Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-568/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X10, cavabdeh Təbii Ərazi Bölmələrini İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdehlər Təbii Ərazi Bölmələrini İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və 1 saylı Bakı Cavabdeh3nə qarşı «vurulmuş maddi, mənəvi və hüquqi xidmət xərclərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutuna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və 1 saylı Bakı Cavabdeh3nə qarşı «vurulmuş maddi, mənəvi və hüquqi xidmət xərclərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə nişanlanıb. 2019-cu ilin yanvar ayında iddiaçı və nişanlısı nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın alınması məqsədilə 1 saylı Cavabdeh3ndə qan analizi veriblər. İddiaçı və nişanlısı X6 analizin cavablarının əldə edilməsi məqsədilə B.A.Eyvazov adına Hematologiya və Tranfuziologiya İnstitutuna yönləndiriliblər. B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun şöbə müdiri Aysel Mikayılzadə tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli arayışından məlum olub ki, İddiaçı talassemiya xəstəsidir. Analiz nəticələri məlum olduqdan sonra iddiaçının nişanı pozulub. Nişanlısının yaxınları və həmçinin özü onun xəstə olduğunu bildikdən sonra zəng edib ona tənə ediblər və bildiriblər ki, nə üçün iddiaçının xəstə olduğunu gizlədiblər. İddiaçı bu müddətdə hərbi xidmətə yollanıb. xx.xx.2019-cu il tarixdə iddiaçı tərxis müddətində bir dəfə Milli Hematologiya və Transfuziologiya Mərkəzi (Talassemiya Mərkəzi) təkrar yoxlanışdan keçib. İş üzrə əlavə olunmuş analizlərdən də göründüyü kimi iddiaçıda bu dəfə talassemiya aşkar olunmayıb. xx.xx.2020-ci il tarixdə iddiaçı cavabdeh təşkilatın şöbə müdiri Aysel Mikayılzadənin yanına gedib və bildirib ki, onda heç bir xəstəlik olmadığı halda onun müdiri olduğu institut tərəfindən verilən rəy nəticəsində nişanı pozulub, özü isə aylardır stres çəkir. Aysel Mikayılzadə iddiaçıya bildirib ki, bu onun yox «ASAN Xidmət»in səhvidir. xx.xx.2020-ci il tarixdə iddiaçı yenidən qan analizi verib və nəticələr bir daha göstərib ki, onun heç bir xəstəliyi yoxdur. xx.xx.2020-ci il tarixdə iddiaçı 1 saylı Cavabdeh3nə gedib və vəziyyəti izah edib. Lakin iddiaçıya bildirilib ki, «ASAN Xidmət» mərkəzləri institutun verdiyi nəticələrlə bağlı qalmağa məcburdurlar. Belə ki, «ASAN Xidmət»in özünün heç bir analiz götürmək səlahiyyəti yoxdur. «ASAN Xidmət» mərkəzləri onlara müraciət edən şəxslərin keçdikləri müayinənin nəticələrinə uyğun olaraq arayış verdilər. İddiaçıya bildirilib ki, onlar iddiaçının nişanlısını çağırıb təkrar analiz götürəcəklər və beləliklə müəyyən olunacaq ki, iddiaçı xəstəlik daşıyıcısı deyil. Lakin daha sonradan heç kim iddiaçının nişanlısını bu məqsədlə çağırılmayıb, ümumiyyətlə zəng edib iddiaçının keçmiş nişanlısı ilə bu barədə danışmayıb. Cavabdeh B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun təqsirli hərəkətləri nəticəsində iddiaçı maddi və mənəvi zərərə məruz qalıb. Belə ki, onun xəstə olduğu ilə bağlı məlumatlar qohumlar arasında yaydığı üçün nişanı pozulub, qohum-əqrəbaları onlara zəng edərək tənə edib. Bildiriblər ki, əgər xəstə idisə nə üçün nişanlanırdı? X1 qohumları ilə iddiaçının ailəsi arasında sözsöhbət yaranıb. İddiaçı bu müddət ərzində ağır stres və əzab keçirib. İddiaçı nişan üçün ümumilikdə 14000 manat xərc çəkib, lakin cavabdeh şəxsin təqsirli hərəkətləri nəticəsində nişanı pozulub. Bundan əlavə iddiaçı bu müddətdə hərbi xidmətdə olub. Hərbi xidmət çəkdiyi dövrdə həmişə narahat olub ki, onun xəstəliyi ilə bağlı məlumatlar xidmət çəkdiyi hissədə dostları arasında yayılacaq və insanlar ona burda da qınaqla yanaşacaqlar. Halbuki iddiaçının əslində heç bir xəstəliyi olmayıb. İddiaçı hesab edir ki, cavabdeh öz təqsirli hərəkətləri ilə iddiaçıya 14000 manat məbləğində nişan mərasimi üçün çəkdiyi xərc məbləğində maddi, 20.000 manat məbləğində mənəvi ziyan vurub. İddiaçı ona dəyən zərərin əvəzinin ödənilməyini təmin etmək məqsədilə 1000 manat məbləğində hüquqi xidmət müqaviləsi imzalayıb. İddiaçının talassemiya xəstəsi olmadığı müəyyənləşdikdən sonra da cavabdeh mərkəz heç bir kompensasiya edici hərəkət etməyib. Əvvəlcə iddiaçıya bildirilib ki, bu səhv onların deyil, 1 saylı Cavabdeh3 səhvidir. Daha sonra təkrar analizdən sonra iddiaçının keçmiş nişanlısına iddiaçının xəstə olmadığı ilə bağlı məlumat veriləcəyi bildirilsə də, bu məlumat verilməyib. Göstərilənlərə əasən cavabdeh B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və 1 saylı Bakı Cavabdeh3 İddiaçı qarşı təqsirli hərəkətləri nəticəsində dəymiş 14000 manat məbləğində maddi, 20.000 manat məbləğində mənəvi, eyni zamanda hüquqi xidmət xərclərinə görə çəkdiyi 1000 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiada B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitututunun adını Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Milli Hematologiya və X5 Hüquqi şəxs adı ilə əvəz edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 iddiaya uyğun izahat verərək müdafiə etdiyi şəxsin nişan qaytarmasına səbəb kimi institiutun ona səhv diaqnoz qoyması olduğu qeyd etmiş və iddianı müdafiə edərək, təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nümayəndəsi X11 iddia tələbini qəbul etməmiş və bununla bağlı etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdə X6 ilə nişanlanmışdır. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın alınması məqsədilə İddiaçı A.Qarabayramova ilə 2019-cu ilin yanvar ayında 1 saylı Cavabdeh3ndə qan analizləri vermişdilər. Həmin analizlərin cavablarının əldə edilməsi məqsədilə B.A.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunda yönləndiriliblər. İddiaçının sözlərinə görə İnstitutun şöbə müdiri Aysel Mikayılzadə tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli arayışdan məlum olub ki, o, talassemiya xəstəsidir və bu səbəbdən nişanı pozulmuşdur. Lakin, həmin arayışda qeyd edilmiş analizin nəticəsinə əsasən iddiaçının «Talassemiya xəstəsi» olmağı qeyri-mümkündür. Mərkəzin xx.xx.2020-ci il tarixli 727 saylı arayışında qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı Cavabdeh3 tərəfindən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müayinəyə göndərilmiş qan nümunəsində «Talassemiya daşıcıyılığı» aşkar edilmişdir. Həmçinin, həmin arayışda qeyd edilmişdir ki, «Talassemiya daşıyıcılığı» xəstəlik sayılmır. İddiaçı iddia edir ki, həmin ildə müddətli həqiqi hərbi xidmətə getmiş və xx.xx.2019-cu il tarixdə tərxis olunaraq Talassemiya Mərkəzində təkrar olaraq tibbi yoxlamadan keçmiş və onun heç bir xəstəliyi aşkar olunmamışdır. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmətə yollanan şəxslərin tibbi müayinədən keçirilməsi məcburidir. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssisləri tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: - müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; - sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; - sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; - dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məzdud yararlılıq haqqında; - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında Qanununa görə, tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar və müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Hal-hazırda Respublikada bir milyondan çox «Talassemiya daşıyıcısı» mövcuddur. «Talassemiya» - irsi qan xəstəliyidir. «Talassemiya daşıyıcısı» olan insanlar xəstə sayılmır və bunu demək olar ki, hiss etmir və xüsusi şikayətləri olmur. «Talassemiya daşıyıcısı» olduqları da çox vaxt təsadüfən, başqa problemlə bağlı müayinə zamanı qan analizi nəticəsində öyrənirlər. «Talassemiya daşıyıcılığı» xəstəlik olmadığı üçün yoluxmur, müalicə tələb etmir, evlənməyə maneə deyil. Valideynlərdən biri sadəcə «Talassemiya daşıyıcısı» olduqda övladın «Talassemiya xəstəsi» olma ehtimalı sıfıra bərabərdir. «Talassemiya xəstələri» mütamadi olaraq qan azlığından əziyyət çəkir. Vaxtaşırı qan köçürmələrlə halı yaxşılaşan bir yandan da qan köçürmə ilə bağlı yaranan fəsadları aradan qaldırmaq üçün dərman preparatları qəbul edir. Xəstəliyin tamamı ilə sağalması sümük iliyi transplantasiyası ilə mümkündür. Belə olan halda bir neçə suallar yaranır: 1.iddiaçıya transfuziya prosesi (qanköçürmə) həyata keçirilirmi?; 2.İddiaçıya iddia etdiyi kimi «Talassemiya» diaqnozu qoyulduğu zaman qeydiyyata alınıbmı?; 3.İddiaçıya iddia etdiyi kimi «Talassemiya» diaqnozu qoyulmuş halda ona əlillik statusu verilibmi? Halbuki, iddiaçının Mərkəzə qarşı tələbinə dair qeyd etdiyi ümumi məbləğ onun əldən çıxmış faydası və ona Mərkəz tərəfindən dəymiş zərər ola bilməz. Çünki Mərkəz tərəfindən verilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, «Talassemiya xəstəliyi» yox «Talassemiya daşıyıcılığı» aşkar edilmişdir, bu dja xəstəlik sayılmır. Bu səbəbdən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh 1 saylı Bakı Cavabdeh3 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh 1 saylı Bakı Cavabdeh3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 1 saylı Bakı Cavabdeh3 direktoru məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»nin 3.1.1-3.1.3-cü yarımbəndlərinə əsasən Dövlət Agentliyi «ASAN xidmət» və «ASAN Kommunal» mərkəzlərinin fəaliyyətinin təşkilini, onların vahid şəkildə idarə edilməsini, həmin mərkəzlərdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində həyata keçirilməsinə nəzarəti və mərkəzlərdə həyata keçirilən hər bir xidmətin qanuna uyğun həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmələrin aparılmasnı təmin edir. Həmin Fərmanla təsdiq edilmiş «ASAN xidmət» mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları»nın 2.1-ci bəndinə əsasən «ASAN xidmət» mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Qeyd olunan Fərmanın 4.6-cı bəndinə əsasən digər qurumlar tərəfindən «ASAN xidmət» mərkəzlərində funksional yardımçı xidmətlər də həyata keçirilir. Adıçəkilən funksional xidmətlərdən biri olan tibb xidmətləri isə «ASAN xidmət» mərkəzlərində Respublika Müalicəvi Diaqnostika Mərkəzi tərəfindən həyata keçirilir. Göründüyü kimi, «ASAN xidmət» mərkəzlərində tibb fəaliyyətinin həyata keçirilməsini Respublika Müalicəvi Diaqnostika Mərkəzi mərkəzlərdə yerləşən tibb məntəqələri vasitəsi ilə həyata keçirir. Dövlət Agentliyinin tabeliyində olan «ASAN xidmət» mərkəzləri isə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»d əvə «ASAN xidmət» mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları»nda qeyd edilən fəaliyyət istiqamətlərinə malikdir və iddia tələbində göstərilən tibb xidmətinin həyata keçirilməsi səlahiyyətlərinə aidə deyildir. Qanunvericiliyin tələbindən də göründüyü kimi mülki hüquqi məsuliyyətinin yaranması üçün şəxsə birbaşa ziyan və zərər vurulmalı, qeyd olunan ziyan və zərər təqsirli olaraq vurulmalı, əməl hüquqa zidd olunmalıdır. Hazırki vəziyyətdə isə əslahiyyətləri funksional xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsi ilə bağlı olan Cavabdeh3 tərəfindən iddiaçıya birbaşa xijmət göstərilmədiyindən, xidmətin həyata keçirilməsi digər bir qurum tərəfindən həyata keəirildiyindən cavabdeh kimi Cavabdeh3 hansısa bir formada zərərin vurulması ilə əlaqədar təqsirli olaraq hərəkət və ya hərəkətsizliyinlən söhbət gedə bilməz. Göründüyü kimi 1 saylı Bakı Cavabdeh3 hazırki iddia tələbinə cavab verməli şəxs olmadığından cavabdeh qismində iş üzrə tərəf olmasına əsas yoxdur. Qeyd olunanlara əsasən İddiaçı zərərin ödənilməsi barədə iddia tələbinin cavabdeh 1 saylı Bakı Cavabdeh3nə münasibətdə təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, digər cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən 2019-cu ilin dekabr ayında verilmiş qan analizlərin nəticəsindən görünür ki, İddiaçı qan nümunəsində “Talassemiya” xəstəliyi aşkar edilməmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışına əsasən xx.xx.2019-cu il tarixdə «ASAN Xidmət-1» tərəfindən İddiaçı B.Ə.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutuna müayinəyə göndərilmiş qan nümunəsində «Talassemiya daşıyıcılığı» aşkar edilmişdir. Qeyd edirlər ki, «Talassemiya daşıyıcılığı» xəstəlik sayılmır. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə nişanlanmışdır və 2019-cu ilin yanvar ayında nişanlısı ilə birlikdə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın alınması məqsədilə 1 saylı Cavabdeh3ndə qan analizləri vermişlər.Analizlərin cavablarını aldıqdan sonra iddiasıya məlum olmuşdur ki, o, talassemiya xəstəsidir, bu səbəbdən nişanı pozulmuşdur. İddiaçı hərbi xidmətə yollanmış və qayıdanda Milli Hematologiya və Transfuziologiya Mərkəzində xx.xx.2019-cu il tarixdə təkrar analiz verdikdən sonra talassemiya aşkar olunmamışdır. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçıın xx.xx.2019-cu il tarixdə verilmiş qan nümunəsində «Talassemiya daşıyıcılığı» aşkar edilmişdir. «Talassemiya daşıyıcılığı» xəstəlik sayılmır. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu da sübuta yetirə bilməmiş və həmçinin iddianın maddi tələb hissəsi rədd olunduğundan mənəvi tələb və hüquqi xidmətlərə görə ödənilən tələb hissəsidə rədd olunmalıdır. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Təbii Ərazi Bölmələrini İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və 1 saylı Bakı Cavabdeh3nə qarşı «vurulmuş maddi, mənəvi və hüquqi xidmət xərclərinin ödənilməsi» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Təbii Ərazi Bölmələrini İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və 1 saylı Bakı Cavabdeh3nə qarşı «vurulmuş maddi, mənəvi və hüquqi xidmət xərclərinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-568/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-568/2021
05.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver