Məhkəmə qərarları › İş №2(006)-600/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-600/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-600/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı SŞ ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı «subroqasiya tələbinin təmin edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SŞ ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı «subroqasiya tələbinin təmin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 məxsus və İddiaçı SŞ ASC-də sığortalanmış «Chevrolet Aveo» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzinə 4.350 manat sığorta ödənişi məbləği, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu, 40 qəpik xidmət haqqı olmaqla, cəmi 4.380 manat 40 qəpik pul vəsaitinin cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı SŞ ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı SŞ ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə idarə etdiyi «Kamaz 54115-010» markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun Bakı istiqamətində hərəkət edərkən Bakı-Quba yolunun 28-ci km-ə çatan zaman qarşısında hərəkət edən X4 məxsus və İddiaçı SŞ-də sığortalanmış «Chevrolet Aveo» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, «Kamaz 54115-010» markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Cavabdeh2 MMC-nin mülkiyyətində olan «Kamaz 54115-010» markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Belə ki, həmin Qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-12/2013 saylı qərarında öz əksini tapmışdır. Zərərin qiymətləndirilməsinə dair «X6» MMC-nin xx.xx.2012-ci il tarixli Preyskurantına uyğun olaraq, «Chevrolet Aveo» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə 9.638 manat zərər təyin edilmişdir. İddiaçı SŞ ASC-nin avtomobilin qalıqlarına olan hüquqlarından imtina etməsi şərti ilə, avtomobilin sığorta hadisəsi baş vermə anından əvvəlki bazar qiyməti olan 10.000 manat («X6» MMC-nin təqdim etdiyi xx.xx.2012-ci il tarixli Preyskurantına uyğun olaraq avtomobilin yol-nəqliyyat qəzasından sonrakı qalıq dəyəri 2.500 manat; «X6» MMC-nin təqdim etdiyi xx.xx.2012-ci il tarixli Preyskurantına uyğun olaraq və sığorta müqaviləsində nəzərdə tutulmuş 300 manat franşiza (azadolma məbləği)) çıxılmaqla MİP-120990-B22 saylı sığorta müqaviləsinin 869/2012 saylı sığorta aktına əsasən İddiaçı SŞ ASC sığortalıya 7.200 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehlə aparılan danışıqlar nəticəsində, yaranmış 7.200 manat borc öhdəliyinin cavabdeh tərəfindən ödənilməsinə dair razılıq əldə olunmuş və sonuncu tərəfindən 2.850 manat ödəniş həyata keçirilmiş, razılaşma qalan hissədə pozulmuş və yerinə yetirilməmişdir. Hesab edirlər ki, qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı SŞ ASC-yə qalan 4.350 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, haqqında bəhs edilən yolnəqliyyat hadisəsində zərər çəkən Mülki Məcəllənin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı SŞ ASC zərər çəkənə zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində sığortaçıya keçmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 MMC-nin nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2012-ci il tarixdə bağlanmış MİP-120990-B22 nömrəli sığorta müqaviləsinə əsasən X4 məxsus olan «Chevrolet Aveo» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi avtonəqliyyat vasitələrinin sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2012-ci il tarixdə Cavabdeh1 idarə etdiyi «Kamaz 54115-010» markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolu ilə Bakı istiqamətində hərəkət edərkən, yolun 28-ci km-ə çatan zaman qarşısında hərəkət edən X4 məxsus «Chevrolet Aveo» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş (sürücü qarşısında hərəkət edən avtomobillə düzgün ara məsafəsi saxlamamış, həmin avtomobil yolun kənarında dayanan zaman onunla toqquşmuşdur), nəticədə sonuncuya maddi ziyan vurmuşdur. «Performance Center» tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ziyan aktına (preyskuranta) əsasən «Chevrolet Aveo» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün (dəymiş ziyanın aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına və təmir işlərin görülməsinə) cəmi 9.638 manat tələb olunur. Preyskurantda həmçinin qeyd olunmuşdur ki, avtomobilin sığorta hadisəsi baş vermə anından əvvəlki bazar qiyməti 10.000 manat, yol-nəqliyyat qəzasından sonrakı qalıq dəyəri 2.500 manat təşkil edir. xx.xx.2012-ci il tarixli MİP-1 seriyalı 869/2012 saylı sığorta aktına əsasən İddiaçı SŞ ASC tərəfindən 7.200 manat sığorta məbləğinin X4 ödənilməsi qərara alınmış və xx.xx.2012-ci il tarixli ödəniş tapşırığına əsasən həmin sığorta məbləği X3 hesabına köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh1 tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Cavabdeh1 7.200 manat sığorta ödənişi məbləğindən 2.850 manat ödəniş etmiş, lakin qalan 4.350 manat sığorta ödənişini iddiaçıya ödəməmişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, vurulmuş zərər həmin zərəri vurmuş Cavabdeh1 tutulmalıdır. Sığorta məbləğinin həmçinin Cavabdeh2 MMC-dən tutulması üçün qanuni əsas mövcud deyil. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4.350 manat sığorta ödənişi üzrə qalıq məbləğ və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı SŞ ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4.350 manat sığorta ödənişi üzrə qalıq məbləğ və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı SŞ ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar