Məhkəmə qərarları › İş №2(006)-5932/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5932/2021

26.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5932/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə “SAF” aptekində əczaçı kimi işləyirdi. Həmin vaxt iddiaçı ilə birlikdə Cavabdeh da əczaçı kimi işləyirdi. O vaxtdan tərəflərin dostluq münasibətləri yaranmışdı. 2019- cu ilin yanvar ayında iddiaçı “SAF” aptekindən işdən çıxaraq “Buta-211” aptekində işə düzəlmişdi. 2019-cu ilin fevral ayında Cavabdeh iddiaçının işlədiyi aptekə gələrək onunla birlikdə iş qurmaq istədiyini bildirmiş və Bakı şəhərinə kosmetik vasitələrin gətirilməsini təşkil edəcəyini bildirmişdir. Bu məqsədlə Cavabdeh ilkin olaraq iddiaçıdan 19.000 manat məbləğində pul almış, daha sonra isə əlavə olaraq 8000 manat məbləğində pul almışdır. Danışdıqları vaxtda cavabdeh tərəfindən həmin kosmetik vasitələr ona təqdim olunmadığı üçün iddiaçı bir neçə dəfə ona zəng vurmuşdu. Elvira həmin malların artıq Türkiyədən göndərildiyini və yaxın günlərdə Bakıya çatdırılacağını bildirmişdi. Lakin xeyli müddət keçməsinə baxmayaraq, həmin kosmetik vasitələr iddiaçıya təqdim edilməmişdir. Artıq iddiaçı aldadıldığını başa düşərək şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi RP-nin 20-ci PB-nə müraciət etmişdi. Polis Bölməsində araşdırma zamanı cavabdeh iddiaçıdan 19.000 manat məbləğində pul aldığını etiraf etmiş, lakin həmin pulu ona qaytardığını göstərmişdir, lakın həmin pulun iddiaçıya ödənilməsi ilə əlaqədar heç bir sübutu təqdim edə bilməmişdir. Polis Bölməsində araşdırma zamanı cavabdehin anası X3 iddiaçıya öz xətti ilə yazılmış qəbz təqdim edərək qızı Cavabdeh həqiqətən ona 27.000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Həmçinin qızından şikayət etməməyini xahiş etmiş və yaxın günlərdə qızının ona olan borcunu qaytaracaqlarını bildirmişdir. Lakin hələ də bugünə kimi borc iddiaçıya qaytarılmamışdır. Artıq 2 ildən çoxdur ki, borclu tərəfindən iddiaçının xeyli miqdarda pul vəsaiti qeyri-qanuni olaraq özündə saxlanılır. Bununla da iddiaçıya külli miqdarda ziyan dəyir. Göstərilənlərə əsasən cavabdehdən əsas borca görə 27000 manat, vurulmuş ziyana görə 10000 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 39730 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddia ərizəsi əsassızdır. O, 2019-cu ilə kimi iddiaçı ilə birlikdə işləmişdir. O, iddiaçıdan 19000 manat məbləğində borc pul götürmüşdür. O, digər borcunu ödəmək üçün iddiaçıdan o pulu almış və söz vermişdir ki, əlavə olaraq 7000 manat da qaytaracaqdır. O, iki həftəyə iddiaçıya 19000 manat qaytardı. Lakin o faiz məbləğini qaytara bilmədi. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, cavabdehlə uzun müddət bir yerdə işləmişlər. Bir gün cavabdeh ona yaxınlaşaraq, Gülsüm adlı xanıma borcu olduğunu bildirdi və ondan pul istədi. O, isə ona pulunun olmadığını, yalnız ona qızıl verə biləcəyini bildirdi. Cavabdeh onun qızıllarını lombarda qoyub, pul götürdü. Bir müddət sonra, cavabdehdən səs çıxmadı. Onun borcunu qaytarmaqdan imtina edirdi. O, cavabdehi axtarmağa başlayanda anası bildirdi ki, o, xəstə olduğuna görə müalicə alır. Yanına gedəndə gördü ki, ondan başqa da adamlara çoxlu borcu var imiş. İş materiallarında olan X1 yazılı qəbzindən görünür ki, o, qızı Cavabdeh həqiqətən İddiaçı 10.01.2019-cu il tarixdə 27.000 manat məbləğində pul aldığını etiraf etmişdir. İş materiallarında olan Cavabdeh Nəsimi RPİ-nin 20-ci polis bölməsində verdiyi izahatdan görünür ki, onun İddiaçı borcu yoxdur. O, borcunu tam olaraq ödəmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Göstərilən Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; -mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli Qərarına əsasən hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, öhdəlik münasibətinin yaranma əsaslarından biri olan müqavilə tərəflərin iradə ifadəsi ilə bağlanır. Müqavilə üzrə tərəflərin iradə ifadəsi həmin müqavilənin imzalanması ilə müəyyən olunur. Müqavilə bağlandıqdan sonra qüvvəyə minir və müqavilə şərtləri tərəflər üçün məcburi olan hüquqi qüvvəyə malik olur. Bununla da, belə qənaətə gəlinir ki, hər hansı əqdin (borc müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxsin və ya öhdəlik götürmüş şəxsin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacib olduğu halda, bu hallar mövcud olmamışdır, iddiaçı da bununla bağlı irəli sürdüyü dəlillərin əsasını təşkil edən sübutlarını təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar