Məhkəmə qərarları › İş №2(006)-5580/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5580/2025

21.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5580/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdeh Ümidli Gələcək Sosial X5, 3-cü şəxslər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə və X3 qarşı yekun psixoloji rəyin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ümidli Gələcək Sosial X5, 3-cü şəxslər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh Ümidli Gələcək Sosial X1 X8 Uşaq və Gənclər üçün Sosial Reablitasiya Mərkəzi tərəfindən qəbul edilmiş 119 nömrəli, 20 iyun 2024-cü il tarixli yekun psixoloji rəyin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, işdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icraatında olan 2(008)-505/2018 nömrəli icra sənədi üzrə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günləri 10:00-dan 18:00-dək ünsiyyət hüququ təmin edilməsinə dair icra sənədi vardır. İddiaçı Ümidli Gələcək Sosial X1 X8 Uşaq və Gənclər üçün Sosial Reablitasiya Mərkəzinin həmin icra sənədinin icrası çərçivəsində verdiyi 119 nömrəli, 20 iyun 2024-cü il tarixli psixoloji rəyin ləğv edilməsini məhkəmədən xahiş edir. Qeyd olunan rəyin ləğv edilməsinin əsası kimi rəyin X2 maraqlarına uyğun çıxarılması, uşaqla heç bir tərbiyəvi və maarifləndirici işlərin aparılmaması, valideynə sevgi hissinin aşılanması üzrə heç bir söhbətin aparılmaması və bütün bunların rəydə göstərilənlərin şübhə altna alınmasına səbəb olduğu, həmçinin reabilitasiya prosesində nə onun, nə də icra məmurunun iştirakının təmin edilməməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən rəy psixoloji mərkəz tərəfindən uşağın psixoloji durumunun müəyyən edilməsi, atanın uşaqla ünsiyyətində yaranan maneələrin aradan qaldırılması üçün hazırlanmış psixoloji rəy olmaqla hüquqmüəyyənedici sənəd və ya əqd deyildir. Başqa sözlə desək həmin psixoloji rəy X4 reabilitasiya prosesinə cəlb edilməsi və onun nəticələrinə dair məlumatı əks etdirir və tərəfin ziyanına və xeyrinə ola biləcək hər hansı hüquqi nəticəyə səbəb olmur. O da qeyd olunmalıdır ki, icra məmuru tərəfindən həmin rəy əsas götürülməklə icra sənədi xx.xx.2024-cü il tarixdə geri qaytarılsa da, tələbkar İddiaçı şikayəti əsasında icra məmurunun müvafiq qərarı ləğv edilmişdir və hazırda icra sənədi üzrə icraat davam etdirilir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 8(008)- 572/2025 nömrəli qərardadına əsasən, Sabunçu rayon İcra şöbəsinin icra məmuru İlqar Ağayevin xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması” barədə qərarı ləğv edilmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 505/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 8(103)-342/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 8(008)- 572/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə, iddiaçıya icra sənədinin icrası ilə əlaqədar məsələlərin icra icraatı qaydasında həll edilməli olmasını, yəni, icra məmurunun hər hansı hərəkətindən və ya qərarından narazı qaldığı halda şikayətlə məhkəməyə müraciət etmək hüququnun olmasını izah etməklə, qeyd edir ki, bu növ tələblərə iddia icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Ümidli Gələcək Sosial X5, 3-cü şəxslər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə və X3 qarşı yekun psixoloji rəyin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya təqdim olunsun. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar