Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5459/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı 12.09.2013-cü il tarixdə müqavilə bağlamışlar. Həmin müqavilənin mahiyyətinə görə Mənzil Tikinti Kooperativi tərəfindən Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38-də yerləşmiş cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tikilməkdə olan binasında 10 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 2 otaqdan ibarət, ümumi sahəsi 91 kv.m, mənzilin bloku mərtəbəsi 1 bloklu mərtəbədə nəzərdə tutulmuşdur. Göstərilən mənzilin ümumi dəyəri 95.000 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı müqavilə ilə nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışında və texniki pasportunda Mənzil Tikinti Kooperativi tərəfindən Nəsimi rayonu , Qulu Quliyev küçəsi 38 -də yerləşmiş mənzilin sahəsi 74,10 kv.m qeyd edilmişdir. Cavabdeh tərəf öhdəliyin məzmunu ilə bağlı şərtləri pozmuşdur. Mənzil Tikinti Kooperativi ilə bağlanmış müqavilənin şərtilərindən biri də cavabdeh tərəfin iddiaçıya Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 38-də 2 otaqdan ibarət, ümumi sahəsi 91 kv.m-dən ibarət olan mənzil təhvil verilməsi olmuşdur. İddiaçı cavabdeh tərəfə öz öhdəliyinin icrası üçün dəfələrlə müraciət etsə də, imtina edərək onu təhqir etmişlər. 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasportunda müqavilə üzrə iddiaçıya verilmiş mənzilin sahəsi 74,10 kvadratmetr, 1 saylı Bakı Ərazi İdarəsinin çıxarışında müqavilə üzrə iddiaçıya verilmiş mənzilin sahəsi 74,10 kvadratmetr qeyd edilmişdir. İşin hallarından göründüyü kimi, mənzil sahəsinin kvadratmetrinə görə qiyməti 1044 manat məbləğində müəyyən olunmuşdur. Belə olduğu təqdirdə cavabdeh tərəf mənzil sahəsinin alınması üçün 17748 manat məbləğində artıq pul almışdır. Lakin cavabdeh tərəfindən iddiasının əsası kimi təqdim etdiyi qəbzlərdə görünür ki, cavabdehə mənzil sahəsinin alınması üçün 17748 artıq pul ödənmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 17748 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 17.740 manat, mənəvi ziyana görə 10 000 manat və iddia qaldırmağa görə ödənilmiş 40 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, bildirmişdir ki, MTK tərəfindən iddiaçıya müqavilədə göstərilən sahədə mənzil verilmişdir. DƏDRXnin əməkdaşları sahəni hesablayarkən arakəsmə divarları, eyvanları nəzərə almırlar. Buna görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 12.09.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, Kooperativ, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 38-də yerləşmiş MMC-yə məxsus tikilməkdə olan binasında 10 №-li mənzili (91 kv.m) payçıya verməyi, payçı isə həmni mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 12.09.2013-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-yə məxsus kooperativ yaşayış binasının İ giriş, İİ mərtəbəsində, ümumi sahəsi 91 kv.m olan 2 otaqlı, 10 saylı mənzilin ümumi pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 74,10 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 987-ci məhəllə, ev 64, mənzil 10 (yeni qaydalarla AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 64, M3, m4) İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3, şüşəbənd və lociyalar - 0,5, eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə əlavə edilir. Bu səbəbdən qeyd olunan mənzilin faktiki ümumi sahəsi ilə göstərilən qaydalara əsasən hesablanmış mənzillərin ümumi sahəsi arasında fərq mövcuddur. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı və "xxxx" MTK arasında bağlanmış 12.09.2013-cü il tarixli müqaviləyə əsasən MMC Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 987-ci məhəllə, ev 64, mənzil 10-u İddiaçı verməyi öhdəsinə götürmüş, tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 91 kvadrat metr olan yaşayış sahəsinin ümumi dəyəri olan 95.000 manat payçı tərəfindən MTK-ya tam ödənilmişdir. Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan mənzil İddiaçı mülkiyyətinə verilmiş və mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların X1 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda mənzilin ümumi sahəsinin 74,10 kvadrat metr olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.09.2021-ci il tarixli məktubundan görünür ki, tərtib olunmuş texniki pasporta və inventarlaşdırma qaydalarına əsasən, mənzilin ümumi sahəsi hesablanarkən otaqlar arasında yerləşən arakəsmələrin, şaxtaların və sütunların çıxıntılarının tikintialtı sahələri ümumi sahədən çıxılır. Bundan başqa mənzilin balkon sahəsi şəhərsalma qaydalarına əsasən 0.3 əmsalına vurularaq ümumi sahəyə daxil edilir. Qeyd olunan mənzildə də yuxarıda göstərilən qaydalara əsasən mənzilin ümumi sahəsi ilə faktiki sahə arasında fərq mövcuddur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan mənzilin ümumi sahəsi faktiki olaraq 91 kvadrat metr olmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə uyğun azaltma əmsalı tətbiq edilərkən 74,10 kvadrat metr təşkil edir. Yəni mənzilin sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması zamanı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun 74,10 kvadrat metr kimi hesablansa da, cavabdeh MTK müqavilə bağlayarkən mənzilin layihə üzrə ümumi sahəsinin 91 kvadrat metr təhvil verməyi üzərinə götürmüş və müqavilə üzrə həmin öhdəliyi tam olaraq icra etmişdir. İddiaçı mənzili alarkən onun ümumi layihə sahəsinin 91 kvadrat metr olmasını və mənzildə balkonların olmasını bilmiş və həmin şərtlərlə razılaşaraq, müqaviləni imzalamışdır. Cavabdehin iddiaçının hesabına əsassız varlanması iş materialları ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-5459/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5459/2021
19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver