Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-57/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə su axıdılması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə su axıdılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 40 ilə yaxındır adı çəkilən ünvanda yaşayır. Özü iki qızı ilə və nəvələri ilə həmin ünvanda qeydiyyatdadır. Ev qayınanasına məxsus olub. Dəfələrlə 35-ci mənzildən su axıdılıb. Qaynanası həmişə qonşu ilə dava edib. İş o yerə çatdı ki, qonşu istilik borularını kəsib Rusiyaya getdi. Mənzilə su verildi və mənzili su basdı. Su axını 3 gün davam etdi. Qonşulara da axdı. Ancaq qonşu burada olmadığı üçün qapını aça bilmədilər. 3 gündən sonra hansısa qohum açdı və dolmuş mənzilin suyu illərlə evlərinə axdı. Evləri yararsız hala düşdü. Məhkəmə işə baxdı və 983 manat pul ödənilməsinə dair qərar çıxartdı. Ancaq iş dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir nəticə vermədi və o, pul ala bilmədi. O gündən bu günə qədər tez-tez mənzilə su axır. Məcbur olub tavanı lambir ilə bağladı. Çünki daha təmir etmək də mümkün deyil. Amma yenə su axır. Hamam otağı,koridor, tualet, mətbəx yararsız vəziyyətdədir. Dəfələrlə MİS-ə, su idarəsinə, Bakı sovetinə, polis idarəsinə, Milli Məclisə müraciət etmişdir. Amma heç bir nəticəsi olmayıb. Bu su sabah qonşulara da axa bilər. Çünki su divarları yararsız hala salıb. Kafellər tökülüb. Divarların sementi , qumu ovulub, tökülür. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, cavabdeh tərəfindən ona vurulmuş zərərin ödənilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarındakı Bakı şəhər İcra Hakimiyyəti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi 151 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş 2 noyabr tarixli Aktdan görünür ki, Xətai rayonu, Nizami 118, mənzil 33-də yaşayan İddiaçı onlara yazılı şəkildə müraciət edərək mənzilinə üst qonşusu mənzil 35dən dəfələrlə su axıdıldığını və hal-hazırda da hamam tualetdə su axdığını bildirmişdir. Onlar evə baxış keçirərkən mənzil 35-dən Cavabdeh evindən alt qonşusunun hamam tualetinə su axırdı. Akt 151 saylı MKİS-in rəisi V.Allahverdiyev, mühəndis Y.Əliyev, sahə nəzarətçisi Ş.Hacıyev tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, icra vərəqəsi əsasında Nəsimi Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı Cavabdeh icra sənədinin icrasını təmin etməmiş, onda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin axtarılması ilə bağlı görülmüş tədbirlər müsbət nəticə vermədiyinə görə, icra sənədi xx.xx.2012-ci il tarixdə onu verən məhkəməyə qaytarılmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/7110 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının Rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilmiş aktda göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni cavabdehin mənzilinin iddiaçının mənzilinin üstündə və 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşdiyini, 33 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, 33 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 35 saylı mənzildən su axıdıldığı müəyyən edilir. 35 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından, 33 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 33 saylı mənzilə su sızması 35 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 22 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 33 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3492 manat məbləğində olduğu müəyyən edildi. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 33 saylı mənzilə Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 35 saylı mənzildən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, Cavabdeh mənzilindən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 3492 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi kimi 3492 (üç min dörd yüz doxsan iki) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 3492 (üç min dörd yüz doxsan iki) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 38 (otuz səkkiz) manatı isə iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-57/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-57/2023
02.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver