Məhkəmə qərarları › İş №2(006)-5741/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5741/2024

29.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5741/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Xudaverdiyev Murada qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Xudaverdiyev Murada qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Xudaverdiyev Muradın qanunsuz hərəkət və hərəkətsizliyinə hüquqi qiymət verilməsini və onun fəaliyyətsizliyinin aradan qaldırılmasının təmin olunmasını, Mais Hacıyeva qarşı məhkəmə qərarının icrasının təmin olunması üçün müvafiq tədbirlər görülməsini, qanunsuz əmək haqqı tutulmalarına dair ekspertiza təyin olunmasını və dəymiş ziyanın yenidən hesablanmasının təmin olunması və dəymiş ziyanın yenidən hesablanmasının təmin olunmasını, məhkəmə qərarının icrasına nəzarətin artırılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilməsini və ona dəymiş 1137.09 AZN maddi zərərin və əlavə olaraq 10.000 AZN məbləğində mənəvi zərərin ödənilməsinə çıxarılmasını dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalı və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-6278/2021 saylı qətnaməsinə əsasən cavabdehlər X1 və İddiaçı müştərək qaydada 5093.39 (beş min doxsan üç manat otuz doqquz qəpik) manat əsas borc, 23.71 (iyirmi üç manat yetmiş bir qəpik) manat faiz borcu, 12.94 (on iki manat doxsan dörd qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, 5160.04 (beş min yüz altmış manat dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənməlidir. Hazırda iddiaçı onun əmək haqqısından 3717.11 AZN pul tutulduğunu, bu məbləğin yalnız 2580.02 manatının qanuni olmasını, cari ilin noyabr ayı üçün isə ondan 1137.09 manat məbləğində vəsait tutulduğunu iddia edərək, hazırki tələbi məhkəmə qarşısında irəli sürmüşdür. Göründüyü kimi iddiaçının hazırki tələbi yekun məhkəmə aktının icrası ilə əlaqədar olaraq yaranmış məsələdir. Məhkəmə hesab edir ki, onun bu tələbinə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, hazırki tələb ayrıca məhkəmə icraatının predmeti ola bilməz. İddiaçının diqqətinə çatdırılır ki, hazırki ərizədə mübahisələndirdiyi məsələlərlə əlaqədar icra icraatı qaydasında ərizə ilə icra tədbirlərinə nəzarəti həyata keçirən aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Xudaverdiyev Murada qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Xudaverdiyev Murada qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya müvafiq yekun məhkəmə aktının icrası qaydasında ərizə ilə (8 indeksi üzrə) məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar