Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-608/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndələri X5 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1rşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 200 manat, mənəvi zərərə görə 2.000 manat və ödədiyi 30 manat dövlət rüsumunun, ümumilikdə 2230 manat pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2016-cı il tarixdə Yasamal rayon Məhkəməsi tərəfindən ona qarşı inzibati xəta haqqında protokola əsasən 200 manat cərimə tətbiq etməklə qərar qəbul edilmişdir. Qərardan apelyasiya şikayəti versə də, Apelyasiya Məhkəməsi Yasamal rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Yekunda o, bu 200 manat cəriməni “Kapital Bank” vasitəsilə ödəmişdir. Lakin bir müddət keçdikdən sonra Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru ona bildirmişdir ki, avtomobilinə həbs qoyulmuşdur. O, icraçıya bildirmişdir ki, cəriməni ödəmişdir, amma qəbzlər olmadığından Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə müraciət etmişdir. Həmçinin Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru Nərimanov rayon Dövlət Sosial Müdafiə Fonduna icra qərarını yollayaraq onun pensiyasından 200 manat pul çıxmışdır. Bununla bağlı o, Maliyyə Nazirliyinin Dövlət X2 rayon İcra və probasiya şöbəsi vasitəsilə sorğu göndərmişdir. Ancaq sorğuya cavab göndərərkən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi bildirmişdir ki, ödəniş qəbz sənədini təqdim etsin. Yekunda onlar şifahi olaraq ona bildirmişlər ki, 200 manatdan 70 manat ödənişi var, amma onlar bununla bağlı ona sənəd verə bilməzlər. Nəticədə onu incidərək əsəb xəstəliyi keçirməsinə səbəb olmuşlar. Bütün hüquqları kobud şəkildə Maliyyə Nazirliyi tərəfindən pozulmuşdur. Avtomobili həbsdə ola-ola onu yol polisləri saxlayırdı. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 200 manat artıq ödədiyi pulun ona qaytarılmasına səhlənkar yanaşmışdır. Səhlənkarlığın və ona qarşı ədalətsizliyin nəticəsində ona 200 manat maddi və 2.000 manat ayrı-ayrı xərclərə görə mənəvi ziyan dəymişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı 3 dəfə ödəniş etdiyini deyir. Bir ödənişin tarixini və bankın adını demiş, onlar tapmışlar. Digər 60 və 70 manatı nə vaxt və hansı banka ödədiyini bilmir. Bunu tərəflərdən müəyyən etmək mümkün deyil. Onlar sistemdə bütün axtarışları etmiş, iddiaçının adı çıxmamışdır. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 digər nümayəndə X3 dediklərinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən İddiaçı ünvanlanan xx xxxxxxx 2020-ci il tarixli, DA01/xxxx-1116 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində cəmi 200 (iki yüz) manat məbləğində vəsaitin ödənilməsi barədə iddiaçının ərizəsinə baxılmış və bildirilmişdir ki, ərizədə göstərilən cəmi 200 (iki yüz) manat məbləğində vəsaitdən 70 (yetmiş) manat xx xxxx 2016-cı il tarixdə məhkəmə əmri haqqında ərizələrə görə dövlət rüsumu tədiyyəsi üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xəzinə hesabına mədaxil olunmuşdur. Vəsaitin geri qaytarılması məsələsinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na uyğun olaraq vəsaitin büdcəyə daxil olmasını təmin edən müvafiq vergi orqanının rəyi təqdim edildikdən sonra baxıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, ödənilmiş vəsaitin geri qaytarılması üçün vergilərin büdcəyə yığılmasını təmin edən müvafiq vergi orqanına müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın: -2.1 və 2.1.1-ci bəndlərinə əsasən ödənilmiş dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə qismən və ya tamamilə qaytarılır. -3.3-cü bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. -4-cü bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. -5-ci bəndinə əsasən vergi orqanı dövlət rüsumunu tutan orqanın düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu haqqında arayışındakı məlumatlar ilə həmin orqanın dövlət büdcəsinə ödədiyi rüsum məbləğləri barədə məlumatları müqayisə edir. Müqayisə nəticəsində kənarlaşma aşkar olunmadıqda, vergi orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması barədə müvafiq qaydada təsdiq olunmuş 4 nüsxədə rəy tərtib edir. Tərtib olunmuş rəyin 2 nüsxəsi dövlət rüsumunu tutan orqanın arayışının daxil olduğu tarixdən 15 gün müddətində düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu məbləğini qaytarmalı olan müvafiq yerli maliyyə orqanına göndərilir. Tərtib olunmuş rəy nəticəsində büdcədən faktiki qaytarılmış rüsum məbləğləri maliyyə orqanlarının rəsmi məlumatlarına əsasən büdcə daxilolmaları barədə müvafiq hesabatlarda nəzərə alınır. Dövlət rüsumunun səhvən qaytarıldığı bütün hallarda vergi orqanı qanunvericiliklə müəyyən edilmiş qaydada həmin məbləğlərin ödənilməsini tələb etməlidir. -6.1-ci bəndinə görə maliyyə orqanı vergi orqanı tərəfindən verilmiş rəyləri qəbul edir, zərurət yarandıqda maliyyə orqanı əlavə məlumatlar tələb edə bilər. -6.2-ci bəndinə görə mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanı tərəfindən təqdim olunmuş rəylərin bir nüsxəsi 5 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir. -6.3-ci bəndinə görə maliyyə orqanı düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokola əsasən İddiaçı 200 manat məbləğində cərimə tətbiq edilmişdir. İddiaçı həmin məbləği ödədiyini, lakin buna baxmayaraq pensiyasından yenidən 200 manat pulun tutulduğunu bildirərək həmin pulun geri qaytarılması üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı 200 manat məbləğində vəsaitin 70 manatının xx xxxx 2016-cı il tarixdə məhkəmə əmri haqqında ərizələrə görə dövlət rüsumu tədiyyəsi üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xəzinə hesabına mədaxil olunduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi pul vəsaitinin 70 manat məbləğində hissəsini cavabdehdən tələb etməkdə haqlı olduğu sübuta yetirilsə də, pulun qalan hissəsi ilə bağlı tələbinin əsaslı olması sübuta yetirilmir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyindən iddiaçıdan artıq tutulmuş 70 manat pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, iddiaçının qalan 140 manat pul vəsaitinə dair iddiası isə əsassız olduğundan təmin edilməməlidir. Tələbin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları bildirir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində və məhkəmə baxışı zamanı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulmasını qeyd etsə də, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, yuxarıda göstərilən hallarla əlaqədar (iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri) hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 10 manat məbləğində hissəsi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyindən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyindən 70 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia digər hissələrdə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyindən 70 (yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyindən tutularaq İddiaçı ödənilsin. İddia digər hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-608/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-608/2021
15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver