Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-591/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi tərəfindən onun barəsində əsassız ittiham elan edilməsi, 2 gün müddətində şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlanılmağı, əsassız olaraq 06 oktyabr 2021-ci ildən 19 iyul 2023-cü ilədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri altında saxlanılmağı nəticəsində əldən çıxmış fayda kimi ona dəymiş 31.500 (otuz bir min beş yüz ) manat məbləğində maddi zərərin və 70 000 (yetmiş min) manat məbləğində mənəvi zərərin, ümumilikdə isə 101 500 (yüz bir min beş yüz ) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə səhər saatlarında polis əməkdaşları onun yaşadığı evdən onu tutub 31-ci Polis Bölməsinə gətirmiş, orada təhqiqatçı dibçəyin içərisindən torpağı sallofan bükümə bükərək ona vermiş və onu videonun qarşısında həmin bükümü çıxardıb narkotik vasitə kmi istifadə etdiyini deməyə məcbur etmiş, o, buna axşama qədər razılıq verməsə də axşam onların təzyiqlərinə dözməyib buna razılaşmış və onlar iddiaçıyı videoya çəkərək guya üzərində narkotik vasitə çıxması ilə əlaqədar barəsində cinayət işi başlatmışlar. Bundan iki gün sonra, yəni 06 oktyabr 2021-ci ildə Suraxanı RPl-nin müstəntiqi onu aldadaraq, barəsində olan cinayət işinin bağlanmasını və onu buraxacağını deyib onu bütün sənədlərə imza etdirmişdir. O, barəsində olan cinayət işinin məhkəməyə getməsindən sonra onun barəsində Cinayət Məcəlləsinin 234.l-ci maddəsi ilə cinayət işinin başlanmasını bilmişdir. Belə ki, ona verilən ittihama əsasən guya o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 1,991 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək, üstündə saxlamaqla daşımış xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Suraxanı RPl-nin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək, orada üzərində şəxsi axtarış keçirilərkən, əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 1.991 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bakı şəhəri Suraxanı rayon məhkəməsində cinayət işi üzrə ətraflı araşdırma aparılmış, işin bütün halları müəyyənləşdirilmiş, mənim ümumiyyətlə narkotik maddə istifadəçisi olmamağı, üzərində narkotik vasitənin olmaması sübuta yetirilmiş, bununla əlaqədar Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-13/2023 saylı 19 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamlarda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilərək, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Dövlət ittihamçısı bu hökmdən protest verməmişdir. Eyni zamanda Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-13/2023 saylı 19 iyul 2023-cü il tarixli Xüsusi qərarı ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işinin ibtidai araşdırma və istintaqını aparan zaman Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Habil Hüseynov, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı X5, Suraxanı RPl-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru X2 və Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili X3 barəsində xüsusi qərar çıxarılmışdır. Göründüyü kimi müstəntiqin qanunsuz hərəkətləri nəticəsində ona əsassız olaraq şəxsi istehlak miqdardan artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, daşıma və saxlama cinayəti üzrə ittiham elan edilmiş, 04 oktyabr 2021-ci ildən 06 oktyabr 2021-ci ilədək şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılmış, 06 oktyabr 2021-ci ildən 19 iyul 2023-cü ilədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri altında saxlanılmışdır. Yəni il 9 ay 15 gün müddətinə o ittiham altında olmuş, bu dövrdə onun bütün hüquqları məhdudlaşdırılmışdır. Bütün bunların ən pisi isə onun yaşadığı ərazidə, qonşuların arasında onun adının narkoman kimi hallanması, narkotik vasitə daşıyıcısı kimi tutulmağı, şərəf və ləyaqətinin alçaldılması olmuşdur. Belə ki, o, ali təhsilli şəxsdir, ailəli, azyaşlı uşağı var və hər bir kəs onu qonşuluqda normal bir ailə başçısı kimi, nümunəvi bir şəxs kimi tanıyırlar. Onun bir narkoman kimi qələmə verilməyi isə onu yaşadığı ərazidə nüfuzdan salmışdır. Bütün bu hallar isə onun maddi və mənəvi zərər çəkməyinə səbəb olmuşdur. Göründüyü kimi Suraxanı Rayon Polis İdarəsinin müstəntiqinin onun barəsində elan etdiyi ittihamın əsassız olduğu, onun əsassız olaraq şübhəli şəxs qismində tutulmağı, 1 il 9 ay 15 gün müddətinə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri altında saxlanmağının əsassızlığı məhkəmə hökmü ilə sübuta yetirilmişdir və bu hallar işin mübahisə edilməyən hallarıdır. Hətta Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-13/2023 saylı 19 iyul 2023-cü il tarixli xüsusi qərarında da müstəntiqin, təhqiqatçının və əməliyyatçıların hərəkətlərinin qanunsuzluğu öz əksini tapmışdır. Bütün bu hallar isə ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. İbtidai araşdırma orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan etməsi onu bir çox işlərdən məhrum etməklə ona 31 500 manat məbləğində maddi zərər vurmuşdur. Belə ki, o, bu dövrdə heç bir işdə işləyə bilməmiş, heç kim ona işə götürməmiş, o, işsiz qalmışa və tutulma dövründə aylıq qazancım 1500-2000 azn təşkil etdiyi halda onu narkotiklə bağlı həbs etdikləri üçün işlədiyi yerdən azad edilmişdir. Halbuki, o, həmin müddət ərzində işləsəydi hər ay minimum 1500 manat əmək haqqı alardım ki, bu da 21 ay ərzində 31 500 manat məbləğində pul vəsaiti təşkil edir. Onun 04 oktyabr 2021-ci ildən 06 oktyabr 2021-ci ilədək şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılmağı ilə və 06 oktyabr 2021- ci ildən 19 iyul 2023-cü ilədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri altında saxlanılmağı ilə onun şərəf və ləyaqəti və işgüzar nüfuzu ləkələnmişdir ki, bununla da ona 70 000 manat məbləğində mənəvi zərər dəymişdir. Belə ki, o, Yeni Suraxanı qəsəbəsində yaşayıra və məhəllədə onu bütün qonşular nümunəvi bir şəxs kimi tanıyır. Hər bir vətəndaş kimi onun işgüzar nüfuzunu qorumaq hüququ vardır. Məhz ibtidai araşdırma orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan etməsi ilk əvvəl onun yaşayış yerində nüfuzuna ləkə gətirmiş, demək olar ki, bu cinayət işinin araşdırıldığı 2 il müddətində mən bu ləkə ilə yaşamalı olmuşdur. Hər bir kəs ona narkoman kimi baxmış, hətta onunla ünsiyyət qurmaqdan belə çəkinmişdirlər. Digər tərəfdən isə heç bir cinayət etmədiyi təqdirdə onun bir cinayətkar kimi tutulmağı, iki gün müddətində saxlama yerində saxlanılmağı, sonradan isə başqa yerə getməmək haqqında iltizam verilməklə onun ölkədən çıxmağına qadağan qoyulması, 2 ilə yaxın bir müddət ərzində məhkəmə iclaslarına gedib- gəlməklə hər dəfə mənəvi əziyyət çəkməklə, qanunsuz olaraq azadlıq hüququmun məhdudlaşdırılması ilə o, 2 il müdətində mənəvi sarsıntılar keçirmişdir. Bu müddət ərzində o, istirahət etmək üçün nəinki xaricə, hətta ölkənin rayonlarına gedib-gələ bilməmiş, demək olar ki, ev dustaqlığı şəraitində yaşamışdır. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Anar Əsədov "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" ilə bağlı iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərək, cavabdeh qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyini göstərmiş və tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən daxili işlər orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Halbuki, iddia ərizəsinə əlavə olunmuş – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-13/2023 nömrəli xüsusi qərarı ilə İddiaçı barəsində cinayət işinin ibtidai araşdırma və istintaqını aparan zaman qanunsuz hərəkətlərə və kobud pozuntulara yol vermiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Habil Hüseynov, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı X5, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili, polis mayoru X2 və Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili X3 barəsində xüsusi qərar qəbul edilməklə, onlar barəsində müvafiq tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinə məlumat verilmiş və görülmüş tədbirlər barədə məhkəməyə məlumat verilməsi tapşırılmışdır. Göründüyü kimi iddiaçının hazırkı iddia tələbi üzrə ona ziyanı vurmuş təqsirkar şəxslər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-13/2023 nömrəli xüsusi qərarı ilə müəyyən olunsa da, iddiaçı yalnış olaraq tələbini Maliyyə Nazirliyinə qarşı yönəltmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda “müvafiq icra hakimiyyəti orqanı” kimi Maliyyə Nazirliyi müəyyən olunmamışdır, yəni ziyanı vurmaqla hüquq pozunutusunu bilavasitə törətmiş şəxs qarşı tərəfə vurduğu ziyanı ödəməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Buradan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı çıxış edir. Həmçinin, Konstitusiyanın 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Hesab edirik ki, təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın dövlət büdcəsindən ödənildiyi nəzərə alınaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Belə olan halda fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə prosesinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə prosesinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu məhkəmə işinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz və hesab edirik ki, iddia tələbinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-13/2023 nömrəli xüsusi qərarı ilə müəyyən edilmiş şəxslərin cavabdehliyi ilə baxılmalıdır. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-13/2023 saylı hökmü ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamlarda təqsirliyi sübuta yetirlimədiyi üçün İddiaçı bəraət verilməsi, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 1,991 qram heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 1,941 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılması, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilməsi, iş üzrə məhkəmə fizikikimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti dövlətə aid edilməsi, iş üzrə mülki iddianın olmaması, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Habil Hüseynov, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı X5, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru X2 və Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili X3 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilməsi hökm edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-13/2023 saylı xüsusi qərarı ilə, təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırma və istintaqını aparan zaman Azərbaycan Repsublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Habil Hüseynov, Suraxanı RPİnin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı X5, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru X2 və Suraxanı RPl-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili X3 barəsində xüsusi qərar çıxarılması, xüsusi qərar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Habil Hüseynov, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı X5, Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis mayoru X2 və Suraxanı RPİ-nin 31-ci PB-də CA üzrə əməliyyat müvəkkili X3 barəsində müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin və 30 gün müddətində görülmüş tədbirlər barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə məlumat verilməsi qərara alınmışdır. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 31.500 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz . Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq barəsində başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı 04 oktyabr 2021-ci ildən 06 oktyabr 2021-ci ilədək şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılmış və barəsində 06 oktyabr 2021-ci ildən 19 iyul 2023-cü ilədək, yəni 1 il 9 ay 13 gün müddətinə başqa yerə getməmək haqqında iltizam tətbiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 2 gün müddətinə şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanıldığına görə, ona vurulmuş mənəvi ziyanın məbləğinin ədalətli hesab edilməsi üçün 21 ay 15 günlük müddətin son 15 günü üçün 250 manat mənəvi zərərə görə kompensasiyanın müəyyən edilməsi daha ədalətlidir. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 2 gün şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılmasına və 21 ay 13 gün müddətinə başqa yerə getməmək haqqında iltizama görə 5.500 manat (bir ay üzrə 250 manat x 22 ay) məbləğində müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 5.500 (beş min beş yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerində saxlanılması və iddiaçıya başqa yerə getməmək haqqında iltizam tətbiq edilməsi ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 5.500 (beş min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 5.500 (beş min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-591/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-591/2024
05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver