Məhkəmə qərarları › İş №2(006)-617/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-617/2025

30.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-617/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borc pulun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "borc pulun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər işlədiyi “Move” Gözəllik Salonunda müştəri kimi tanış olduğu Cavabdeh ilə tanışlığı sonradan dostluğa çevrilmiş, ailəlikcə getgəlləri yaranmışdır. Cavabdeh tənhalığı, yaşam tərzi çətin olduğuna görə həm də ona qarşı həmişə diqqət və qayğı göstərməyə qərar vermişdir. Dəfələrlə maddi və mənəvi dəstək göstərmiş, ailə üzvləri ilə, anası ilə tanış etmişdir. Bir sözlə, cavabdehə inanaraq etibar etmişdir. Amma heç inanmazdə ki, inanıb etibar etdiyi, bacısı qədər xətrini istədiyi Cavabdeh məkrli və hiyləgər birisidir və onun etibarından sui-istifadə etmək məqsədi vardır. Belə ki, Cavabdeh onu elə ovsunlayaraq inandıra bilmişdir ki, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmağa ona yardımçı olsun, maddi dəstək versin və bir müddətdən sonra yaxşı pul qazanmaq olar. Cavabdehə inanaraq etibar etdiyi üçün bir neçə dəfəyə Cavabdeh cəmi olaraq 70.000 manat pul vermişdir. Baxmayaraq ki, cavabdeh dəqiq bilirdi ki, ona verdiyi pulları qohumlarından, dostlarından borc olaraq almışdır. Digər tərəfdən isə cavabdehə inandığı, etibar etdiyi üçün 70.000 manat pulu verərkən heç bir qəbz almamışdır. Bir müddət keçəndən sonra Cavabdeh ilə görüşmüş və məşğul olduğu qızılzinət əşyalarının alqı-satqısı ilə vəziyyətin nə yerdə olduğu ilə maraqlananda cavabdeh özünü şübhəli aparmış, yaxınlarda yaxşı olacağına onu inandırmağa çalışmışdır. Lakin keçən müddət ərzində məlumat ala bilmişdir ki, cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmış və verdiyi 70.000 manat pulu ələ keçirərək mənimsəmişdir. Bundan sonra cavabdehə zəng vuraraq görüşmək istədiyini bildirmişdir. Cavabdeh onunla görüşərkən and-aman etmişdir ki, tezliklə ona olan 70.000 manat borcu qaytaracaq. Sonradan bu haqda cavabdehlə telefon vasitəsilə yazışanda da mesajlar yazaraq tezliklə pulunu qaytaracağını bildirmişdir. Hətta iddiaçının yaşadığı ünvana tanımadığı şəxslərlə gələrək iddiaçıya və onun həyat yoldaşına and-aman edərək tezliklə borcunu ödəyəcəyinə dair həm cavabdehin özü, həm də onunla gələnlər öhdəlik götürsələr də iddiaçının pulunu qaytarmamışlar. Bütün bunlardan sonra cavabdehdən halal pulunu əldə etmək məqsədilə həm sivil variantlardan yararlanmağının, həm də hüquq-mühafizə orqanlarına müraciət etməyinin də faydası olmamışdır. Təkcə aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciətindən sonra Cavabdeh iddiaçının anasıgilə gedərək iddiaçıya olan borcundan 3.000 manat pulu telefon vasitəsilə çəkiliş edərək vermiş, onun bank kartına isə bir neçə dəfəyə 5.000 manat pul ödəmişdir. Cavabdeh ona olan borcundan, yəni 70.000 manat puldan bugünə kimi cəmi 8.000 manat ödəmişdir, qalan borc məbləğini isə, yəni 62.000 manat pulu bugünə kimi qaytarmamış, heç qaytarmaq fikrində də deyildir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda faktiki yaşayan Cavabdeh iddiaçıya aid olan qalan 62.000 manat əsas vəsaitin və 277 manat ödənilmiş dövlət rüsumunun, cəmi olaraq 62.277 manat pulun tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, onlar sübutları təqdim etmişlər. Cavabdeh həmişəki kimi müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmaq istəyir. Ancaq onun dedikləri həqiqəti əks etdirmir. O sadəcə iddiaçını deyil, bir çox şəxsi aldatmışdır. Mehriban xanım həmin şəxslərlə əlaqə saxlamış, onlar da demişlər ki, Qəmər Xanım onlara da müxtəlif bəhanələr gətirmiş və borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə Sənanın iddiaçının həyat yoldaşı olduğunu, cavabdehin iddiaçının oğluna ödədiyi pulların hazırkı işlə heç bir aidiyyəti olmadığını, iddiaçının oğlunun cavabdehə verdiyi pulun onun öz vəsaiti olduğunu, hətta iddiaçının bundan xəbərinin olmadığını, iş materiallarında olan bəzi qəbzlərin iddiaçının polisə müraciət etdiyi tarixdən əvvələ aid pullar olduğunu, həmin ödənişlərin 70.000 manata aidiyyəti olmadığını, cavabdehin 8.000 manata yaxın ödəniş etdiyini, iddiaçının bunu etiraf etdiyini, qalan 62.000 manatın cavabdeh tərəfindən ödənilmədiyini, cavabdehin iddiaçını qızıl biznesi ilə məşğul olduğuna və borclarını ödəyə biləcəyinə inandırdığını, 70.000 manatla bağlı səsyazısının olduğunu bildirmişdir. 4.Əvvəlki məhkəmə iclaslarında cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. 5.Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində iddiaçının anası olduğunu, iddiaçının gözəllik salonunda işlədiyini, cavabdehlə də orada tanış olduğunu, özünün cavabdehi bi neçə dəfə gördüyünü, sonuncu dəfə 2024-cü ilin yaz aylarında evinə gələrək ona 3 min manat pul verərək onu iddiaçıya verməyini istədiyini, sonradan pulu iddiaçıya verdiyini, əlavə suallara cavab olaraq isə qızının faizlə borca pul vermədiyini, cavabdehin qızına olan borcunu tam bağlamasına dair məlumatı olmadığını, özünün cavabdehə əlbəəl pul vermədiyini bildirmişdir. 7.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində iddiaçının həyat yoldaşı olduğunu, iddiaçının gözəllik salonunda işlədiyini, cavabdehlə də orada tanış olduğunu, daha sonra cavabdehlə ailəvi dost olduqlarını, onun davamlı olaraq onlara gedib-gəldiyini, sonradan iddiaçı və ondan xeyli miqdarda borca pul istədiyini, bir dəfə onlara malların gömrükdə qaldığını, bunun üçün 10 min manat pul lazım olduğunu bildirdiyini, ona həmin pulu verdiklərini, sonradan pul yetərli olmadığı üçün özü iddiaçıya məxsus və öz istifadəsində olan avtomobili girov qoyaraq ona yenidən pul verdiyini, məcbur qalaraq avtomobilini satdığını, əlavə suallara cavab olaraq isə iddiaçının faizə borc pul vermədiyini, cavabdehin şəxsən onun özünə pul vermədiyini, cavabdeh tərəfindən kartına az miqdarda pul köçürüldüyünü, lakin kartın ona məxsus olmadığını, cavabdehə verdiyi pulun əvəzində faiz tələb etmədiyini, iddiaçının cavabdehlə 3-4 ildir ki, tanış olduğunu, iddiaçının cavabdehə ümumilikdə 70 min manat borc pul verdiyini, onun maksimum 4-5 min qaytardığını bildirmişdir. 8.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Yasamal rayon Pİ-nin 29-cu PŞ-nin təhqiqatçısı polis mayoru X5 tərəfindən qəbul edilən 09 may 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahat verərək İddiaçı onunla razılaşaraq ona ayrı-ayrı vaxtlarda hissə-hissə, ümumilikdə isə 54.000 manat pul verdiyini, bu müddət ərzində o bir neçə alqı-satqı əməliyyatları edərək əldə olunan gəlirdən İddiaçı 8661 manat borcunu ödədiyini, onun İddiaçı 70.000 manat borcu olmadığını bildirmişdir. Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə tərkib əlamətləri olmamasına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 10.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün İddiaçı tərəfindən məhkəməyə 277 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 11.Mülki işin materiallarında olan mədaxil qəbzləri, whatsapp yazışmalarından çıxarışlar.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh iddiaçıya məxsus gözəllik salonunda tanış olmuş, sonradan iddiaçı tərəfindən cavabdehə borc pul verilmişdir. Hazırda iddiaçı cavabdehə ümumilikdə 70.000 manat pul verdiyini, həmin puldan 8.000 manatın cavabdeh tərəfindən ödənildiyini, qalan 62.000 manatın isə bugünə kimi ödənilmədiyini iddia edərək, həmin pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddiaçıdan həqiqətən də borca pul aldığını, lakin həmin pulları geti qaytardığını və hazırda iddiaçıya borcunun olmadığını iddia edərək, iddia tələbinin rədd edilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 14.İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddaçı İddiaçı tərəfindən Cavabdeh 70.000 manat məbləğində məbləğində pul əlbəəl şəkildə verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, razılaşma şifahi qaydada həyata keçirilmişdir. 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında pulun borc kimi verilməsinə dair şifahi qaydada bağlanmış müqavilə qanunvericiliyin müəyyən etdiyi yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə polis şöbəsində cavabdeh iddiaçı tərəfindən ona 54.000 manat məbləğində borc pul verilməsini, bu borcun 8661 manat məbləğini isə ödədiyini etiraf etmişdir. Belə olan halda hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanma halı olmuşdur. 16.Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 17.Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 18.Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 19.Məhkəmə iddia tələbinin 62.000 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb yalnız cavabdehin etiraf etdiyi həcmdə əsaslı hesab edilməklə qismən təmin edilməlidir. 20.Belə ki, mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cavabdeh tərəfindən borcun yalnız 54.000 manat məbləği etiraf edilmişdir. 21.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında pulun borca verilməsinə dair yazılı müqavilə olmasa da, Cavabdeh özünün şifahi izahatı ilə 54.000,00 manat məbləğin ona verilməsini, onun isə 8661 manat məbləğində ödədiyini təsdiq etmişdir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə etiraf etdiyi pul məbləğini ona qaytarmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 45.339,00 manat alınaraq İddiaçı ödənilməlidir. 22.Məhkəmə bu yerdə cavabdeh tərəfindən onun iddiaçıya olan borcunu ödəməsinə dair sübut olaraq təqdim etdiyi və iş materiallarına əlavə edilən müxtəlif tarixli mədaxil qəbzlərinə münasibətdə qeyd edir ki, həmin qəbzlərə diqqət yetirdikdə qəbzlərin tarixlərinin 2023 və 2024-cü ilin may ayına qədərki dövrləri, yəni cavabdehin iddiaçıya 54.000 manat məbləğində borcunun olmasını etiraf etdiyi xx.xx.2024-cü il tarixə qədərki dövrləri əhatə edir. Belə ki, cavabdeh iddia etdiyi kimi həqiqətən də ayrı-ayrı vaxtlarda iddiaçıya olan borcuna dair ödənişlər etmişdirsə belə, bundan sonra xx.xx.2024-cü il tarixdə özü polis bölməsində izahatında iddiaçıya 54.000 manat borcu olduğunu və bundan 8661 manatı ödədiyini etiraf etmişdir. 23.Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, məhkəmə tərəfindən cavabdehə dəfələrlə şərait yaradılmasına baxmayaraq borcun (polis şöbəsinə izahatından sonrakı tarixə) ödənilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, şahid ifadəsində belə ödənilən məbləğin 3000 manat olması müəyyən edilmişdir ki, qeyd edilən məbləğ isə 8661 manatın daxilində olması müəyyən edilərək əksi sübuta yetirilməmişdir. Həmçinin, cavabdeh tərəfindən verilmiş izahat zamanı iddiaçının özünə şəxsən 10.000 manat pulun verilməsini qeyd etsə də, həmin məbləğin həqiqətən iddiaçıya təqdim edilməsi barədə sübutlar cavabdeh təqdim edə bilməmiş və iddiaçının özüdə bu halı etiraf etməmişdir. Yəni qeyd edilən hallardan bir daha aydın olur ki, iddiaçı ilə cavabdeh arasında müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pulun verilməsi müəyyən ediləsə də, sonrakı və son mübahisədə polis şöbəsinə verilmiş etiraf izahatında sonrakı tarixlərdə ödənişlərin birbaşa və ya dolayı yolla qaytarılması sübuta yetirilə bilməmişdir. 24.Daha sonra məhkəmə iddia tələbinin “ödənilmiş 277 manat dövlət rüsumunun cavabdehdən tutulması” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia qismən təmin edilməlidir. 25.Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 26.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir. 27.Hazırki iş üzrə iş materiallarında göründüyü kimi iddia qaldırılması üçün 277 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin iddianın təmin edilən hissəsi yalnız cəmi 45.339 manat olmuşdur ki, bu halda da ödənilmiş dövlət rüsumunun 226,02 (iki yüz iyirmi altı manat, iki qəpik) manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. 28.Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, dəymiş ziyanın əvəzi olaraq 45.339 (qırx beş min üç yüz otuz doqquz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 226.02 (iki yüz iyirmi altı manat iki qəpik) manatı Cavabdeh alınaraq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsmunun qalan hissəsi iddiaçının özünə aid edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. 29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 45.339 (qırx beş min üç yüz otuz doqquz) manat borc və ödənilmiş 226.02 (iki yüz iyirmi altı manat, iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsmunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar