Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6125/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı X1, onun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiası təmin edilmiş, 8.300 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27.09.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, cavabdehin apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27.09.2019-cu il tarixli qətnaməsi ilə qanuni qüvvəsini almış, icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 21.01.2020-ci il tarixli qərarı və məktubu ilə icra sənədi icra olunması üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Artıq bir ildən çoxdur ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi icra olunmur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadurovun hərəkətsizliyinin qanunsuz hesab olunmasına və icra sənədinin dərhal icra olunmasına dair qərar çıxarılmasına dair ərizəsi təmin olunmuş, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadurovun Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməklə ona icra sənədinin dərhal icra olunmasının təmin edilməsi həvalə edilmişdir. Məhkəmənin bu qərardadını da icra etmirlər. Cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarını icra Baş İdarəsinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanunsuz hərəkətsizliyi nəticəsində ona külli miqdarda 10.000 manat maddi və 5.000 manat mənəvi ziyan dəymişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət orqanı hesab edilən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadurovun hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş maddi ziyan kimi 10.000 manat, mənəvi ziyan kimi 10.000 manat, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməməsinə görə 5000 manat maddi, 10.000 manat mənəvi zərərə görə pul alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı X3 və onun nümayəndəsi X6 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)- 210/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadın surətindən görünür ki, tələbkar X1 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Şakir Bahadurovun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə və icra sənədinin dərhal icra olunmasına dair şikayəti təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Şakir Bahadurovun Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməklə ona icra sənədinin dərhal icra olunmasının təmin edilməsinin həvalə edilməsi qərara alınmışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli icra vərəqəsindən müəyyən olunmuşdur ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi kimi 8800 mnat tutularaq iddiaçı X2 ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 27.09.2019-cu il tarixli 2(103)-12177/2019 saylı qətnaməsindən müəyyən olunmuşdur ki, cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli qətnaməsi cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin 15.01.2020-ci il tarixli e5358/2020-5-22 saylı məktubundan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı 10.06.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin 21.01.2020-ci il qərarından müəyyən olunmuşdur ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli sənədi icra olunması üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin 04.02.2020-ci il tarixli 17/68-5358/20-4 saylı məktubundan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 manat məbləğində sığorta ödənişinin tələbkar X1 xeyrinə ödənilməsinə dair Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı 10.06.2019-cu il tarixli icra vərəqəsi icra olunması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin 18.03.2020-ci il tarixli 17/68-5358/20-14 saylı məktubundan müəyyən olunmuşdur ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli icra sənədi Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilmiş, lakin tələb olunan məbləğ tələbkarın xeyrinə ödənilməmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli icra sənədinin icrasını təmin edib, Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə məlumat verilməsi borludan tələb olunmuşdur. Şikayətə məhkəmə baxışı zamanı icra məmurunun icra sənədini icraata qəbul etdikdən sonra təyin etdiyi könüllü icra müddətində borclu tərəfindən icra sənədinin icrasını təmin etməməsini müəyyən etsə də, sonuncuya qanuni qüvvəsini alan məhkəmə aktının icrasının təmin edilməsini tələb edən məktublar göndərməklə kifayətlənmiş, borclu barədə məcburi icra tədbirləri tətbiq etməmiş, nəticədə məhkəmə aktı qanunla müəyyən olunan müddətdə icra edilməmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallarından və tərəflərin verdikləri izahatlarından məlum olur ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi kimi 8800 manat tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27.09.2019-cu il tarixli 2(103)- 12177/2019 saylı qətnaməsi ilə cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 3030/2019 saylı, 10.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qüvvəyə minmiş məhkəmə qətnaməsi icraya yönəldilməsinə baxmayaraq, icra sənədi icra olunmamışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-210/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadı ilə tələbkar X1 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Şakir Bahadurovun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə və icra sənədinin dərhal icra olunmasına dair şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Şakir Bahadurovun Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməklə ona icra sənədinin dərhal icra olunmasının təmin edilməsinin həvalə edilmişdir. Hazırda isə İddiaçı icra sənədinin icra olunmaması nəticəsində ona maddi və mənəvi zərər yetirildiyini bildirərək, göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Əlisahib Əzizov hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehlər tərəfindən ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı öz iddia tələblərinin əsasını təşkil edən halları qanunla müəyyən olunmuş qaydada sübuta yetirə bilmədiyi üçün onun iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6125/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6125/2021
03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver