Məhkəmə qərarları › İş №2(006)-551/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-551/2020

04.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-551/2020 04.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Mənzil - Tikinti Kooperativinin Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil - Tikinti Kooperativi Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqlnda daşınmaz Əmlakın Dövlət reyestrindən” MH seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Asif Məhərrəmov küçəsində istifadədə olan 15 nömrəli, 1362.6 kv.m ümumi, 1160 kv.m əsas, 202.6 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 358 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı vergi ödəyicisi kimi qeydə alınmışdır. xx.xx.2019-cu il tarixdə verilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən qanuni təmsilçi X1r. Əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən verilmiş müəssisə və obyektin 001535 nömrəli texniki pasportuna əsasən hazırki həm qeyri-yaşayış sahəsinin, həmçinin torpaq sahəsinin plan və ölçüsü, cizgiləri təqdim edilmişdir. Bununla da iddiaçıya məxsus torpaq sahəsinin də dairəsi müəyyənləşdirilmişdir. Lakin hazırda cavabdeh tərəfindən tikilən “Şərab evi” adı altında fəalliyyət göstərən ətrafı daş hasar örtüklə bərkidilmiş heç bir hüquqa əsaslanmayan mağaza fəalliyyət göstərir. Həmin mağaza iddiaçıya məxsus olan torpaq sahəsində yerləşdiyindən faktiki iddiaçının hüquqları kobud şəkildə pozulur. Buna əsasən də iddiaçı hesab edir ki, ünvan 1 ünvanında yerləşən “Şərab evi” adı altında fəalliyyət göstərən cavabdehə məxsus özbaşına tikili sökülməli, cavabdeh torpaq sahəsindən çıxarılmalıdır.Göstərilənlərə əsasən iddiaçıya məxsus torpaq sahəsində ünvan 1 ünvanında yerləşən “Şərab evi” adı altında fəalliyyət göstərən cavabdehə məxsus özbaşına tikilinin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Mənzil - Tikinti Kooperativi xx xxxxx 2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşdə olan MH seriyalı, ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 358 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2006-cı il tarixli 001535 saylı Müəssisə və obyektin texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binasının istifadəsində olan torpaq sahəsinin ölçüsü 2701,8 kv.metr təşkil edir. Məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********00 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına dair texniki pasport faktiki sahəyə uyğundur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 27770 saylı ekspert rəyi ilə ünvan 2 ünvanında yerləşən Cavabdeh istifadəsində olan 5x5,2m ölçüdə olan “Şərab evi” mağazanın İddiaçı Mənzil - Tikinti Kooperativinin təqdim etdiyi texniki pasportda göstərilən ərazidən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 358 nömrəli vərəqində qeydiyyata alınaraq MH seriyalı, ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarışla rəsmiləşdirilmiş və həmin binaya dair texniki pasport faktiki sahəyə uyğundur. ünvan 2 ünvanında yerləşən Cavabdeh istifadəsində olan 5x5,2m ölçüdə olan “Şərab evi” mağazası iddiaçıya məxsus ərazidən kənarda yerləşir. Məhkəmə, ilk növbədə Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin (cavabdehin istifadəsində olan “Şərab evi” mağazasının yerləşdiyi torpaq sahəsi) bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmiş, eyni zamanda cavabdehin istifadəsində olan “Şərab evi” mağazasının iddiaçıya məxsus torpaq sahəsindən kənarda yerləşməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia ərizəsinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Həmçinin məhkəmə iddianın cavabdehin həmin torpaq sahəsindən çıxarılması tələbinə aid hissəsində qeyd edir ki, nə qədər ki, birinci tələb üzrə iddia rədd olunduğundan və ikinci tələb birinci tələblə bağlı olduğunda prosessual qənaət prinsipi nəzərə alınmaqla əlavə araşdırılma aparılmadan təmin edilməməlidir. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı Mənzil - Tikinti Kooperativinin Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil - Tikinti Kooperativinin Cavabdeh qarşı ««özbaşına tikilinin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar