Məhkəmə qərarları › İş №2(006)-612/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-612/2020

09.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-612/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə evinə su sızmasına səbəb olan su borusunun təmir edilməsi, su sızması nəticəsində evinin zərər dəymiş hissəsinin cavabdehin hesabına təmir olunması, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzilə su damması ilə əlaqədar yaranmış zərərin Cavabdeh onun xeyrinə tutulması, bu zərərə səbəb olmuş nasazlığın (su sızmaya səbəb olan nasazlığın) aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon H.Seyidzadə küçəsi 11 saylı evin 21 saylı mənzili tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evin 24 saylı mənzili isə Cavabdeh məxsusdur. Cavabdehin mənzili onun mülkiyyətində olan mənzilin üstündə, digər mərtəbədə yerləşir. Cavabdeh mənzilinin su təchizatının vəziyyətinə nəzarət etmədiyindən, 24 nömrəli mənzildən onun mənzilinə mütəmadi olaraq su sızır. Nəticədə, ona məxsus mənzildə dəhlizin və hamamın divarları, tavanı və döşəməsi yararsız hala gəlmişdir. Cavabdehdən dəfələrlə su axıntısının qarşısını almasını və ona dəymiş ziyanı ödəməsini tələb etsə də, cavabdeh bundan imtina edir. O, artıq uzun müddətdir ki, öz şəxsi mənzilində yaşaya bilmir. Cavabdehin səhlənkarlığı ucbatından o, öz mülkiyyətindən istifadə edə bilmir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu H.Seyidzadə küçəsi 11 saylı evin 21 saylı mənzili İddiaçı mülkiyyətində, Bakı şəhəri Nəsimi rayonu H.Seyidzadə küçəsi 11 saylı evin 24 saylı mənzili isə Cavabdeh mülkiyyətindədir. 77 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş aktdan göründüyü kimi, 24 saylı mənzildən 21 saylı mənzilə su sızması nəticəsində 21 saylı mənzilə ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 24337 saylı rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon H.Seyidzadə küçəsi 11 saylı evin 21 saylı mənzilinin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də iş materiallarında olan 77 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon H.Seyidzadə küçəsi 11 saylı evin 21 saylı mənzilinə yuxarı mərtəbədəki 24 saylı mənzildən suyun sızması müəyyən olunur. Lakin 24 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də, 21 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon H.Seyidzadə küçəsi 11 saylı evin 21 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 502 manat məbləğində olduğu müəyyən edilir. Rəyə tədqiq olunan mənzildə aparılmalı təmir-bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon H.Seyidzadə küçəsi 11 saylı evin 21 saylı mənzilinə 502 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 24 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Beləliklə, maddi zərərin ödənilməsi tələbinə dair iddia təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, mənzilə vurulmuş zərərə görə 502 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 532 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon H.Seyidzadə küçəsi 11 saylı evin 24 saylı mənzilindən iddiaçının həmin ünvanda yerləşən 21 saylı mənzilinə su sızıntısına səbəb olan nasazlığın aradan qaldırılması Cavabdeh həvalə olunmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Mənzilə vurulmuş zərərə görə 502 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 532 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon H.Seyidzadə küçəsi 11 saylı evin 24 saylı mənzilindən iddiaçının həmin ünvanda yerləşən 21 saylı mənzilinə su sızıntısına səbəb olan nasazlığın aradan qaldırılması Cavabdeh həvalə olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar