Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5937/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul və hesablanmış faizin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul və hesablanmış faizin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.152 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh aralarında olan razılıq əsasında 2019-cu ilin avqust ayında 900 manat borc pul vermişdir. Cavabdeh aldığı pul məbləğini altı ay müddətinə qaytaracağına söz verərək öhdəlik götürmüşdür. Lakin 13 aprel 2021-ci il tarixdə o, cavabdehdən borcun qaytarılmasını tələb etdikdə, cavabdeh onu təhqir edərək pulunu qaytarmayacağı ilə hədələmişdir. O, cavabdehin bu hərəkətindən Yasamal RPİ 27-ci PB-yə müraciət etmişdir. Təhqiqat zamanı cavabdeh şəxsən özü etiraf etmişdir ki, ona 900 manat borcu var. 16 may 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, ona izah edilmişdir ki, məhkəməyə müraciət etsin. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ona 900 manat borcu var. Cavabdeh ona məxsus pulu özündə saxlamaqla puldan fayda götürmüşdür. Hesab edir ki, cavabdeh onun pul vəsaitindən fayda əldə etdiyi üçün bank uçot dərəcəsinə uyğun olaraq faiz ödəməlidir. Hazırda bank uçot dərəcəsi 14 % götürüldüyü üçün cavabdeh ona əlavə olaraq 126 manat pul vəsaiti ödəməlidir. Belə ki, cavabdehin ona əsas 900 manat, iki ilə görə bank uçot dərəcəsi olan 252 manat, ümumilikdə 1.152 manat borcu vardır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli 2(006)-5937/2021 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarına əsasən, Cavabdeh İddiaçı 2019-cu ilin avqust ayında 900 manat borc almış, həmin borcu 6 ay ərzində qaytaracağına dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. Lakin göstərilən müddət ərzində borcu geri qaytarmamışdır. İş materiallarında olan Yasamal RPİ 27-ci PB-nin baş təhqiqatçısı, kapitan X1 16 may 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh izahatında iddiaçını 5 ildir ki tanıdığını, iddiaçıdan 2019-cu ilin avqust ayında 900 manat borc pul aldığını, imkanı olmadığından borcu qaytara bilmədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş borc öhdəliyi olduğundan, iddia əsas borcun tutulmasına dair hissədə əsaslıdır və təmin edilməlidir. İddianın – bank uçot dərəcəsinə uyğun 2 il ərzində ödənilməmiş 900 manat borca hesablanmış 252 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mərkəzi Bankın uçot dərəcəsi iddia ərizəsi məhkəməyə təqdim olunan dövrdə illik 14 % təşkil etmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 900 manat məbləğində əsas borc, bank uçot dərəcəsinə uyğun hesablanmış 252 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 900 manat məbləğində əsas borc, bank uçot dərəcəsinə uyğun hesablanmış 252 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5937/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-5937/2021
28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver