Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5708/2025 29.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «arayışın təqdim edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «arayışın təqdim edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.
Əsaslandırıcı hissə:
3. İddiaçı cavabdeh müəssisədə elektrik-mexanik kimi fəaliyyət göstərməsi və qanunla nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən arayışın ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı cavabdeh müəssisədə elektrikmexanik vəzifəsində işləmişdir. Həmin vəzifə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müəyyən edilmiş siyahıda nəzərdə tutulmuşdur. Buna görə də iddiaçı cavabdehə müraciət etmiş və iddiaçıya onun peşə fəaliyyətinin müvafiq siyahıya daxil olmadığı bildirilmişdir.
5. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının cavabdehin üzərinə "xxxx" QSC-də elektrik-mexanik vəzifəsində işləməsi və güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən arayışın ona təqdim edilməsi öhədliyinin qoyulması tələbi ilə məhkəməyə müraciət etməsi onun güzəştli şərtlərlə pensiya hüququ əldə etmək məqsədini daşıyır. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Buna görə də iddia tələbinə mahiyyəti üzrə baxılmazdan əvvəl onun mümkünlüyü yoxlanılmalıdır.
6. Belə ki, iddia tələbində qeyd olunan arayış iddiaçı üçün hər hansı hüquq və ya vəzifə yaratmır, dəyişdirmir və ya xitam etmir. Buna görə də həmin arayışın tərtib edilib-edilməməsi və ya iddiaçıya verilib-verilməməsi iddiaçı üçün hər hansı hüquq və ya vəzifə yaratmır, onun üzərinə hər hansı öhdəlik qoymur. Yəni iddiaçının qeyd etdiyi arayış onun üçün hər hansı hüquqi nəticə yaratmadığına görə onu mübahisə predmetinə çevirmək və mülki icraat qaydasında həmin mübahisəyə baxmaq mülki prosessual qanunvericiliyə ziddir.
7. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqmüəyyənedici sənəd olmayan müvafiq arayışın təqdim edilməsi barədə iddia tələbinə müstəqil qaydada məhkəmədə baxıla bilməz. Buna görə də iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.
8. İddiaçıya güzəştli şərtlərlə pensiya hüququnu əldə etməsi üçün aidiyyəti inzibati orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 153.2.1-ci maddə. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
10. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, müvafiq arayış iddiaçı üçün hüquqmüəyyənedici sənəd olmadığı üçün hazırkı iddia tələbinə məhkəmədə baxıla bilməz. Buna görə də iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir.
Nəticə:
11. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «arayışın təqdim edilməsi» tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.
Hakim: Günay Abidova