Məhkəmə qərarları › İş №2(006)-5573/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5573/2021

20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5573/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərə görə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərə görə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13.03.2019-cu il tarixdə "xxxx" ASC-nin “Qara Qarayev” filialında 7999 manat 40 qəpik məbləğində Azərbaycan manatını mübadilə edərək 4700 ABŞ dolları aldı. Elə həmin gün aldığı ABŞ dollarını bankın depozit hesabına qoydu. İl başa çatmamış ehtiyacı yarandığı üçün banka qoyduğu pulu çıxarmalı oldu. 2020-ci ilin may ayında 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi, kiçik vergi xidməti müşaviri Vüsal Məmmədov iddiaçıya zəng edərək, ondan hesablanmış 3021 manat məbləğində vergi borcunu təcili ödəməyi tələb etdi. Əks halda, barəsində qanunamüvafiq ölçü götürüləcəyini bildirdi. Bir müddətdən sonra yenidən iddiaçıya zəng edən Vüsal Məmmədov vergi borcunun 4100 manat məbləğində olduğunu bildirdi və barəsində axtarış elan etdiyini bəyan etdi. Ölkədən çıxışına qadağa qoyulduğunu dedi. Bundan sonra iddiaçını Bərdə rayonu İcra və Probasiya şöbəsinə çağırdılar. İddiaçını həbslə hədələyərək tezliklə vergi borcunun ödəməyini tapşırdılar. "Kapital Bank” ASC-nin “Qara Qarayev” filialında baş vermiş qanunsuzluğun nəticəsində onu dəfələrlə Bərdə və Yevlax rayonlarına çağıraraq günlərlə əzab-əziyyət çəkməyə, maddi və mənəvi zərərə düşməyə vadar etdilər. Dəfələrlə rayonlara çağırılmağı səbəbindən 1500 manatdan çox vəsaiti xərcləndi. Eyni zamanda, külli mənəvi sarsıntılara məruz qaldı. Hətta bir neçə dəfə huşunu itirib yolun ortasında yıxılmışdır. Ətrafda olan şəxslər iddiaçıya tibbi köməklik göstərmişlər. Sonradan iddiaçıya məlumat vermişlər ki, bankın işçiləri səhvə yol verərək bankın elektron sistemində təkrarçılığa yol vermişlər. Bunun da nəticəsində iddiaçıya qarşı maliyyə sanksiyası tətbiq edilmiş, adına iddiaçının xəbəri olmadan VÖEN açmışlar. Bu və digər hallar sübut etmişdir ki, cavabdeh "Kapital Bank” ASC-nin “Qara Qarayev” filialının qanunsuz hərəkəti nəticəsində iddiaçıya 1500 manatdan çox maddi və külli miqdarda mənəvi zərər vurulmuşdur. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-nin “Qara Qarayev” filialından iddiaçının xeyrinə 1500 manat məbləğində maddi zərərə görə və 2000 manat məbləğində mənəvi zərərə görə pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələblərinə etiraz edərək bildirmişdir ki, iddiaçı 13.03.2020-ci il tarixində Bankın “Qara Qarayev” filialına valyuta mübadiləsi əməliyyatı etmək üçün müraciət etmişdir. İddiaçı müraciət edərkən əvvəlcə 8000 ABŞ dolları almaq istədiyini bildirmiş və Bankın əməkdaşı müvafiq proseduru başlamışdır. Lakin sonradan iddiaçı fikrini düzgün çatdırmadığını, 8000 ABŞ dolları deyil, 8000 manat ekvivalentində ABŞ dolları almaq istədiyini bildirmişdir. Bundan sonra Bankın əməkdaşı ilkin olaraq başladığı proseduru saxlayaraq, yeni proseduru başlamış və yekun olaraq 4700 ABŞ dolları (7999,4 manat ekvivalenti) satışı həyata keçirilmişdir. Lakin Bankın əməkdaşı tərəfindən iddiaçının adına başladığı həm ilkin (8000 ABŞ dolları) valyuta mübadiləsinə, həm də sonradan tamamladığı (4700 ABŞ dolları) valyuta mübadiləsinə dair məlumatlar sistemdə mövcud olduğundan Bank tərəfindən “Nağd xarici valyuta əməliyyatları statistik hesabatının tərtibi və təqdim edilməsi haqqında” Təlimata əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunmuşdur. Bu səbəbdən iddiaçının adına ümumilikdə 12700 ABŞ dolları mübadilə əməliyyatı qeydə alınmışdır. Sonradan qeyd olunan hal Banka məlum olmuş və 24.04.2020-ci il tarixdə Bank tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına 13.03.2020-ci il tarixdə mübadilə əməliyyatı aparmış müştərilər barədə düzəliş olunmuş məlumat təqdim olunmuşdur. Həmin məlumatda iddiaçının adı siyahıdan çıxarılmışdır. Bankın müraciəti əsasında iddiaçının adına olan 13.03.2020-ci il tarixli 8000 ABŞ dollarına dair mübadilə əməliyyatı Mərkəzi Bankın sistemindən silinmişdir. Lakin həmin dövrdə Mərkəzi Bankın verilənlər bazasında (database) miqrasiya prosesi aparıldığından verilənlər bazası (database) yeniləndikdən sonra iddiaçının 13.03.2020-ci il tarixli 8000 ABŞ dolları məbləğində mübadilə əməliyyatı aparmasına dair əvvəlki məlumat səhvliklə yenidən aktiv olunmuşdur. İddiaçı tərəfindən 06.05.2021-ci il tarixdə yenidən qeyd olunan məsələ ilə bağlı Banka müraciət olunmuşdur. Müraciət əsasında Bank tərəfindən Mərkəzi Banka 03.06.2021-ci il tarixdə yenidən müraciət olunaraq 13.03.2020-ci il tarixində İddiaçı apardığı 8000 ABŞ dolları mübadilə əməliyyatı ləğv olunduğu üçün yenilənmiş faylı göndərildiyi, lakin portalda həmin əməliyyatın ləğv olunmamış kimi göründüyü bildirilmiş, bu səbəbdən yenilənmiş formanın portala yüklənməsi xahiş olunmuşdur.Göründüyü kimi iddiaçının adına portalda qeydə alınmış yanlış əməliyyatın ləğv olunması üçün Bank tərəfindən vaxtında müvafiq tədbirlər görülmüş, aidiyyəti üzrə müraciət olunmuşdur. X6 sistemində aparılan sazlamar nəticəsində həmin əməliyyat yenidən bərpa olunmuşdur. Həmçinin “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”un tarixindən də görünür ki, qeyd olunan məktub Bank tərəfindən məlumatların sistemdən silinməsi üçün Mərkəzi Banka müraciət olunduqdan sonra yazılmışdır. X8 sistemində Bank tərəfindən ləğv olunmuş məlumat yenidən aktiv olunmasa idi, vergi orqanı tərəfindən həmin əməliyyata dair məlumatlar tələb olunmayacaqdı. Əlavə olaraq, iddiaçı iddia ərizəsində qeyd olunan məsələ ilə əlaqədar maddi ziyanın vurulduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Hesab edirik ki, hətta maddi ziyanla (yol xərci) bağlı sübut təqdim olunsa belə, həmin xərclərlə Bankın əməlləri arasında səbəbli əlaqə yoxdur. İddiaçının mənəvi zərərin ödənilməsinə dair tələbi də tam əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X3 iddia tələbinin təmin edilib-edilməməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin 18 iyun 2021-ci il tarixli məktubundan görünür ki, 13 mart 2020-ci il tarixdə sistemə qeyd edilmiş 8000 USD vəsaitin ləğv edilməsi ilə bağlı Bank tərəfindən müvafiq qaydada müraciət edilmiş və əməliyyat ləğv edilmişdir. 13 mart 2020-ci il tarixdə icra edilmiş faktiki əməliyyat barədə bankın “Qara Qarayev” filialı tərəfindən 22 aprel 2021- ci il tarixli arayış təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti tərəfindən İddiaçı ünvanlanmış 23 iyun 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı keçirdiyi valyuta alqı-satqı əməliyyatı texniki səhv nəticəsində bankın elektron sistemində bir neçə dəfə təkrar olaraq qeydə alınmışdır. MMX tərəfindən edilmiş müvafiq müraciət əsasında tətbiq olunan maliyyə sanksiyası və adına qeydiyyatdan keçmiş VÖEN ləğv edilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş maddi ziyanın 1500 manat məbləğində olmasını bildirsə də, həmin tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iddia tələbinin “2000 manat mənəvi ziyanın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. İşin faktiki hallarından göründüyü kimi cavabdeh "xxxx" ASC-nin əməkdaşı tərəfindən həyata keçirilmiş səhv mübadilə əməliyyatı nəticəsində iddiaçı əsassız olaraq vergi orqanlarına çağırılmış və ona vergi borcu hesablanmışdır. Bunun da nəticəsində iddiaçının hüquqları pozulmuş, ona zərər vurulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASCdən mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar