Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5880/2025 19.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 , İddiaçı2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1* Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 sayılı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən tərtib və təsdiq edilmiş 25 oktyabr 2*25-ci il tarixli, 8İ-2*121 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, *7.*9.2*23-cü il və *5.*6.2*24-cü il tarixlərində “X1* Kredit Təşkilatı” MMC ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında 25 oktyabr 2*25-ci il tarixində Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən icra qeydi çıxarılmışdır. Həmin icra qeydinə əsasən, müəyyən olunmuş müddət üçün vaxtında ödənilməmiş 19756.45 manat əsas borc, 7551.57 manat faiz borcu, 99*6.** manat dəbbə pulu olmaqla cəmi 37214.*2 manatın onlardan tutulmasına dair qərar qəbul edilmişdir, lakin bildirmək istəmişlər ki, həmin borcdan *5.*3.2*25-ci il və *3.*4.2*25-ci il tarixlərində etdikləri ödənişlər nəticəsində faiz borc 6252.*4 manat məbləğindədir. Faktiki olaran borc 37214.*2 manat yox 35914.49 AZN-dir. Kredit müqavilələrinin icrasının təminatı kimi Bakı şəhəri Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, ev 64, mənzil 72 yerləşən yaşayış sahə (mənzil) ipoteka predmetinə çevrilmişdir. Cavabdeh təşkilat tərəfindən icra qeydi əsasında Nəsimi rayon İcra Şöbəsində icraat başlanmış, lakin bu icra qeydi xəbəri olmadan, tərəfləri dinlənilmədən və borcun dəqiq məbləği müəvyən edilmədən aparılmışdır. Borcun hissə-hissə ödənilməsi ilə bağlı dəfələrlə tarixlərində “X1* Kredit Təşkilatı” MMC-yə müraciət etməsinə baxmayaraq müraciəti təmin olunmamışdır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti ‘İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1* Kredit Təşkilatı” MMC məhkəməyə ərizə ünvanlayaraq iddianın rədd olunmasını xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunan iddia ərizəsi hüquqi əsası olmayan subyektiv mülahizələrə əsaslanmış, icra qeydinin ləğvini əsaslandıra biləcək heç bir hüquqi və faktiki sübut göstərilməmişdir. İlk olaraq vurğulamaq lazımdır ki, *7 sentyabr 2*23-cü il tarixdə X5 ilə "xxxx" BOKT MMC arasında 4371/2*23 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçıya 36 ay müddətinə 12 *** manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi həmin tarixdə 4371/2*23-İP saylı ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 64 saylı evin 72 saylı mənzili girov qoyulmuşdur. İddiaçı təkrar olaraq 2*24-cü ildə yenidən kredit üçün müraciət etmiş və *5 iyun 2*24-cü il tarixdə onunla "xxxx" BOKT MMC arasında 4766/2*24 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçıya 1* *** manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi *5 iyun 2*24-cü il tarixdə 4766/2*24-İP saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanan müqavilələrin şərtləri barədə tərəflərə hərtərəfli izahat verilmiş və müqavilə qanunvericiliyin bütün tələblərinə uyğun təsdiq edilmişdir. Hər iki kredit müqaviləsi üzrə iddiaçı öz öhdəliklərini müqavilə şərtlərinə uyğun şəkildə icra etməmiş, ödənişlərdə mütəmadi gecikmələrə yol vermiş, borcun ödənilməməsi mütəmadi xarakter almışdır. “İpoteka haqqında” AR Qanununun tələblərinə tam uyğun olaraq borcluya və ipoteka qoyana tutmanın yönəldilməsi barədə rəsmi yazılı bildiriş göndərilmişdir. Bildiriş həm Ə.Xasıyev, həm də M.Xasıyeva tərəfindən qəbul olunmuş, bu barədə poçt bildirişləri mövcuddur. Bildirişdə borcluya öhdəlikləri müəyyən olunmuş müddətdə tam icra etmək imkanı verilmişdir. Lakin bildirişdə göstərilən müddət ərzində borc ödənilməmiş və heç bir ödəniş həyata keçirilməmişdir. Qanunun əvvəlcədən tələb etdiyi prosedurlar tam şəkildə icra edildiyinə görə müraciətləri əsasında notariat orqanı 25 oktyabr 2*25-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi vermişdir. Bu icra qeydi qanunun bütün tələblərinə uyğun şəkildə, heç bir pozuntuya yol verilmədən tərtib edilmişdir. İcra qeydinin ləğvi yalnız aşağıdakı hallarda mümkündür: borc faktiki olaraq mövcud olmadıqda, bildiriş göndərilməsi proseduru pozulduqda, öhdəlik vaxtında və tam icra edildikdə və yaxud notariat orqanı icra qeydi verərkən ciddi qanun pozuntusuna yol verdikdə. Mövcud iş üzrə isə bu halların heç biri mövcud deyil. Borc ödənilməmişdir, bildiriş qanuni qaydada göndərilmişdir, notariusun qanunu pozduğunu təsdiqləyən heç bir fakt yoxdur. İddiaçılar iddia ərizəsində icra qeydinin ləğvi üçün tələb olunan heç bir hüquqi əsas göstərməmiş, yalnız şəxsi narazılıqlar və hüquqi əhəmiyyət daşımayan subyektiv fikirlərlə kifayətlənmişlər. Bu səbəbdən iddia tələbləri hüquqi cəhətdən əsaslandırılmamış, sübutlarla təsdiqlənməmiş və yalnız subyektiv mövqeyə əsaslanmışdır. Yuxarıdakıların hamısı göstərir ki, notariat orqanı tərəfindən icra qeydi tam qanuna uyğun tərtib olunmuş, bütün prosedur tələbləri yerinə yetirilmiş, iddiaçılar isə kredit öhdəliklərini pozmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi qanuni nəticə olaraq meydana çıxmışdır. Bu baxımdan iddiaçıların icra qeydinin ləğvinə dair tələbi hüquqi baxımdan əsassızdır və təmin olunmamalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçılar iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru məhkəməyə müraciət edərək, mülki işin məhkəmə iclasına iştirakı olmadan baxılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1* Kredit Təşkilatı” MMC nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materialları: İş materiallarında olan ipoteka saxlayan “X1* Kredit Təşkilatı” MMC, ipoteka qoyan İddiaçı2 və borc alan İddiaçı1 arasında bağlanmış 4766/2*24-İP saylı *5.*6.2*24-cü il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə ipoteka qoyanın mülkiyyət hüququ ilə ona məxsus olan əmlakın *7.*9.2*23-cü il tarixli 4371/2*23 və *5.*6.2*24-cü il tarixli 4766/2*24 saylı kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.1 bəndinə əsasən ipoteka predmeti ünvan 2 ünvanında 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən 36.1 kv.m ümumi, 21.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 72 saylı mənzil olaraq göstərilmişdir. Həmin müqavilənin 9.6 bəndində göstərilmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilir. İş materiallarında olan 25.1*.2*25-ci il tarixli 8İ-2*121 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisi "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən “X1* Kredit Təşkilatı” MMC-nin tələbi ilə İpoteka qöyan-ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı1 və İddiaçı2 məxsus ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən əmlaka tutma yöneldilməlidir. (öhdəliyi müəyyən edən 4371/2*23 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 19756.45 manat əsas borc, 7551.57 manat faiz borcu, 99*6.** manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 37214.*2 manat təşkil edir). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraata başlamaq haqqında 28.1*.2*25-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisinin 25.1*.2*25-ci il tarixli 8İ-2*121 saylı icra sənədi üzrə icraatın başlanılması barədə qərar qəbul edilmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təqdim edilmiş notariat işində olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, “X1* Kredit Təşkilatı” MMC tərəfindən iddiaçılara 18.*6.2*25-ci il tarixə *7.*9.2*23-cü il tarixli 4371/2*23 saylı kredit müqaviləsindən irəli gələn 9925.32 manat əsas, 2737.55 manat faiz və 4*92 manat dəbbə olmaqla cəmi 16754.87 manat məbləğində, eləcədə *5.*6.2*24-cü il tarixli 4766/2*24 saylı kredit müqaviləsindən irəli gələn 9831.13 manat əsas, 2671.54 manat faiz və 313* manat dəbbə olmaqla cəmi 15632.67 manat məbləğində ümumilikdə hər iki müqavilələr üzrə 32387.54 manat borcun 21 gün ərzində tam icra edilmədiyi halda Azərbaycan Respublikası “İpotek Haqqında” Qanununun 34-38-ci maddələrinə əsasən ipoteka predmetinə tutumanın məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan qaimələrdən görünür ki, icra qeydinin aparılacağı barədə göndərillən bildiriş iddiaçılar tərəfindən *1.*7.2*25-ci il tarixdə qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 36.1.İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 79.İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: 161.Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.[275] Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X2 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2 sentyabr 2***-ci il tarixli 156 saylı qərarı: ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”:
1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, təqdim olunmuş sübutları və tətbiq edilməli maddi və prosessual hüquq normalarını hərtərəfli, obyektiv və tam araşdıraraq aşağıdakı nəticəyə gəlir: İddiaçılar məhkəməyə müraciət edərək notarius tərəfindən verilmiş icra qeydinin ləğv olunmasını xahiş etmiş, əsas kimi isə "xxxx" MMC ilə bağladıqları kredit müqaviləsi üzrə borcun hissə-hissə ödənilməsinə imkan verilmədiyini göstərmişlər. Onlar bildirmişlər ki, kredit öhdəliyinin təminatı kimi yaşayış evləri ipoteka ilə yüklü edilmiş, sonradan borcun ödənilməməsi səbəbindən cavabdeh tərəfindən notariusa müraciət edilərək ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi alınmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin predmeti kredit borcunun mövcudluğu və ya məbləği deyil, məhz notarius tərəfindən verilmiş icra qeydinin qanuniliyidir. İddiaçılar özləri də məhkəmə iclasında borcun mövcudluğunu və məbləğini mübahisələndirməmiş, yalnız ödəmə imkanlarının məhdud olduğunu və borcun hissə-hissə ödənilməsi üçün vaxt verilməsini xahiş etmişlər. Bu isə hüquqi mahiyyət etibarilə icra qeydinin qanuniliyinə dair mübahisə deyil, öhdəliyin icrasının üsulu və müddəti ilə bağlı tərəflərarası razılaşma məsələsidir. Mülki qanunvericiliyin və “Notariat haqqında” qanunun tələblərinə əsasən, notarius tərəfindən icra qeydi yalnız qanunda nəzərdə tutulmuş şərtlər mövcud olduqda və müəyyən edilmiş prosedura riayət edilməklə verilə bilər. İcra qeydi müstəsna hüquqi institut olmaqla, yalnız formal yoxlama predmetidir və notarius maddi mübahisəni həll etmir, təqdim olunmuş sənədlərin qanunla tələb olunan tərkibə uyğunluğunu yoxlayır. Məhkəmə tərəfindən verilmiş sorğu əsasında icra qeydinin verilməsi üçün əsas olmuş sənədlər notariat orqanından əldə edilmiş və iş materiallarına əlavə edilmişdir. Həmin sənədlərdən müəyyən olunur ki: "xxxx" MMC tərəfindən icra qeydi verilməsi üçün yazılı ərizə təqdim edilmişdir; ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş tərtib edilmiş və tərəflərə göndərilmişdir; bildirişin iddiaçılara çatdırılmasını təsdiq edən poçt qəbzləri və digər sübutlar mövcuddur; ipoteka bildirişinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd əlavə edilmişdir; mənzilə dair çıxarış və daşınmaz əmlakın ipoteka ilə yüklü olmasını təsdiq edən rəsmi sənəd təqdim edilmişdir; tərəflər arasında bağlanmış kredit müqaviləsi və ipoteka müqaviləsi notariusa təqdim edilmişdir. Beləliklə, icra qeydinin verilməsi üçün zəruri olan sənədlər tam həcmdə mövcud olmuş, notarius tərəfindən qanunla nəzərdə tutulmuş formal tələblərə riayət edilmişdir. İş materiallarında icra qeydinin verilməsi zamanı hər hansı prosedur pozuntusuna yol verilməsini təsdiq edən sübut aşkar edilməmişdir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş iddiaçılara çatdırılmış, iddiaçı məhkəmə iclasında həmin bildirişi aldığını etiraf etmişdir. Qanunvericiliyin tələbinə görə, borclu belə bildirişi aldığı gündən etibarən müəyyən edilmiş müddət ərzində borcu mübahisələndirmək hüququna malikdir. Lakin iş materiallarından görünür ki, iddiaçılar həmin müddət ərzində borcun mövcudluğu və ya məbləği ilə bağlı hər hansı etiraz irəli sürməmiş, borcu mübahisələndirməmişlər. Məhkəmə hesab edir ki, borcun mövcudluğu və məbləği mübahisələndirilmədiyi, bildiriş qanuni qaydada çatdırıldığı və icra qeydi verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi halda, yalnız borcun hissə-hissə ödənilməsi istəyi icra qeydinin ləğvi üçün hüquqi əsas sayıla bilməz. Hüquqi dövlət prinsipinin ayrılmaz elementi olan hüquqi müəyyənlik və müqavilə azadlığı prinsipləri tələb edir ki, tərəflər bağladıqları müqavilələrin nəticələrini qabaqcadan dərk etsin və öhdəliklərin icrasına məsuliyyətlə yanaşsınlar. Kredit və ipoteka müqavilələrini könüllü şəkildə bağlayan tərəf, öhdəliyin icra edilməməsi halında qanunla nəzərdə tutulmuş hüquqi nəticələrin baş verəcəyini əvvəlcədən bilməli və bunu qəbul etməlidir. Sonradan maliyyə çətinliklərinin yaranması icra qeydinin qanunsuzluğu anlamına gəlmir və notariusun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün əsas təşkil etmir. Əks yanaşma hüquqi müəyyənlik prinsipini sarsıdar, notariat institutunun funksional mahiyyətini formal xarakterindən uzaqlaşdırar və qanuni əsaslarla verilmiş icra qeydlərinin hər hansı subyektiv maliyyə çətinliyi səbəbilə ləğv edilməsinə yol açardı ki, bu da mülki dövriyyənin sabitliyinə ciddi zərbə vurardı. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin barışıq əldə etməsi onların müstəsna hüququdur və bu, qarşılıqlı razılıq əsasında mümkündür. Cavabdehin borcun tam ödənilməsini tələb etməsi onun müqavilədən irəli gələn hüququdur və məhkəmə bu iradəni məcburi qaydada dəyişdirə bilməz. Məhkəmə tərəflər arasında yeni öhdəlik və ya yeni ödəmə qrafiki formalaşdırmaq səlahiyyətinə malik deyildir. Beləliklə məhkəmə hesab edi ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Fərəcova