Məhkəmə qərarları › İş №2(006)-5621/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5621/2021

23.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5621/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı Məhəbbət qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Məhəbbət qızının Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məhəbbət qızı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh özünə aid yaşayış sahəsində istifadə etdiyi su-kanal, qaz, internet, telefon, MKTB-yi xidmətlərinə görə hər ay ümumilikdə 50 manat olmaqla 2015-2021-ci illər üzrə cəmi 3.600 manat borc məbləğinin və 30 manat ödənilməmiş dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı Məhəbbət qızı iddianı müdafiə edərək izahatında göstərdi ki, keçmiş gəlini Cavabdehn 2015-ci ildən məhkəmə qətnaməsi əsasında mülkiyyətində olan mənzilə istifadə hüququ tanınmış və mənzilə köçürülmüşdür. Həmin müddətdən Cavabdeh ona məxsus mənzildə yaşayır, yaşadığı hissə bütün komunal şəraitlə təchiz olunmuşdur. Bütün növ kommunal xidmətlərdən işıq, qaz, su, kanalizasiya, internet, telefon, eləcə də mənzil komunal təsərrüfat birliyinin xidmətlərindən tam və sərbəst istifadə edir. Faktiki olaraq sadalanan komunal xidmətlər onun adınadır və onun tərəfindən hər ay təyin olunmuş məbləğdə ödənişlər aparılır. O, təqaüdçüdür və komunal xidmətləri ödəməklə maddi sıxıntılar yaşayır. Dəfələrlə Cavabdeh şifahi xəbərdarlıq edərək onun istifadə etdiyi komunal xidmətlərə görə cavabdeh ödəniş etmədiyi üçün hazırki günə hər ay ümumilikdə 50 manat olmaqla 3600 manat borc məbləği yaranmışdır. Cavabdehin kifayət qədər gəliri, 350 manat aliment və qeyri-rəsmi gəlirləri olsa da istifadə etdiyi kommunal xidmətlərə görə ödəniş etməkdən imtina edir. Məhkəmə baxışı zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o da su-kanal, qaz, internet, telefon, MKTB-yi xidmətlərinə görə hər ay ümumilikdə 20 manat olmaqla ödənişlər etmişdir. Odur ki, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-4407/2014 saylı, 25.09.2014-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, 101 saylı evin 18 saylı mənzilindən çıxarılmış, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə, mənzilə istifadə hüququnun tanınması, özəlləşmənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 22.01.2015-ci il tarixli, 2(103)-684/2015 saylı qətnaməsindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4407/2014 saylı, 25.09.2014-cü il tarixli qətnaməsi- ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə də iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddianın “mənzilə köşürülmə, mənzilə istifadə hüququnun tanınması” hissəsinin rədd edilməsi hissəsində də qətnamə ləğv edilmiş. Həmin hissədə iddia təmin edilmiş, Cavabdeh, azyaşlı uşaqları X2 və X4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonunun H.Aslanov küçəsindəki 101 saylı evin 18ci mənzilinə köçürülməsi və həmin mənzilə istifadə hüquqları tanınmışdır. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.06.2015-ci il tarixli, 2(102)-2350/2015 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının bu iş üzrə 22 yanvar 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı X8 tərəfindən qəbul edilmiş 19.10.2020-ci il tarixli cinayət işinin xitam verilməsi haqqında qərarın surətindən görünür ki, cinayət işi üzrə icraata cinayət hadisəsinin olmadığına görə xitam verilmişdir. İş üzrə X6, Cavabdeh, X1, X5 və X3 Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələrindən ötrü cinayət işindən material ayrılaraq baxılması üçün aidiyyatı üzrə Bakı şəhər, Xəzər rayon prokurorluğuna göndərilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflərin arasında göstərilən məzmunda şifahi və ya yazılı formal müqavilə və sübut yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Məhəbbət qızının keçmiş gəlini Cavabdeh 2015-ci ildən məhkəmə qətnaməsi əsasında mülkiyyətində olan mənzilə istifadə hüququ tanınmış və mənzilə köçürülmüşdür. Həmin müddətdən Cavabdeh ona məxsus mənzildə yaşayır, yaşadığı hissə bütün komunal şəraitlə təchiz olunmuşdur. Bütün növ kommunal xidmətlərdən işıq, qaz, su, kanalizasiya, internet, telefon, eləcə də mənzil komunal təsərrüfat birliyinin xidmətlərindən tam və sərbəst istifadə edir. Faktiki olaraq sadalanan komunal xidmətlər onun adınadır və onun tərəfindən hər ay təyin olunmuş məbləğdə ödənişlər aparılır. Komunal xidmətlərə görə cavabdeh ödəniş etmədiyi üçün hazırki günə hər ay ümumilikdə 50 manat olmaqla 3600 manat borc məbləği yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh hər ay 20 manat məbləğində kommunal xidmətlərə görə ödəniş edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən MKTB-nin xidmətlərinə görə hər ay ümumilikdə 50 manat olmaqla 2015-2021-ci illər üzrə cəmi 3.600 manat borc məbləğinin tutulmasını tələb etsədə, lakin buna dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Məhəbbət qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Məhəbbət qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar