Məhkəmə qərarları › İş №2(006)-5700/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5700/2025

13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5700/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “təmir xərcinin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “X2 1.4 Maxi” minik markalı, 90KP250 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satın alınması üçün cavabdehə ödədiyi 13.000 manat pulun, avtomobilin texniki vəziyyətinin yaxşılaşdırılması üçün xərclədiyi 1000 manat məbləğində pulun, həmçinin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərindən məhrum olduğundan əldən çıxmış fayda olaraq vurulmuş ziyana görə 1000 manat olmaqla, cəmi 15.000 manat məbləğində pulun, eyni zamanda qanunsuz hərəkətləri nəticəsində iddiaçıya yaşatdığı mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi olaraq mənəvi zərərin əvəzi kimi 2000 manat pulun, habelə məhkəmə üçün ödədiyi 135 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz-Viano” markalı, 77NX917 dövlət qeydiyyat nişanlı minik avtomobili mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Sözügedən nəqliyyat vasitəsi iddiaçının istifadəsində olduğu müddətdə turizm işləri üçün istifadə olunduğundan nəqliyyat vasitəsinə vaxtı-vaxtında ona aid olan servis məntəqəsində müntəzəm şəkildə qulluq edilmiş və baxımlı şəkildə saxlanılmışdır. Lakin, son zamanlar maddi cəhətdən çətinlikləri olduğu üçün xx.xx.2025-ci il tarixdə mülkiyyətində olan “Mercedes Benz-Viano” markalı, 77NX917 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh mülkiyyətində olan “X2 1.4 Maxi” minik markalı, 90KP250 dövlət qeydiyyat nişanlı minik avtomobil ilə barter etməklə avtomobili cavabdehə satmışdır. İddiaçıya məxsus “Mercedes Benz-Viano” markalı, 77NX917 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 33.500 manat dəyərində cavabdehə satmışdır, cavabdeh isə əvəzində ona məxsus olan “X2 1.4 Maxi” minik markalı, 90KP250 dövlət qeydiyyat nişanlı minik avtomobili 13.000 manat dəyərində iddiaçıya satmış və hər iki nəqliyyat vasitəsinin satış qiyməti arasında yaranmış fərqə görə iddiaçıya 20.500 manat məbləğində pul ödənilmişdir. “Mercedes Benz-Viano” markalı, 77NX917 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh ilə aralarında olan alğı-satqı müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirilmiş, lakin “X2 1.4 Maxi” minik markalı, 90KP250 dövlət qeydiyyat nişanlı avtomobil isə Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli baş etibarnamə əsasında iddiaçıya satılmış, həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi iddiaçıya verilmişdir. Belə ki, iddiaçı maddi cəhətdən çətinlikdə olduğu üçün Cavabdeh etibar edərək, nəqliyyat vasitəsini daha sonra öz adına rəsmiləşdirməyi düşünmüşdür. Lakin, yaxın zamanda “X2 1.4 Maxi” minik markalı, 90KP250 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini öz adına rəsmiləşdirmək istəyərkən iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş baş etibarnamə ona heç bir məlumat verilmədən ləğv edilmişdir. Bununla bağlı cavabdehlə əlaqə yaradaraq səbəbini ondan soruşduqda, telefonda bunu qərəzli şəkildə etdiyini, guya “Mercedes Benz-Viano” markalı, 77NX917 dövlət qeydiyyat nişanlınəqliyyat vasitəsində nasazlıq olması səbəbini bildirərək, telefonda iddiaçıya hədə-qorxu gələrək, təhqir etməyə başlamış, daha sonra isə avtomobili iddiaçıya geri qaytaracağını bildirmişdir. Halbuki, “Mercedes Benz-Viano” markalı, 77NX917 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adına rəsmiləşdirilməmişdən əvvəl iddiaçının və cavabdehin iştirakı ilə avtoservis məntəqəsində yoxlanılmış, daha sonra isə yenidən cavabdeh tərəfindən onun tanışı olan başqa bir avtoservis məntəqəsində işləyən avtomobil ustası tərəfindən tam şəkildə yoxlanıldıqdan sonra ciddi bir nasazlıq aşkar olunmadığından cavabdehin könüllü razılığı ilə onun adına rəsmiləşdirilmişdir. Lakin, sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh sözügedən nəqliyyat vasitəsini kobud şəkildə idarə etdiyindən həmin nəqliyyat vasitəsində ciddi nasazlıqlar yaranmışdır. Bundan əlavə, cavabdeh nəqliyyat vasitəsində olan nasazlıqları iddiaçıya göstərən zaman nəqliyyat vasitəsinin qəzalı vəziyyətdə olduğunun, eləcə də, digər ətraf hissələrində iri və xırda zədələrin olmasına və avtomobilin olduqca natəmiz şəkildə saxlanıldığının şahidi oldum. Lakin, buna baxmayaraq, cavabdeh yenə də iddiaçıya hədə-qorxu gəlməyə, ondan pul tələb etməyə çalışmış, iddiaçı isə buna etirazını bildirərək yaranmış nasazlığın cavabdehin hərəkətləri səbəbindən yarandığını bildirərək, cavabdehin hədə-qorxu gəlməsi azmış kimi nalayiq ifadələr, əxlaqsız sözlər işlədərək iddiaçının şərəf və ləyaqətini alçaltmış, böhtan və şər atmağa çalışmışdır. Beləliklə, cavabdehlə aralarında mübahisə yarandığından “X2 1.4 Maxi” minik markalı, 90KP250 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini öz adına rəsmiləşdirmək üçün iddiaçı ilə alğı-satqı müqaviləsi bağlamağı təklif etsə də, cavabdeh yenə də onu təhqir edərək, alğı-satqı müqaviləsi bağlamaqdan imtina etmişdir. Sözügedən nəqliyyat vasitəsini artıq 1 aydan çoxdur ki, idarə edə bilmir. İddiaçı “X2 1.4 Maxi” minik markalı, 90KP250 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin yaxşılaşdırılması üçün 1000 manat məbləğində pul xərcləmişdir. Lakin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, həm əmlakından məhrum olmuş, həm də əmlakının zədələnməsi səbəbindən mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “təmir xərcinin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz-Viano” markalı avtomobilin mühərrikinin təmir edilməsi xərcinin ödənilməsi, avtomobilin texniki diaqnostika sənədi üzrə lazımi təmirinin mövcud amortizasiya vəziyyəti nəzərə alınmaqla 10.000 manat məbləğin ödənilməsi, dövlət rüsumunun ödənilməsinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilkin iddia üzrə İddiaçı ilə xx.xx.2025-ci il tarixdə qarşılıqlı razılığa əsasən avtomobil dəyişmə (barter) əməliyyatı həyata keçirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan “X2 1.4 Maxi” minik markalı, 90KP250 dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin mülkiyyətində olan “Mercedes Benz- Viano” markalı, 77NX917 dövlət qeydiyyat nişanlı avtomobillə dəyişdirilmişdir. “Mercedes Benz- Viano” markalı avtomobil 33.500 manat, “X2 1.4 Maxi” minik markalı avtomobil isə 13.000 manat dəyərində qiymətləndirilmişdir. Qiymətlər arasında olan 20.500 manat fərq qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən cavabdehə tam şəkildə ödənilmişdir. “Mercedes Benz-Viano” markalı avtomobil satış elanında 33.000 manat qiymətləndirilsə də, dəyişmə zamanı olan danışıqda cavabdeh bildirmişdir ki, “X2 1.4 Maxi” markalı avtomobilin salonunun kimyəvi təmizlənməsini və yaranacaq problemləri qarşılamaq üçün əlavə 500 manat da artıq ödəməlidir, qarşılıqlı iddia üzrə iddiaçı da bununla razılaşmışdır. “X2 1.4 Maxi” minik markalı avtomobil cari il üzrə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən dörd dəfə serviz xidmətindən keçmiş, müəyyən xırda problemləri aradan qaldırılmış və demək olar ki, qüsursuz vəziyyətdə qarşılıqlı iddia üzrə cavabdehə təhvil verilmişdir. “Mercedes Benz-Viano” markalı avtomobili bir müddət idarə etdikdən sonra məlum olmuşdur ki, avtomobilin mühərriki nasaz olduğundan normadan xeyli artıq olaraq 1.500 km. məsafəyə 1 litr yağ sərf edir. Avtomobilin istifadəsində olma müddətinin çox az olması müvafiq qüsurun avtomobilin qarşılıqlı iddia üzrə cavabdehdə olduğu dövrdə yaranmasını təsdiq edir. Dəyişmə zamanı “Mercedes Benz- Viano” avtomobilini kompüter diaqnostikasından keçirmişdir. Lakin, kompüter diaqnostikası bu qüsuru aşkara çıxarmaq iqtidarında deyildir. Bu qüsurun aşkar edilməsi üçün avtomobilin müəyyən zaman ərzində məsafə qət etməsi vacibdir. Avtomobilin əvvəlki sahibi uzun müddət ondan istifadə etdiyi üçün o, bu qüsurun mövcudluğu barədə bilməyə bilməzdi. Servis xidmətində avtomobilin texniki diaqnostikası nəticəsində qeyd edilən qüsurlardan başqa çatışmazlıqların aradan qaldırılması üçün xidməthaqqı nəzərə alınmamaq şərti ilə yalnız ehtiyyat hissələrin qiymətinin cəmi 22.000 manat müəyyən olunmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh “Mercedes Benz-Viano” markalı avtomobilin mühərrikində olan qüsuru bildiyi halda gizlətmiş, eyni zamanda avtomobilin texniki diaqnostikası zamanı aşkara çıxan qüsurların aradan qaldırılmasına da ciddi məbləğdə vəsaitin tələb edildiyi müəyyən olunmuşdur. Avtomobilin qüsurları haqda bildirilməməsi, gizlədilməsi onun faktiki dəyərinə və istifadə imkanına ciddi təsir göstərmiş, qarşılıqlı iddia üzrə iddiaçıya maddi ziyan vurmuşdur. Avtomobilin mühərrikindəki qüsurun aradan qaldırılması mütəxəssis rəyinə əsasən ciddi xərc tələb edir və bu hal avtomobilin əvvəlki sahibi tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya bildirilməli idi. a) Məhkəmə prosesi:

4. Məhkəmə hazırlıq iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı bildirdi ki, o, həmin avtomobillə kuryer kimi fəaliyyət göstərib pul qazana bilərdi. Hazırda ilkin iddia üzrə cavabdehin ucbatından o və ailəsi maddi sıxıntıya düşmüşdür. Bildiyi qədər, cavabdeh özü də maşın alveri ilə məşğul olur.

5. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ilkin iddia üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ilkin iddia üzrə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (VÖEN: **********; VÖEN statusu: aktiv; əsas fəaliyyət növü: şəxsi maşınların sürücü ilə icarəsi; fəaliyyət obyekti: taksi obyekti) xx.xx.2016-cı ildə; ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (VÖEN: **********; VÖEN statusu: aktiv; əsas fəaliyyət növü: avtomatlar tərəfindən satış) isə xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyiciləri kimi qeydiyyata alınmışlar.

8. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş qeydiyyat hərəkətlərinin aparılması barədə məlumatların komüter çıxarışından görünür ki, - “X2 1.4 Maxi” minik markalı, 90KP250 dövlət nömrə nişanlı (b/ili: 2010) avtomobil Cavabdeh mülkiyyətindədir. İddiaçı nəqliyyat vasitəsinə dair sərəncam hüququ verən etibarnaməyə (xx.xx.2025 – xx.xx.2026) xx.xx.2025-ci il tarixində xitam verilmişdir; - “Mercedes Benz-Viano” markalı, 77NX917 dövlət nömrə nişanlı (b/ili: 2011) avtomobil İddiaçı mülkiyyətində olmuş, xx.xx.2025-ci ildə alğı-satqı müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə keçmişdir.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 1 ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavabdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh (FİN: xxxxxxx) xx.xx.2025-ci il tarixdə İddiaçı “X2 1.4 Maxi” minik markalı, 90KP250 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında 7E-20470 reyestr nömrədə rəsmiləşdirilmiş etibarnamə vermiş və xx.xx.2025-ci il tarixdə həmin etibarnaməni ərizəsi əsasında ləğv etmişdir.

10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli səs yazılarından görünür ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh bildirir: “Mən işləyən adamam, çox maşın gətirib satmışam, adımda etibarnamə ilə çox maşın olub, əvvəl adımda maşın daha çox idi, indi hamı öz adına keçirir. Amma hələ də bəzilərinin texniki baxışdan keçmək barədə bildirişləri mənə gəlir, etibarnamə ilə 20 ildir mənim adımda olan maşınlar var”.

11. İş materiallarına ƏN-İX seriyalı, 890692 nömrəli etibarnamə, “X2 1.4 Maxi” markalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və s. sənədlər də əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (VÖEN: **********) və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Belə ki, tərəflər hər ikisi aktiv fərdi sahibkar statusuna malik olan fiziki şəxslərdir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir.

13. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti ilə bağlı isə qeyd edilməlidir ki, ilkin iddia üzrə İddiaçı iddia ərizəsində və məhkəmə iclasındakı izahatlarında, həmçinin özünün təqdim etdiyi səs yazılarında bildirir ki, “Mercedes Benz-Viano” markalı maşını sahibkarlıq məqsədi ilə istifadə etmiş, “X2 1.4 Maxi” minik markalı avtomobili də həmin məqsədlə əldə etmişdir. O, həmçinin, həmin avtomobillə mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirləri – əldən çıxmış faydanı ilkin iddia üzrə cavabdehdən tələb etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh avtomobili ailəsini gəzdirmək məqsədi ilə aldığını bildirsə də, məhkəmə hesab edir ki, aldığı avtomobilin minivan tipli olması, ilkin iddia üzrə cavabdehin fərdi sahibkar olmaqla, özünün maşın alveri ilə məşğul olmasını səs yazılarında etiraf etməsi nəticəsində belə qənaətə gəlmək olar ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh avtomobili sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə əldə etmişdir. Məhkəmə iş materiallarında olan səs yazılarının mötəbərliyinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işin mahiyyəti üzrə həlli baxımından istifadə edilmədiyindən, işin aidiyyətinin müəyyən edilməsi məqsədi ilə məhkəmənin daxili inamının formalaşdırılması üçün həmin sübutlara qiymət verilməlidir.

14. Məhkəmə hesab edir ki, tərəflər fərdi sahibkar olmaqla, ilkin iddia üzrə iddiaçı barter edilən hər iki avtomobili sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyindən, eyni zamanda, ilkin iddia üzrə cavabdeh də fərdi sahibkar olduğundan və məhkəmə tərəflərin mübahisə predmeti olan avtomobillər barəsində müqavilə münasibətlərinə daxil olan zaman hər birinin niyyətinin gəlir əldə etmək olması qənaətinə gəldiyindən, hazırkı işə Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

c) Tətbiq edilən hüquq və gəlinən nəticə:

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3-32.4, 32.7. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.

13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bənd. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

14. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

15. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “təmir xərcinin ödənilməsi və s.” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

Nəticə:

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31- 32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “təmir xərcinin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar