Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-617/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat borcun və ödədiyi 90 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq İddiaçı hal-hazırda ünvan 1 ünvanda yaşayır. Şikayətçi olduğu Cavabdeh onun tanışı olmuşdur. 2022-ci ilin mart ayında Bakı şəhərində “Qoşa Qala”-nın yanında Cavabdeh ilə tanış olmuşdur. Təxminən tanışlıqlarından 5-6 ay keçdikdən sonra Günel ilə ailə qurmaq barədə razılaşmışdılar (sonradan iddiaçıya məlum oldu ki, Günelin niyyəti evlənmək deyil). O, özü ev alqı-satqısı ilə məşğul olur. Günel bildirdi ki, onda həmişə pul olur. Günel ona təklif etmişdir ki, iddiaçı ona pul versin, o isə gələcək ailəsi üçün guya ev əşyaları və cehiz alsın. O da Günelə inanıb razılaşaraq və hissə-hissə ümumilikdə 12.000 manat Cavabdeh pul vermişdir. Sonuncu dəfə Günelə pulu Bakı şəhəri, Sahil metrosunun yanında yerləşən “KFC” restoranın yanında 500 manat pul vermişdir. Günel 12.000 manat pulu ondan alandan sonra verdiyi vədə əməl etmədi və heç bir cehiz əşyası almamışdır. Sonra onların aralarında pula görə münasibətləri pozuldu və o, Güneldən ayrılmaq qərarına gəldi. Onlar ayrılandan sonra Güneldən 12.000 manat pulunu tələb etməyə başladı. Lakin Günel pulunu qaytarmamışdır. O, polisə şikayət etdikdən sonra Günel ondan pul aldığını etiraf etmişdir. 2022-ci ilin sentyabr ayına kimi qaytaracağına söz vermişdir. O da Günelə inanıb polis bölməsində təkrar ərizə yazaraq aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdi. Lakin sonradan Günel onun pulunu qaytarmayacağını deyərək telefon zənglərinə cavab verməmişdir. Hətta 2023-cü ilin aprel aylarında onun üstünə 8-9 nəfər şəxs göndərərək onu hədələməyə başlamış və pulu verməyəcəyini bir daha demişdir. Halhazırda cavabdeh ondan aldığı 12.000 manatdan yalnız 7000 manatını Polis Şöbəsində etiraf etdiyindən, onun əlində Polis Şöbəsindəki cavabdehin ifadəsindən başqa sübutu olmadığından o, məcbur qalaraq yalnız 7000 manat pul tələbinə dair məhkəməyə müraciət etdi. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında əlavə olaraq bildirmişdir ki, onun Günelə verdiyi 11960 manat puldan Günel 4000 manat onun kart hesabına ödənişlər etməklə qaytarmışdır. Bununla bağlı kart hesabından çıxarışda göstərilən məbləğlər onun dediklərini təsdiq edir.Hazırda Günelin ona borcu 7000 manat təşkil edir. Onunla Günel arasında olan telefon yazışmalarında hər bir məsələ əks olunsa da, həmin məlumatlar telefonundan silindiyi üçün indi məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia tələbində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı onun haqqında polis idarəsinə şikayət etdiyi üçün qorxduğundan və İddiaçı anasının müalicəsi üçün təcili pula ehtiyacı olduğunu bildirdiyi üçün iddiaçıya müəyyən məbləğdə pul vermiş, həm də düşünmüşdür ki, İddiaçı pul versə, ondan əl çəkər. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddiaya etirazın məzmununa uyğun izahat verərək,iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materialları: Səbail RPİ-nin 39-cu PB-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş İddiaçı DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Səbail RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 39-cu PBdə HK-1, 228 nömrəsi ilə qeydiyyata alınmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ona məxsus olduğunu bildirdiyi bank kartından çıxarışdan görünür ki, hesab üzrə müxtəlif əməliyyatlar (mədaxil və məxaric) aparılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmişdir ki, tərəflər 2021ci ilin dekabr ayında sosial şəbəkədə tanış olmuş və ilk dəfə 2022-ci ilin yanvar ayında Nəriman Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Şeraton” restoranında görmüşlər. İddiaçının iddia ərizəsində qeyd etdiyi guya Bakı şəhərində “Qoşa Qala”nın yanında və 2022-ci ilin mart ayında tanış olmaları tamamilə uydurma olmaqla həqiqəti əks etdirmir. Tərəflər tanış olduqdan sonra ciddi sevgili münasibətlərində olmuş və evlənmək barədə düşünürmüşlər. Lakin, sonradan cavabdeh müəyyən etmişdir ki, İddiaçı öz həyatı ilə bağlı verdiyi məlumatların əksəriyyəti səhvdir. Məsələn, iddiaçı özündən başqa bir qardaşının olduğunu bildirmiş sonradan məlum olmuşdur ki, onun iki qardaşı vardır. Sonra iddiaçı bildirmişdir ki, Nərimanov rayonu ərazisində 6 mərtəbəli binalarda yaşayır. Sonradan məlum olmuşdur ki, o, Daş karxanası deyilən ərazidə yaşayır. Bundan başqa iddiaçı cavabdehə “Whatsapp” tətbiqetməsi vasitəsilə anasının şəklini göndərmiş sonradan məlum olmuşdur ki, şəkildəki qadın onun anası deyildir (sübut etiraza əlavə olunur). Cavabdeh iddiaçının ona özü və ailəsi ilə bağlı çoxsaylı yalanlar danışdığını müəyyən etdikdən sonra ondan soyumuş və iddiaçıdan ayrılmaq qərarına gəlmişdir. Bütün olanlar bundan sonra başlamış, iddiaçı cavabdehə hədə-qorxu gəlməyə və şantaj etməyə başlamışdır. İddiaçının yalan danışmasını və hətta böhtana meyilli olmasını bariz göstərən sübutlardan biri də onun xx.xx.2023-cü il saat 17:02-də AR DİN-in 102 xidmətinə verdiyi məlumatdır. Belə ki, məlumatda iddiaçı qeyd etmişdir ki, qeyri-rəsmi bir yerdə yaşadığı Cavabdeh saxlanması üçün 12000 manat pul vermiş, hazırda isə pulunu geri istədikdə guya cavabdeh ona hədə-qorxu gəlmiş və pulu geri qaytarmayacağını bildirmişdir. Polisdə alınan izahda və həmçinin məhkəməyə göndərilmiş iddia ərizəsində isə qeyd etmişdir ki, guya 12000 manatı cavabdehə cehiz əşyaların alınması üçün vermişdir. Göründüyü kimi iddiaçı müxtəlif vaxtlarda bir-birinə zidd izahatlar vermişdir (xx.xx.2023 tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar) ziddiyət təşkil edən bu ifadələr qaldırılan bu iddianın yalan üzərində qurulduğunu labüd edir. Bundan başqa polisdə olan izahatında iddiaçı bildirmişdir ki, guya 2023-cü ilin aprel ayında cavabdeh onun üstünə 8-9 nəfər şəxs göndərmiş və onu hədələmişlər. Bu tamamilə cəfəngiyyatdır. Əksinə iddiaçı cavabdehdən ondan ayrılmamasını, ayrılacağı təqdirdə onu biabır edəcəyini, bütün ölkənin onlardan danışacağını bildirmişdir. Cavabdehin iddiaçının bu qeyri-adekvat təhdidlərindən qorxduğu üçün bu məsələlər barədə nəinki 8-9 nəfərə, ən yaxınlarına belə məlumat verməyə qorxmuşdur. Yuxarıda qeyd edildiyi kimi, tərəflər sevgili münasibətlərində olmuş sonradan iddiaçının yalanları üzündən cavabdeh ondan ayrılmaq qərarına gəlmiş, iddiaçı isə cavabdehin ondan ayrılacağı təqdirdə onu ölkəyə biabır edəcəyini, bütün ölkənin onlardan danışacağı ilə hədələmiş, ona xərclədiyi bütün pulları ondan qəpiyinə kimi alacağını bildirmişdir. İddiaçı cavabdehə heç bir zaman pul verməmişdir. İddiaçı cavabdehə yalnız görüşdükləri zaman restoran, kafelərdə birgə yemək yedikləri zaman hesab vermişdir. Hətta bir neçə dəfə iddiaçı cavabdehdən çox da böyük olmayan məbləğlərdə borc pul istəmiş cavabdeh ona pul vermişdir. Doğrudur, sonradan həmin pulları qaytarmışdır. Əksinə, cavabdeh öz hesabına, yəni öz pulu ilə iddiaçıya dəfələrlə iddiaçının iş yerinə “Wolt” vasitəsilə yemək sifariş vermişdir. Həmçinin, cavabdeh iddiaçıya bir neçə dəfə bahalı hədiyyələr (qol saatı, gödəkçə, köynək, parfüm) almışdır. Həmçinin, cavabdehin iddiaçıdan guya cehiz almaq məqsədilə pul istəməsi Azərbaycan adət-ənənələri baxımından məntiqsiz olmaqla inandırıcı deyildir. Bundan başqa cavabdeh mötəbər qurumda çalışır və onun ailəsi iddiaçının ailəsindən maddi baxımdan imkanlıdır. Bütün bu faktlar da iddiaçının yalançı təxəyyül sahibi olmasının göstəricisidir. Cavabdehin atası bu məsələlərdən xəbər tutduqda iddiaçının polisə müraciətində qeyd etdiyi “qeyri-rəsmi bir yerdə yaşadığı” ifadəsini gördükdən sonra qısa zamanda xəstəlik taparaq vaxtsız vəfat etmişdir. Həmçinin iddiaçının əməllərində cavabdehlə yazışmalarından göründüyü kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsinin (hədə-qorxu ilə tələbetmə) tərkib əlaməti vardır. Yuxarıda qeyd olunanlara və iddiaçı tərəfindən qaldırılan iddia tamamilə yalan məlumatlardan, heç bir sübuta istinad olmadan və onların təqdim etdiyi sübutlarla qarşılıqlı tədqiq olunduğunda əsassız, qanunsuz və qeyri-vicdani olduğundan, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş tərəflər arasında “WhatsApp” tətbiqi üzərindən aparılmış yazışmaların ekran görüntüsündən müəyyən etmək olur ki, tərəflər arasında müəyyən dövrlərdə xoş münasibətlər olmuş, daha sonra isə şəxslərdən biri (cavabdehin iddia etdiyi kimi iddiaçı) digərini xəyanətdə günahlandırmışdır. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin qiymətləndirməsi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında müəyyən müddət münasibətlər olmuş, lakin bir müddət sonra münasibətləri pozulmuş və ayrılmışlar. İddiaçı münasibətləri dövründə cavabdehə pul verməsini bildirir, hazırda cavabdehə verdiyini iddia etdiyi 7000 manat məbləği və ödədiyi 90 manat dövlət rüsumunu cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi pul tələbidir. Pul tələbi isə özü müxtəlif əsaslardan-borc, əsassız varlanma, zərərvurma və s. yarana bilər. İddiaçının pul tələbinin əsasını müəyyən etmək o baxımdan qeyri-müəyyəndir ki, iddiaçının cavabdehə pul verməkdə məqsədi və ümumiyyətlə iddiaçının iddia etdiyi tələb özlüyündə əsaslı hesab edilə bilməz. İddiaçı iddia etdiyi kimi pul məbləğini cavabdehə ailə qurmaq niyyətilə cehiz alınması məqsədilə vermişdir. Bu iddiaçının irəli sürdüyü tələbin yalnız bir tərəfidir. Ağlabatan mühakimə ilə belə bir niyyət və məqsədlə kişinin qadına pul verməsi inandırıcı deyildir. Milli adətlərimizdə və cəmiyyətimizdə qəbul edilmiş ümumdavranış qaydalarında nikaha daxil olmaq niyyəti olan qadın və kişinin hər birinin qəbul edilmiş hüquq və vəzifələri vardır. Hamının qəbul etdiyi hal ondan ibarətdir ki, cehiz alınması ilə bağlı vəzifələr adətən qadın tərəfin üzərinə düşür. Hətta kişinin belə bir məqsədlə qadına pul verməsi halı mövcud olmuş olsa belə, hazırki iş üzrə tərəflər arasında münasibətlər gələcək ailənin qurulması üçün cəmiyyətimizdə qəbul edilmiş mərhələlərdən (nişan və s.) hər hansı birinə gəlib çatmamışdır. İddiaçının irəli sürdüyü pul tələbi məhkəmə müstəvisində daha çox sübutetmə yükü ilə əlaqədar olan məsələdir. Belə ki, iddiaçı iddia etdiyi 12000 manat məbləğində pulu cavabdehə verməsinə dair sübut olaraq yalnız cinayət təqibi orqanının xx.xx.2023-cü il tarixli qərarına istinad etmiş, həmin qərarda cavabdehin iddiaçıdan həmin məbləğdə pulu almasına dair etirafı əsas gətirmişdir. Lakin məhkəmə xatırladır ki, cinayət təqibi orqanının xx.xx.2023-cü il tarixli qərarı prosessual nəzarəti həyata keçirən orqan tərəfindən xx.xx.2023-cü il tarixli qərarla ləğv edilmişdir. Məsələ ilə bağlı qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla isə yenidən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Cavabdeh İddiaçı heç bir məbləğdə pul almadığını bildirmişdir. Məhkəmə iddiaçı tərəfindən onun kart hesabından çıxarışla bağlı bildirir ki, həmin çıxarışda kart hesabına müəyyən məbləğlərdə pul ödənilməsi aydın olur, lakin bu hal bötüvlükdə iddiaçının 11960 manat məbləğində pul verməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, yuxarıda sadalananları nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər hər hansı formada borc münasibətləri olmamaqla birlikdə, iddiaçı tərəfindən cavabdehin qeyd edilən məbləğdə pulu ondan alması və öz üzərinə həmin pulu qaytarmaq öhdəliyi götürməsi sübuta yetirilməmişdir. İddiaçının istinad etdiyi “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarda isə cavabdehin öz ifadəsində bildirdiyi “7000 manat məbləğdə pulu iddiaçıdan cehiz məqsədilə götürməsi və həmin pula cehiz əşyaları artıq alması” sonradan isə digər qərarda əksini tapmış izahatı ilə təkzib edilmişdir. Bunun əksini isə sübut etmək artıq iddiaçının vəzifəsi olmaqla, lakin məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Məhkəməyə təqdim edilmiş “WhatsApp” tətbiqi üzərindən aparılmış yazışmaların ekran görüntüsü ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin iddia etdiyi kimi həmin yazışmalar onunla iddia arasında olan yazışmalardır. Həmin yazışmalarda tərəflər arasında müəyyən münasibətlərin olması müəyyən edilsə də, həmin yazışmalar tərəflər arasında hazırki iddia tələbinin tam olaraq təsdiq və ya təkzib edilməsinə hər hansı xidmət etmir. Belə ki, təqdim edilmiş yazışmalar tərəflər arasında olmuş yazışmaların bir hissəsidir və bu hissədə tərəflər arasında iddia edilən pul mübahisəsi öz əksini tapmayıb. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-617/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-617/2024
23.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver