Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5855/2022 30.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «artıq ödənilmiş kredit borc pulun geri qaytarılması tələbi»nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «artıq ödənilmiş kredit borc pulun geri qaytarılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddiaçının irəli sürdüyü tələbə qiymət verilməsi ümumi yurisdiksiyalı məhkəmələrin səlahiyyətlərində olmadığından, işə mahiyyəti üzrə baxılması da mümkün deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən: "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. İddiaçının tələbi yalnız «Banklar haqqında» Qanunun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürülə və iflas proseduru çərçivəsində ödənilə bilər, bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazlar olduqda isə həmin müraciətə iflas haqqında qərarı qəbul etmiş məhkəmə tərəfindən baxılması mümkündür. Həmçinin Müflisləşmə və iflas haqqında qanunun 18-ci maddəsinin 2-ci bəndinə əsasən Borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi kreditor tələb olduğundan (artıq ödənilmiş kredit borc pulun geri qaytarılması – kreditor tələb ilə bağlı tələb olduğundan) iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya iflas proseduru çərçivəsində iflas haqqında qərarı qəbul etmiş məhkəməyə (Bakı Apellyasiya Məhkəməsinə) müraciət etmək hüququ izah edilməlidir. Bundan əlavə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün İddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 35 manat dövlət rüsumu ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «artıq ödənilmiş kredit borc pulun geri qaytarılması tələbi»nə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququna malikdir. Ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-5855/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5855/2022
30.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver