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə “istifadə hüququnun” hüquqi mahiyyətinə aydınlıq gətirilməsinə və həmin məsələ barədə Konstitusiya Məhkəməsi Plenumunun aşağıda göstərilən qərarlarına nəzər yetirilməsini zəruri hesab edir. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi birbirindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Yuxarıda göstərilən hüquqi mövqedən aydın olduğu kimi ümumiyyətlə istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq, yəni həmin sahədə yaşamaq imkanını təmin edir. Bu imkan isə ehtiyacdan(məcburiyyətdən) yaranır və ehtiyacın aradan qalxması ilə itir. Hüququn yaranması əsası isə yuxarıda göstərildiyi kimi müxtəlif ola bilər. Bunlara etibarlı ailə münasibətlərinin mövcudluğunu, müqavilə və digər razılaşmaları aid etmək olar. Lakin hər bir halda həmin hüquq mülkiyyət hüququnun mütləq şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayon, Dağıstan küçəsində yerləşən 22 saylı evin 7 nömrəli mənzili 2014-cü ildən İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının bacısı oğludur və o, iddiaçıya məxsus olan mənzildə formal olaraq qeydiyyatdadır, həmin mənzildə 15 ildən çoxdur ki, yaşamır. Beləliklə, sözügedən mənzilin hal-hazırda iddiaçının mülkiyyətində olması, cavabdehin Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbi baxımından iddiaçının ailə üzvü olmaması, cavabdehin 15 ildən artıq müddətdə mənzildə yaşamaması işin mübahisə edilməyən hallarıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının irəli sürdüyü əsasın tələblə uyğunlaşmaması əsası ilə iddia təmin edilməməlidir. Belə ki, iddiaçının irəli sürdüyü dəlil – cavabdehin qeydiyyatda qalması onun istifadə hüququnun mövcudluğunu sübut etmir, iddiaçı özü cavabdehin faktiki olaraq istifadə hüququnun mövcud olmadığını qeyd etsə də, istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia irəli sürmüşdür. Qeyd edilməlidir ki, cavabdehin mənzildən istifadə hüququnun iddiaçıya (yeni mülkiyyətçiyə) münasibətdə yarandığı müəyyən edilmir. Şəxsin istifadə hüquqlarının olmadığı təqdirdə obyektiv mənada bu hüququn itirilməsi anlaşılan deyil. Qanunvericiliyin təhlili müəyyən edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınmasının qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Yuxarıda sadalalanan qanunvericilik normalarına əsasən, hazırki mülki işdə cavabdehin iddiaçının yaxın ailə üzvü, yəni cavabdeh ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər dairəsinə aid deyil, həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmamışdır. Sadalanan qanunvericilik normalarını, işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdehin İddiaçı münasibətdə mübahisəli mənzilə ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququ olmadığı mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi itirilmiş hesab edilməsi barədə iddia tələbi, cavabdehin mənzilə istifadə hüququnun olması müəyyən edilmədiyindən təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-5454/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5454/2025
12.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver