Məhkəmə qərarları › İş №2(006)-59/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-59/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-59/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh şirkətin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına vurulmuş ziyana görə 2.200 manat, mənəvi ziyana görə 3.000 manat, ödənilmiş 74 manat dövlət rüsumu, qüsur aktının tərtib olunmasına görə ödənilmiş 50 manat olmaqla, cəmi 5.320 manat pul vəsaitinin Cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yaşayır. Yaşadığı bina ilə üzbəüz Cavabdeh şirkəti tərəfindən 2018-ci ildən başlayaraq tikinti işləri aparılır. Bu tikinti işləri nəticəsində iddiaçının idarə etdiyi **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə müəyyən dərəcədə ziyan dəymişdir. Bununla əlaqədar olaraq dəfələrlə tikinti gedən yerin ofisinə yaxınlaşıb məsul şəxslə görüşmək istəsə də, hər dəfə müəyyən bəhanələr gətirərək iddiaçı ilə görüşməkdən imtina etmişlər. Telefon vasitəsi ilə əlaqə saxlasa da, iddiaçı ilə kobud danışaraq «hara istəyirsiz müraciət edə bilərsiz» deyərək cavab vermişlər. Tikinti nəticəsində tək iddiaçının avtomobili deyil, digər bina sakinlərinin nəqliyyat vasitələri də ziyan çəkmişdir. Bununla əlaqədar olaraq dövlət qurumlarına da müraciət olunmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar olaraq iddiaçı Cavabdeh şirkətinə rəsmi məktub göndərsə də, 2 gün müddətində dəymiş zərərin ödənilməsini tələb etsə də, hec bir nəticəsi olmamışdır. Ona görə də, iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu foto və video çəkilişlərlə qeyd olunub. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının nəqliyyat vasitəsinə ağ boya və beton qırıntıları tökülməsi nəticəsində əmlak yararsız vəziyyətə düşmüşdür. Dəymiş ziyanın bərpası üçün «Hyundai Avto» Azərbaycan Servis Departamentinə müraciət edərək təmirə görə cəkiləcək məbləğə görə qüsur aktı cıxarılıb. Qüsur aktında dəymiş zərərin həcmi 2.203 manat qeyd olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh şirkətin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. Belə ki, cavabdeh tikinti ərazisindən kənarda baş verən hadisələrə görə heç bir məsuliyyət daşımır. İddia ərizəsində hadisənin orda baş verməsi barədə heç bir sübut təqdim edilməmişdir. Bundan başqa, həmin hadisə başqa yerdə baş verə bilər və iddiaçı tərəfindən həmin avtomobil sonradan həmin əraziyə gətirilib və orada fotoşəkli çəkilə bilər. Həmçinin tikinti aparılan yerdə avtomobilin həmin ərazidə saxlanılmaması barədə lövhələr də vurulmuşdur. Hesab edir ki, Cavabdeh MTK iddiaya cavab verməli olan şəxs deyil. Məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, «Hyundai Accent» markalı ** LF *** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı adına qeydiyyata alınmışdır, avtomobilin mülkiyyətçisidir. Avtomobilə üzərinə məhz cavabdeh tərəfindən aparılan tikinti və bununla bağlı s. digər fəaliyyətin həyata keçirilməsi nəticəsində beton qırıqları və boya düşməklə maddi zərər vurulmasını məhkəmə iclasında tədqiq edilmiş fotolar və video çəkilişlər, habelə cavabdeh tərəfindən mübahisənin məhkəmədənkənar qaydada danışıq yolu ilə həll edilməsinə cəhd edilməsi, lakin sonda məbləğlə bağlı razılığa gəlinə bilməməsi də iddianın cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması hissəsində sübut (təsdiq) edir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili ziyan dəymiş avtomobilə bu ziyanın başqa yerdə dəyə bilməsi, sonradan həmin əraziyə gətirilərək fotoşəklinin çəkilməsi ehtimalının olmasına, habelə tikinti aparılan yerdə avtomobillərin həmin ərazidə saxlanılmamasına dair lövhələrin vurulmasına istinad etsə də, ziyanın məhz cavabdeh şirkət tərəfindən vurulmamasına dair hər hansı bir sübut təqdim etməmişdir. Bununla yanaşı cavabdeh tərəfin belə lövhələrin vurulması ilə təqsirli olmamasına istinad etməsi, sonuncunun həmin ərazidə yaşayan sakinlərə nəqliyyat vasitələrini saxlamaq üçün hər hansı bir şərait yaratmamaqla, məsuliyyətdən azad edilməsi üçün kifayət deyildir. 13 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş AA041/1450 saylı aktdan (vurulmuş maddi ziyanın hesablanmasına dair) və aktın tərtib edilməsi üçün xərcin ödənilməsi sənədindən görünür ki, İddiaçı məxsus olan «Hyundai Accent» markalı ** LF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş ziyan (görülən iş və alınmış ehtiyat hissələrinə sərf edilməli vəsaitin cəmi) 2.200 manat təşkil edir. Ziyan aktının tərtib edilməsi (avtomobilə baxış keçirilməsi, qiymətləndirmənin aparılması və s.) üçün 50 manat xərc ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli 9/5973 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Auto Azərbaycan» servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı, «Hyundai Accent» markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1.400 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh tərəfindən aparılan tikinti və bununla bağlı s. digər fəaliyyətin həyata keçirilməsi nəticəsində beton qırıqları və boya iddiaçının avtomobilinin üzərinə düşməklə, iddiaçıya məxsus avtomobilə 1.400 manat məbləğində maddi zərər vurulmuşdur. Bu səbəbdən, iddia maddi ziyanın ödənilməsi tələbinə dair hissədə qismən təmin edilməklə vurulmuş 1.400 manat maddi zərər Cavabdeh MTK-dan iddiaçının xeyrinə tutulmalıdır. İddia vurulmuş mənəvi zərərin ödənilməsinə dair hissədə qismən əsaslıdır. Belə ki, iddiaçının avtomobilinə cavabdehin apardığı tikinti fəaliyyəti nəticəsində maddi ziyan vurulmuş, o, həmin ziyanın hesablanması və aradan qaldırılması üçün vaxt sərf etmiş, cavabdehlə bu mübahisənin həlli ilə bağlı əlaqə saxlayarkən ona qarşı rəftardan narazı qalmış, avtomobili təmir edilənədək gündəlik qayğılarının həll edilməsi üçün istifadə etdiyi avtomobildən istədiyi kimi istifadə edə bilməmiş, bu da hər bir insanda olduğu kimi iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, diskomfort hisslər keçirmiş, mahiyyət etibarı ilə mənəvi əzab (iztirab) çəkmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə işin hallarına uyğun adekvat həcmdə – 200 manat pul vəsaiti tutulmalıdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 74 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avtomobilə dəymiş ziyana görə 1.400 manat, mənəvi ziyana görə 200 manat, qüsur aktına görə ödənilmiş 50 manat olmaqla, cəmi 1.650 manat və ödənilmiş dövlət rüsumunun 37 manatı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. 50 manat ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia tələbi 1.650 manat məbləğində təmin edildiyindən, həmin məbləğə görə isə ödənilməli olan dövlət rüsumunun məbləği “Vahid Məhkəmə Portalı”nın “dövlət rüsumunun hesablanması kalkulyatoru” bölməsində aparılmış hesablama əməliyyatına əsasən 36,50 manat təşkil edir. Məhkəmə isə həmin məbləğin yuvarlaqlaşdırılaraq 37 manat məbləğində müəyyən edilməklə, cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli olması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Avtomobilə dəymiş ziyana görə 1.400 manat, mənəvi ziyana görə 200 manat, qüsur aktına görə ödənilmiş 50 manat olmaqla, cəmi 1.650 manat və ödənilmiş dövlət rüsumunun 37 manatı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar