Məhkəmə qərarları › İş №2(006)-5625/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5625/2021

21.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5625/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Hacıyev X2 şəhəri, Nizami küçəsi, döngə 2, ev 29 ünvanında ailəsi ilə birlikdə yaşayır. İddiaçı Cavabdeh1 2019-cu il tarixdə tanımışdır. Cavabdeh Bakı şəhərində Avropada işə düzəltmə firmasında işləyirdi. Həmin firma Avropa ölkələrində işləmək istəyən vətəndaşların sənədlərini hazırlayır və avropada iş imkanları təklif edirdi. Tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh1 Rafael oğlu iddiaçını Polşada iş ilə təmin edəcəyini bildirmiş və iddiaçıdan müxtəlif vaxtlarda 01.07.2020-ci il tarixdə 1000 manat və 24.11.2020-ci il tarixdə isə 500 manat pul almışdır. 1000 manat pul məbləği cavabdehin işçisi X3 poçt vasitəsi ilə, 500 manat pul vəsaitini isə Cavabdeh1 Rafael oğlunun kart hesabına ödənilmişdir. Ümumilikdə iddiaçı cavabdehə 1500 manat pul ödəmişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh Avropada iş imkanı ilə iddiaçını təmin etməmiş, nə də ki, pulunu geri qaytarmamışlar. Cavabdeh ilə dəfələrlə danışıqlarda cavabdeh bildirmişdir ki, borcları çox olduğu üçün və ailə xərcləri ilə əlaqədar pulu ödəyə bilmir. Cavabdeh1 Rafael oğlu ailəlidir. Borc tələbi hər iki cavabdehə Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 dair irəli sürülməlidir. Cavabdehə iddiaçı tərəfindən ödənilmiş pul birgə nikah dövründə əldə olunmuş əmlak, gəlir kimi qiymətləndirildiyindən borc tələbinə dair tələb hər iki cavabdehə qarşı irəli sürülməsini məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1500 (bir min beş yüz) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, Cavabdeh1 onun həyat yoldaşıdır. Hazırda ayrı yaşayırlar. Həyat yoldaşının kimdən pul alması, pulu hara xərcləməsi və sair kimi heç bir məlumatı olmamışdır. İddiaçını da tanımır. Eyni zamanda, Cavabdeh1la birgə nikah dövründə heç bir əmlak əldə etməmişlər və hazırda da heç bir birgə əmlakları yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin ona münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan vatsapp yazışmalarına əsasən İddiaçı Cavabdeh1 Avropada işə düzəltmə adı ilə 1500 manat pul ödəmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında Cavabdeh2 verdiyi izahatda sözügedən vatsapp yazışmalarının və profilin həyat yoldaşı Cavabdeh1 məxsus olmasını təsdiqləmişdir. Azərbaycan Respublikası MPM-in 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən vatsapp yazışmalarında etiraf edilmiş 1500 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılmalı, iddia tələbi digər Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin olunmaqla, Cavabdeh1 1500 (bir min yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1530 (bir min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi digər Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1500 (bir min yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1530 (bir min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi digər Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar