Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-606/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-yə qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin üzərində cavabdehin qanunsuz sahibliyinin qadağan edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi 15 saylı evin 12 saylı mənzilinin üzərində cavabdehin qanunsuz sahibliyinə qadağan olunması, mənzlin əvvəlki vəziyyətinə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənzilin sahibliyinə qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti “Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” tərəfindən 25.10.2005-ci ildə verilmiş ÖM seriyalı N.9248523 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri Nəsimi rayonu, R.Axundov küçəsi 15 saylı evin 1/5 hissəsi onun xüsusi mülkiyyətindədir. Səhhəti ilə bağlı problemlər olduğundan və COVİD-19 pandemiyasından qorunmaq üçün, müvəqqəti anadan olduğu Sabirabad rayonuna getmişdi. Qayıdan zaman cavabdeh maşınqayırma MTK tərəfindən mülkiyyətində olan evinin söküldüyünü gördü. Bir anlıq dünya başına fırlandı, mənəvi sarsıntı keçirdi, çox dərin iztiraba məruz qaldı. Cavabdeh idarənin səlahiyyətli şəxsləri ilə görüşüb, mülkiyyətində olan evinin bərpa edilməsini tələb etdi, lakin cavabdeh təşkilatın səlahiyyətli şəxsləri onun qanuni tələbini yerinə yetirməkdən imtina etdilər. Mülkiyyət hüquqları cavabdehin əməkdaşları tərəfindən pozulduğundan, məhkəməyə müraciət etmək qərarına gəldi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan cavabdehə münasibətdə rədd edilməlidir. Belə ki, məhkəmə iİk növbədə müvafiq şəxsin subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən onun hüquqlarını pozubpozmamasını araşdırmalıdır. Hazırkı iş üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi mövcud iddiaya qarşı cavab verməli olan tərəf deyildir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu R. Axundov küçəsi 15 saylı evin 12 saylı mənzilinin sökülüb bərpa edilməsinə dair 21 sentyabr 2021-ci il tarixli 56 saylı «Əvəzləşdirmə müqaviləsi» bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək söküntüsü nəzərdə tutulmuş ünvan 1 ünvanında yerlşən mülkiyyətçiyə məxsus hüquqi sənəd əsasında sahəsi 27.5 kv.m faktiki sahəsi 39.68 kv.m olan mənzilin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın B blokunun, 5-ci mərtəbəsində 42 kv.m-dən ibarət təmirsiz və B blokunun 6-a mərtəbəsində 42 kv.m-dən ibarət təmirli mənzilləri mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Mənzil təhvil verilənə qədər hər ay mülkiyyətçiyə 400 manat kirayə haqqı verməyi cavabdeh “Maşınqayıran ” Mənzil- Tikinti Kooperativi öz üzərinə götürmüşdür. Göründüyü kimi mülkiyyətçinin evinin əvəzinə “Maşınqayıran’’ Mənzil-TikintiKooperativi tərəfindən artıqlaması ilə 2 yeni mənzil verilmişdir həmçinin hazırkı iddiaçının mülkiyyətçi olmasından "xxxx" Mənzil-Tikinti Kooperativinin xəbəri olmamışdır və digər mülkiyyətçi olan Pərvanə Kərimova tərəfindən “Maşınqayıran Mənzil-Tikinti Kooperativinə hər hansı məlumat verilməmişdir. Hazırkı əvəzləşdirmə müqaviləsi barədə mülkiyyətçi X5 həyat yoldaşı İddiaçı məlumat verməli idi. Lakin həmin məlumatı verməyərək Pərvanə Kərimova hüquqdan sui-istifadə etmişdir. Yəni “Maşınqayıran’’ Mənzil-Tikinti Kooperativinin iddiaçının hüquqlanrının pozulması ilə bağlı hər-hansı təqsiri mövcud deyildir. Bu mənada hazırkı iddiaya cavab verməli olan şəxs iddiaçının keçmiş həyat yoldaşı digər şəxs X2r. Əldə edilmiş məlumata görə İddiaçı 17 ildir ki, sökülən mənzildə yaşamamışdır. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 248523 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu R.Axundov küçəsi 15 saylı evin 12 saylı mənzilin 4/5 hissəsi X1, 1/5 payı İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 258 saylı reyestr kitabının 37464-cü səhifəsində 25.10.2005-ci il tarixdə 30/658 nömrə ilə qeydə alınmışdır. "xxxx" MTK ilə X5 arasında bağlanılmış 21.09.2021-ci il tarixli, 56 nömrəli “Əvəzləşdirmə müqaviləsi”nin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu R.Axundov küçəsi 15 saylı evin 12 saylı mənzilinin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın B blokunun, 5-ci mərtəbəsində 42 kv.m-dən ibarət təmirsiz və B blokunun 6-a mərtəbəsində 42 kv.m-dən ibarət təmirli mənzilləri mülkiyyətçi - X3 verməyi öhdəsinə götürmüşdür. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından güründüyü kimi "xxxx" MTK ilə X5 arasında 21.09.2021-ci il tarixli, 56 nömrəli müqavilə bağlanılmışdır. Həmin Müqaviləyə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu R.Axundov küçəsi 15 saylı evin 12 saylı mənzilin "xxxx" MTK tərəfindən sökülməsinə icazə vermiş, "xxxx" MTK isə həmin mənzilin əvəzinə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın B blokunun 5-ci mərtəbəsində yerləşən 42 kv.m-dən ibarət təmirsiz və B blokunun 6-a mərtəbəsində yerləşən 42 kv.mdən ibarət təmirli mənzilləri güzəştli şərtlərlə X1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı Bakı şəhəri, Nəsimi rayonu R.Axundov küçəsi 15 saylı evin 12 saylı mənzilinin 1/5 hissəsinə mülkiyyət hüququnun olmasına istinadən məhkəmədən mübahisəli mənzilin üzərində cavabdehin qanunsuz sahibliyinə qadağan olunması, mənzlin əvvəlki vəziyyətə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənzilin onun sahibliyinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddiada iddiaçının istinad etdiyi qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddələri təşkil edir. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:
1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;
2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;
3. Həmin hərəkətlər hüquqazidd olmalıdır. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Belə ki, etibarlılığı mübahisələndirilməmiş və hal-hazırda öz hüquqi qüvvəsini saxlayan müqaviləyə əsasən mübahisəli əmlakın iş üzrə məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş digər paylı mülkiyyətçinin sahibliyinə verilməsi nəzərdə tutulmuş və bu müqavilə üzrə hərəkət edən cavabdeh "xxxx" MTK-nın hərəkətlərinin hüquqazidd kimi təfsir edilməsi, müqavilə qüvvədə ikən, hazırki icraatda yolverilməzdir. Halbuki iddiaçının öz əmlakından məhrum olmasına əsas X1 hərəkətləri (hərəkətsizliyi) və onunla şirkət arasında bağlanmış 21.09.2021-ci il tarixli, 56 nömrəli “Əvəzləşdirmə müqaviləsi” olmuşdur. İddiaçı isə həmin müqaviləni mübahisələndirməmiş və ya X1 mülkiyyətinə müqaviləyə əsasən veriləcək mənzillərin üzərində öz mülkiyyət hüququnun tanınmasına iddia etməmiş, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" MTK-yə qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin üzərində cavabdehin qanunsuz sahibliyinin qadağan edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Cəmilə Musayeva