Məhkəmə qərarları › İş №2(006)-546/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-546/2025

27.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-546/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs TƏBİB PHŞ-nın nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” PHŞ-yə qarşı güzəştlərin tətbiq edilməklə ona qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinin tələblərinə uyğun olaraq 21400 manat məbləğində pulun cavabdeh “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İ Qarabağ müharibəsində xüsusi xidmətlər göstərmiş, Azərbaycanın döyüş əməliyyatlarında iştirak edərək 1995-ci ildən Qarabağ müharibəsi veteranı adını almışdır. Azərbaycan Vətən Müharibəsi X4 üzvüdür. Həmçinin Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsi üzrə partiya sədri vəzifəsini icra edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində müharibə veteranı almış fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı aylıq gəliri 400 manat məbləğində azaldılması qeyd edilmişdir. Müharibə veteranı olmasına baxmayaraq müharibə veteranı olduğu 1995-ci ildən bu yana heç vaxt bu güzəştlərdən istifadə etməmişdir. Tətbiq olunmayan güzəştlərin hesablanaraq ona ödənilməsində köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbində iddiaçı məhkəmədən 21400 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının 21400 manat məbləğində pul tələbi tam əsassızdır. İmtiyazdan istifadə etməsi üçün iddiaçı Bakı şəhəri Nizami Rayon Hərbi Komisarlığı tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 049912 saylı Müharibə Veteranı vəsiqəsini “X6 və Ortopediya İnstitutu” X11 Kadrlar Şöbəsinə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. İddiaçı ərizə yazaraq müraciət etdiyi xx.xx.2024cü il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq tətbiq olunan güzəştlərdən istifadə edir. İddiaçı T. Həsənovun xeyrinə tətbiq olunan güzəşt ərizə ilə müraciət olunduğu tarixdən hesablanaraq tutulmalıdır. Məhkəmənin nəzərinə çatdırmaq istmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2-ci maddəsinə müvafiq olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı almış fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Qeyd olunanlara əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısının tətbiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 04 saylı qərarında vergi güzəştinin tətbiqi üçün müvafiq sənədlərin siyahısı qeyd olunmuşdur. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin güzəşt hüququ aşağıdakı sənədlər əsasında müəyyənləşdirilir: Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı almış şəxslər üçün müharibə veteranı vəsiqəsi ilə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları ilə. Güzəşt hüququna malik olan şəxslər yuxarıda adı çəkilən sənədlərdən birini təqdim etməlidirlər. Belə ki, əmək haqqından tutulan vergi hesablanarkən fiziki çəxslərin vergi güzəştləri yuxarıda qeyd olunan sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir. Buna baxmayaraq İddiaçı ona verilmiş veteran vəsiqəsini “X6 və Ortopediya İnstitutu” X11 Kadrlar Şöbəsinə daha öncədən təqdim etdiyini bildirərək, vergi güzəştlərindən yararlanmaq istəmişdir, lakin kadrlar şöbəsində İddiaçı daha öncə müraciət etməsinə dair hər-hansı sənəd, sübut tapılmamışdır. Nəsimi Rayon Məhkəsinin sorğularına cavab olaraq göndərmiş olduğu X6 və Ortopediya İnstitutu” X12 göndərdiyi sorğulara cavab olaraq göndərdiyi məktublarda bununla bağlı məlumat verilərək İddiaçı şəxsi işi (arxiv qovluğu) tam şəkildə məhkəməyə təqdim edilmişdir. Məhkəmənin ETOİ-yə ünvanlandığı sorğuya cavabda da qeyd edilmişdir. Göndərdiyi məktubdada bu qeyd edilmişdir. Daha öncə təqdim etməsinə dair heç bir sübut təqdim etməmişdir. İddiaçı “X6 və Ortopediya İnstitutu” X10 xx.xx.2024-cü il tarixdən öncə müraciət etməsinə dair hər-hansı sənəd, sübut məhkəməyə təqdim edə bilməmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən əmək haqqından tətbiq edilməli olan vergi güzəştlərinin cavabdeh “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs TƏBİB PHŞ-nın nümayəndəsi X8 güzəştlərin tərəflər arasında vəzifə dəyişikliyi ilə bağlanmış yeni müqavilədən sonra tətbiq edilməsi məqsədəmüvafiq olduğunu bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublıkası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Lakin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi məhkəmənin əvvəlki iclaslarında iştirak edərək iddia tələbinə dair bildirmişdir ki, qeyd olunan vergi güzəştləri huququ təsdiq edən sənədin təqdim edildiyi andan tətbiq edilməlidir. Vergilər Məcəlləsinə edilən və 01 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən isə vergi güzəştləri əldə etməyə əsas verən stutusun olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim edildiyi halda vergi güzəşti həmin müqavilənin hüquqi qüvvəyə mindiyi andan hesablanmalıdır. Bildirdiyinə görə bu müddəalar 2022-ci ilin 01 yanvar tarixindən sonra yaranan münasibətlərə şamil olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan X1 təqdim etdiyi xx.xx.1995-ci il tarixli 51549 saylı vəsiqəsini təqdim edərək müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək məqsədi ilə müraciət etmişdir. Lakin, təqdim etdiyi həmin vəsiqə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə hüququna malik deyildir, bu vəsiqə yalnız üzvlük vəsiqəsidir. İddiaçı ərizə ilə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən 2 ay sonra Bakı şəhəri Nizami Rayon Hərbi Komissarlığı tərəfindən ona verilmiş olan xx.xx.2001-ci il tarixli, 049912 saylı Müharibə Veteranı vəsiqəsini təqdim etmişdir. Beləliklə, İddiaçı ərizə ilə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2-ci maddəsinə və qanunvericiliyin tələblərinə uyğun olaraq tətbiq olunan güzəşt və imtiyazlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. İş materiallarında olan və məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə İddiaçı İdarədə saxlanılan şəxsi işində ona “Müharibə Veteranı” vəsiqəsinin verilməsinə əsas olmuş sənədələr məhkəməyə təqdim edilmişdir. İddiaçı xx.xx.2001-ci il tarixli 049912 №li vəsiqənin verilməsinə əsas olan həmin sənədlər arasında olan Bakı ET Travmatologiya və X3 Nazirliyinin göstərişi əsasında İnstitutun direktoru Ə.Z.Davudov tərəfindən imzalanmış və möhürlənmiş xx.xx.1992-cü il tarixli ezamiyyə əmrinin surətindən görünür ki, İnstitutun həkimi İddiaçı xx.xx.1992-cü il tarixdən 7 gün müddətinə Zəngilan rayonuna ezam edilməsi əmr edilmişdir. Sənədin sol yuxarı küncündə №23, xx.xx.2001 tarixli qeyd aparılmaqla ştamp vurulmuşdur. Həmin iş materiallarında həmçinin, Bakı ET Travmatologiya və X3 Nazirliyinin göstərişi əsasında İnstitutun direktoru X.D.Dadaşov tərəfindən imzalanmış və möhürlənmiş xx.xx.1993-cü il tarixli ezamiyyə əmrinin surətindən görünür ki, İnstitutun həkimləri İddiaçı və digəriləri xx.xx.1993-cü il tarixdən 10 gün müddətinə Qarabağ ətrafında hərbi döyüş zonasına ezam edilməsi əmr edilmişdir. Sənədin sol yuxarı küncündə №22, xx.xx.2001 tarixli qeyd aparılmaqla ştamp vurulmuşdur. Ştampın məzmunu zəif əks olunsa da, cavabdehə aid olması müəyyən edilir. İş materiallarında olan Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli arayışdan görünür ki, Həsənov X7 rayonuna erməni işğalçılarının təcavüzünün başlandığı ilk illərdə (1988-1991) mərkəzi rayon xəstəxanasında həkim işlədiyi üçün sərhədyani kəndlərdə gedən döyüşlərin iştirakçısı olmuş, yaralıların atəş xəttindən çıxarılmasında onlara ilk tibbi yardım göstərilməsində və başqa hospitallara evakuasiya olunmasında xüsusi ilə fərqlənmişdir. İş materiallarında olan Zəngilan Rayon Hərbi Komissarı tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1988-1991-ci illərdə erməni işğalçılarının Azərbaycan Respublikasına təcavüzü zamanı aparılan döyüş əməliyyatlarında Zəngilan rayonunun müdafiəsində iştirak edib. Arayış Nizami Rayon Hərbi Komissarlığına təqdim edilmək üçün verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, həmin ərizə ilə imtiyazlardan istifadə etməsinə razılıq verilməsini xahiş etmişdir. Həmin ərizədə qoşma sənədələr göstərilməmiş və müvafiq sənədələrin əlavə edilməsi qeyd olunmamışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, müqavilənin 8-ci bəndində əlyazma qeydləri ilə İddiaçı “xx.xx.2018-ci il tarixdən yeni strukturaya və ştat cədvəlinə uyğun olaraq 1.0 tarif dərəcə ilə Uşaq travmatologiya və ortopediya şöbəsinin müdiri vəzifəsində işdə hesab edilsin. Əmr №78, xx.xx.2018” mətni qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.1990-cı il tarixindən əsas iş yeri olmaqla, həkim travmotoloq-ortoped vəzifəsində çalışır. Müqaviləyə dəyişiklik aylıq tarif maaşının artması ilə əlaqədar olması göstərilmişdir. İddiaçının cavabdeh qurumda mövcud olan şəxsi işinə məhkəmə iclasında iki dəfə baxış keçirilmiş, iş materiallarının surətləri çıxarılmış, şəxsi işin aparılma qaydalarına uyğun aparılmadığı, o cümlədən iddiaçının şəxsi uçot vərəqəsinin, tərcümeyi halının uzun müddət ərzində yenilənmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin l bəndinə əsasən sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər veteran sayılırlar. Həmin Qanununun 7-ci bəndinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Həmin Məcəlləsinin 102.8-ci madəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Məhkəmə qeyd edir ki, işəgötürən işçinin vergi güzəştlərini əldə etməyə əsas verən statusunun olduğu halda, onun əmək haqqından tutulmaların aparılmasına yol verməklə işçinin hüquqlarını məhdudlaşdırmış, işçi veteranlar üçün nəzərdə tutulmuş güzəştlərdən yararlana bilməmişdir. İddia ərizəsində İddiaçı müharibə veteranı adı aldığına görə ona əmək haqqından tətbiq edilməli olan vergi güzəştlərinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini tələb etmişdir. Hesab olunur ki, iddiaçının tələbində haqlı olub-olmaması müvafiq qanunvericiliyə və konkret hallara əsasən müəyyən edilməlidir. İddiaçı “Müharibə Veteranı” vəsiqəsini 2001-ci ildə almış və “Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək imtiyazlardan istifadə etməsinə razılıq verilməsini xahiş etmiş, həmin ərizədə qoşma sənədələr göstərməmiş və müvafiq sənədələrin əlavə edilməsini qeyd etməmişdir. Buna baxmayaraq, ərizədə göstərilən məsələni cavabdeh xeyli müddət sonra və yalnız “Müharibə veteranı” vəsiqəsi təqdim edildikdən sonra icra etmişdir. Halbuki, cavabdehin etirazında vəsiqənin təxminən 2024-cü ilin avqust ayında təqdim edildiyi bildirilsə də, təqdim edilmiş şəxsi iş materiallarında həmin vəsiqənin hansı tarixdən təqdim edilməsi barədə sübut aşkar edilməmişdir. İşin digər diqqətəlayiq halı ondan ibarətdir ki, iddiaçıya vəsiqə 2001-ci ildə verilərkən, cavabdeh həmin vəsiqənin verilməsinə əsas olmuş sənədləri vəsiqə verilməsi səlahiyyətinə malik olan orqana təqdim etmişdir. Bu hal 1992 və 1993-cü illərdə tərtib edilmiş ezamiyyət əmrlərinin çıxarışlarının surətlərində cavabdehin 2001-ci il tarixli qeydiyyat aparması ilə təsdiq olunur. Qeyd olunmalıdır ki, iddiaçının vergi güzəştlərinin tətbiq edilməsi üçün lazım olan statusa malik olması işin mübahisəsiz halıdır. Güzəştlərin tətbiqinin hansı andan başlanması isə mübahisəlidir. Əgər qanunvericilikdə güzəştin tətbiqi anı vəsiqənin təqdim edilməsi ilə şərtləndirilirsə, bu zaman imtiyazların müvafiq statusu əks etdirən vəsiqənin verildiyi tarixdən deyil, onu işəgötürənə təqdim edildiyi tarixdən hesablanması nəzərdə tutulur. Bu halda məlumatlandırma vəzifəsi işçinin üzərinə düşməklə tələbetmə təqdimetmədən sonrakı dövrə aid olur. Digər bir halda, güzəştin tətbiqi statusun əldə edilməsi anı ilə şərtləndirilirsə, imtiyazlar statusu əks etdirən vəsiqənin verilmə tarixindən hesablanaraq, tələbetmə təqdimetmə anından əvvələ şamil edilməsini nəzərdə tutur. Bunun üçün isə qanunvericilikdə xüsusi norma mövcud olmalıdır. İstənilən halda, məlumatlandırma işəgötürənin müvafiq güzəştlərin tətbiqi üçün əsasdırsa, iş materiallarından görünür ki, işəgötürən statusun verilməsinə əsas olan daxili sənədləri, yəni 92-93-cü illərdə verilmiş ezamiyyət əmrlərindən çıxarışların surətlərini müvafiq statusu rəsmiləşdirən orqana təqdim etməklə və iddiaçıya belə statusun verilməsində təşəbbüskar olmaqla, iddiaçıya statusun verilməsindən məlumatlı olmuşdur. Digər tərəfdən, iddiaçı güzəşt hüququnu təsdiq edən müvafiq sənədlərini əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim etməsi onu deməyə əsas verir ki, qanunvericiliyin tələbetmənin təqdimetmə anından geriyə şamil edilməsi barədə xüsusi norma əsas götürülmədir, yəni Vergi Məcəlləsini 102.8-ci maddəsinin 2-ci cümləsinə uyğun olaraq, güzəştin qeriyə tətbiq edilməsi ilə hesablanaraq ödənilməsi aparılmalıdır. İddiaçı ilə cavabdeh arasında işçi işəgötürən münasibətlərinin xx.xx.1990-cı il tarixdən qüvvədə olmasını, iddiaçı xx.xx.2001-ci il tarixdə veteran vəsiqəsi almaqla veteranlar üçün nəzərdə tutulmuş güzəştlər əldə etmək hüquqna malik olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, veteranlar üçün nəzərdə tutulmuş vergi güzəştlərinin xx.xx.2001-ci il tarixdən cavabdeh “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməsi ədalətli, qanunauyğun və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2001-ci il tarixdən veteranlar üçün nəzərdə tutulmuş vergi güzəştləri “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar