Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5702/2021 27.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun və əldən çıxmış faydanın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasındabaxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh aldadaraq ondan aldığı 11.000 manatın, mülki dövriyyə şəraitində əldə edəcəyi 13.200 manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh ilə 2019-cu ilin sentyabr ayının əvvəllərində tanış olmuşlar. Tanışlıqdan sonra yas mərasimində ünsiyyətləri zamanı cavabdeh bildirdi ki, X2 səhiyyənin inkişafı şöbəsinin müdiri vəzifəsində çalışır. Belə mötəbər vəzifədə olan adamla tanış olduğuna sevinmişdir. Eyni zamanda cavabdehlə uzaq qohumluq əlaqələri mövcuddur. Söhbət əsnasında cavabdeh dedi ki, fondun avtomobil parkında yenilənmə prosesi getdiyi üçün bəzi avtomobillərin hərracda satılması barədə qərar qəbul edilmişdir. Satışa hansı avtomobillərin çıxarılacağı və qiymətləri barədə sualına cavabdeh sərfəli qiymətə “Mitsubishi Pajero” avtomobilini məsləhət gördü. Qiyməti isə 11.000 (on bir min) manat olacağını bildirdi. Ancaq ilkin olaraq 5250 (beş min iki yüz əlli) manat ödənilməli, qalan məbləğ isə hissə hissə ödənilə bilər. Cavabdeh tezliklə Bakıya qayıdacağını bildirdi və avtomovili almaq istəyirsə ilkin ödəniş olaraq 5250 (beş min iki yüz əlli) manat məbləğində pulu ona ver ki, öz növbəsində o da hərracda müştəri kimi qeydiyyatdan keçsin. Ona görə də təxminən 12 sentyabr 2019-cu il tarixdə dostu X1 ilə birlikdə Gəncə şəhərində olan “Fayton” restoranına gələrək orada nahar etmiş və nahardan sonra 5250 (beş min iki yüz) manatı dostu Zaurun iştirakı ilə şəxsən Cavabdeh vermişdir. Sonra cavabdehin tövsiyyəsinə əsasən 30 sentyabr 2019-cu il tarixdən 21 oktyabr 2019-cu il tarixədək altı dəfəyə müxtəlif məbləğlərdə Cavabdeh adına poçt vasitəsi ilə 5750 (beş min yeddi yüz əlli) manat pul köçürülməsi icra olunmuş və cavabdeh tərəfindən şəxsən qəbul edilmişdir. Avtomobil üçün razılaşdığı 11.000 (on bir min) manat pulu tam şəkildə cavabdehə çatdırdığını və eyni zamanda onunla telefon əlaqəsi saxlayaraq avtomobili nə vaxt alacağımı soruşdum. Cavabdeh sualına cavabında bildirdi ki, bir haldakı üzərinə öhdəlik götürmüşdür, deməli onu mütləq yerinə yetirməlidir. Lazım olduğu vaxt özü onu Bakıya dəvət edəcəyini bildirdi. Qısa müddətdən sonra onu Bakı şəhərinə dəvət etdi ki, məsələ həll olunmaq üzrədir avtomobili qəbul etmək lazımdır. Bu minvalla 2019-cu ilin noyabr ayının axırlarına qədər onu avtomobili götürmək adı ilə dəfələrlə aldatmışdır. Aldatmasını müxtəlif bəhanələrlə, hansısa mühasibin və ya komissiya üzvlərinin olmaması ilə əsaslandırırdı. 2019-cu ilin noyabr ayının axırlarında əmin oldu ki, cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmışdır. Çünki telefon zənglərinə cavab vermirdi. Ona verdiyi dörd müxtəlif nömrələrin heç biri zənginə cavab vermirdi. Hal-hazırda da həmin telefon nömrələri aktiv deyildir. Cavabdeh tərəfindən aldadıldığına tam əmin olduqdan sonra Azərbaycan Respublikası Birinci X3 Mehriban Əliyevaya müraciət edərək özünü X4 əməkdaşı kimi təqdim edən Cavabdeh barəsinə tədbir görülməsində və pulunun qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Müraciəti araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmişdir. Müraciəti yenidən baxılması üçün ərazi aidiyyatl üzrə Gəncə Şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Həmin iş üzrə Gəncə şəhəri, Nizami rayon Polis idarəsində araşdırma aparılmış və toplanmış HK-1/842-2020 saylı material 25 may 2020ci il tarixdə aidiyyatl üzrə Binəqədi rayon Polis İdarəsinə göndərilmiş və həmin material üzrə araşdırmanın davam etdirilməsi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Nuru Həsənova həvalə edilmişdir. Polis mayoru Nuru Həsənovun 07 dekabr 2020-ci il tarixli Qərarına əsasən toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Həmin Qərardan narazıdır və onun ləğv edilərək yenidən araşdırma aparılması barədə prokurorluğa şikayət ərizəsi ilə müraciət edəcəkdir. Ancaq cavabdehdən mülki qaydada aldadaraq ondan aldığı pulun geri qaytarılmasına və əldən çıxmış faydanın əvəzinin ödənilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, cavabdeh onun qarşısında üzrəinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə pulunu geri qaytarmalıdır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Cavabdehin yaşayış yeri məhkəməyə məlum olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X5 tərəfindən qəbul edilmiş 07.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən «borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsilə borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Beləliklə, iddiaçı tərəfindən cavabdehə 11.000 (on bir min) manat məblğində pul vəsaitinin verilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı cavabdehə avtomobilin alınması üçün ilkin ödəniş olaraq 5250 manat nağd pul vermiş, daha sonra 21 oktyabr 2019-cu il tarixədək altı dəfəyə müxtəlif məbləğlərdə Cavabdeh adına poçt vasitəsi ilə 5750 manat pul köçürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, avtomobil iddiaçıya verməmiş və pulu qaytarmamışdır.. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11.000 (on bir min) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11.000 (on bir min) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5702/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5702/2021
27.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver