Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6057/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçılar Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “inkasso sərəncamının qoyulması öhdəliyinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “inkasso sərəncamının qoyulması öhdəliyinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmanətlərin Sığortalanması X1 hesablarında İddiaçı2 ödənilməsi üçün 13082 manat vəsaitə inkasso sərəncamının qoyulması öhdəliyinin Mərkəzi Banka həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, "xxxx" ASC ilə İddiaçı2 və digər şəxslər arasında məhkəmə mübahisəsi yaranmış, mübahisəyə baxılıb Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-1624/2018 saylı qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun əsasında icra sənədi verilmiş və icra olunması məqsədilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə ünvanlanmışdır. İcra sənədinin icrası mərhələsində bankla İddiaçı2 məhkəmə qərardadı əsasında qarşılıqlı tələblərinin əvəzləşdirilməsi prosesi həyata keçirilmiş, lakin təqdim edilmiş sənədlərlə icra sənədinin icrasının başa çatmadığı müəyyən edilmişdir. Belə ki, qeyd edilən icra sənədi üzrə icra tədbirlərini həyata keçirmək səlahiyyətinə malik olan qurum hazırda “Əmanətlərin Sığortalanması Fondu”nun Mərkəzi Bankda olan hesablarında İddiaçı2 ödənilməsi üçün 13082 manat vəsaitə inkasso sərəncamının qoyulması öhdəliyinin Mərkəzi Banka həvalə edilməsi” tələbi ilə çıxış etmiş olsa da, həmin tələbə iddia icraatı qaydasında baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilmir. Belə ki, mülki məhkəmə icraatı qaydasında baxılan işlərin dairəsi qanunvericiliklə müəyyən edilmişdir. Mülki prosessual qanunvericiliyə görə ümumi məhkəmələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə, eləcə də xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar (Mülki Prosessual Məcəllənin 25-ci maddəsi). Hazırki tələbdən isə icra sənədinin icra edilməsi məqsədilə irəli sürülmüş olsa belə, həmin məsələyə icra icraatı qaydasında baxılıb həll edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizənin yuxarıda sadalanmış olan səbəblərə görə iddia icraatı qaydasında baxılmasının mümkünsüz olması ilə yanaşı məhkəmə onu da qeyd edir ki, ərizə prosessual tələblərə də cavab vermir. Əvvəla ərizədə tərəflər düzgün göstərilməmiş, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi iddiaçı, İddiaçı2 isə tələbkar qismində qeyd edilmişdir. Halbuki ərizə iddia icraatı qaydasında verildiyi zaman tərəflər dedikdə iddiaçı və yaxud cavabdeh, icra icraatı qaydasında verildiyi zaman isə tələbkar və yaxud borclu başa düşülür. Digər tərəfdən ərizə bir neçə iddiaçı və yaxud tələbkar tərəfindən birlikdə verildiyi zaman onların hər biri tərəfindən imzalanmalı və yaxud ərizəni imzalamaq səlahiyyəti nümayəndəyə həvalə edilməlidir. Hazırki ərizə isə yalnız Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Bununla da mülki prosessual qanunvericiliyin 149-152-ci maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin və İddiaçı2 iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçılara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “inkasso sərəncamının qoyulması öhdəliyinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçılara qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-6057/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6057/2024
20.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver