Məhkəmə qərarları › İş №2(006)-5555/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5555/2021

14.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5555/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3-ya qarşı “vurulmuş zərərin ödənilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, məşqçisi Cavabdeh1 əməkdaşı olduğu Cavabdeh3 sağlamlığının bərpası istiqamətində müayinələr və ilkin müalicələr aparılması üçün hər ikisindən ümumilikdə, hələlik 10000 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddiasını müdafiə edərək bildirdi ki, iddiaçı uşaq vaxtlarından idman sevmiş və məşğul olmağa başlamışdır. İddiaçının artıq 24 yaşı var və idmanla məşğul olarkən heç bir xəsarət, zərbə, zərər almamışdır. Uzun illərdir idmanla məşğul olduğu üçün artıq bədəni elastikləşmişdir. Lakin bütün yuxarıda yazdıqları 14 fevral 2019-cu ilədək davam etdi. Belə ki, 14.02.2019-cu ildə yenicə getdiyi Cavabdeh3 adlanan idman zalında Cavabdeh1 adlı məşqçi tərəfindən elə ağır zərbə və xəsarət aldı ki, yerindən dura bilmədi. Çünki məşqçi qadın guya idman növüdür deyib iddiaçını uzadaraq özünün var çəkisi ilə iddiaçının düz onurğanın üstünə çıxmışdır. Həmin an belində qəflətən dəhşətli ağrı başladı. Məşqçi iddiaçıya heç bir yardım göstərmədən, təcili yardım belə çağırmadan (məsuliyyətdən qorxduğundan) iddiaçını eləcə də evə yola saldı. Bəli vicdansız şəriətsiz Kamilla xanım iddiaçının cavan, sağlam orqanizmini (ola bilər qəsdən) sıradan çıxartdı. İndiyədək müayinə və müalicələrdədir. Hələdə ağrılar tam getməyib. İddiaçı özü bir neçə dəfə həmin “ Plates Studio”ya müraciət etdi, lakin heç bir faydası olmamışdır. Dedilər guya həmin məşqçini onlar öz idman zalından işdən qovmuşlar. Onurğa sümüyündən elə bir zədə almış oldu ki, həmin zədənin təsiri nəticəsində həm kəskin ağrılara məruz qalmış, həm də hərəkət etməkdə çətinlik çəkir. Məlum oldu ki, məşqçinin səriştəsizliyi ucbatından və ya hər hansı bir qərəzli iddiaçı belə xəsarət almışdır ki, həmin xəsarətlərin aradan qaldırılması və müalicəsi üçün külli miqdarda vəsait tələb olunur. Aldığı xəsarətlə bağlı Mərkəzi Klinikanın müvafiq şöbəsinə müraciət etdi və orada bir daha yuxarıda göstərdiyi xəsarətlərin mövcudluğu dəqiqləşdi. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddiaçının nümayəndəsi X3 iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər X7 və Cavabdeh3-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddiaçının iddiası rədd edilməlidir. Belə ki, iş materiallarında olan, Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Anar Allahverdiyevin 25 may 2019-cu il tarixli “cinayət təqibi başlanmasının rədd edilməsi” haqqında qərarının surətindən görünür ki, X1 RPİ-nə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı X4 verdiyi izahatında qeyd olunur: “Plates Studio» idman zalının direktoru işləyir, Nigar məşq zamanı zədə aldığını bildirmişdir. Daha sonra Cavabdeh2, idman zalında məşqlərin professional məşqçilər tərəfindən aparıldığını əvvəllər belə bir halın baş vermədiyini, Nigarın məşqçisi Cavabdeh1 olduğunu Kamillanın müqavilə əsasında fəaliyyət göstərdiyini, bütün sənədlərinin qaydasında olduğunu| qarşı tərəfin iddiasının əsassız olduğunu göstərmişdir”. Araşdırma zamanı Cavabdeh1 verdiyi izahatında qeyd olunur: “O, xoreoqrafik təhsilinin olduğunu, RF-nin opera və balet teatrında işlədiyini, iş stajının olduğunu, həqiqətən Nigarın onun yanına məşqə gəldiyini, həmin növ gimnastikanın profilaktiki müalicəvi olduğunu, hər hansı bir travma yetirməsinin mümkünsüz olduğunu, "Pilates Studio"dan çıxıb getdikdən sonra 1 ay müddətində Nigarın başqa məşqçinin yanında fəaliyyətini davam etdirdiyini, 1 ay sonra o, Nigarın aldığı travma ilə bağlı şikayət etdiyini və məhkəməyə müraciət edəcəyini direktordan bildiyini, şikayətin səbəbinin pul alınması məqsədi daşıdığını göstərmişdir”. Həmin faktla bağlı təhqiqatçıs tərəfindən araşdırma aparılmış, Cavabdeh1 Rusiya Federasiyasında professional məşqçi olması, iş stajının olması müəyyən edilməsi, D.Nağıyevanın iddiasını sübuta yetirmək mümkün olmaması, iş üzrə qəsdən xəsarət yetirilməsi faktının müəyyən edilməməsi səbəbindən 25 may 2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, İddiaçı məşqçisi Cavabdeh1 əməkdaşı olduğu Cavabdeh3 sağlamlığının bərpası istiqamətində müayinələr və ilkin müalicələr aparılması üçün hər ikisindən ümumilikdə, hələlik 10000 manat alınıb ona verilməsini iddia edir, həmin məbləğin ona ödənilməsini tələb edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» 02.10.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” İddiaçı mənəvi zərəri və əldən çıxmış faydanı birləşdirərək bir məbləğdə tələb edir. Halbuki, həmin zərərlərin məbləğləri ayrı-ayrılıqda ifadə olunmalı, iddiaçı həmin məbləğdə maddi zərərə uğramasına və mənəvi zərərə məruz qalmasına dair sübutları məhkəməyə təqdim etməlidir. İddiaçı isə bu cür subutları məhkəməyə təqdim etmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3-ya qarşı “vurulmuş zərərin ödənilməsi tələbi barədə” iddia ərizəsinə dair iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3-ya qarşı “vurulmuş zərərin ödənilməsi tələbi barədə” iddia ərizəsinə dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar