Məhkəmə qərarları › İş №2(006)-591/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-591/2023

11.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-591/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3570 (üç min beş yüz yetmiş) manat və ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin aprel ayında özünə məxsus olan “Mersedes” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin mühərriki xarab olduğundan, Binəqədi rayonu Ə.Rəcəbli küçəsində yerləşən avtomobil təmiri sexinə aparmış, avtomobilin təmirinə görə isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 860 (səkkiz yüz altmış) manat pul ödəmişdir. Cavabdehlər “Mersedes” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil götürən zaman təmir etdikdən sonra, yəni 2-3 günə qaytaracaqlarını bildirsələr də, həmin vaxtdan hazırki vaxta kimi avtomobil təmir edilib iddiaçıya qaytarılmamışdır. Bir müddət sonra iddiaçı Cavabdeh1 başqa təmir sexinə getdiyini öyrənmiş, ona zəng etsə də, o, telefona cavab verməmiş və müxtəlif bəhanələr gətirərək iddiaçını aldatmağa çalışmışdır. İddiaçı onun əvvəl işlədiyi Binəqədi rayonu ərazisində yerləşən sexə getmiş, maşınının orada olduğunu görmüş, lakin avtomobilin mühərrikinin və surətlər qutusunun yerində olmadığını görmüşdür. İddiaçı avtomobilin mühərrikinin və surətlər qutusunun harada olduğunu, nə üçün təmir etmədiklərini soruşduqda cavabdehlər mühərrikin əvvəl işlədikləri sexdə olduğunu, qısa müddət ərzində gətirəcəklərini deməklə hər dəfə müxtəlif bəhanələrlə iddiaçını aldatmağa başlamışlar. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehlər həmin avtomobilin ehtiyat hissələrini sökərək satmışlar, bununla da avtomobil tamamilə yararsız hala salınmışdır. İddiaçı məcburiyyət qarşısında qalaraq “Mersedes” markalı **- DY-*** dövlət qeydiyyat nişanlı avtomobilini evakuator vasitəsilə dayanacağa aparmış və halhazırda avtomobil olduğu kimi qalmaqdadır. İddiaçı cavabdehlərdən pulunun qaytarılmasını tələb etsə də, onlar müxtəlif bəhanələr gətirərək pulu qaytarmır, yalan vədlər verərək heç bir iş görmürlər. İddiaçı sonradan Binəqədi RPİ-nə müraciət edərək onların qanunsuz hərəkətləri barədə şikayət etmişdir. Şikayət Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Rasim Məmmədovun icraatına verilmiş, araşdırmalar aparılmış və izahatlar alınmış, nəticədə cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehlər iddiaçıya məxsus avtomobildən aşağıda adları çəkilən ehtiyat hissələrini açaraq satmışlar:

1. batareya (akkumulyator) – 170.0 manat;

2. Katalizator - 800.0 manat;

3. Maqnitofon – 250.0 manat;

4. Arxa oturacaqlar arasında olan dirsək – 150.0 manat;

5. Qalovka – 800.0 manat;

6. Açar kilidi – 200.0 manat;

7. Qlapan möhürü (qlapan salnikləri) – 60.0 manat;

8. Mersedes nişanı – 30.0 manat;

9. Plafon luk ilə birlikdə - 250.0 manat;

10. Cavabdehlərə ödənilən – 860.0 manat, cəmi 3570.0 manat. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3570 (üç min beş yüz yetmiş) manat tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AD seriyalı 313766 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz C200” minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r. Mülki işin materiallarında olan etibarnamədən görünür ki, “Mercedes Benz C200” minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X2 tərəfindən nəqliyyat vasitəsini istifadə etmək səlahiyyəti İddiaçı xx.xx.2023-cü il tarixədək etibar edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 18 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı”ndan görünür ki, İddiaçı Biləcəri qəsəbəsində avtoservisdə özünə məxsus Mersedes markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin oğurlanmasını aşkar etməsinə dair müraciətinə əsasən material toplanmışdır. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, o 2021-ci ilin aprel ayında özünə məxsus Mersedes markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili Xəqani və İlkin adlı qardaşların işlədiyi Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən avtomobil təmiri sexinə vermişdir. Həmin vaxt avtomobilin mühərriki xarab olmuş, Xəqani ondan avtomobili təmir etmək üçün 860 manat pul almışdır. Avtomobili təhvil götürən zaman 2-3 günə təmir etdikdən sonra qaytaracağını bildirsə də, həmin vaxtdan bu günə qədər qaytarmamışdır. Bir müddət sonra Xəqani ustanın həmin yerdə işləmədiyini, yeni sexə köçməsini öyrənmiş, ona zəng vurduqda isə çox vaxt onun telefonuna cavab verməmiş və müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. Təqribən 2 ay bundan əvvəl Xəqaninin işlədiyi Binəqədi qəsəbəsində yerləşən avtomobil təmiri sexinə gedən zaman avtomobilin orada olmasını, mühərrikin və surətlər qutusunun yerində olmamasını görmüşdür. Xəqani və İlkindən mühərrik və surətlər qutusunun harada olduğunu, niyə təmir etmədiyini soruşduqda onlar ona mühərrikin əvvəl işlədiyi sexdə olduğunu, qısa müddət ərzində gətirəcəklərini deməklə hər dəfə müxtəlif bəhanələrlə onu aldatmağa başlamışlar. Sonra polis əməkdaşı ilə birlikdə qeyd olunan sexə getmiş, orada sex sahibinin köməkçisi kimi özünü təqdim etmiş şəxs burada heç nə olmadığını bildirmiş, qalan ehtiyat hissələrinin avtomobilin üzərində olmaması Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən hazırda Xəqani və İlkinin işlədiyi sexdə aşkar edilmişdir. Avtomobilin üzərindən götürülmüş ehtiyat hissələrinin təqribən 5000 manat qiyməti vardır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 izahatında bildirmişdir ki, o, təqribən bir ilə yaxındır ki, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən avtomobil təmiri sexində aylıq 500 manat icarə əsasında fəaliyyət göstərir. İddiaçı təqribən 7 ay bundan əvvəl qeyd olunan sexə özünə məxsus Mersedes markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil mühərrikini təmir etmək üçün gətirmişdir. Qeyd olunan təmirin 1700 manat təşkil edəcəyini bildirmişdir. İddiaçı buna razı olmuş və avtomobilin təmirinə başlamasını istəmişdir. İlkin olaraq 100 manat ödəniş etmiş, sonra ayrı-ayrı vaxtlarda ümumilikdə 860 manat pul ödənişi etmişdir. O, qeyd olunan sexdən təqribən 4 ay qabaq çıxmış, sexdən çıxdığı zaman sexin sahibi “Həci” kimi tanıdığı şəxs ona məxsus təmir alətlərini və müştərilərə məxsus avtomobilin ehtiyat hissələrini özündə saxlayaraq Cavabdeh1 guya ona 1500 manat borclu olduğunu bildirmişdir. Lakin onun “Həci” adlı şəxsə 150 manat borcu olmuşdur. İddiaçı avtomobil mühərrikinin təmirini başa çatdırıb ona verməməyinin səbəbi “Həci” adlı şəxsin ehtiyat hissələrini özündə saxlamasıdır. Həmçinin Cavabdeh1 bildirmişdir ki, Mersedes markalı avtomobilin mühərriki və surətlər qutusu Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Həci” adlı şəxsin sexindədir. “Həci” adlı şəxsin deməsinə görə guya ona 1500 manat borclu olduğuna görə həmin avtomobilin ehtiyat hissələrini özündə girov kimi saxlamışdır. Həmin şəxsə hazırda 150 manat borcu vardır. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən avtotəmir sexinə keçirilmiş baxış zamanı orada vətəndaş İddiaçı məxsus Mersedes markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri olan mühərrikin və surətlər qutusunun orada mövcud olmadığı müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və şəkillər çəkilmişdir. Belə olan halda, toplanmış materialda oğurluq hadisəsi sübuta yetmədiyindən material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə ilə rədd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 56 (əlli altı) manat məbləğində rüsum ödənilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, iddiaçı maşınını təmir etmək üçün onun işlədiyi sexə aparmış, lakin pulu gec verdiyi üçün o, təmiri başa çatdıra bilməmişdir. Bundan sonra o, sexin müdiri ilə dalaşmış, onu işdən çıxartmışlar. İşdən çıxarılarkən müdiri borcunun olduğu səbəbilə iddiaçının maşınının ehtiyat hissələrini və alətlərini sexdə saxlamışdır. İddiaçıdan maşının təmirinə görə 860 manat pul almış, 300 manatı vanusun təmirinə xərcləmişdir. Maqnitofon və “Mercedes” nişanını maşından kimsə oğurlayıb deyə onları və plafonla qoltuqaltıları iddiaçıya alıb təhvil verməyə razı olduğu qeyd etmişdir. Maşını təhvil alarkən üstündə batareya və akkumulyator olduğunu qəbul edərək, onların yəqin ki sexdə saxlanıldığını bildirmişdir. Salnikləri və açarı iddiaçının ona təhvil vermədiyini, qalovkanı isə maşının içində təhvil verdiyini əlavə etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı vəsatət təqdim edərək, iş üzrə ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli 9/1720 saylı ekspert rəyi xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü ildə iş üzrə icraat təzələnmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli 9/1720 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı “Mersedes Benz C200” minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3410,0 manat müəyyən edilmişdir. Ehtiyat hissələrinin qiyməti – 2610,0 manat, təmir-bərpa işlərinin qiyməti – 800,0 manat. Rəyin tədqiqi hissəsində olan cədvələ əsasən müəyyən edilir ki, Dəyişilməli hissələrin adı Miqdarı Qiyməti (ədədlə) (manatla)

1. Batareya (akkumulyator) 1 170

2. Katalizator 1 700

3. Maqnitofon 1 250

4. Arxa oturacaqlar arasında olan dirsək 1 150

5. Qalovka 1 800

6. Açar kilidi 1 200

7. Qlapan möhürü (qlapan salnikləri) 1 60

8. Mercedes nişanı 1 30

9. Plafon lyuk ilə birlikdə (işıq) 1 250 CƏMİ 2610,0 Təmir-bərpa işləri

1. Çilingər işi 450

2. Armatur işi 350 CƏMİ 800,0 Ümumi məbləğ 3410,0 Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Beləliklə, iddiaçının dəlilləri və Cavabdeh1 əvvəlki iclaslardan birində verdiyi etiraf xarakterli izahat əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, etibarnamə üzrə iddiaçının istifadəsində olan “Mercedes Benz C200” minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində nasazlıq yaranmış, təmir edilməsi məqsədilə iddiaçı həmin nəqliyyat vasitəsini cavabdehlərə təhvil vermiş və 860 manat məbləğində pul ödəmişdir. Lakin cavabdehlər həmin maşını təmir etməmiş, əksinə, maşında olan ehtiyat hissələri də onların ucbatından yoxa çıxmış, beləliklə, maşın istifadəyə yararsız hala salınmışdır. İddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona ziyan dəydiyini bildirərək, batareya (akkumulyator) üçün 170.0 manat; katalizator üçün 800.0 manat; maqnitofon üçün 250.0 manat; arxa oturacaqlar arasında olan dirsək üçün 150.0 manat; qalovka üçün 800.0 manat; açar kilidi üçün 200.0 manat; qlapan möhürü (qlapan salnikləri) üçün 60.0 manat; “Mercedes” nişanı üçün 30.0 manat; luk ilə birlikdə plafon üçün 250.0 manat; cavabdehlərə ödənilən 860.0 manat olmaqla, cəmi 3570.0 manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdehlərdən Cavabdeh2 keçirilən heç bir məhkəmə iclasında iştirak etməmiş, iddiaya münasibətini yazılı şəkildə də bildirməmişdir. Digər Cavabdeh1 isə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və iddianı “batereya, katalizator (təhvil alanda maşının üstündə idi, yəqin ki, sexdədir); maqnitofon və “Mercedes” nişanı (maşının üstündə idi, kimsə oğurlayıb); plafon və dirsək (mən alıb verəcəm); qalovka (maşının içində təhvil vermişəm iddiaçıya); 860 manat təmir pulu (300 manatını vanusun təmirinə xərclədiyini iddia edərək)” hissəsində qəbul edir, salniklər və açarın ona təhvil verilmədiyinə görə iddianı həmin hissədə qəbul etmir. Cavabdeh1 ehtiyat hissələri ilə əlaqədar bildirdiyi “yəqin ki, sexdədir”, “kimsə oğurlayıb”, “iddiaçıya maşının içində təhvil vermişəm”, “vanusu təmir etmişəm və 300 manat sərf olunub” kimi ifadələr onun tərəfindən müvafiq qaydada sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, həmin məsələlərə görə onun özü məsuliyyət daşımalıdır. Belə ki, göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında şifahi podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı istifadəsində olan əmlakı təmir üçün cavabdehlərə təhvil vermiş və 860 manat ilkin ödəniş etmiş, lakin cavabdehlər öz öhdəliklərini yerinə yetirməyərək maşını təmir etməmiş, eyni zamanda, maşın onlarda olduğu müddətdə istifadəyə yararlı ehtiyat hissələri də yoxa çıxmışdır. Bununla da iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh1 iddianı qismən etiraf etmiş, gətirdiyi bəzi dəlilləri isə müvafiq qaydada sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi Cavabdeh1 tərəfindən etiraf edilən hissədə araşdırılmalı, hazırki mübahisə ona münasibətdə həll edilməlidir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində əldə edilmiş ekspert rəyi iddia ərizəsi və digər sənədlərlə yanaşı tədqiq edilmişdir. Ekspert rəyinin tədqiqi nəticəsində məlum olmuşdur ki, həmin rəydə göstərilən məbləğlər iddia ərizəsində göstərilən məbləğlərlə bir çox hissədə eynilik təşkil edir. Qərardadda qeyd edilməsinə baxmayaraq, ekspert tərəfindən maşının 2002-ci il buraxılışlı olması və ehtiyat hissələrinin köhnəlmə dərəcəsi nəzərə alınmamış, beləliklə, iş üçün əhəmiyyətli hallar nəzərə alınmadan ağlabatan hesab olunmayan məbləğlərə dair ekspert rəyi verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının ehtiyat hissələrinin qiymətinə dair tələbi köhnəlmə dərəcəsi nəzərə alınmaqla ağlabatan hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq, batareya (akkumulyator) üçün 170 manat; katalizator üçün 700 manat; maqnitofon üçün 150 manat; arxa oturacaqlar arasında olan dirsək üçün 60 manat; qalovka üçün 600 manat; “Mercedes” nişanı üçün 30 manat; luk ilə birlikdə plafon üçün 250 manat məbləğin, eyni zamanda 860 manat ilkin ödənişin, cəmi 2820 manat məbləğində pulun cavabdeh N.Xəqanidən alınmasının daha ağlabatan, ədalətli və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 762.1-762.3-cü maddələrinə görə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Mülki Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mülki Məcəllənin 768.1, 768.1.3-cü maddəsinə görə, podratçı ondan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda sifarişçini vaxtında xəbərdar etməyə borcludur. Məcəllənin 775-ci maddəsinə müvafiq olaraq, əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Mülki Məcəllənin 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Mülki Məcəllənin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 779.2-ci maddəsinin tələblərinə görə isə vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: - peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; - vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2820 (iki min səkkiz yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 44 manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 40 manat hissəsi Cavabdeh1, qalan 10 manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 2820 (iki min səkkiz yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 44 (qırx) manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı ödənilsin, qalan hissəsi isə İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 40 (qırx) manat hissəsi Cavabdeh1, qalan 10 (on) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar