Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5844/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 24.03.2020-ci ildə Cavabdeh MMC ilə 1234 manat məbləğində 15 ay müddətinə aylıq 80 manat ödənişlə onlayn paltaryuyan maşın sifariş etmişdir. Maşın üçün 240 manat aylıq ödəniş etmişdir (3 dəfə 80 manatdan). İddiaçıya paltaryuyan maşın çatdırılıb təhvil təslim edildikdən sonra maşının xarab olduğunu, düzgün işləmədiyini görüb, yazılı ərizə ilə müraciət etmişdir ki, gəlib aparıb dəyişdirsinlər. Çünki iddiaçıya 519984 saylı zəmanət talonu da verilmişdir. Lakin 28.06.2020-ci il tarixli yazılı ərizəsinə baxmayaraq, cavabdeh ona satdığı nasaz avadanlığı gəlib iddiaçıdan götürməmiş, əksinə həmin nasaz avadanlığı - paltaryuyan maşın üçün iddiaçıya bank faiz borcu hesablamağa davam edir. İddiaçı dəfələrlə şifahi və yazılı müraciət etmişdir ki, paltaryuyan qüsurlu olduğu üçün əvəzləşdirsinlər ya da verdiyi pulu qaytarsınlar. Lakin cavabdeh razılaşmamışdır. Bu haqda cavabdeh qurumun direktorunun adına 28.06.2020-ci il tarixli pretenziya məktubu göndərmişdir. Ancaq iddiaçıya heç bir cavab verilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən paltaryuyan maşının dəyişdirilməsi və ya maşının alınmasına kreditlə ödədiyi 240 manat pul qaytarılmalıdır. Həmçinin paltaryuyan maşının qüsurlu olması səbəbindən iddiaçıya vurulmuş mənəvi ziyan da ödənilməlidir. Belə ki, paltaryuyan maşını alarkən onunla yuma, təmizləmə işini həyata keçirməkdə çox çətinliklər çəkmişdir, sıxıntılar keçirmişdir, cavabdehə dəfələrlə danışıqlar aparmışdır. Onlar paltaryuyan maşının qüsursuz olması ilə bağlı mübahisələr yaradıblar. Bu isə iddiaçıya mənəvi-psixoloji təsirlər yaşatmışdır. Göstərilənlərə əsasən Cavabdeh MMC-dən iddiaçıya dəymiş 240 manat maddi və 10.000 manat mənəvi zərərin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində buraxılan texniki yanlışlıq nəzərə alınaraq, iddia predmeti olan paltaryuyan maşının zəmanət talonu olaraq 519984 saylı zəmanət talonu deyil, iddianın predmeti olan paltaryuyan maşının zəmanət talonu kimi 515000 saylı zəmanət talonu oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, paltaryuyan alındığı gündən nasaz işləyir, səs eleyir və onunla heç kəs əlaqə saxlamayıb, heç kəs təmir və ya dəyişdirilmə barədə təklif etməyib. Onun dəfələrlə etdiyi müraciətlərin nəticəsində 1 il 4 ay sonra cavabdehin işçiləri gəlib baxmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək öz izahatında bildirmişdir ki, iddiaçı tərəf məhsuldakı qüsuru əsaslandıra bilmir. Cavabdeh təşkilatı tərəfindən iddiaçıya cavab verilmişdir. Onların əməkdaşları iddiaçıya məxsus evə gəlmiş, ona avadanlığı servisə aparmağı təklif etmişlər, lakin iddiaçı bununla razılaşmamışdır. Cavabdeh tərəf öz öhdəsinə düşəni etmişdir. Odur ki, iddiaçının iddia tələbinin rədd olunması barədə qətqnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 24 mart 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə, həmin müqaviləyə 1 saylı Əlavəyə və ona əlavə edilmiş təhvil-təslim aktına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı «Samsung» markalı paltaryuyan və «Braun» markalı blender 15 ay müddətinə, aylıq 80 manat ödəmək şərti ilə nisyə satılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin 515000 nömrəli zəmanət talonundan görünür ki, Cavabdeh MMC aldığı məhsul alındığı gündən etibarən 12 ay müddətində zəmanətlidir. Zəmanət müddəti ərzində məhsullarda yaranmış nasazlıqlar Servis mərkəzi tərəfindən aradan qaldırılır. Servis mərkəzi müştəridən qəbul etdiyi malı 30 gün müddətində təmir etməyi öz öhdəsinə götürür. Hissələrin təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi qərarı Servis mərkəzi tərəfindən qəbul edilir. İş materiallarında olan Cavabdeh MMC-nin mədaxil qəbzlərin surətlərindən görünür ki, İddiaçı 24.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 03.05.2020-ci il tarixdə 80 manat, 27.05.2020-ci il tarixdə 80 manat, 28.06.2020-ci il tarixdə 80 manat, cəmi 240 manat ödəniş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 28.06.2020-ci il tarixli ərizədən görünür ki, 24.03.2020-ci il tarixdə alınmış paltaryuyan maşını xarab olduğu üçün onu dəyişdirməsini xahiş etmişdir. Dəfələrlə dediyinə baxmayaraq paltaryuyan maşını dəyişdirməmişlər. O, 3 ay ərzində ödəniş etmişdir. Qoyulan paltaryuyan maşını yenidən əvəz edilməsini xahiş etmişdir. Əks halda ödəniş olunmayacağını göstərmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən tərtib edilmiş 07.07.2021-ci il tarixli, ********* saylı aktından görünür ki, İddiaçı «Samsung» markalı paltaryuyan səsli işlədiyinə görə təmir üçün müraciət etmiş, usta Ramin Bayramov tərəfindən baxış keçirilmiş, paltaryuyan səsli işlədiyinə görə servisdə yoxlanılmalı müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MMC-dən 1234 manat dəyərində «Samsung» markalı paltaryuyan maşını onlayn sifariş etmiş, maşın üçün cəmi 240 manat (3 dəfə 80 manatdan) ödəniş etmiş, sonradan həmin paltaryuyanda müəyyən qüsurlar yaranmışdır. İddiaçı cavabdeh təşkilata 28.06.2020-ci il tarixdə pretenziya məktubu göndərərək paltaryuyanı dəyişdirilməsini xahiş etmiş, lakin cavabdeh təşkilatın əməkdaşı tərəfindən zəmanət müqaviləsinin müddəti bitdikdən sonra 07.07.2021-ci il tarixli akta əsasən baxış keçirilmiş, paltaryuyan səsli işlədiyinə görə servisdə yoxlanılmalı müəyyən edilmişdir. Nəticədə iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Bundan əlavə, “İstehlakçıların Hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, cavabdehə məxsus paltaryuyan maşın iddiaçıya təhvil verildikdən sonra onda müəyyən qüsurlar yaranmış və iddiaçı cavabdehə rəsmi qaydada zəmanət müqaviləsi müddəti çərçivəsində xidmət göstərilməsini xahiş etmişdir. Lakin həmin müddət çərçivəsində heç bir xidmət, telefon əlaqəsi və s təmin edilməmişdir. Bunun əksini sübut edən videogörüntü, paltaryuyan maşına baxış keçirilməsi aktı, keçirildikdən sonra servisə aparılmasından iddiaçı tərəfindən imtina edilməsi, imtina edildiyi təqdirdə imtinanın aktlaşdırılması və s cavabdeh tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Həmçinin, cavabdeh tərəfindən sonradan yəni 07.07.2021-ci il tarixdə paltaryuyan maşına baxışın keçrilməsi isə zəmanət müqaviləsinin müddəti bitdikdən sonra həyata keçirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməli, Cavabdeh MMC-dən paltaryuyan maşına görə ödənilmiş pulun əvəzi olaraq 240 manat məbləğində pul «Samsung» markalı paltaryuyan maşını Cavabdeh MMC-yə qaytarılmaq şərti ilə tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə mənəvi ziyanı görə cavabdehdən 10000 manat məbləğində pulun tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh təşkilatın hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 10.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə həmçinin onuda qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan paltaryuyan maşının ödənilmiş qismən dəyəri geri istənildiyindən və buda məhkəmə tərəfindən təmin olunduğundan paltaryuyan maşının özü mülkiyyətçi kimi cavabdehin özünə qaytarılmalıdır. Əks halda İddiaçı paltaryuyan maşını özündə saxlamaqla əsassız varlanmış hesab olunar. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən paltaryuyan maşına görə ödənilmiş pulun əvəzi olaraq 240 (iki yüz qırx) manat məbləğində pul «Samsung» markalı paltaryuyan maşını Cavabdeh MMC-yə qaytarılmaq şərti ilə tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnaməni icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə həmçinin hesab edir ki, qətnamə pulun ödənilməsi və paltaryuyanın geri qaytarılması hissələrində eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən paltaryuyan maşına görə ödənilmiş pulun əvəzi olaraq 240 (iki yüz qırx) manat məbləğində pul «Samsung» markalı paltaryuyan maşını Cavabdeh MMCyə qaytarılmaq şərti ilə tutularaq İddiaçı ödənilsin. Qətnamə pulun ödənilməsi və paltaryuyan maşınının cavabdehə geri qaytarılması hissələrində eyni vaxtda icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-5844/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5844/2021
27.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver