Məhkəmə qərarları › İş №2(006)-5586/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5586/2025

23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5586/2025 23.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən qayıdış üçün biletinə xərclədiyi 720 manatın, gediş üçün aldığı 169 manatın, cavabdeh tərəfindən ödənilməyən 56 manatın, mənəvi zərərə görə isə 5.000 manatın, ödəniş etdiyi 77,76 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində uzun illərdir çalışır. 2025-ci ilin mart ayının 11-də AZAL əməkdaşı kimi güzəştli uçuş bileti əldə etmək üçün "xxxx" şirkətinə müraciət etmişdir. Bakı-Tbilisi, Tbilisi-Bakı aviabileti almaq üçün "xxxx"a müraciət etmişdir. Martın 18-də iddiaçıya müsbət cavab verilib. Orada qeyd edilmişdir ki, "sizin 3.11.2025 4:56 Pm tarixli servis aviabileti barədə müraciətinizə normativ hüquqi tələblər əsasında müsbət baxılmışdır". Bundan sonra iddiaçıya deyilib ki, bilet almaq üçün aviakassaya yaxınlaşmalıdır. Mart ayının 19-da, səhhətinin pis olmasına (bronxitin kəskinləşməsi var idi) baxmayaraq, atası ilə birgə aviakassaya yaxınlaşmışdır. Bilet almaq istəyəndə aviakassadakı növbətçi xanım iddiaçıya bildirib ki, bilet almaq üçün link daxil olmayıb. Xanım iddiaçıya bildirib ki, bunu dəqiqləşdirmək üçün "xxxx" ilə əlaqə saxlasın. Bundan sonra iddiaçı "AZAL”ın ümumi şöbəsinə zəng etmişdir. Xanım ilk əvvəl iddiaçıya deyib ki, ona bilet verilməsində yalnışlıqla müsbət cavab verilib. İddiaçı isə deyib ki, əgər yalnışlıq olunubsa, nə üçün onda mənfi cavab verməyiblər, müsbət cavab verilib ona? Oradakı xanım deyib ki, ümumi şöbənin rəisi burada yoxdur, gəlsin əlaqə saxlayarlar. Daha sonra iddiaçıya deyib ki, müşavir Rəhman müəllimin ("AZAL QSC-nin prezidentinin müşaviridir) yanındadır. İddiaçı problemi həll eləmək üçün ora zəng etmişdi. İddiaçı həmin cavab verən xanıma bildirib ki, onun səhhətində problem var, işdən çıxan kimi bura gəlmiş, 12 gündə bayramlar ilə əlaqədar olaraq qeyri-iş günləri olacaq. Ona görə də bu məsələ bu gün həll edilsə, yaxşı olar. Daha sonra həmin nömrəni təkrar yığıb. Həmin xanım ona cavab verib bildirib ki, onların şöbə rəisi sistemə baxıb, orada onun adı ilə bağlı texniki səhv olub. Texniki səhv olduğu üçün ona müsbət cavab veriblər. Ancaq onlar əslində müsbət cavab verməməli imişlər. Xanım bildirib ki, "xxxx" hal-hazırda biletləri dayandırıb, ona görə ona yalnış olaraq müsbət cavab veriblər. İddiaçı da həmin xanıma bildirib ki, axı hal-hazırda "xxxx"ın əməkdaşları həmin güzəştdən yararlanaraq ailələri ilə birgə xaricə səfər edirlər. "xxxx"-da işlədiyi üçün əməkdaşların son günlərdə həmin güzəştli biletlərdən yararlanaraq xaricə getidiklərini yaxşı bilir. Xanıma deyib ki, bu gün qısa iş günüdür. O da deyib ki, günün sonunadək saat 15:00-dək müsbət və ya mənfi cavab olsa belə ona məlumat verəcəklər. İddiaçı xanımın bu sözləri ilə razılaşıb. Düşünüb ki, onlar artıq cavab verəcəklər. Ancaq buna baxmayaraq, saat 15:30-da yenə onlara zəng edib. Xanım ona yenə bildirdi ki, narahat olmasın cavab nə olsa da, ona bu gün iş saatları ərzində mütləq bildiriləcəkdir. Ancaq onlardan bir zəng gəlməmişdir. Təkrar yenə bir neçə dəfə yığsa da, cavab verən olmamışdır. Aprel ayının 1-də təkrar həmin nömrəyə zəng etmişdir. Həmin vaxtı xanıma bildirib ki, ona söz vermişdilər əlaqə saxlayacaqdılar, amma ona bir cavab hələ də verməyiblər, belə olan halda onlardan şikayət vermək məcburiyyətində qalacaqdır. Həmin vaxtı artıq danışdığı xanım telefonu onunla danışmaq üçün başqa bir qıza verib. Telefona gələn "xxxx"ın əməkdaşı iddiaçının tanıdığı Suqra xanım idi. İddiaçı ona bu iş ilə bağlı məlumat vermişdir. Bir xeyli danışdıqdan sonra iddiaçıya deyib ki, məsələni araşdırarlar və ona dəymiş ziyanı ödəyərlər. Səhəri gün isə 70 manata olan bileti 169,20 manata almaq məcburiyyətində qalmışdır. Ümumi Şöbənin rəisinə məsələni deyən kimi Aysel xanım bildirdi ki, heç bir problem yoxdur, ona dəymiş zərəri ödəyəcəklər. İddiaçı da bildirib ki, bundan öncə olduğu kimi söz verib etməyəcəklərsə, o "xxxx"ın prezidenti Samir müəllimin yanına şikayət eləməyə gedir. Xanım ona bildirib ki, şikayət etməyə ehtiyac yoxdu. Ona kömək edəcəklər, məsələ həll olundu. Dedi ki, iddiaçıya dəymiş zərəri onlar ödəyəcəklər. Ayın 2-də Suqra xanım ilə bir neçə dəfə danışıblar. Əvvəl ona başqa söz deyiblər, sonunda isə deyiblər ki, bir istiqamətə olan uçuşun xərcinin bir hissəsini ona verə bilərlər. Əvvəl iddiaçıya deyib ki, Aysel xanım deyir ki, ona həm gediş, həm də gəliş biletini öz hesablarına alarlar. İddiaçı deyib ki, artıq gediş biletini alıb. Onda qız deyib ki, gediş üçün dəymiş zəzəri ödəyirlər, onda geri qayıdış biletini öz hesablarına ona alacaqlar. Sonra deyib ki, dəymiş zərərin yarısının ödənişini edəcəklər. Təzədən aprel ayının 3-də iddiaçı "xxxx"ın Hüquq Məsələləri üzrə müşavirinə yaxınlaşıb. O da deyib ki, bu məsələlərə Rəhman müəllim baxır. Həmin vaxtı Rəhman müəllimi gözlədiyi zaman Aysel xanım gəlib. Onunla bu dəfə üz-üzə görüşüblər. O da bildirib ki, əvvəl söz versələr də, artıq ona bilet ilə bağlı heç bir köməklik göstərə bilməzlər. Yenə ona deyib ki, ona səhv məlumat veriblər. İddiaçı bildirib ki, buna görə şikayət verəcək. Aysel xanım iddiaçıya bildirib ki, ona biletə görə hər hansı bir ödəniş etmək məcburiyyətində deyillər. Daha sonra iddiaçı oranı tərk edib. Təzə qayıtmışdır ki, əvvəl danışdığı Suqra xanım ona səs atıb deyib ki, kartını atsın pul qaytarıb verəcəklər. İddiaçı kartı ona atıb və kartına "xxxx" 113 manat pul ödəniş edib. Bu, aprel ayının 3-də olub. Onun səhəri günü 4 aprel 2025-ci il tarixində iddiaçı uçmalı idi. Bron ilə bağlı zəng edəndə deyiblər ki, uçuş bileti ləğv edilib. İddiaçıya məlum olub ki, onun ayın 4-nə olan biletini ləğv ediblər. İddiaçı təkrar ora zəng edib. Elə oldu ki, iddiaçı dedikdən sonra biletini bərpa etdilər və təyyarə ilə uçub. İddiaçıya deyiblər ki, sənin biletin ləğv edilməyib, yaxınlaş kassaya. Kassada yoxlanıldı əməkdaş iddiaçıya deyib ki, sizin adınıza bilet yoxdur. Daha sonra onunla "xxxx"-ın başqa əməkdaşı əlaqə saxlayıb deyib ki, ona yeni bilet alınıb. İddiaçıya alınan biletin üzərində xidməti bilet sözü qeyd olunub. Həmin bileti 53 manata alıblar. Bu hadisələrin nəticəsində çox stress yaşayıb. Hətta xidmətin rəhbəri də ona deyib ki, bu olanlar barəsində "xxxx"ın rəhbərinə şikayət verə bilər. May ayında iddiaçıya AZALdan Rəhim adlı əməkdaş zəng edib. Ondan hadisə barədə məlumat alıb və deyib ki, bu məsələni araşdırırlar. İyun ayının 2-də ona zəng ediblər ki, şikayətini geri götürsün. İddiaçı da bildirib ki, ona ziyan dəyib, ona görə də şikayəti geri götürə bilməz. "xxxx" rəhbərliyinə müraciətindən sonra iyun ayının 4-də ona məktub göndərilmişdir. Həmin məktubda qeyd edilir ki, "müraciətiniz ilə bağlı "xxxx" QSC-də səlahiyyətləri çərçivəsində araşdırma aparılmışdır. Məktubda, "araşdırma zamanı müəyyən edilmişdir ki, siz "xxxx"ın rəhbərliyinə ödənişsiz aviabiletin əldə edilməsi üçün etdiyiniz müraciətin rəsmi cavabını və bununla bağlı aviabiletlərin satış məntəqəsinə ünvanlanmış rəsmi məktubun göndərilməsini gözləməyərək, öz hesabınıza aviabilet əldə etmişsiniz", "bundan əlavə bildiririk ki, ödənişsiz aviabiletin təqdim olunması ilə bağlı müraciətinizə "xxxx"ın rəhbərliyi tərəfindən müsbət cavab verildikdən sonra sizin öz hesabınıza əldə etdiyiniz aviabiletin dəyərinin yarısı kart hesabınıza qaytarılmışdır", "eyni zamanda müraciətinizdə qeyd olunan 04 aprel 2025-ci il tarixdə Bakı-Tbilisi aviareysinə əldə etdiyiniz biletin ləğv olunması və sonradan bərpa edilməsi barədə məlumat araşdırma zamanı öz əksini tapmamışdır" ifadələr əks olunmuşdur. Eyni zamanda, birinci vitse-prezident Sabir İlyasovun iddiaçıya ünvanladığı digər bir məktubda, "onuda qeyd etmək istərdik ki, AZAL əməkdaşlarına müəyyən zəruri hallarda ödənişsiz əsasla uçuş biletinin təqdim edilməsi AZAL tərəfindən satış məntəqəsinə birbaşa olaraq ünvanlanan rəsmi müraciət əsasında həyata keçirilir. Lakin AZAL tərəfindən sizə ödənişsiz əsasla biletin verilməsi üçün satış agentinə müraciət edilməyəcəyini bildiyiniz halda 20 mart 2025-ci il tarixində öz hesabınıza Bakı-Tbilisi" istiqamətinə aviabilet əldə etmişsiniz" qeyd edilmişdir. Beləliklə, "xxxx" rəhbərliyinin iddiaçıya göndərdiyi məktubda qeyd olunmuşdur ki, guya güzəştli uçuş biletinin alınması ilə bağlı ona heç bir müsbət cavab verilməyib. Güzəştli biletin ona ayrılması barədə "xxxx"ın ona ünvanlamış olduğu xx.xx.2025-ci il tarixli e-maildən çıxarış iddia ərizəsinə əlavə edilmişdir. Sonunda həmin məktubda qeyd olunmuşdur ki, guya ki, aparılan araşdırma nəticəsində heç bir hüquq pozuntusu aşkar edilməmişdir. Bu pozuntulardan və özbaşınalıqlardan sonra dəfələrlə müxtəlif şəxslərə və qurumlara müraciət edilsə də, heç bir nəticə verməmişdir. X2 Holdinqə müraciət edilsə də, müraciəti obyektiv və ədalətli araşdırılmamışdır. Sonunda bildirilib ki, araşdırma nəticəsində ”AZAL" tərəfindən ona qarşı heç bir hüquq pozuntusu müəyyən edilməmişdir. Sonunda özləri bildiriblər ki, əgər iddiaçının hər hansı bir narazılığı və ya tələbi varsa, məhkəməyə müraciət edə və məhkəmə qaydasında hüquqlarını tələb edəbilər. Əgər araşdırılsa aydın olacaq ki, rəhbərliyin özü belə bir çox hallarda özləri və ailələri üçün qeyri-qanuni yolla pulsuz bilet əldə edirlər. Müraciət edilsə, bilinəcək. Üstəlik iddiaçı kimi bilet onlar almırlar. Sadəcə olaraq aviakassaya şəxsiyyət vəsiqələri və pasportlarını göndərərək pulsuz bilet əldə edirlər. Bunu onlar qeyri-qanuni olaraq edirlər. Bu məsələ ilə bağlı "AZAL” şirkətinin əməkdaşları ilə telefon vasitəsilə əlaqə saxlanılan zaman həmin telefon danışıqlarının hamısı qeydə alınmışdır. Həmin telefon danışıqlarının səs yazısı təqdim edilir. Həmin səs yazılarını dinlədikdə iddiaçının haqlı olduğu anlaşılır. Buna görə də, həmin səs yazılarını diqqətlə dinlənilməsi iş üçün əhəmiyyətlidir. "AZAL” iddiaçının qarşısında yaranmış olan öhdəliyini icra etməmişdir. Çox çalışılsa da, bu ilin mart ayının sonundan indiki tarixədək "xxxx" QSC-nin rəhbərliyi, rəhbər şəxsləri və bu məsələ üzrə məsul olan şəxslərlə heç bir razılıq əldə edilə bilinməmişdir. Uzun zaman gözlənilsə də, onlar dəymiş zərəri ödəməmişdilər. Bu səbəbdən əldə olan sübutların hamısı təqdim edilir. Bu müddət ərzində Azərbaycan Hava Yollarının əmkdaşları və rəhbər şəxsləri ilə uzunmüddət danışılsa da, sonunda heç bir nəticə əldə edilməmişdir. Ədalətli, obyektiv qərar qəbul edilməsi gözlənilir. "xxxx" tərəfindən iddiaçıya maddi ziyan vurulmaqla yanaşı mənəvi zərər də dəyib. Çox stress keçirdib, xeyli sayda həm telefon vasitəsilə, həm də rəhbər, məsuliyyət daşıyan şəxslərlə görüşülüb. İddiaçıya dəymiş maddi zərər ödənilməyib. Bu proseslər həm də iddiaçının xəstə olduğu dövrlərə təsadüf etmişdir. Ona mənəvi və maddi zərər vurduqlarına görə "xxxx" QSC iddiaçıya ödəniş etməlidir. Cavabdehin etirazı: İddiaçı qayıdış bileti üçün xərclədiyi 720 manatın, gediş bileti üçün aldığı 169 manatın, ödənilməyən 56 manatının, mənəvi zərərə görə 5 000 manatın, həmçinin, ödəniş etdiyi 77,76 manat dövlət rüsumunun onun xeyrinə cavabdeh “X4” Qapalı Səhmdar Cəmiyyətindən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar bildirilir ki, "xxxx" QSC-nin qaydalarına əsasən, AZAL-ın işçilərini şəxsi məqsədlər üçün pulsuz biletlə təmin etməsi öhdəliyi nəzərdə tutulmamışdır. AZAL əməkdaşlarına müəyyən zəruri hallarda ödənişsiz əsasla uçuş biletinin təqdim edilməsi AZAL tərəfindən satış məntəqəsinə birbaşa olaraq ünvanlanan rəsmi müraciət əsasında həyata keçirilir. Lakin iddiaçı AZAL tərəfindən ona ödənişsiz əsasla biletin verilməsi üçün satış agentinə müraciət edilməyəcəyini bildiyi halda, 20 mart 2025-ci il tarixində öz hesabına Bakı-Tbilisi istiqamətinə aviabilet əldə etmişdir. Buna baxmayaraq iddiaçının tələbə olduğunu nəzərə alınaraq, Azalın tərəfindən xoş niyyət göstəricisi olaraq ona 03 aprel 2025-ci il tarixində 113 manat 45 qəpik (istifadə olunmamış yığımlar daxil olmaqla) məbləğində vəsait geri qaytarılmışdır. Həmçinin iddiaçı öz ərizəsində də qeyd etdiyi kimi öz şəxsi iradəsi ilə məzuniyyət hüququndan istifadə edərək Bakı-Tiflis-Bakı reysi ilə öz səfərini həyata keçirmiş və hesab edirlər ki, burda iddiaçı dəymiş hər hansısa ziyandan söhbət belə gedə bilməz. Belə ki, zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan real zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hesab edirlər ki, AZAL-ın iddiaçının hər hansısa hüququnu pozaraq ona zərər vurması faktı mövcud olmadığından, iddiaçıya dəymiş zərərin ödənilməsindən söhbət belə gedə bilməz. İddiaçının mənəvi zərərin ödənilməsi barədə tələbinə etiraz olaraq bildirirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Lakin iddiaçının iddia ərizəsindən göründüyü kimi şəxsin iddia etdiyi pozulmuş hüquq şəxsi qeyri-əmlak hüquqları ilə bağlı yox, sırf maddi (əmlak) xarakterlidir. Bundan əlavə iddia ərizəsində iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasını, onların nədə ifadə olunduğunu təsdiq edən hər hansı fakt və sübut olmadığından, ona mənəvi ziyan vurulmasına dair irəli sürdüyü dəlillər qeyri-müəyyən, həmçinin, mücərrəd fikirlərdən ibarət olmaqla əsassızdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbinin ərizənin məzmununa uyğun müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etirazın məzmununa uyğun izahat verərək, iddianən rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" QSC tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı ünvanlanmış elektron poçt yazışmasından görünür ki, 3.11.2025 4:56 Pm tarixli servis aviabileti barədə müraciətə normativ hüquqi tələblər əsasında müsbət baxıldığı bildirilmişdir. **********505 nömrəli elektron biletdən görünür ki, Bakı-Tbilisi aviareysi üzrə biletə görə 169.20 manat ödənilmişdir. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatının xx.xx.2025-ci il tarixli, 30090/2025 saylı məktubundan görünür ki, "xxxx" QSC tərəfindən verilmiş cavabda bildirilmişdir ki, "xxxx"ın rəhbərliyinə ödənişsiz aviabiletin əldə edilməsi üçün edilən müraciətin rəsmi cavabını və bununla bağlı aviabiletlərin satış məntəqəsinə ünvanlanmış rəsmi məktubun göndərilməsini gözləməyərək İddiaçı öz hesabına aviabilet əldə etmişdir. Ödənişsiz aviabiletin təqdim olunması ilə bağlı müraciətinə "xxxx"ın rəhbərliyi tərəfindən müsbət cavab verildikdən sonra öz hesabına əldə etdiyi aviabiletin dəyərinin yarısı kart hesabına qaytarılmışdır. Həmçinin qeyd olunan 04 aprel 2025-ci il tarixdə Bakı-Tbilisi aviareysinə əldə edilən aviabiletin ləğv olunması və sonradan bərpa edilməsi barədə məlumat araşdırma zamanı öz təsdiqini tapmamışdır. Bildirilmişdir ki, araşdırma nəticəsində "xxxx"ın rəhbərliyinə ünvanlanan müraciətin cavablandırılması zamanı və sonrakı proseslərdə "xxxx" əməkdaşları tərəfindən qeyri-qanuni və ya qeyri-peşəkar hərəkərlərə yol verilmədiyi müəyyən edilmişdir. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 2025/3498 saylı məktubundan görünür ki, İddiaçı "xxxx"ın rəhbərliyinə ödənişsiz aviabiletin əldə edilməsi üçün etdiyi müraciətin rəsmi cavabını və bununla bağlı aviabiletlərin satış məntəqəsinə ünvanlanmış rəsmi məktubun göndərilməsini gözləməyərək, öz hesabına aviabilet əldə etmişdir. Bundan əlavə bildirilir ki, ödənişsiz aviabiletin təqdim olunması ilə bağlı müraciətə "xxxx"ın rəhbərliyi tərəfindən müsbət cavab verildikdən sonra İddiaçı öz hesabına əldə etdiyi aviabiletin dəyərinin yarısı kart hesabına qaytarılmışdır. Eyni zamanda qeyd olunan 04 aprel 2025-ci il tarixdə Bakı-Tbilisi aviareysinə əldə edilən aviabiletin ləğv olunması və sonradan bərpa edilməsi barədə məlumat araşdırma zamanı öz təsdiqini tapmamışdır. Həmçinin araşdırma nəticəsində "xxxx"ın rəhbərliyinə ünvanlanan müraciətin cavablandırılması zamanı və sonrakı proseslərdə "xxxx" əməkdaşları tərəfindən qeyriqanuni və ya qeyri-peşəkar hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 5062/2025 saylı məktubundan görünür ki, "xxxx" tərəfindən əməkdaşlarına müəyyən zəruri hallarda ödənişsiz əsaslarla uçuş biletinin təqdim edilməsi satış məntəqəsinə birbaşa ünvanlanan rəsmi müraciət əsasında həyata keçirilir. Lakin İddiaçı "xxxx" tərəfindən ödənişsiz əsaslarla aviabiletin verilməsi üçün satış agentinə müraciət edilməyəcəyini bildiyi halda, 20 mart 2025-ci il tarixində öz hesabına Bakı-Tbilisi istiqamətinə aviabilet əldə etmişdir. Adışəkilən şəxsin etdiyi müraciətlər. Eləcə də tələbə olması nəzərə alınaraq, Bakı-Tbilisi istiqaməti üzrə öz hesabına əldə etdiyi aviabiletə görə 03 aprel 2025-ci il tarixində 113 manat 45 qəpik (istifadə olunmamış yığımlar daxil olmaqla) məbləğində vəsait aviabileti əldə etdiyi karta geri qaytarılmış və bu barədə ona elektron poçt vasitəsilə məlumat göndərilmişdir. Təqdim edilən yazışma fotolarından görünür ki, daha əvvəl İddiaçı tərəfindən "xxxx" QSC-yə mübahisələndirilən məsələ ilə bağlı müraciətlər edilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı Bakı–Tbilisi–Bakı istiqamətində uçuş üçün güzəştli və ya ödənişsiz aviabilet əldə etmək məqsədilə cavabdeh "xxxx" QSC-yə müraciət etmişdir. İddiaçı müraciətinə müsbət cavab verildiyini və buna baxmayaraq ona güzəştli aviabilet təqdim edilmədiyini bildirərək, çəkdiyi xərclərin və mənəvi zərərin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə etirazında göstərir ki, "xxxx" QSC-nin daxili qaydalarına əsasən əməkdaşların şəxsi məqsədlər üçün pulsuz aviabiletlə təmin olunması şirkətin öhdəliyi deyildir. Belə biletlər yalnız müəyyən zəruri hallarda və satış məntəqəsinə birbaşa göndərilən rəsmi müraciət əsasında təqdim edilir. Cavabdehin bildirdiyinə görə, iddiaçıya ödənişsiz aviabilet verilməsi barədə satış agentinə belə bir rəsmi müraciət göndərilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 20 mart 2025-ci il tarixində Bakı– Tbilisi istiqamətində aviabileti öz vəsaiti hesabına əldə etmişdir. Bununla yanaşı cavabdeh tərəfindən 03 aprel 2025-ci il tarixində iddiaçının kart hesabına 113 manat məbləğində vəsait qaytarılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı müraciətinə dair elektron poçt vasitəsilə məlumat aldığını göstərsə də, iş materiallarında satış məntəqəsinə ünvanlanan rəsmi müraciətin göndərildiyini təsdiq edən sübut müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçıya göndərilmiş elektron məlumat onun ödənişsiz aviabilet əldə etmək hüququnun yarandığını təsdiq edən hüquqi əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı rəsmi prosedurun tamamlanmasını gözləmədən və satış məntəqəsinə müvafiq göstərişin göndərilməsini dəqiqləşdirmədən aviabileti öz vəsaiti hesabına əldə etmişdir. Bu halda iddiaçı tərəfindən edilən xərclər onun şəxsi qərarı və riski ilə bağlı olmuşdur. İş materiallarından həmçinin görünür ki, cavabdeh tərəfindən iddiaçının bank kartına 113 manat məbləğində vəsait köçürülmüşdür. Məhkəmə hesab edir ki, həmin vəsaitin qaytarılması cavabdehin iddiaçı qarşısında hüquqi öhdəliyinin mövcudluğunu təsdiq etmir və cavabdeh tərəfindən tələb olan işçisinə göstərilmiş xoş niyyət jesti kimi qiymətləndirilməlidir. Tələb olunan 720 manata gəldikdə qeyd edilir ki, 720 manat qayıdış bileti şəxsi məqsədlə istifadə edilib və qayıdış bileti ilə AZAL arasında səbəbli əlaqə yoxdur. Məhkəmə qeyd edir ki, mülki hüquqi məsuliyyətin yaranması üçün hüquqazidd davranışın mövcudluğu, zərərin baş verməsi, həmin zərər ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə və təqsir elementlərinin mövcudluğu sübuta yetirilməlidir. Lakin iş materiallarından iddiaçıya ödənişsiz aviabilet verilməsi barədə satış məntəqəsinə rəsmi göstərişin göndərildiyi müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının aviabileti öz vəsaiti hesabına əldə etməsi cavabdehin hüquqazidd davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçı tərəfindən çəkilmiş xərclərlə cavabdehin davranışı arasında birbaşa səbəbli əlaqənin mövcudluğu sübuta yetirilməmişdir. Bu səbəbdən iddiaçının maddi zərərin ödənilməsi barədə tələbi əsaslı hesab edilə bilməz. İddianın mənəvi zərərin ödənilməsi hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, bu tələb maddi ziyanın ödənilməsi tələbi ilə bağlıdır və məhkəmə həmin tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır, çünki maddi ziyanın ödənilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hüquqazidd davranışı sübuta yetirilməmişdir, iddia olunan zərər ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilməmişdir, mənəvi zərər tələbi hüquqi və faktiki əsaslarla təsdiqlənməmişdir. Buna görə də İddiaçı "xxxx" QSC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar