Məhkəmə qərarları › İş №2(006)-5776/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5776/2021

17.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5776/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.000 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 08 iyul 2021-ci il tarixdə ona məxsus bir baş inək səhər saat 06:00-da, yaşadığı Qusar rayonu Yasab kəndi ərazisində cavabdeh "xxxx" ASC-yə məxsus olmaqla, həmin ASC tərəfindən istismar edilən elektrik xətti naqilinin yerə düşməsi nəticəsində elektrik cərəyanı vurmuş və yerindəcə ölmüşdür. Onun inəyi ilə bərabər həmin vaxt həmkəndlisi Cəlilov Renatın da inəyi həmin səbəbdən ölmüşdür. İnəyi 8 yaşar idi, diri çəkisi 330 kq olardı. İnəklərin ölməsi ilə əlaqədar Qusar rayon Baytarlıq sahəsinin müdiri S.Eyvazovun iştirakı ilə 08.07.2021-ci il tarixdə aktlar tərtib edilmişdir. Hesab edir ki, elektrik naqili təsadüfən yerə düşməmişdir. Kəndlərinin ərazisində elektrik şəbəkəsinin elektrik xətləri və elektrik dayaqları çox yararsız vəziyyətdədir. Həmin hal Qusar rayon İHB-nin Yasab İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.08.2021-ci il tarixli 268 saylı arayışla da təsdiq olunur. Hadisə baş verən gün, yəni 08 iyul 2021-ci il tarixdə Qusar rayonu Yasab kəndi ərazisində hava sakit, küləksiz və yağıntısız idi. Ümumiyyətlə son aylar Qusar rayonu ərazisində normal vəziyyətdə olan elektrik xətt və dirəklərinə təsir edə biləcək təbiət hadisəsi baş verməmişdir. Məhz cavabdeh təşkilat tərəfindən yüksək təhlükə mənbəyi hesab edilən texniki cəhətdən təhlükəli vəziyyətə olan elektrik xətlərindən istifadə edilməsi nəticəsində elektrik xəttinin naqili yerə düşmüşdür. Hesab edir ki, inəyinin bazar qiyməti olan səkkiz yaşar olması və çəkisinin 330 kq olduğunu əsas tutaraq 2.000 manat olmalıdır. Lakin o, inəyin qiymətinə dair rəsmi arayışı məhkəməyə təqdim edə bilmir. Belə ki, Azərbaycan Respublikasında mal-qara bazarlarında heyvanların qiymətləri barədə arayışlar yalnız məhkəmələrin tələbi ilə verilir. İddia ərizəsində qeyd edilmiş hallar həmin ərizəyə əlavə etdiyi sənədlərlə – 08.07.2021-ci il tarixli akt, Qusar RİHB Yasab kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.08.2021-ci il tarixli 268 saylı, 28.07.2021-ci il tarixli 258 saylı arayışlar və digər sənədlərlə təsdiq olunur. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Qusar rayonu Yasab kənd sakinidir. Hadisə baş verən tarixədək, 01 yanvar 2021-ci il tarixdə onun fərdi təsərrüfatında 2 baş inək, 1 baş cöngə, 6 baş qoyun, 1 baş at mövcud olmuşdur. 08 iyul 2021-ci il tarixdə saat 06:00 radələrində ona məxsus bir baş inək və digər vətəndaş Renat Cəlilova məxsus bir baş inək yüksək gərginlikli elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində cərəyan vurmasından tələf olmuşlar. Tələf olmuş iri buynuzlu heyvanlar texnika vasitəsi dərin quyu qazılaraq basdırılmış və dezinfeksiya olunmuşdur. Bu barədə müvafiq akt tərtib olunmuşdur. İri byunuzlu mal-qaranın elektrik cərəyanı vurması nəticəsində tələf olması yuxarıda qeyd olunan aktdan əlavə, Yasab kənd İƏD üzrə nümayəndənin 04 avqust 2021-ci il tarixli, kənddə olan elektrik xətlərinin və dirəklərinin bərbad vəziyyətdə olmasına dair arayışı ilə də təsdiq olunur. Digər sözlə ifadə etdikdə, elektrik xətləri (naqillər) həmin hadisə baş verən vaxt kənar təsirlər (güclü külək və s.) nəticəsində deyil, həmin xətlərin və dirəklərin baxımsızlığına görə qırılmışdır. İri buynuzlu mal-qaranın həmin ərazidə tələf olmasına gətirib çıxaracaq digər yüksək təhlükə mənbəyi yoxdur. Göründüyü kimi, cavabdeh tərəfindən ərazidə olan elektrik xətləri və dirəkləri saz vəziyyətdə saxlanmamış, təhlükəsizlik qaydalarına riayət edilməmiş və həmin xəttlər və dirəklərlə bağlı texniki istismar qaydalarının, aidiyyatı təlimatların tələbləri pozulmuşdur. Nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Vurulmuş maddi ziyanın həcminə gəldikdə, məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş maddi ziyan 1.900 manat həddindədir. Belə ki, Qusar şəhərində fəaliyyət göstərən, kənd təsərrüfatı mallarının satışı ilə məşğul olan «Riad» firması tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli arayışdan göründüyü kimi, diri çəkisi 330 kq olan 8 yaşar yerli cins inəyin bazar qiyməti 1.900-2.100 manatdır. İddiaçı ona daha artıq maddi ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, ona vurulmuş maddi ziyan ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh aidiyyatı xəttlərin və dirəklərin istismar qaydalarına riayət olunmasını təmin və buna nəzarət etməmiş, elektrik xəttinin qırılması və cərəyan vurması nəticəsində iri buynuzlu mal tələf olmuş və iddiaçıya 1.900 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi 1.900 manat maddi ziyanın vurulmasına dair hissədə əsaslıdır və iddiaçıya vurulmuş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 1.900 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 1.900 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar