Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5577/2023 29.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsindən maddi və mənəvi zərərə görə 30000 (otuz min) manat pulun və ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 2001-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. Azərbaycan Texniki Universitetinin kompüter mühəndisliyi ixtisasını bakalavr dərəcəsi ilə bitirdikdən sonra 2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinə çağırış vərəqəsi əsasında dəvət edilmiş, şöbədə onu səthi müayinə edərək hərbi xidmətə yararlı olduğu bildirilmiş və hərbi xidmətə yola salınmışdır. İddiaçı hərbi xidmətə getməyə etiraz etməmiş, lakin uşaq vaxtlarından yastıayaqlılığını, bunun həmişə ona əziyyət və şişkinliklərlə müşayiət olunan ağrılar verdiyini bildirərək, onu dəqiq müayinə etdikdən sonra hərbi xidmətə göndərmələrini tələb etmişdir. Lakin iddiaçının bu müraciətinə məhəl qoyulmamış və hərbi komissar iddiaçıya əskər çatışmazlığı olduğunu bildirərək, onu hərbi xidmət keçmək üçün N saylı hərbi hissəyə göndərmişdir. Həmin hərbi hissədə iddiaçının sağ ayağında üçüncü, sol ayağında isə ikinci dərəcəli yastıayaqlıq aşkar edilmiş və 05 oktyabr 2022-ci il tarixdə Müdafiə Nazirliyinin BKH-yə göndərilmiş, orada hər iki ayağı yük altında R-sı olunmuş və iddiaçıya “Aşıq-qayıqvari oynaqlarının birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağının üçüncü dərəcəli boylama yastıayaqlığı” diaqnozu qoyularaq N saylı hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. İddiaçı Azərbaycan Ordusunun baş travmotoloqu və radioloqu tərəfindən 13 oktyabr 2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasında müayinə olunduqdan sonra həmin komissiyanın sədri, tibb xidməti mayoru Rasim Həsənovun 1230 nömrəli 17 oktyabr 2022-ci il tarixli “xəstəlik haqqında şəhadətnamə”si əsasında onun “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlılığı” barədə rəy tərtib edilərək hərbi sıralardan xidmətdən təxris edilmişdir. Hərbi xidmətdə olduğu müddətdə iddiaçı tərəfindən maddi vəsaitlər xərclənmiş, o, əsəb və gərginliklər yaşamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsi bilə-bilə xəstə olmasına baxmayaraq, iddiaçını hərbi xidmətə göndərmiş, onun xəstə olmasına əhəmiyyət verilməmiş və biganə münasibət göstərilmişdir. Belə ki, cavabdeh tərəfindən dəqiq araşdırma və yoxlama aparmadan iddiaçı hərbi xidmətə göndərilməklə onun səhhətinin pisləşməsinə bais olaraq külli miqdarda maddi və mənəvi ziyan vurmuşlar. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsi iddia tələbinə dair etiraz təqdim edərək, mülk işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi inzibati mübahisələrə dair iş olduğu üçün və işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün hazırki işin icraatına xitam verilməlidir. İddiaçı ərizə təqdim edərək, cavabdehin əsl cavabdehlə, yəni Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilməsini və işin aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir (ərizədə iddiaçının imzası mövcud deyil). Sabirabad Rayon Məhkəməsinin 2(056)-1802/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilməsi və mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 işin aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalı olduğunu bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin əməkdaşının qanunsuz hərəkəti nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu iddia edərək, kompensasiya ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, tələbin mahiyyəti inzibati orqanın hərəkətinin qanunsuz olmasına əsaslanaraq vurulmuş ziyana görə kompensasiya ödənilməsi olduğundan, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanlarının Təsnifatı”nın İV hissəsinin 4-1 bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti inzibati orqandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2 və 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının: 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.2-ci bəndinə görə, ...müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. 15.4-cü bəndində qeyd edilmişdir ki, ...inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, hazırki tələb inzibati orqanın publik sahədən irəli gələn fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisə ilə bağlı olduğundan məhkəmə belə qənaətə gəlir ki, mülki iş üzrə icraata xitam verilməli, dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və iddiaçıya hazırki mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malik olması, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla, iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində pul ona geri qaytarılsın (qəbz №: **********). İddiaçıya izah olunsun ki, hazırki mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malikdir və işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-5577/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5577/2023
29.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver