Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-598/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı "dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının doğma qızı Həsənli (İsgəndərova) Esmira Yediyar qızı 2018-ci il fevral ayında yüksək hərarət, limfa vəzinin şişkinliyi diaqnozu ilə M.Nağıyev adına xəstəxananın mama-ginekologiya şöbəsinə yerləşdirilmiş və orada bir müddət müalicə almışdır. Hamiləlik dövrü qurtardıqdan sonra, yəni doğuşdan sonra qızın hərarəti yenə də davam etmişdir. Orada müalicə bitdikdən sonra, nəticə yenə də müsbətə doğru dəyişməmiş və iddiaçı məcbur olub, qızını Rusiya Federasiyasına müayinə olmaq üçün aparmışdır. Orada bütün analizlər yoxlanılmış və nəticədə limfa vəzisində limfadinit tapılmışdır. Bir müddət keçdikdən sonra, iddiaçı Bakı şəhərinə geri qayıtdı və burada Qara-Qarayev adına X1 təkrar analizlər verildi. Rentgen, MRT və sair müayinələr olundu. Təsdiqləndi ki, Rusiyada yazılan diaqnoz düzgündür. İddiaçının qızını sonra vərəm dispanserinə yönəltdilər. Orada da rentgen nəticələrinə baxdıqdan sonra konsultasiya üçün Milli Onkologiya Mərkəzinə yönəltdilər. Orada həkimlərin konsiliumunu təyin etdilər. İddiaçı və qızı həmin konsiliumda iştirak etdilər və Milli Onkologiya Mərkəzinin torakal xirurq, şöbə müdiri həkim Əbülfəz Sultanov qızın təcili əməliyyat olunmasını məsləhət gördü. İddiaçı isə Rusiya həkimlərinin qoyduğu diaqnozu həkimə göstərdi. İddiaçının qızı təkrar olaraq Milli Onkologiyada UZİ olundu, analizləri götürüldü və Rusiyada qoyulan diaqnoz təsdiq edildi. İddiaçı bir ata olaraq bu diaqnozla nə edilməli olduğunu soruşmuşdur. Həkim isə cavabında qızın əməliyyat olunmalı olduğunu bildirmişdir. Cavabdeh məcbur iddiaçının qızını əməliyyat etmişdir. Əməliyyatdan 2 (iki) gün sonra, yenə də hərarət əvvəlkindən yüksək oldu. Əməliyyat zamanı səhvən plevrası kəsilmiş və bir ay pnevmatoraks müalicəsi olundu. Qızın vəziyyəti yenidən kəskinləşdiyinə görə, iddiaçı məcbur olub qızını Moskva şəhərinə ağır vəziyyətdə apardı. Əməliyyatdan sonra götürülən analizin cavabında- limfada vəzinin vərəmi diaqnozu göstərildi. Ancaq həkim Əbülfəz Sultanov yenə təkrar bildirdi ki, -«nə onkoloji, nə də limfa vəzin vərəmi yoxdur» - Moskvada həkimlər sual verdilər ki, -bu xəstəni harada və hansı diaqnoz əsasında əməliyyat ediblər? İddiaçı hər iki tərəfin həkimlərinin telefon vasitəsi ilə danışmasını təmin etmiş və Rusiyalı həkim cavabdeh həkim Cavabdeh «əməlinə layiq» sözlərlə tənqid etdi. Cavabdeh həkim Əbülfəz Sultanov iddiaçıdan əməliyyat üçün aldığı pulun bir qismini göndərdiyi adama qaytardı. İddiaçı da, öz növbəsində Bakıya qayıtdıqdan sonra, ona vurduğu maddi və mənəvi ziyan haqqında cavabdeh həkim Əbülfəz Sultanovla danışıqları olacağını çatdırdı. Sonra elə ordaca qızının halı daha da pisləşdi. Təcili Moskva şəhərinin A.E.Rubixina adına Vərəm xəstəxanasına gəldilər. Burada iddiaçının qızı 28.06.2018-ci il tarixdən 12.12.2018-ci il tarixə kimi müalicə olundu. İddiaçının Rusiyanın Moskva şəhərində uşağının müalicəsi üçün külli miqdarda pulları xərclənib, hətta otelə pulu olmadığı üçün xəstəxananın skamyasında gecələmişdir. Cavabdeh əməliyyatından sonra, qızı əlil olmuş, qızı əlil olduğuna görə ailəsi dağılmış, bundan başqa, körpə uşağını əlinə ala bilməmiş, uşağını əlinə alıb oynadıb sevindirmək, analıq hisslərini uşağına çatdıra bilməmiş, uşağına bir qulluq və bir ana kimi bayıra çıxıb gəzdirə bilməmişdir. İddiaçı məhz Cavabdeh görə məcbur olub oğlu ilə birlikdə "xxxx" QSC-dən 27 dekabr 2018-ci il tarixli 009A********** saylı kredit müqaviləsinə əsasən 7.000 (yeddi min) manat məbləğində pul götürmüşdür. Faizi ilə birlikdə 9.000 (doqquz min) manat pul edir. İddiaçının oğlu hər ay 270 (iki yüz yetmiş) manat ödəniş edir, iddiaçı isə 108 (yüz səkkiz) manat aylıq ödəniş edir. İddiaçıya dəymiş maddi zərərlər, məhz Cavabdeh günahı ucbatından baş vermiş, uşağının xəstəliyi ilə əlaqədar banklardan kredit pul götürmək məcburiyyətində qalmışdır. İddiaçının qızı Həsənli (İsgəndərova) Esmira Yediyar qızı uzun sürən xəstəlikdən sonra, 01.06.2020-ci il tarixdə gecə halı pisləşmiş, təcili olaraq ona təcili yardım çağırılmış, təcili yardımla Bakı şəhəri Qara-Qarayev adına Vərəm dispanserinə xəstəxanaya çatdırılmış, orada ona ilkin yardım göstərilmiş və qızın vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. 09.06.2020-ci il tarixdə səhərə yaxın qızın vəziyyəti yenidən pisləşmiş və həkimlər bu səfər onun xilas edə bilməmişlər, iddiaçının qızı səhərə yaxın saat 04:00-da elə xəstəxanada vəfat etmişdir. 13 iyun 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə də verilmişdir. Cavabdeh günahı ucbatından iddiaçı gənc qızını itirəsi oldu. Bundan başqa, cavabdehə görə 16.02.2018- ci il təvəllüdlü Xatun adlı (nəvəsi) qızı yetim qoydu. Əgər, Cavabdeh iddiaçının qızını əməliyyat etməsəydi, Moskva həkimlərinin diaqnozuna əməl etsəydi qızı onda sağ qalardı. İddiaçı qızının vəfatından güclü stress və sarsıntı keçirmiş, müəyyən müddət sağlamlığı pozulmuş, mənəvi iztirab və sarsıntılara görə işə çıxa bilməmişdir. Hər an qızının siması gözünün qabağından keçir. Gənc övladını sonuncu mənzilə yola salmaq hər bir valideyn (ata) üçün böyük fəlakətdir. Göründüyü kimi, Cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi zərərlə yanaşı, ona mənəvi zərər də dəymişdir. Bununla yanaşı, bu hadisə Cavabdeh tamahkarlığından və günahı ucbatından baş verdiyindən onun əməlində cinayət hərəkətləri olduğundan, barəsində xüsusi qərardad çıxarılmalı və bu barədə prokurora məlumat verilməlidir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya dəymiş maddi zərərə görə 9000 (doqquz min) manat, qızının vəfatı ilə əlaqədar olaraq iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi məqsədilə cavabdehdən iddiaçının xeyrinə 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi, Cavabdeh barəsində xüsusi qərardad çıxarılması və Prokurorluğa məlumat verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar əsassızdır. Belə ki, iddiaçının qeyd etdiyi məbləğ iddiaçının qızı xəstəxanada əməliyyat olunarkən və əməliyyatdan sonra orada qaldığı müddətdə iddiaçının qızına xərclənib. Həmçinin, iddiaçının qızı əməliyyat olunan zaman heç bir həkim səhvinə yol verilməmişdir. İddiaçının qızının ölümünün səbəbini bilmir, lakin ölümün səbəbi onun etdiyi əməliyyatın nəticəsi olmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 13 iyun 2020-ci il tarixli, AZ-İİ № 045354 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 09.06.2020-ci ildə beyin ödemi səbəbindən Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş 21.10.2020-ci il tarixli məktubdan görünür ki, xəstə 07.12.1990-cı il təvəllüdlü, X4 Milli Onkologiya Mərkəzinə ilk dəfə 07.05.2018-ci il tarixində 1 saylı X6 tərəfindən “Divararalığında limfoma” kimi dəyərləndirilən törəmənin (limda düyünlərinin konqlomeratı) morfoloji verifikasiyası üçün göndərilmişdir, (xəstəlik tarixi P4820/18, amb kart 5377/18). Xəstə Milli Onkologiya Mərkəzinin kosiliumuna təqdim olunmuş və konsiliumun 11.05.2018-ci il tarixli, 7417 8 saylı qərarı N1105 protokoluna əsasən cərrahi üsulla Döşdaxili limfadüyünlərinin biopsiyasını aparmaq qərarı verilmiş, 17.05.2018-ci il tarixində “Sağ tərəfli mini forokotomiya, divararalığı absesin açılması, icra edilmiş, möhtəviyyat ilə yanaşı irinli nekrotik toxuma komponentləri müayinə üçün götürülmüşdür. Patoloji rəy: 10793/18 (Dektruktiv nekrotik iltihab,abses möhtəviyyatı, funqal infeksiya əlamətləri) olmuşdur. Əməliyyatdan sonra xəstədə gözlənilən fəsad- Divaryanı məhdud pnevmotoraks qeyd edilmiş, aseptik cibləşmə əmələ gəldikdən sonra gələcək müalicə üçün X2 müraciət etməsi tövsiyə olunmuş və bu məqsədlə 11.06.2018-ci il tarixində evə yazılmışdır. Xəstənin atası İddiaçı müxtəlif təşkilatlara etdiyi şikayətləri tərəflərindən ətraflı araşdırılmış, son olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş mütəxəssislərindən ibarət komissiya yaradılaraq araşdırma aparılmış, beləliklə aparılmış cərrahi əməliyyat diaqnostik xarakter daşımış, konsiliumun qərarı və cərrahi taktikasının düzgün olduğu qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3 604/KEŞ saylı, 07.01.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Həsənli (İsgəndərova) Esmira Yediyar qızı 14.05.2018-ci il tarixdə Milli Onkologiya Mərkəzinə müraciət etmişdir. Xəstənin klinik və obyektiv müayinəsindən sonra konsiliumun qərarı ilə döşdaxili limfadüyünlərinin biopsiyasının aparılması qərar verilmiş və 17.05.2018-ci il tarixdə “Sağ tərəfli mini forokotomiya, divararalığının açılması” əməliyyatı icra edilmişdir. Götürülmüş makropreparatın patohistoloji müayinəsi aparılmış və müayinə cavabında onda “Distruktiv nekrotik iltihab. Abses möhtəviyyatı. Funqal infeksiyası”nın olduğu müəyyən edilmişdir. Beləliklə Həsənli (İsgəndərova) Esmira Yediyar qızına Milli Onkologiya Mərkəzində təyin edilmiş diaqnoz aparılmış müvafiq müayinələr əsasında düzgün olmuşdur. Həsənli (İsgəndərova) Esmira Yediyar qızının üzərində icra edilmiş “sağ tərəfli mini forokotomiya, divararalığı absesin açılması” əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Həsənli (İsgəndərova) Esmira Yediyar qızının meyiti müayinə olunmadığı üçün onun ölümündə hansı səbəbin həlledici olması haqqında fikir söylənilməsi mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5”nin 220 saylı, 19.05.2021-ci il tarixli təkrar ekspert rəyindən görünür ki, Həsənli (İsgəndərova) Esmira Yediyar qızı 14.05.2018-ci il tarixdə Milli Onkologiya Mərkəzinə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra konsiliumun qərarı ilə döşdaxili limfadüyünlərinin biopsiyası və “Sağ tərəfli mini torokotomiya, divararalığının açılması” əməliyyatının icrasına qərar verilmiş, həmin tarixdə onun üzərində cərrahi əməliyyat aparılmışdır. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, antibakterial və antifunqal terapiya aparılmışdır. Patohistoloji müayinənin nəticəsinə əsasən, “Distruktiv nekrotik iltihab. Abses möhtəviyyatı. Funqal infeksiyasının olduğu müəyyən edilmişdir. Həsənli (İsgəndərova) Esmira Yediyar qızına Milli Onkologiya Mərkəzində təyin edilmiş diaqnoz aparılmış müvafiq müayinələr əsasında düzgün olmuşdur. Həsənli (İsgəndərova) Esmira Yediyar qızının üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Həsənli (İsgəndərova) Esmira Yediyar qızının meyiti müayinə olunmadığından onun ölümünün səbəbi haqqında fikir söylənilməsi mümkün olmadı. Milli Onkologiya Mərkəzində döşdaxili “Sağ tərəfli mini torokotomiya, divararalığının açılması” əməliyyatı absesləşmiş limfa düyünlərinin biopsiyası və absessin drenajı məqsədilə icra olunmuşdur və bu cərrahiyyə əməliyyatının aparılmasına əks göstəriş olmamışdır. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi- törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü- mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona cavabdeh tərəfindən maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-598/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-598/2021
28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver