Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5542/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 1280 manat əsas borc, 500 mənəvi ziyan olmaqla, ümumilikdə 6280 manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı 2020-ci ilin 07 yanvar tarixində Cavabdeh ilə avtomobil icarəsi haqqında razılığa gəlmişdir. Həmin tarixdə o, razılaşmaya əsasən Cavabdeh 1780 manat pul vermişdir. Cavabdeh isə öz növbəsində razılaşdıqları kimi avtomobili onun istifadəsinə vermişdir. Lakin səhəri gün isə o maşının təmir işləri olduğu üçün avtomobili ondan aldı. Sonra isə maşını geri qaytarmadı. O, həmin vaxt ona verdiyi 1780 manat pulu istəmişdir. Lakin o ona pulu verməkdən yayınmağa başlamışdır və müxtəlif vaxtlarda qaytaracağı barədə vədlər vermişdir. Təxminən 2 ay sonra Cavabdeh həmin məbləğdən ona cəmi 500 manat qaytarmışdır. Qalan 1280 manat pulu isə qaytarmamışdır. O dəfələrlə cavabdehdən öz öhdəliyinin icrasını tələb etsə də müxtəlif bəhanələrlə bundan yayınır. Bundan əlavə olaraq o hal-hazıradək dəfələrlə cavabdehlə telefon əlaqəsi yaratmışdır. Ancaq buna baxmayaraq o, 1280 manatdan cəmi 200 manat hissəsini geri qaytaracağını bildirir. Qalan 1080 manat məbləği isə sənədləşmə işinə sərf olunduğu üçün qaytarmayacağını bildirmşdir. O bu barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə şikayət ünvanlamışdır. Həmin araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi və ona bu məsələnin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi lazım olduğu izah edildi. Bütün bunların nəticəsi olaraq o hal-hazırda cavabdeh tərəfindən ona dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Cavabdeh X2 yaşayış yeri üzrə ünvanına göndərilmiş məhkəmə bildirişləri geri qayıtmışdır. Cavabdehin yaşayış yeri məhkəməyə məlum olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 19-cu PŞ-nin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş 27 mart 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 Nəsimi RPİ 19-cu PŞ-yə ərizə ilə verdiyi məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən «borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsilə borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Beləliklə, iddiaçı tərəfindən cavabdehə 1075 manat məbləğində pul vəsaitinin verilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsində öz izahatında İddiaçı pulun alınmasını, daha sonra geri gaytarıldığını, qalıq 600 manat pulu isə yaxın günlərdə qaytaracağını, həmçinin 300 və 175 manat pulun avtomobilin xərcləri üçün sərf etdiyi bildirmişdir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1075 manat əsas borc və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. İddianın “05 iyun 2018-ci il tarixdən başlayaraq bank faizinin uçot dərəcəsinin hesablanmaqla alınıb ona verilməsi” hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğuna görə və iddiaçı həmin tələb üzrə məhkəməyə heç bir sübut təqdim etmədəyindən, halbu ki, MPM-nin 77.1-ci maddəsinə sübut etmə vəzifəsi məhz iddiaçının üzərinə düşdüyündən iddia tələbi həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1075 manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5542/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5542/2021
05.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver