Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5527/2025 04.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqi 2015-ci ilin may avından 22 sentyabr 2025-ci il tarixədək 10 il ərzində heç bir əsas olmadan apardığı cinayət işi üzrə İddiaçı şahid olduğu halda onun barəsində qanunsuz, olaraq dövlət sərhədinin İAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır” statuslu qanunsuz məhdudiyyət tətbiq etməsi hərəkəti Bakı Apcllyasiya Məhkəməsinin 6(103)-384/2025 nömrəli xx.xx.2025-ci ii tarixli qərarı ilə qanunsuz hesab edildiyi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 10 000 (on min) manat, mənəvi ziyana görə isə 100 000 (yüz min) manat pulun İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqi 2015-ci ilin may ayından 22 sentyabr 2025-ci il tarixədək 10 il ərzində heç bir əsas olmadan apardığı cinayət işi üzrə İddiaçı şahid olduğu halda onun barəsində qanunsuz olaraq dövlət sərhədinin İAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır” statuslu qanunsuz məhdudiyyət tətbiq etməsi hərəkəti Bakı Apellyasiya Məhkəməsinin 6(103)-384/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə qanunsuz hesab edildiyi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 10 000 (on min) manat, mənəvi ziyana görə isə 100 000 (yüz min) manat, həmçinin iddia qaldırmaqla bağlı vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi manat) manat pulun İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Azərbaycan Respublikasında Bakı şəhərində yaşayır, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində işləyir, əsas işindən əlavə universitetdə dərs deyir, beynəlxalq səviyyəli maliyyəçidir. 2015-ci ilin may ayında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqi İddiaçı cinayət işi üzrə şahid olduğu halda 2015-ci ilin may ayından dövlət sərhədinin İAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır” statuslu məhdudiyyət tətbiq etmiş, həmin vaxtdan etibarən İddiaçı Azərbaycan Respublikasının hüdudularının kənarına çıxa bilməmişdir. İddiaçı 4 aylıq direktor müavini-müvəqqəti direktor olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İddiaçı əvvəlki və sonrakı şirkət direktorlarına məhdudiyyət tətbiq etməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X1 ezamiyyətə belə göndərmək istəmişlər, lakin 5 ildən artıq müddətdir ki, xarici ölkələrə ezamiyyətə belə gedə bilməmiş, azadlıq hüququ məhdudlaşdırılmışdır. Məhdudiyyətlə bağlı İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinə müraciət etmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli 3-38-33/2-1-1487-44/25 nömrəli məktubundan görünür ki, onun barəsində dövlət sərhədinin İAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır” statuslu məhdudiyyət tətbiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqinin hərəkətindən İddiaçı cinayət işi üzrə şahid olduğu halda 2015-ci ilin may ayından dövlət sərhədinin İAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır" statuslu məhdudiyyət tətbiq etməsi ilə bağlı dəfələrlə Azərbaycan Respublkası Daxili İşlər Nazirliyinə şikayət ünvanlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda müraciətinin cinayət işinə əlavə edildiyi, şikayətinin gələcəkdə nəzərə alınacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlar Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqi İddiaçı faktiki olaraq illər ərzində Azərbaycan Respublikasında dustaq etmiş, azadlığını məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 avqust 2009-cu il tarixli Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq göstərişi ilə təhqiqatçı və müstəntiqlərə yalnız cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxslərə dövlət sərhədinin İAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır” statuslu məhdudiyyət tətbiq edilməsi icazə verilmişdir. Buna görə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqinin “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı apardığı cinayət işi üzrə şahid olduğu halda barəsində dövlət sərhədinin İAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır” statuslu məhdudiyyət tətbiq etməsi hərəkətinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ünvanlamışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsi 6(005)-175/2025 nömrəli iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu vermiş, sorğuya cavabda göstərilmişdir ki, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə İddiaçı "Perforınans” Məhdud Məsuliyyətli Cəmiyyətin direktorunun müavini olmaqla banka 48.552.610 manat kredit borcu olmuş, sonradan həmin borc üzrə tələb hüququ "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin pul vəsaitlərinin ələ keçirilməsi ilə bağli cinayət işi üzrə istintaq davam etdirilməklə qeyd olunan xüsusatlara, həmçinin İddiaçı un əməlinə yekun hüquqi qiymət verilməmiş və o, "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borcunun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də heç bir addım atmamışdır. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsi İddiaçı şikayətinə baxaraq şikayətin təmin edilməməsi barədə 6(005)-175/2025 nömrəli 11 sentyabr 2025-ci il tarixli qərar qəbul etmişdir. İddiaçı Bakı şəhəri. Nərimanov Rayon Məhkəməsi 6(005)-175/2025 nömrəli 11 sentyabr 2025-ci il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət ünvanlamışdır. İddiaçı şikayəti Bakı Apellyasiya Məhkəməsinin 6(103)- 384/2025 nömrəli xx.xx.2025ci il tarixli qərarı ilə təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı apardığı cinayət işi üzrə İddiaçı şahid olduğu halda onun barəsində dövlət sərhədinin İAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır" statuslu məhdudiyyət tətbiq etməsi hərəkəti qanunsuz hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqi İddiaçı faktiki olaraq 2015-ci ilin may ayından 22 sentyabr 2025-ci il tarixədək 10 il ərzində Azərbaycan Respublikasında dustaq etmiş, azadlığını məhdudlaşdırmış, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində təsbit edilmiş azadlıq hüququnu (İ. Hər kəsin azadlıq hüququ vardır. İİ. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İV. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun 2-ci maddəsinində təsbit edilmiş hərəkət etmək azadlığını (1. Qanuni əsaslarla hor hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. 2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. 3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. 4. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilə və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər.) pozmuşdur. 2019-cu ilin oktyabr avının 01-də isə o Gürcüstanın Tbilisi şəhərinə təyyarə bileti almış, lakin onun barəsində məhdudiyyət olduğundan həmin şəhərə təyyarə ilə uça bilməmişdir. İddiaçı həmin günü 100 manat 27 qəpik maddi ziyan dəymişdir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqi heç bir əsas olmadan apardığı cinayət işi üzrə İddiaçı şahid olduğu halda onun barəsində qanunsuz olaraq dövlət sərhədinin İAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır" statuslu məhdudiyyət tətbiq etməsi məqsədi cinayət təqibinin obyektiv, hərtərəfli və qərəzsiz aparılması daşımamış, İddiaçı 2015-ci ilin may ayından 22 sentyabr 2025-ci il tarixədək 10 il ərzində Azərbaycan Respublikası ərazisində dustaq olaraq saxlanılmış, bütün bu müddət ərzində özü və ailəsi sarsılmışdır. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui istifadəsi nəticəsində İddiaçı vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində İddiaçı şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Cinayət təqibi zamanı İddiaçı uzun müddət sarsılmış və qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi psixoloji problemlər yaranmış və onun bu gün müalicəyə ehtiyacı var. Qanunsuz 2015-ci ilin may ayından 22 sentyabr 2025-ci il tarixədək 10 il ərzində İddiaçı mənəvi sarsıntı keçirmiş və ona vurulmuş maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 100 000 (yüz min) manat pul tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Cavabdehin etirazı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Baiay oğlu təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyana görə 110.000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı ərizəsində əmək fəaliyyəti ilə məşul olduğunu qeyd etmiş, lakin aylıq gəlirləri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 10.000 manat kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. Göründüyü kimi iddia tələbinin maddi zərər hissəsində hüquqi əsası yoxdur və bu səbəbdən rədd edilməlidir. Bundan əlavə iddiaçı mənəvi ziyana görə 100.000 manat kompensasiya ödənilməsini tələb etmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008ci il tarixli 7 №- li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarım) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur.«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-175/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin onun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında verdiyi şikayəti təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-384/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının surətinə əsasən şikayətin təmin olunması, Bakı şəhəri Nərimanov Rayon Mənkəməsinin İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında verdiyi şikayətinin təmin edilməməsi barədə 6(005)-175/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməsi, İddiaçı barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair hərəkətləri qanunsuz hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BMCMİ-dən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-6/2-7483/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə İddiaçı “Performans" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorunun müavini olmaqla banka 48.552.610 manat kredit borcu olmuş, sonradan həmin borc üzrə tələb hüququ "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaq davam etdirilməklə qeyd olunan xüsusatlara, həmçinin İddiaçı əməlinə yekun hüquqi qiymət verilməmiş və o, "Performans” MMC-nin "xxxx" ASC-yə olan borcunun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, heç bir addım atmamışdır. xx.xx.2019-cu il tarixli elektron biletin qəbzinə əsasən İddiaçı tərəfindən Bakı-Tibilisi istiqamətində 100.27 manat dəyərində ucuş bileti alınmışdır. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, 58,28 avro pul köçürməsi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən Dövlət Sərhəd Xidmətinin rəisinə ünvanladığınız ərizəyə Sərhəd Nəzarətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 04.2008-ci ıl tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "«Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə"nin 12.6.1.2.-ci bəndinin (şəxsin sərtıədkeçməsinə icazə veril¬məməsi və geri qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən məhdudiyyətə qoyulan şəxslərin sərhədkeçməsınə icazə verilmir. Əsasnamənin 12.6.1.2-ci bəndinin icrası Dövlət Sərhəd Xidmətinə həvalə olunduğu üçün xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdə dövlət sərhədindən hərəkət zamanı Daxili İşlər Nazirliyi tərəfindən lAMAS-ın məhdudiyyət altsistemində “Çıxışı qadağan" statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmışdır. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə”nin 12.6.1.2-ci bəndinin (şəxsin sərhədkeçməsinə icazə veril¬məməsi və geri qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən məhdudiyyətə qoyulan şəxslərin sərhədkeçməsinə icazə verilmir. Əsasnamənin 12.6.1.2-ci bəndinin icrası Dövlət Sərhəd Xidmətinə həvalə olunduğu üçün xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xx.xx.2025-ci il tarixdə dövlət sərhədindən hərəkət zamanı Daxili İşlər Nazirliyi tərəfindən İAMAS-ın məhdudiyyət aitsistemində “Çıxışı qadağan” statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmışdır. Bununla yanaşı, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuqa əsasən Dövlət Sərhəd Xidmətinin rəisinə ünvanladığınız ərizəyə Sərhəd Nəzarətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 04.2008-ci ıl tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "«Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə"nin 12.6.1.2.-ci bəndinin (şəxsin sərtıədkeçməsinə icazə veril¬məməsi və geri qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən məhdudiyyətə qoyulan şəxslərin sərhədkeçməsınə icazə verilmir. Əsasnamənin 12.6.1.2-ci bəndinin icrası Dövlət Sərhəd Xidmətinə həvalə olunduğu üçün xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xx.xx.2025-ci il tarixdə dövlət sərhədindən hərəkət zamanı Daxili İşlər Nazirliyi tərəfindən lAMAS-ın məhdudiyyət altsistemində “Çıxışı qadağan" statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmışdır. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Abşeron Rayon vəkil bürosuna ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə”nin 12.6.1.2,-ci bəndinin (şəxsin sərhədkeçməsinə icazə veril¬məməsi və geri qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən məhdudiyyətə qoyulan şəxslərin sərhədkeçməsinə icazə verilmir. Əsasnamənin 12.6.1.2-ci bəndinin icrası Dövlət Sərhəd Xidmətinə həvalə olunduğu üçün xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xx.xx.2025-ci il tarixdə dövlət sərhədindən hərəkət zamanı Daxili İşlər Nazirliyi tərəfindən İAMAS-ın məhdudiyyət altsistemində “Çıxışı qadağan” statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmışdır. Bununla yanaşı, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etməyiniz xahiş olunur. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubundan və əlavə edilmiş biletdən görünür ki, İddiaçı adına olan xx.xx.2019-cu il tarixli Bakı-Tbilisi marşrutu üzrə “Buta Airways” şirkətinə məxsus biletin alınması üçün 100.27 manat və əlavə olaraq check-in üçün 14 manat ödəniş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 68-cı maddəsinin İİ hissəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığazərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli 20 nömrəli qərarı: 2.5.1. Azadlıq hüququ – şəxsin qanuni surətdə sərbəst hərəkət edə bilmək, özünə yaşayış yeri seçə bilmək, ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququdur. 2.5.2. Bu hüquq Konstitusiyanın 28-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsi, habelə Azərbaycan Respublikasının tərəfdaş olduğu digər beynəlxalq hüquqi sənədlər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur və yalnız bu qərarın 4.24-cü bəndində nəzərdə tutulmuş əsaslarla məhdudlaşdırıla bilər 2.5.3. Cinayət mühakimə, inzibati xətalar, mülki, inzibati və digər icraatlar çərçivəsində istənilən şəxsin tutulması, həbsə alınması, barəsində ev dustaqlığı, başqa yerə getməmək və ya polisin nəzarətinə, komandanlığın müşahidəsi altına vermək qismində qətimkan tədbirlərinin tətbiqi, azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrumetmə, intizam xarakterli hərbi hissədə saxlama, əcnəbilərə münasibətdə Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılma cəzalarının, tibbi xarakterli məcburi tədbirlərin, ölkədən çıxışına qadağanın qoyulması, psixiatriya stasionarına məcburi yerləşdirilmə, karantin rejiminin tətbiqi ilə bağlı azad hərəkət etmək hüququnun məhdudlaşdırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamağına icazənin verilməməsi, habelə əcnəbilərin öz ölkəsinə qayıtmaq hüququnun məhdudlaşdırılması və s. tədbirlərin müvafiq dövlət orqanları tərəfindən qanunsuz tətbiqi azadlıq hüququnun pozulması hesab olunur. 4.48.Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının sözügedən normalarla əhatə olunmayan digər qanunsuz əməllərindən irəli gələn zərərə görə isə Azərbaycan Respublikasının məsuliyyəti yalnız həmin orqanların vəzifəli şəxslərinin bu əməlləri təqsirli olaraq törətməsi sübuta yetirildiyi halda yaranır. Məsələn, təhqiqat və ya ibtidai istintaq orqanının vəzifəli şəxsinin vəzifəsindən sui-istifadə etməklə, barəsində cinayət təqibi aparılan şəxsə işgəncənin verilməsində təqsirliliyi, onu qanunsuz tutması və ya digər şəxslərin ölkədən çıxışına qadağanın qanunsuz qoyulması qanuni qüvvəsini almış məhkəmə hökmü və ya digər qərarla təsdiq olunduqda, Azərbaycan Respublikası şəxsə bu əməllə vurulmuş zərərə görə məsuliyyət daşıyacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi nəticəsində ona mənəvi zərərin ödənilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Mülki Məcəllənin 1097 və 1100-cü maddələri təşkil edir. İddiaçının tələbi müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Təqdim olunmuş sübutların məcmusundan da göründüyü kimi İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar (ölkədən çıxışına qadağanın qanunsuz qoyulması) doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Hazırda iddiaçı mənəvi zərərin əvəzi kimi 100.000 (yüz min) manat, maddi ziyan vurulduğunu bildirərək 10.000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. O da qeyd olunmalıdır ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Məhkəmə hesab edir ki, iddiaçının qanunsuz olaraq 10 il ərzində ölkədən çıxışına məhdudiyyətin qoyulması nəticəsində keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin qarşılığı olaraq mənəvi zərərin məbləği 10000 (on min) manat məbləğdə müəyyənləşdirilməlidir. İddia tələbinin “maddi ziyana görə 10.000 manat pulun ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiasının əsası kimi istinad etdiyi bu hala dair yalnız xx.xx.2019-cu il tarixdə 100,27 manat və 14 manat, xx.xx.2025-ci il tarixdə 58,28 avro dəyərində bilet almasına dair qəbzləri (14 manata münasibətdə "xxxx" QSC-nin məktubunu) təqdim etmişdir. Həmin qəbzlərə münasibətdə məhkəmə qeyd edir ki, Dövlət Sərhəd Xidmətinin 30 may və 10 dekabr 2025-ci il tarixli məktublarında İddiaçı müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2025-ci il tarixlərində dövlət sərhədindən hərəkət zamanı Daxili İşlər Nazirliyi tərəfindən İAMAS-ın məhdudiyyət altsistemində “Çıxışı qadağan” statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarıldığı müəyyən edilir. Göründüyü kimi iddiaçının təqdim etdiyi qəbzlərlə müvafiq məktubda göstərilən tarixlərin üst-ütsə düşməsi iddiaçının həqiqətən də aldığı biletlərdən faydalanmadığını təsdiq etməklə, ona birbaşa real zərərin vurulduğunu təsdiq edir. Ona görə də məhkəmə həmin hissədə iddianı qismən təmin etməklə, 114,27 manat (100.24+14manat) və 58,28 avro məbləğində pulun (Azərbaycan manatına ekvivalenti nəzərə alınmaqla) iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Qalan hissədə isə maddi ziyan vurulmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də qalan hissədə maddi zərərin ödənilməsi barədə iddia rədd edilməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmiş məqamlarla bağlı qeyd edir ki, Maliyyə Nazirliyi özünün cavabdeh qismində göstərilməsini düzgün hesab etməmişdir, lakin nəzərə alınmalıdır ki, Maliyyə Nazirliyinin cavabdehliyi gələcəkdə qətnamənin icrası baxımından müəyyən edilən haldır. Belə ki, Maliyyə Nazirliyindən ümumən dövlət büdcəsinin icrasına nəzarət edən orqan kimi pul şəklində kompensasiya məbləğlərinin tutulması barədə mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları Maliyyə Nazirliyinin hüquqlarına toxunmur. Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 10000 manat, maddi ziyana görə 114,27 manat və 117.08 (58,28 avronun Azərbaycan manatına uyğun ekvivalenti) pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətlərin göstərilməsi üçün İddiaçı tərəfindən vəkilə ödənilmiş 320 manatın cavabdehdən tutulması işin hallarına uyğun olmaqla, ədalətli, ağlabatandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat, maddi ziyana görə 231.35 (iki yüz otuz bir manat, 35 qəpik) manat, hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 320 manat, ümumilikdə 10 551,35 (on min beş yüz əlli bir manat, 35 qəpik) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-5527/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5527/2025
04.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver