Məhkəmə qərarları › İş №2(006)-5464/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5464/2025

23.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5464/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.550 (üç min beş yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 55 manat olmaqla cəmi 3.605 (üç min altı yüz beş) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 2018-ci ildə Abşeron Rayon Məhkəməsindən mülki iş üzrə cavabdeh kimi məhkəmədən əsəbi halda çıxıb gedərkən 2000-ci ildən tandığı Cavabdeh ilə təsadüfən rastlaşıb salamlaşarkən Cavabdeh əsəbi olmağının səbəbini iddiaçıdan soruşduqda Asifə başına gələnləri danışdıqdan sonra Asif iddiaçıya ətrafında çoxlu tanışları olduğunu bildirib müəyyən pul müqabilində onun torpaq məsələsilə bağlı Abşeron Rayon Məhkəməsi tərəfindən ziyanına qəbul edilmiş qərarın ləğv olunmasına, onun xeyrinə qərar qəbul edilməsinə nail olacağına iddiaçını inandırmış, Asif yalandan telefonla kiminləsə danışıb dostu ilə guya məsləhətləşdiyini və sonra zəng vurub nəticəsi barədə dəqiq məlumat verəcəyini bildirdikdən bir neçə gün keçdikdən sonra Asif iddiaçının istifadə etdiyi mobil telefonuna zəng vurub vəzifəli dostları ilə danışdığını, məsələni çox rahatlıqla həll edəcəyini bildirmiş, işlərin başlanması üçün ilkin olaraq iddiaçıdan 500 manat pul ödəməyini xahiş etmişdir. Həmin 500 manatı Abşeron rayonunun Xırdalan şəhərində görüşüb cavabdehə vermiş, sonra isə guya vəkil tutduğunu, vəkilə də 1000 manat ödəməli olduğunu bildirib 1000 manat da vəkil adı ilə iddiaçıdan almışdır. Bundan sonra da müxtəlif bəhanələrlə iddiaçıya zəng vurub pul istəmiş, iddiaçı da Asifə istədiyi pulları vermişdir. İddiaçı hissə-hissə Cavabdeh cəmi 3500 manat pul vermişdir. İddiaçı ayrı-ayrı vaxtlarda Cavabdeh 3500 manat pulu verdikdən sonra Asif onunla telefon əlaqəsini kəsmiş, iddiaçı aldandığını anlayıb öyrənmişdir ki, cavabdeh iddiaçı üçün heç bir iş görməmişdir, bundan sonra vəkil tutub mülki işini qanuni yolla həll etmişdir. Cavabdeh iddiaçıdan aldığı 3500 manat pulu qaytarmadığına görə polisə şikayət etmiş, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh tək iddiaçını yox, bir neçə nəfəri, o cümlədən 2023-cü il antiterror şəhidi Həsən Həsənovun sağlığında Həsənin atası Samux rayon sakini Zabit kişini də aldadıb oğlu Həsən vasitəsi ilə onun 12.000 manat puluna alıb qaytarmayıbdır. İddiaçının, şəhid X2 atası X1 və qeyrilərinin şikayət ərizələri əsasında ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh barəsində Bakı şəhəri Nərimanov rayon polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılıb istintaq aparılaraq, cinayət işi yekunlaşdırılıb baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində bu iddia üzrə Cavabdeh barəsində olan cinayət işinə xx.xx.2025-ci il tarixdə baxılaraq, 1(005)-54/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum edilmişdir. İstər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə istintaqı zamanı Cavabdeh iddiaçıdan 3500 (üç min beş yüz) manat pul aldığı tam təsdiq olunmuşdur. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində dindirilərkən etiraf edib göstərmişdir ki, o, iddiaçı və oğlu ilə dostluq münasibətində olmuş, 2017-ci ilin yaz aylarında pula ehtiyacı olduğu üçün iddiaçıdan 3500 (üç min beş yüz) manat pul alıb, verməmiş, həmin pulu qaytarmaq niyyəti olsa da, imkanı olmadığından qaytara bilməmişdir. Cavabdeh tərəfindən 3500 (üç min beş yüz) manatı qaytarılmadığına görə hökmdən ziyanının ödənilməməsi ilə bağlı hissəsindən narazı qaldığından, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti yazıb vermişdir. Bakı Apellyasiya Məhkəməsində iddiaçının və digər zərərçəkmiş Zabit Həsənovun apellyasiya şikayətinə xx.xx.2025-ci il tarixdə baxılaraq, apellyasiya şikayətinin təmin edilməməsinə dair 1(103)-1398/2025 nömrəli qərar gəbul edilmişdir. Məhkəmə qeyd edib göstərmişdir ki, ziyanının ödənilməsi ilə bağlı Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonunda iddia qaldıra bilər. Odur ki, iddiaçının pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaqdan başqa yolu qalmamışdır. Cavabdeh iddiaçıdan 3.500 (üç min beş yüz) manat pul aldığı onun özünün istintaq və araşdırma zamanı etirafı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)-54/2025 nömrəli hökmü ilə də tam təstiq olunur. Bu günə kimi dəfələrlə Asifdən ondan aldığı pulu geri qaytarmasını tələb etsə, də heç bir nəticəsi olmamışdır. Hesab edir ki, cavabdeh törətdiyi cinayət əməllərinə görə layiqli cəza almaqla yanaşı həm də ona dəymiş maddi zərəri ödəməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəmədə mülki iddia qaldırmaq qərarına gəlmişdir. Tərəflərin iştirakı və izahatları: Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etmiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin məhkəməyə ərizə ilə müraciət edərək xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilib qətnamə qəbul edilməsini xahiş etmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli ərizədə cavabdeh iddia tələbini qəbul etməmiş və bu tələblə bağlı heç bir ödəniş etməyəcəyini bildirmişdir. İş materialları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 1(005)-54/2025 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmdən görünür ki, Cavabdeh 2017-ci ilin yaz aylarında pula ehtiyacı olduğu üçün İddiaçı 3500 (üç min beş yüz) manat pul alıb, verməmiş, həmin pulu qaytarmaq niyyəti olsa da, imkanı olmadığından qaytara bilməmişdir. Hazırkı mülki iş üzrə iddiaçı olan İddiaçı cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışdır. Həmin hökmdən zərərçəkmiş şəxslər apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1398/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə zərərçəkmiş şəxs İddiaçı və zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair xx.xx.2025-ci il tarixli, 1(005)-54/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 55,60 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh barəsində qəbul edilmiş hökmlə onun təqsiri sübuta yetirilmiş və hazırkı iş üzrə İddiaçı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Odur ki, cavabdehin iddiaçıdan pulu alması işin mübahisəsiz halıdır.İstinad olunanlar belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh pulun qaytarılmasına dair öhdəliyini icra etməmiş və 3.500 manat borcu geri qaytarmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində texniki səhv olaraq cavabdehdən 3.500 manat əvəzinə 3.550 manat pulun tutulmasını tələb etmişdir. Odur ki, məhkəmə 3.500 manat məbləğə münasibətdə işə baxılıb qətnamə qəbul edilməsini qanuni və əsaslı hesab edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qanuni və ya müqavilə əsası olmadan iddiaçıdan pul vəsaiti almış, nəticədə iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdehin ona qarşı törətdiyi cinayət əməlinə görə zərərçəkmiş şəxs qismində tanınmış şəxsdir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab edir ki, 55 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, 3.500 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 55 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3.500 (üç min beş yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 55 (əlli beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar