Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-563/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 7 may 2017-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatdan məlum olub ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may 2017-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlayıb. Sonradan məlum olub ki, bu cinayət işi üzrə məhkəmələrin hökmü ilə 25 nəfər təqsirləndirilən şəxs 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilib. Həmçinin yüzlərlə əsgər və zabit bu cinayət işinin istintaqı çərçivəsində istintaq dövründə cəlb edilib, amansız işgəncələrə məruz qalıb və ən azı 11 nəfər istintaq dövründə verilən işgəncələr nəticəsində ölüb. İddiaçı da sözügedən cinayət işi çərçivəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və zabitlər kimi hərbi xidmətdə olarkən 2017-ci ilin may ayında saxlanılıb və ağır işgəncələrə məruz qalıb. Hərbi Məhkəməsinin İş № 1 (098)-6/2020 saylı, 29 yanvar 2020-ci il tarixli hökmləri ilə təsdiq olunur ki, İddiaçı zərəçəkmiş şəxs qismində tanındığı birinci iş üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X10, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X6 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X3 Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkum ediliblər. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşovun isə hər biri 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. İddiaçının zərərçəkmiş şəxs qismində tanındığı ikinci cinayət işi üzrə N nömrəli hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik X7 Azərbaycan Respublikası CM-nin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilərək məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci tarixli hökmünə əsasən X7 1.000 manat cərimə və 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. İddiaçı zabit kimi 2006-cı ildən etibarən müxtəlif hərbi hissələrdə çalışıb. 2017-ci ilin may ayında hadisələr baş verən zaman o N saylı hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 2-ci tağımının komandiri vəzifəsində olmaqla, eyni zamanda bölük komandiri vəzifəsini də icra edib, rütbəsi isə baş leytenant olub. 2017-ci ilin may və iyun ayının əvvəllərində Tərtər rayonunun Marquşəvan kəndində yerləşən hərbi tikilinin binasında ağır işgəncələrə məruz qalıb. Onun paltarı cırılaraq əynindən çıxarılıb, əlləri və ayaqları “skoç”la bağlanıb, bundan sonra mütəmadi olaraq çoxsaylı yumruq, təpik zərbələri və plastik borularla döyülüb, bədənin müxtəlif nahiyələrinə elektrik cərəyanı verilib, dırnaqları arasına iynə yeridilib və s. Məhkəmə tibb ekspertizasının 23 iyun 2017-ci il tarixli 255/09 saylı rəyindən bildirilmişdir ki, İddiaçı bədəni üzərində hər iki yuxarı və aşağı ətraflarda, qamın ön divarında, gövdənin arxa səthində, cəmi 32 ədəd piqmentasiya və piqmentsizləşmiş sahələr, sağ bazunun yuxarı 1/3-də 2 ədəd çapıq piqmentasiya və sol saidin aşağı 1/3-nin ön- iç səthində 1 ədəd yara izi aşkar edilmişdir. Bunlardan piqmentasiya və piqmentsizləşmiş sahələr həmin nahiyələrdə olmuş qançır və sıyrıqların, çapıq-piqmentasiyalar isə yaraların izləri olub, qançır və sıyrıqlar bərk küt əşyaların təsirindən törənməklə müddətləri ekspertizanın keçirildiyi tarixdən təxminən 1-2 ay əvvələ uyğun gələ bilər, istər ümumilikdə, istər ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsrətlərə aid olduğundan dərəcələri təyin edilmir. Yara izləri olan çapıq-piqmentasiyaların yetirilməsindən uzun müddət keçdiyinə görə onların xarakteri və mənşəyi barədə dəqiq fikir söyləmək mümkün deyildir, lakin bəzi morfoloji əlamətlərinə görə, onların ekspertiza keçirildiyi tarixdən təxminən 1-2 ay əvvələ əmələ gəlməsini güman etmək olar və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini Şəfahət İmranovun təqdimatına əsasən, Tərtər Hərbi Məhkəməsinin 13 may 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. AR Hərbi Prokurorluğunun 29 yanvar 2018-ci il tarixli qərarı ilə CPM-nin 39.2-ci maddəsinə əsasən, təqsiri sübuta yetirilmədiyindən bu ittiham üzrə cinayət təqibinə xitam verilmişdir. Göründüyü kimi, şərti adı "Tərtər işi” adlanan cinayət işi çərçivəsində iddiaçı qanunsuz və əsassız cinayət təqibinə məruz qalmış, qanunsuz azadlıqdan məhrum edilmiş və 2017-ci ilin may - iyun aylarında ona amansız işgəncələr verilmiş, daha sonra isə qanunsuz olaraq hərbi xidmətdən tərxis olunmuşdur. Bununla da iddiaçı fiziki, maddi və mənəvi ziyana məruz qalmış, peşəkar hərbçi karyerasından məhrum edilmiş, özü və ailəsi hazırda da stress və sarsıntı keçirir. Bu səbəbdən ona vurulmuş mənəvi, fiziki və maddi ziyana görə iddiaçı kompensasiya almalıdır. İddiaçı xidmət dövründə aylıq 1200 manat əmək haqqı almış, onun 2006-cı ildə zabit olaraq bağladığı müqavilənin müddəti 25 il idi. Ancaq 2017-ci ilin may ayında amansız işgəncələrə məruz qalmasından sonra 2018-ci ilin may ayında hərbi xidmətə uyğunsuzluq bəhanəsi ilə ordudan tərxis edilmiş, son əmək haqqını 2017-ci ilin aprel ayında almışdır. Beləliklə, 0, 2017-ci ilin aprel ayından 2031-ci ilin aprel ayına kimi ümumilikdə 168 aylıq qazancından məhrum olmuşdur. Bu isə 201.600 manat edir. Eyni zamanda, saxlanılarkən ondan götürülən 1400 manat dəyəri olan “Vaceron Constantin” saatı və cibindəki 475 manat nağd pulu hələ də geri qaytarılmamışdır. Bundan əlavə, sözügedən cinayətlərin törədilməsi nəticəsində öz səhhətinə dəyən xəsarətləri müalicə etdirmək üçün 2000 manat, bu hadisələr nəticəsində beyin insultu keçirən anasının müalicəsinə isə 20000 manat pul xərcləmişdir. İddiaçı maddi ziyana görə tələbi 225.475 manat təşkil edir. Göstərilənlərə əsasən, iddiaçıya vurulmuş mənəvi zərərə görə 100000 manat, maddi ziyana görə isə 225475 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək İddiaçı vurulmuş mənəvi zərərə görə 100.000 manat, vurulmuş maddi ziyana görə 147.900 manat, cəmi 247.900 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayının 24-də xidmətə uyğunsuzluqla ehtiyata buraxıldığından ümumilikdə 12 ay ərzində faktiki aylıq qazancından məhrum olmuşdur. Bu isə 14,400 AZN edir (1200 x 12 ay = 1400), 300 AZN cərimə cəzası nəticəsində bu məbləğin ödənilməsi də ona maddi ziyan vurmuşdur. İddiaçı vurulmuş mənəvi zərərə görə isə 100000 kompensasiya tələb edir. Göstərilənlərə əsasən, İddiaçı vurulmuş mənəvi zərərə görə 100000 AZN, vurulmuş maddi ziyana görə 14,700 AZN, cəmi 114,700 AZN məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında İddiaçı oğlu iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
9. Cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə yazılı etiraz ünvanlamış və etirazı onunla əsaslandırmışdır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müdəəalar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı İddiaçı kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub-olunmaması araşdırılmalıdır. Bundan başqa Cinayət Prosessual Məcəllənin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfi məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Digər tərəfdən iddia ərizəsindən görünür ki, iddiaçıya qarşı ilk öncə cinayət işi başlanmış, lakin həmin cinayət işinə hansı formada xitam verilməsi, iddiaçının həmin cinayət işi üzrə hansı formada cinayət məsuliyyətindən azad edilməsi barədə məsələlər iddia ərizəsində göstərilməmişdir. Bununla yanaşı iddia ərizəsində “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. Cinayət Prosessual Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin iş materiallarında iddiaçı B.Məcidova cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxslərin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olub-olmaması məlum deyildir. Bununla yanaşı iddia ərizəsində “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 5-ci hissəsinə “şəxsin qanunsuz həbs olunması” hissəsinə istinad edilir. Şəxsin həbs olunması məhkəmə qərarı ilə mümkün olur, halbuki iş materiallarında belə bir qərar da mövcud deyildir. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Bu baxımdan yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə Kompensasiya almaq hüququ müəyyən edilmişdir. Hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bundan başqa iddiaçı məcburi ərizə yazdırılaraq işdən çıxdığını iddia etmiş və maddi zərərə görə kompensasiya tələb etmişdir. Sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir. Göstərilənləri nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsi xahiş edilmişdir.
10. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilnin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 1(098)- 121/2022 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3, 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər Hərbi prokuroruna qaytarılması qərara alınmışdır.
12. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli cinayət işi üzrə xitam verilməsi haqqında qərardan görünür ki, İddiaçı AR CM-in 329.2.1 və 341.1-ci maddələri ilə təqsirləndiilməsi ilə bağlı istintaq olunan 18206003 nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə AR CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, qərarın surəti İddiaçı və onun müdafiəçisi X4 göndərilməsi, tərəflərə cinayət işinin istintaq materialları ilə tanış olmaq hüququ və həmin iş üzrə icraata xitam verilməsi barədə qərardan ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək qaydası və müddəti rəsmi qaydada izah olunması, qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır.
13. İş materiallarında olan xx.xx.2021-ci il tarixli psixoterapevtik müayinə haqqında rəydə bildirilmişdir ki, İddiaçı səbrsizlik, əsəblik və aqressivlik müşahidə olunur, davamlı psixoloji reabilitasiyaya ehtiyacı var.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, 13 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 06 sentyabr 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən İddiaçı həbsdə saxlanılma müddəti 13 yanvar 2018-ci ilə qədər uzadılmışdır. 22 sentyabr 2017-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. 25 sentyabr 2017-ci il tarixdə bu cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan əvvəlki cinayət işinə birləşdirilməklə bir icraatda istintaq davam etdirilmişdir. 22 dekabr 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən İddiaçı həbsdə saxlanılma müddəti 03 iyun 2018-ci ilə qədər uzadılmışdır. 25 yanvar 2018-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. 29 yanvar 2018-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə davam edən iş üzrə ibtidai istintaq 18 fevral 2018-ci il tarixdə tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 28 mart 2018-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə və 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinip 28 mart 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 27 fevral 2018-ci qərarı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-di il tarixli qərarı ilə ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənip hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə hərbi prokuroruna qaytarılmışdır. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 341.1ci maddələri ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. İş üzrə İddiaçı qarşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin həm 274-cü, həm də 331.2, 331.3 və 341.1-ci (329.2.1 və 341.1-ci maddələrə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı əsassız olaraq dövlətə xəyanətlə bağlı ağır ittihamlara məruz qalmış, barəsində 13 may 2017-ci il tarixində həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə artırılmış, əlavə ittiham verilmiş, əlavə ittihamla təqsirli 300 (üç yüz) manat cərimə və 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, 13 may 2017-ci ildən 13 aprel 2018-ci ilə qədər, yəni 11 ay həbsdə saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş 14700 manat maddi və 100.000 manat mənəvi ziyanın ödənilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
16. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».
17. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir.
18. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
19. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.
20. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: - barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; - barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; - şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; - cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; - şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; - şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.
21. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.
22. Qeyd edilən Qanunun 5-ci maddəsinə əsasən isə bu Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.
23. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
24. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
25. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
26. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
27. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.
29. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.
30. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
32. Məhkəmə iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
35. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
37. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
38. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
39. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur.
40. Məhkəmə iddiaçının cinayət məsuliyyətinə cəlb edildiyindən aylıq qazancından məhrum olunması barədə ona dəymiş ziyanın qaytarılması hissəsində qeyd edir ki, iddiaçı 12 ay ərzində (cinayət məsuliyyətinə cəlb edilməzdən əvvəl sonuncu dəfə 2017-ci il aprel ayından- xidmətə uyğunsuzluq ilə ehtiyata buraxıldığı müddət ərzində) faktiki aylıq qazancından məhrum olması öz təsdiqini tapdığından iddia tələbi bu hissədə əsaslı hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 14400 (on dörd min dörd yüz) ( 1200 manat orta aylıq əmək haqqını 12 ayın məcmusu ilə hesablamaqla) manat maddi zərərin əvəzi tutulmalıdır.
41. Məhkəmə həmçinin iddiaçının cərimə məbləğinin ondan tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
42. Belə ki, iddiaçı tərəfindən ilk öncə qeyd olunan cərimə məbləğinin dövlət büdcəsinə ödənilməsi barədə qəbz əlavə edilməmiş, həmçinin, əlavə edilmiş olsaydıda belə bununla bağlı ilk öncə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə rəsmi müraciət etməli, cərimə məbləğinin ödənilməsi barədə imtina olunduqdan sonra bu iddianı irəli sürə bilərdi. ( Tərtər Hərbi Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 1(098)-115/2018 saylı hökmü ilə müəyyən edilmiş cərimə)
43. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 20.000 (iyirmi min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının 11 ay azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə tam ödənilməsi kifayət qədər ağlabatan deyildir.
44. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi zərərə görə 14400 (on dörd min dörd yüz) manat və mənəvi ziyana görə 20.000 (iyirmi min) manat pul tutularaq ona verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
47. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi zərərə görə maddi zərərə görə 14.400 (on dörd min dörd yüz) manat və mənəvi ziyana görə 20.000 (iyirmi min) manat, ümumilikdə 34.400 (otuz dörd min dörd yüz) manat pul tutularaq iddiaçıya verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov