Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5933/2021 03.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «bank hesabından köçürülmüş məbləğin geri qaytarılması və zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «bank hesabından köçürülmüş məbləğin geri qaytarılması və zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank hesabından köçürülmüş 1.726 manat pulun və bank tərəfindən cərimə adı ilə tutulmuş 30 manat pulun cavabdeh "xxxx" ASC tərəfindən bank hesabına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 18 dekabr 2020-ci il tarixdə tap.az internet saytında satışa qoyduğu malı bir nəfər «whatsapp» mobil tətbiqi vasitəsilə almaq istədiyini bildirmiş və 30 manat pulu Azerpoçt adlı saytla (azerpoct-xyz-deal) göndərdiyini söyləyərək, həmin məbləği əldə etmək üçün həmin saytda «əldə et» düyməsini basmağı tövsiyə etmişdir. O, bunu etdikdə isə, hesabından (maaş kartının nömrəsi **********698107) əvvəlcə 295, daha sonra 1.431 manat (pulun geri qaytarılması üçün təkrar basmağı söyləmişdir, oradakı kömək funksiyasında olanla Azərbaycan dilində danışmışlar) çıxılmışdır. Daha sonra, həmin şəxs xətdən çıxmışdır. O, hadisədən 1-2 gün sonra "xxxx" ASC-yə müraciət edən zaman, bankın əməkdaşı həmin məbləğin - cəmi 1.726 manat pulun blok olunduğunu, köçürmənin hansısa «Bank of»a yönləndiriliyini və hesabından çıxarılmadığını bildirərək (əməkdaşın adı Sehran Məmmədova), telefon nömrəsini götürmüş və yalnız zəng etdikdən sonra polisə müraciət etməli olduğunu bildirmişdir. Həmin pulun çıxmaması üçün tranzaksiyanı dayandırmağı və məbləği blok etməyi bankın nümayəndəsindən xahiş etmişdir. O isə, bunun mümkün olmadığını bildirmiş, hələ onun hesabından 30 manat məbləğində cərimə də çıxmışdır. 4-5 gündən sonra həmin xanım ona zəng edərək artıq məbləğin hesabından çıxarıldığını bildirərək, indi polisə gedərək şikayət etməyi tövsiyə etmiş və sonra ona bankdan çıxarış təqdim edilmişdir. Çıxarışı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə və həmin İdarənin 28-ci Polis Bölməsinə təqdim etmişdir. Polis bölməsində bankın ilkin müraciət etdiyi zaman məbləğin tranzaksiyasını dayandırmalı olduğu bildirilmiş, qeyd olunan müddətdə həmin məbləğin yəqin ki, artıq xaricə köçürüldüyü və xaricdən pulu geri qaytarmaq iqtidarında olmadıqlarını bildirmişlər. Göründüyü kimi, cavabdeh "xxxx" ASC ilkin müraciət etdiyi zaman tranzaksiyanı dayandırmaq imkanı olduğu halda bunu etməmişdir. O, öz həmkarlarından da öyrənmişdir ki, onlayn satış zamanı müəyyən anlaşılmazlıq olduğu halda sözügedən bank müvafiq məbləği bir aylıq həbs edir və bir aydan sonra həbsdən çıxarır. Bankın bu addımı atmaq imkanı olduğu, məbləği bir ay deyil, hətta bir il müddətinə həbs etmək iqtidarında olduğu halda, ancaq bunu etməmiş, müştəri kimi müraciətinə etinasız yanaşılmış, bank öz funksiyalarını icra etməmiş, aidiyyatı qanunvericilik aktlarının tələblərini pozmuş və nəticədə ona maddi ziyan vurulmuşdur. İddiaçı «Banklar haqqında» Azərbaycan Respublikası Qunununun 1.0.1-ci, 36.5-ci maddələrinə; Mülki Məcəllənin 954.3, 954.1, 954.2-ci maddələrinə istinad edərək daha sonra qeyd etmişdir ki, o, banka təxminən 19 və ya 20 dekabr 2020-ci il tarixdə müraciət edərkən, hesabında olan pul vəsaiti ilə bağlı tranzaksiyanı dayandırmağı tələb etsə də, cavabdeh "xxxx" ASC «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini kobud pozaraq, müştəri kimi onun pul vəsaitlərindən istifadə hüququnun həyata keçirilməsini təmin etməmiş, pul köçürülməsinin dayandırılması barədə tapşırığını yerinə yetirməmişdir. Hesabından silinmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı, Mülki Məcəllənin 964.1, 957.4-cü maddələrinə istinad edən iddiaçı həmçinin qeyd eitmişdir ki, hesabından pul vəsaitinin köçürülməsi onun iradəsinə zidd olaraq aparılmışdır. O, ilkin müraciəti zamanı bankın pulun silinməsinin qarşısını almaq imkanı olsa da, bank vəzifəsini icra etməmişdir. Buna görə də, cavabdeh tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən tələbləri pozulduğu üçün hesabından silinmiş pul vəsaitinin cavabdeh tərəfindən geri qaytarılması zəruridir. Mülki Məcəllənin 21, 1096, 1097.1, 1099.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə istinad edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı "xxxx" ASC-yə qarşı «bank hesabından küçürülmüş məbləğin geri qaytarılması və zərərin ödənilməsi» tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hesabından köçürülmüş ümumilikdə 1.726 manat məbləğində vəsaitin və bank tərəfindən «cərimə» adı ilə tutulmuş 30 manat vəsaitin Bankdan alınaraq ona ödənilməsini tələb etmişdir. İddia tələbində qeyd edilənlərlə bağlı bildirir ki, İddiaçı Bankdakı hesabına bağlı ödəniş kartı məlumatlarını üçüncü şəxsə təqdim etmişdir. Bunun nəticəsində məlumatların təqdim edildiyi şəxs tərəfindən onun kart məlumatlarından istifadə edilərək hesabındakı vəsait başqa hesaba köçürülmüşdür. Məsələ ilə bağlı müştəri Banka müraciət etdiyi zaman kart üzrə vəsait hələ ki, blokda olmuşdur və bu barədə müştəriyə məlumat verimişdir. Əlavə olaraq qeyd edilmişdir ki, vəsait bir neçə gün ərzində hesaba qayıda və ya silinə bilər. Bunu müəyyən etmək üçün bir neçə gün gözləməsi məsləhət görülmüşdür. Belə ki, vəsaitin ölkə xarici köçürülməsi «VİSA» beynəlxalq kart təşkilatı qaydaları üzrə həyata keçirildiyindən (tənzimləndiyindən) kart təşkilatı köçürmə zamanı ilkin otaraq vəsait köçürülən kart məlumatlarını, vəsaiti alanın kart məlumatları, bank əməliyyatının (tranzaksiyanın) məlumatlarını, alıcının məlumatlarını (shipping information) və avtorizasiya məlumatlarını (authorization information) yoxlayır. Bank praktikasında ölkə xarici köçürmələr üzrə bu cür yoxlama 3-7 gün ərzində baş tutur və bu zaman vəsait ödəyənin kartından silinmiş vəsait «VİSA» BKT tərəfindən bloklaşdırılır. Əgər bu məlumatlarda BKT-nin qaydalarına əsasən hər hansı kənarlaşma aşkar edilərsə, vəsaitin köçürülməsi əməliyyatı baş tutmur və vəsait geri qaytarılır. Yuxarıda qeyd edilənlərə əsasən müştəri Banka müraciət edərkən vəsaitin blokda olması bununla əlaqədar müştəriyə bildirilmişdir. Yəni, vəsait Bank tərəfindən deyil, BKT tərəfindən köçürmə əməliyyatının (tranzaksiyanın) yoxlanılması məqsədilə blok edilmişdir və bu zaman Bankın həmin əməliyyata hər hansı müdaxilə imkanı olmur. BKT-nin qaydalarında əməliyyatın müəyyən müddət ərzində yoxlanılması məqsədləri qeyd edilmişdir. Əməliyyatın BKT-nın qaydaları ilə müəyyən edilən hər hansı pozuntusu aşkar edilmədiyindən vəsait vəsait alanın hesabına köçürülmüşdür. Əməliyyat müştərinin özü tərəfindən həyata keçirildiyindən və BKT tərəfindən artıq yoxlanıldığından bu kimi əməliyyatlar üzrə chargeback sorğusu (vəsaitin geri qaytarılması üçün) BKT tərəfindən araşdırılmır. Müştərinin iddia tələbində qeyd etdiyi kimi kartın məlumatlarını özü qarşı tərəfə təqdim etdiyi üçün bu əməliyyatlar skiming (dələduzluq) xarakteri daşıyır və bununla bağlı müştəriyə hüquq-mühafızə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Əlavə olaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallarla oxşar dələduzluq halları ilə bağlıı artıq bir neçə dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ölkə əhalisinə məlumatlandırıcı xəbərdalıq edilmişdir. Həmçinin, iddiaçının əlavə olaraq Bank tərəfindən 30 manat «cərimə» məbləğinin tutulması ilə bağlı tələbi üzrə bildirir ki, bu vəsait «cərimə» məbləği olaraq tutulmamış, iddiaçıya yeni 3 illik ödəniş kartının verilməsi ilə bağlı xidmət haqqı olaraq tutulmuşdur. Əvvəlki məhkəmə iclası zamanı müştərinin hesabdan çıxarışında bu barədə məlumat qeyd edilmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdehin iddiaya etirazından göründüyü kimi, "xxxx" ASC tərəfindən iddiaçının hüquqlarını pozan hər hansı hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri X1 cinayət işi başlanması və aidiyyəti üzrə göndərilməsi barədə 21 may 2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ İŞ-yə göndərilmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" ASC-yə qarşı «bank hesabından köçürülmüş məbləğin geri qaytarılması və zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «bank hesabından köçürülmüş məbləğin geri qaytarılması və zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «bank hesabından köçürülmüş məbləğin geri qaytarılması və zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5933/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5933/2021
03.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver