Məhkəmə qərarları › İş №2(006)-557/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-557/2022

16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-557/2022 16.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Zaliyeva (Mikayılova) Aynur Nüsrət qızına qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Topçubaşov küçəsi, ev 21, mənzil 89-un (Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX № ******* ilə qeyd olunmuş) mülkiyyətçisidir. Üst mərtəbədəki 91-ci evin sakini Cavabdeh və onun ailəsi tərəfindən bir neçə dəfə baş vermiş su axıntısı ilə maddi və mənəvi zərərə dücar edilmişdir. Nəticədə evin tavanı pis vəziyyətə düşərək çatlamış, suvağı tökülmüş, üzərində qabarmalar və ləkələr əmələ gəlmiş, mətbəxdəki mebel təkrar su altında qalaraq keyfiyyətini itirmiş, evdəki sudan yaranan nəm şəraitdən ora həşəratların doluşması ilə evin sanitar vəziyyəti korlanmışdır (dezinfeksiyaya ehtiyac var). Həmçinin Aynur tərəfindən hücuma məruz qalmış, aldığı sağlamlıq problemlərinə görə həkimlərə müraciət etmişdir. Aynur və ailəsinin əmlakına və iddiaçıya qarşı ediln təqsirli hərəkətlərinin qadağan olunmasını və bunun nəticəsində ona dəyən maddi zərərə görə 5000 manat, mənəvi zərərə görə 10.000 manat, dövlət rüsumu üçün ödənilmiş 135 manatın Cavabdeh alınaraq iddiaçıya verilməsini tələb edir. Bu ilin martında axıntı baş verdikdə dəfələrlə axıntıya məruz qalan mətbəxin tavanında suyun təsirindən artıq uzun 1 çat əmələ gəlmişdir ki, bu da evi qəzalı vəziyyətə düşməsinə doğru aparır. Məsələni araşdırmaq üçün 1 neçə dəfə onun evinə getmişdir və qapısını döymüşdür, amma qapını açmamışlar. İddiaçı bərk əsəb sarsıntısı keçirmiş, təzyiqi qalxmış, başı və ayaqları ağrımış və həkimin məsləhətilə müalicəyə getməyə məcbur olmuşdur. 2-ci dəfə avqustda təkrarlanan su axıntı hadisəsi daha güclü olmuşdur, iddiaçı xəstə və zəif övladını bağa aparmışdır. Avqustun 20-i evə qayıdanda isə gördüyü mənzərə onun təzyiqinin yenidən qalxmasına səbəb olmuşdur. Çünki sentyabrdan univensitetlərdə dərslər başlayırdı və iddiaçı evini yeganə gəlir mənbəyi kimi kirayə verməyə hazırlaşmışdır. Bu dəfə də dərəcədə hirslənmişdir və nəhayət ki, onun telefon nömrəsini axtarıb tapmış və ona zəng etmiş, «mənim vaxtım yoxdur!» deyib telefonunu söndürmüşdür. Sonra iddiaçı onun evinə qalxmış və vəziyyəti gözlərilə görməsini istəmişdir. Cavabdeh gördülərini telefona çəkmiş, «məni bir daha narahat etmə» bağırtısı ilə evinə qayıtmışdır. Avqustun 21-i çağırdığı usta təsdiqləmişdir ki, bu su onun mətbəxindən axmışdır (mətbəxdəki su rakovinası mətbəx tavanının zərər çəkmiş hissəsinin üstündə yerləşir). Elə həmin gün və ayın 23-ü, 26-sı və 28-i məsələ ilə bağlı MKİS-də olmuşdur, mühəndis Nahidə evə baxış keçirərək şəkilləri çəkmişdir. Aydun telefonda rəis Elçin Dinayevi də aldatmışdır ki, təmir üçün usta göndərəcək, iddiaçının ona qonşuluqda yaxşı münasibətin saxlanması təklifinə cavab olaraq nalayiq sözlərlə təhqirlərə keçmiş və qarışlar tökmüşdür ki, instansiyalarda xərclədiyi pullar uşağının burnundan gəlsin. Sentyabrın 14-ü əlində MKİS-dən aldığı akt evə dönərkən isə «Mən səni yox edəcəyə, maşının altına salacağam, xəstə qızını isə öldürtdürəcəm» deyən Aynur üstünə hücum çəkmiş, pandemiya dövründə üzündəki maskanı və çiynindəki çantanı zorla dartaraq çırmış, nəticədə içindəkiləri yerə tökmüş, sədəflı antikvar sırğaları, 450 manat pul və boz rəngli dırnaq lakı isə çantadan yoxa çıxmışdır ki, bu da iddiaçıya vurulmuş maddi zərər kimi qəbul olunmalıdır (polisdən kömək üçün 102-ə zəng etmişdir və bölmədə protokolu imzalamışdır). Beləliklə, cavabdeh cinayət hadisəsinə də (insan sağlamlığına qəsdən zərər vurma) əl atmaqdan çəkinməmiş, əməllərindən peşman olmayaraq heç üzr belə istəməmiş, əksinə onların həyatları üçün potensial bir təhlükəyə çevrilmişdir. Təkrar hərəkətlərindən su altında qalan mətbəx mebeli isə sıradan çıxır və evin kirayəsindən gələn gəliri də itirilir ki, bunlar da ona dəyən maddi zərər kimi qiymətləndirilməlidir. Cavabdeh etdiyi əməllərlə iddiaçını mənəvi sarsıntılara da məruz qalmışdır. İddiaçının MKİS işçiləri tərəfindən dəfələrlə ona edilən xəbərdarlıqlara məhəl qoymayaraq «heç kəs mənə heç nə edə bilməyəcək» deyərək özünü qeyri-adekvat aparmış, ölkə qanunlara itaətsizlik göstərmiş və təkrar hərəkətlərilə şüurlu surətdə hüquqlarını pozaraq onu depressiv hala salmışdır. Sentyabrın 14-ü ona qarşı etdiyi hücumda isə ayağı ilə vurduğu zərbələr nəticəsində başı, üzü, qarşının alt nahiyyəsi və digər üzvləri zədələnmiş (məhkəmə tibbi ekspertizaya və həkimlərə müraciət etmişdir), bu azmış kimi çağırdığı adamları da özü kimi iddiaçıya hədə-qorxu ilə təzyiq göstərmişlər. Dücar olduğu mənəvi sarsıntı nəticəsində əsəbləri və normal yuxu pozulmuşdur, elə düşünürdür ki, nə zaman onun hərəkətlərinin qarşısı alınacaq, nə zaman o cəzalandırılacaq, onu dayandırmasalar daha betər hadisələrin baş vermə ehtimalı yüksək olaraq qalacaqdır. Hadisələr yaranan andan müxtəlif instansiyalara müxtəlif zamanlarda edilən müraciətlərə, müalicələrə, danışıqlara (həmçinin etdiyi telefon zəngləri, sənədlərə və yola xərclənən məsrəflər) gedən vaxt itkisilə də üzləşmişdir, xəstə azyaşlı övladının gündəlik rejimi isə pozulmuşdur. Tək ana kimi kənardan kömək olmadığı üçün vaxtında onun qayğısını çəkə və məktəb tapşırıqlarını vaxtında öyrənə bilməmişdir, baş vermiş hadisələr qızının gözü qarşısında olduğu üçün o da qorxu və əsəb yaşamış, onun da uşaq hüquqları pozulmuşdur. Bütün bunlar onun onsuz da günü-gündən artan əsəb gərginliyini bir qədər də artmışdır və onu stress vəziyyətinə salmışdır. İndi qorxu ilə düşünür ki, təmir olsa, yenə su axıtması baş verəcək və əzabı hədər gedəcək. Narahatdır ki, müştərilər evi bəyənməyəcək, evin belə vəziyyətdə olması aylıq gəlirinin aşağı düşməsinə səbəb olacaq. Aynur isə onu bəlli olmayan yeni hücumlar yaradacaq, qonşular və MKİS işçiləri (dəfələrlə onları narahat etdiyi üçün) qarşısında isə zərərçəkmiş reputasiyanı bərpa edə bilməyəcək. Bütün bu fikirlər onu mənəvi sarsıtmağa doğru apardığı və sağlamlığına zərbə vurduğu üçün bu insanın əməllərinin qarşısı qətiyyətlə alınmalı və ailəsi başqaları kimi normal həyat tərzinə qaytarılmalıdır. Göstərilənlərə əsasən cavabdehin zərərvuran hərəkətlərinin qadağan olunması və iddiaçıya dəyən maddi ziyan qarşılığında 5000 manat, mənəvi ziyan qarşılığında 10.000 manat məbləğin, ödənilmiş 135 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, ona cavabdeh tərəfindən bədən xəsarətləri yetirilmiş, uşağı buna görə travma almış, evinə isə su sızması nəticəsində ziyan dəymişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Zaliyeva (Mikayılova) Aynur Nüsrət qızı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsində yerləşən 21 nömrəli evin 89 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.

7. İş materiallarında olan 14 saylı MKİS-nin rəisi R.Piriyev, MKİS-nin n/mühəndisi A.Rəsulov, mühəndis N.Həsənova, texniki V.Bağırov tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktın surətindən görünür ki, Topçubaşov küçəsi, 21 saylı evin 89-cu mənzilin sakinii İddiaçı şikayətinə əsasən həmin ünvanda olmuşlar. Həqiqətən məlum olmuşdur ki, üst mərtəbədə yerləşən 91-ci mənzilində yaşayan Cavabdeh tərəfindən dəfələrlə 89-cu mənzilə su axıntısı baş vermişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq heç bir tədbir görməmişdir.

8. İş materiallarında olan 14 saylı MKİS-nin rəisi E.Dinayev, mühəndisi N.Əhmədova, s/nəzarətçisi M.Əsgərov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Ak. M.Topçubaşov küçəsi, 21 saylı evin 89-cu mənzilin sakini İddiaçı şikayətinə əsasən həmin ünvanda olmuşlar. Baxış zamanı müəyyən olunmuşdur ki, üst mərtəbədə yerləşən 91-ci mənzildə yaşayan Cavabdeh yaşadığı mənzilin mətbəxindən 89-cu mənzilin mətbəxinə su axıntısı baş vermişdir. Nəticədə 89-cu mənzilin mətbəxin tavanına ziyan dəymişdir. Tavanda çatlar, sarı ləkələr əmələ gəlmiş və boya qatı qoparaq mətbəx mebelinin üstünə tökülmüşdür. Tavan yararsız hala düşmüşdür.

9. İş materiallarında olan «Mega-Təmir.Az» şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli təmir xidmətinin göstərilməsi haqqında qiymətləndirmənin surətindən görünür ki, material və işçi qüvvəsinin dəyəri 748 manat təşkil etmişdir.

10. İş materiallarında olan 34 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamənin surətindən görünür ki, İddiaçı 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildən Bakı şəhəri, Nizami rayonu, Qarayev küçəsi, 49 mənzil 54-də qeydiyyatdadır. Ali təhsillidir. Qeydiyyatda olduğu müddət ərzində qonşularının rəğbətini və hörmətini qazanmışdır. İctimai işlərdə fəal iştirak etmişdir. Qeydiyyatda olduğu müddət ərzində onun barəsində 34 saylı MKİS-nə heç bir şikayət və xəbərdarlıq daxil olmamışdır.

11. İş materiallarında olan İddiaçı tərəfindən Nəsimi RPİ-nin 20-ci polis bölməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, bu ilin sentyabrın 14-də üst mərtəbədə mənzil 91-də yaşayan Cavabdeh ona hücumu zamanı yaranan insidentlə bağlı şikayəti üzrə açılan iş təhqiqatçı Rasim Əliyevin icraatındadır. Hadisə zamanı qarşı tərəf və sonradan çağırdığı adamları onun və qızının həyatı ilə əlaqəli açır ittihamlar irəli sürərək ona təzyiq göstərmişlər. Bu və digər faktlara əsaslanan qeydlərini tərtib olunmuş protokola əlavə etmək üçün etdiyi müraciətləri hələ ki cavabını tapa bilmir. Artıq 2 aydan çox vaxt keçməsinə baxmayaraq işin araşdırılmasının yubanması ilə bərabər o, və ailəsinin həyatı qarşı tərəfin hədələrilə təhdid altında olduğu üçün ortaya çıxan problemlərin həllinə ehtiyac yaranmışdır. Onun və ailəsinin mühafizəsinə və təhlükəsizliyinə, habelə işin materiallarına qeydlərin əlavə olunması ilə tərtib olunmuş sənədlərin surətilə təminatı üçün tədbirlər görülməsinə göstəriş verməsini xahiş etmişdir.

12. İş materiallarında olan İddiaçı tərəfindən Nəsimi rayon Polis İdarəsinə və Nəsimi rayon prokuroruna ünvanlanmış ərizələrinə surətlərindən görünür ki, üst mərtəbədə yaşayan Cavabdeh (Zaliyeva) tərəfindən bədən xəsarətləri ilə nəticələnən hücuma məruz qalması ilə əlaqədar pozulmuş hüquqlarının bərqərar olunması üçün qanunsuz qəbul olunmuş qərarın ləğvinə və sahə müvəkkilinə göndərilmiş işin onun qeydləri ilə obyektiv baxılmasına göstəriş verilməsini xahiş etmişdir.

13. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi RPİ-nin 20-ci PB tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X4» X6 841 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə-tibbi ekspertizasının surətindən görünür ki, İddiaçı bədən səthində aşkar olunmuş xəsarətlər – alın-təpə, ənsə nahiyyələrinin qançır-şişkinlikləri, burun, sol gicgah nahiyələrinin, sağ əlin 1 barmağının, sol mil-bilək oynağı nahiyəsinin sıyrıqları, sol alt göz qapağı və gözaltı nahiyəsinin, hər iki bazunun, sol əlin arxa səthinin, sol saidin və qasıq nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdirlər, həm ayrı-ayrılıqda və həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətdərə aid edildiklərindən dərəcələri təyin olunmur. İddiaçı bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır.

14. İş materiallarında olan Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis mayoru Rasim Əliyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 13.00 radələrində ünvan 3 ünvanında yaşayan İddiaçı ilə qonşusu Mikayılova (Zaliyeva) Aynur Nüsrət qızı arasında su axıtması ilə bağlı sözlü mübahisə baş vermiş, həmin hadisə zamanı onların bir-birlərinə qarşı fiziki zor tətbiq ediğ vurmaqla bir-birlərinə iş üzrə təyin edilmiş «Məhkəmə-Tibbi Ekspertiza və X4» X6 Nəsimi rayon şöbəsinin verdiyi 841 və 843 saylı ekspert rəylərinə əsasən sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişlər. Belə olan vəziyyətdə isə hadisəni törətmiş İddiaçı və X2 hərəkətlərində AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta olması öz təsdiqini tapdığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, İddiaçı və X5 barələrində AR İXMnin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Nəsimi RPİ-nin 20-ci PB-yə həvalə edilməsi qərara alınmışdır.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/363 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, - 1-ci və 2-ci suallar üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 89 saylı mənzilin binanın 3-cü mərtəbəsində, cavabdehə məxsus 91 saylı mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyini, 89 saylı mənzilin mətbəx tikintisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsində yerləşən 21 saylı evin, 89 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 91 saylı mənzildən su axıdılığını və nəticədə 89 saylı mənzilin mətbəx tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. - 3-cü sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsində yerləşən 21 saylı evin, 89 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1084 manat məbləğində müəyyən olunmuşdur.

16. İş materiallarında olan Nəsimi rayon prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı və X3 qarşılıqlı müraciətləri əsasında Nəsimi RPİ-nin 20-ci PB-də toplanmış 1241/21 saylı material üzrə Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı, polis mayoru Rasim Əlliyevin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, material əlavə yoxlama aparılması üçün Nəsimi RPİ-nin 20-ci PB-nə qaytarılmalı və araşdırmanın aparılması bölmənin digər təhqiqatçısına həvalə edilməlidir.

17. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, qonşusu tərəfindən döyülməsi və digər qanunazidd hərəkətlərə məruz qalması ilə bağlı şikayətinin Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsində nəticəsiz qalması barədə müraciəti Nəsimi RPİ-nin 20-ci Polis bölməsində müvafiq qaydada alınmaqla, təhqiqatçı Rasim Əliyev tərəfindən prosessual araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi, hadisəni törətmiş şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilərək bölmənin polis sahə inspektoru Elməddin Tağıyevə həvalə edilmişdir. Polis sahə inspektoru Elməddin Tağıyev tərəfindən hadisəni törətmiş Aynur Zaliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, 300 manat məbləğində cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Tətbiq edilmiş inzibati cərimə vətəndaş Aynur Zaliyeva tərəfindən ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayon, Ak.M.Topçubaşov küçəsində yerləşən 21 saylı evin 89 saylı mənzilinə cavabdehin mənzilindən su axıtması baş vermişdir. Bununla bağlı tərəflər arasında mübahisə baş vermiş, həmin hadisə zamanı tərəflərin bir-birlərinə qarşı fiziki zor tətbiq edib vurmaqla bir birlərinə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişlər. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 300 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Hazırda iddiaçı maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

24. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçının yaşadığı 89 saylı mənzilinə 41 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Su sızma nəticəsində iddiaçıya məxsus mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün cəmi 1084 (bir min səksən dörd) manat pul vəsaiti tələb olunur. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehin yaşadığı mənzilindən baş verməsi ərazi üzrə 14 saylı MKİS tərəfindən tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır.

25. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 1084 (bir min səksən dörd) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məhz 5000 (beş min) manat miqdarında olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.

26. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm məhkəmə baxışı zamanı vermiş olduğu izahatlarına əsasən, ona maddi ziyan kimi evə dəymiş ziyandan başqa dərmanlara, həkimlərə çəkilmiş xərci, çantasının cavabdeh tərəfindən yırtılması və s kimi əsaslara istinad etmişdir. Lakin istinad etdiyi əsasların heç biri cavabdehin təqsiri üzündən baş verməsini, səbəbli əlaqəsini, xəstəliyin səbəbində məhz cavabdehin əməllərinin olmasına dair hər hansı bir akt əlavə etməyərək bu kimi halları sübuta yetirə bilmədiyindən məhkəmə həmin sənədlərə (iddiaçının əlavə etmiş olduğu həkim reseptləri, aptek qəbzləri) prosessual qənaət prinsipini nəzərə almaqla hüquqi qiymət verməyərək məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

27. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

29. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

30. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

31. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

32. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

33. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının qonşusu Aynur Zaliyeva (Mikayılova) tərəfindən döyülməsi və digər qanunazidd hərəkətlərə məruz qalması ilə bağlı şikayəti əsasında Nəsimi RPİ-nin 20-ci PB-də araşdırma aparılmış, hadisəni törətmiş Aynur Zalıyeva (Mikayılova) barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, 300 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, cavabdeh tərəfindən tətbiq edilmiş cərimə ödənilmişdir.

34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 (bir min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir.

35. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Zaliyeva (Mikayılova) Aynur Nüsrət qızından vurulmuş maddi ziyanın əvəzi kimi 1084 (bir min səksən dörd) manat, mənəvi ziyanın əvəzi kimi 1000 (bir min) manat və 135 (yüz otuz beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2219 (iki min iki yüz on doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

36. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh Zaliyeva (Mikayılova) Aynur Nüsrət qızından tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.

44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Zaliyeva (Mikayılova) Aynur Nüsrət qızından vurulmuş maddi ziyanın əvəzi kimi 1084 (bir min səksən dörd) manat, mənəvi ziyanın əvəzi kimi 1000 (bir min) manat və 135 (yüz otuz beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2219 (iki min iki yüz on doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh Zaliyeva (Mikayılova) Aynur Nüsrət qızından tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar