Məhkəmə qərarları › İş №2(006)-587/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-587/2022

16.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-587/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı «zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 1.130 manat avtomobilinə vurduğu ziyanın, 31,30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Cavabdeh2 əlavə cavabdeh qismində mülki işə cəlb edilməsi barədə vəsatət təmin edilmiş, Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilərək, iddia ərizəsinin surəti müvafiq bildirişlə məlumat üçün göndərilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 20:35 radələrində cavabdehə məxsus olub Cavabdeh2 tərəfindən etibarnamə əsasında idarə olunan «Khazar SD» markalı ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla inzibati xəta törətmiş, idarə etdiyi «Mercedes Benz» markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilinə 1.130 manat ziyan dəymişdir. Dəymiş ziyanla bağlı akt iddia ərizəsinə əlavə olunmuşdur. Ona görə də, Qaradağ rayon DYPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə ******* saylı protokol tərtib olunmuş və təqsirkar İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin tələblərinə əsasən məsuliyyətə cəlb olunmaqla 100 manat məbləğində cərimə olunmuşdur. Göründüyü kimi, cavabdehin günahı ucbatından əmlakına zərər vurulmuşdur, ona görə də, ona vurulan zərərin əvəzini tam ödəməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, 22 mart 2021-ci il tarixli MAS-2383 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən Cavabdeh2 MAS-2383 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və «Khazar SD» markalı ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Göründüyü kimi, yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh2 hüquqa zidd hərəkətləri nəticəsində həmin mənbənin sahibi olan Cavabdeh1 MMC-nin sahibliyindən çıxmışdır. Məhkəmədən iddianın Cavabdeh1 MMC-yə münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və Cavabdeh1 MMC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - MAS-2383 saylı daxili lizinq müqaviləsindən, xx.xx.2020-ci il tarixli eyni saylı öhdəliklərin ötürülməsi müqaviləsindən, təhvil-təslim aktından və eyni saylı xx.xx.2021-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, Cavabdeh2 MAS-2383 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və «Khazar SD» markalı ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır; - Cavabdeh1 MMC-nin Cavabdeh2 ünvanladığı 23 sentyabr 2021-ci il tarixli 1962 saylı xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, sonuncu Cavabdeh1 MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş və 794 manat 66 qəpik gecikdirilmiş borcu yaranmışdır. Cavabdeh1 MMC tərəfindən sonuncuya verilmiş etibarnamənin müddəti bitmişdir. Cavabdeh2 nəzərinə çatdırılmışdır ki, lizinq obyektindən heç bir hüquqi əsaslar olmadan istifadə etdiyi müddət ərzində, lizinq obyektindən istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyəti Cavabdeh2 daşıyır. Cavabdeh1 MMC borcun 7 gün ərzində ödənilməsini və lizinq obyektinə istifadə hüququ verən sənədin alınması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə sonuncuya xəbərdarlıq edilmişdir; - xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan; eyni tarixli inzibati xəta haqqında qərardan; yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı verilmiş izahatdan; dəymiş ziyanın hesablanmasına dair xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 20:35 radələrində Cavabdeh2 idarə etdiyi «Khazar SD» markalı ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla inzibati xəta törətmiş, İddiaçı idarə etdiyi «Mercedes Benz 200» markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh2 hadisə yerindən yayınmışdır. Qaradağ rayon DYPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə ******* saylı protokol tərtib olunmuş və Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur. Hadisə nəticəsində iddiaçının avtomobilinə 1.130 manat ziyan dəymişdir. Bununla bağlı sahibkar Vahid Ağayev (VÖEN **********) tərəfindən müvafiq akt tərtib edilmiş, alınmalı ehtiyat hissələri və görüləcək işlər siyahısı qiymətlərlə birlikdə ətraflı şəkildə qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2022-ci il tarixli 9/1878 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1994-cü il buraxılışlı, «Mercedes Benz 200» markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.130 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan «Khazar SD» markalı ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobil məhz Cavabdeh2 tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla, etibarnamə olmadan idarə edilməsi nəticəsində yolnəqliyyat hadisəsi törədilmiş və iddiaçıya 1.130 manat məbləğində maddi zərər vurmuşdur. Bu səbəbdən, iddia qismən təmin edilməklə vurulmuş maddi zərər yalnız maddi zərəri birbaşa vurmuş şəxs olan Cavabdeh2 tutulmalıdır. İş üzrə digər Cavabdeh1 MMC iddiaçı qarşısında hər hansı mülki məsuliyyət və maddi cavabdehlik daşımır, vurulmuş maddi zərərin ödənilməsi həmin MMC-nin üzərinə qoyula bilməz, bunun üçün hər hansı qanuni əsas mövcud deyil. Digər tərəfdən məhkəmə qeyd edir ki, ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə əlaqədar 31 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Lakin iddiaçı dövlət rüsumunun əvəzi olaraq 31 manat 30 qəpik ona ödənilməsini xahiş etdiyindən, məhkəmə hesab edir ki, iddia bu hissədə iddiaçının tələbinə uyğun təmin edilməli və dövlət rüsumunun əvəzi olaraq 31 manat 30 qəpik cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş 1.130 manat maddi ziyan və 31 manat 30 qəpik məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş 1.130 manat maddi ziyan və 31 manat 30 qəpik məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar