Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-621/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,. MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 14 avqust 1980-cü il tarixində Goranboy rayonunun Zeyvə kəndində anadan olmuşdur. O, 06 oktyabr 1998-ci ildən 15 yanvar 1999cu ilə qədər N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuş, 1999-cu il yanvarın 15-dən N saylı hərbi hissəyə keçirilmiş və burada xidmətdə olarkən 20 oktyabr 1999-cu ildən 15 may 2000-ci ilə qədər gizir hazırlıq kursuna cəlb edilərək kursu uğurla bitirmişdir. Kursu bitirdikdən sonra gizir rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmətini Müdafiə Nazirliyinin düşmən Ermənistan silahlı birləşmələri ilə keçmiş təmas xəttində yerləşən müxtəlif hərbi hissələrində davam etdirmişdir. Xidmət dövründə çoxsaylı təşəkkümamə, fəxri diplom və 2008-ci ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğusuala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin davamı kimi 21 iyun 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qət-imkan tədbiri seçilmişdir. 19 iyul 2017-ci il tarixində Tərtər Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. 29 avqust 2017-ci il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 2 ay olmaqla, 07 noyabr 2017-ci il tarixədək uzadılmışdır. 25 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyati üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 29 noyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuş, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti təyin olunmaqla şərti tətbiq edilmişdir. İddiaçı tərəfindən 300 manat cərimə müvafiq qaydada ödənilmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 05 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin Məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Pərviz Cəlilova həvalə edilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 33.1-cü maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329-cu maddsilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3- cü maddələrindən həmin Məcəllənin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. 30 iyun 2022-ci il tarixli qərarla İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, iş üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü (329.2.1-ci maddəyə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihama bəraətverici əsasla xitam verilmişdir. İddiaçı Azərbaycan Ordusunda 19 illik xidmətinə baxmayaraq əsassız ittihamlara məruz qalmış, 21 iyun 2017ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, 1 ay həbsdə qalmış, sonra ev dustaqlığına buraxılmış, irəli sürülmüş ittihamla təqsirli bilinərək 300 (üç yüz) manat cərimə və şərti tətbiq olunmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui- istifadəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin iyun ayında gizir rütbəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirmiş, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqım 2017-ci ilin iyun ayında almışdır. Onun orta aylıq əmək haqqı məbləği 1045 (bir min qırx beş) manat təşkil edirmiş, İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin iyun ayından 2018-ci ilin yanvar ayına qədər, yəni 2018-ci ilin yanvarında yenidən işə çıxana qədər 06 (altı) ay - iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr 2017-ci il tarixləri ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 6270 (altı min iki yüz yetmiş) manat edir (1045x6=6270). Göstərilənlərə əsasən İddiaçı vurulmuş mənəvi zərərə görə 100.000 (bir yüz min) manat məbləğində kompensasiyanın və 6270 (altı min iki yüz yetmiş) manat maddi ziyanın cavabdeh vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı Kərı̇ mov Turab Vaqı̇ f oğlu 19 il N ay müddətində müxtəlif hərbi hissələrdə hərbi qulluqçu kimi xidmət etmişdir. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçu kimi xidmət edərkən 2017-ci ilin may ayında heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanına iş çərçivəsində qanunsuz azadlıqdan məhrum edilmiş, sorğu-suala və işgəncəyə məruz qalmışdır. 21 iyun 2017-ci il tarixində iddiaçı AR Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinmiş və Tərtər Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. 29 avqust 2017-ci il tarixdə qeydedilən məhkəmənin iddiaçı barəsində seçmiş olduğu ev dustaqlığı qətimkan tədbirinin müddəti 2 ay olmaqla 07 noyabr 2017-ci il tarixədək uzadılmışdır. Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü ilə iddiaçı AR CM-nin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinmiş və 300 manat cərimə və 03 il nüddətinə azadlıqdan məhrumetmə cəzası 01 il sınaq müddəti təyin olunmaqla şərti tətbiq edilmişdir. İddiaçı 300 manat cəriməni ödəmişdir. Daha sonra həmin hökmdən protest verilmiş və bundan sonra iş yenidən araşdırılması üçün prokurora qaytarılmışdır. AR CM-nə edilmiş dəyişikliklərə əsasən iddiaçının ittiham olunduğu 331.2 və 331.3-cü maddələri AR CM-nin 329.2.1-ci maddəsinə tövsif olunmuşdur. Bundan sonra isə cinayət işinin icraatına iddiaçının təqsirləndirildiyi AR CM-nin 331.2-ci maddəsi AR CPM-nin 39.1.11-ci maddəsinin təsir dairəsinə düşdüyündən (həmin epizodda adı çəkilən şəxslər tapılmadığından) bəraətverici əsaslar olmadan, 331.3-cü maddə ilə isə bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı Azərbaycan ordusunda 19 ildən artıq xidmət göstərməsinə baxmayaraq əsassız ittihamlara məruz qalmış, 21 iyun 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, 1 ay müddətində həbsdə qalmış, sonra ev dustaqlığına buraxılmış, irəli sürülmüş ittihamda təqsirli bilinərək 300 manat cərimə ödəmiş və şərti tətbiq olunmaqla 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və suiistifadəsi nəticəsində ağır maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçının barəsində həbs qətimkan tədbiri seçilərkən gizir rütbəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirmiş, bundan öncə onun aylıq əmək haqqı 1045 manat təşkil edirmiş, iddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin iyun ayından 2018-ci ilin yanvar ayında yenidən işə çıxana qədər 0N ay müddətində aylıq qazancından məhrum olunmuşdur. İddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə proses iştirakçılarına lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Odur ki, məhkəmə işə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab edir.
6. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Mülki işin materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinməsi və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 300 manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə 3 il müddətə məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.2-ci maddələrinə əsasən İddiaçı təyin olunmuş cərimə və azadlıqdan məhrum etmə cəzaları tamamilə toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza 300 manat məbləğində cərimə və 3 il müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməsi, İddiaçı təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin68.2-ci maddəsinə əsasən müstəqil icra olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən İddiaçı təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, İddiaçı təyin edilmiş sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində İddiaçı üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişdirmək vəzifəsi qoyulması, sınaq müddəti ərzində İddiaçı yeni cinayət törətməzsə cəza icra olunmaması, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməsi və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması hökm edilmişdir.
8. Mülki işin materiallarında olan Goranboy rayon İcra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 91584/2018 saylı arayışa əsasən İddiaçı 300 manat cərimə məbləğini ödəmiş və ona təyin olunmuş 01 sınaq müddəti bitdiyi üçün cəzasını çəkib qurtarmışdır.
9. Mülki işin materiallarında olan "xxxx" ASC trəfindən təqdim edilmiş İddiaçı məxsus olan əmək haqqı kartı üzrə xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2017-ci – xx.xx.2017-ci il üzrə 6274,30 AZN məxaric və 6274,54 AZN mədaxil olunmuşdur.
10. Mülki işin materiallarında olan Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1-1(104)-44/2022 saylı ilkin baxış qərarına əsasən apellyasiya protestinin təmin edilməsi, Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 1(098)-295/2017 saylı hökmü və 05 oktyabr 2017-ci il tarixli 1(098)-295/2017 saylı hazırlıq iclasının qərarının ləğv edilməsi, cinayət işinin yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılması qərara alınmışdır.
11. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında qərara əsasən ********* nömrəli işi üzrə İddiaçı hərbi qulluqçunu döyməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə istintaq olunan hissəsinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPMin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməsi, İddiaçı X3 təhqir etməsi xüsusatına Azərbaycan Respublikası CMP-in 39.1.11-ci maddəsinə əsasən xitam verilməsi, qərarın surəti İddiaçı və onun müdafiəçisi X1 göndərilməsi, tərəflər cinayət işinin istintaq materialları ilə tanış olmaq hüququ və həmin iş üzrə icraata xitam verilməsi barədə qərardan ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək qaydası və müddəti rəsmi qaydada izah olunması, qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır.
12. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə DİN-in müvafiq uçotlarında qeydlər aparılmışdır.
13. Mülki işin materiallarında olan AO № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində xidmətə uyğunsuz hesab edilərək işdən çıxarılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində 07 iyun 2017-ci il tarixinindən istintaq aparılmış, 21 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası CM-in 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 19 iyul 2017-ci il tarixində Tərtər Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və ev dustaqlığı qətimkan tədbiri 07 noyabr 2017-ci il tarixinədək uzadılmışdır. Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinib 300 manat cərimə və 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il sınaq müddəti təyin olunmaqla şərti tətbiq edilmişdir. Daha sonra 30 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatında əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə irəli sürülmüş ittihama bəraətverici əsasla xitam verilmiş digər maddə olan 331.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Hazırda iddiaçı ona vurulmuş 6270 manat maddi və 100.000 manat mənəvi ziyanın ödənilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət təqibinə məruz qaldığına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
16. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».
17. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir.
18. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
19. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.
20. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.
21. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.
22. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
23. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
24. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
25. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.
27. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən ilk öncə araşdırılmalı olan məsələ iddaçının hər ikisi iddiasının (maddi və mənəvi ziyan) əsaslı olub-olmamasıdır. Mülki işin materiallarından görünür ki, İddiaçı barəsində cinayət işinin rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri (əvvəlki redaksiya ilə) ilə ona xx.xx.2017-ci il tarixdə ittiham elan edilmiş, daha sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən hər iki maddədəki əməllər tövsif edilərək həmin məcəllənin (yeni redaksiya) 329.1-ci maddəsinə keçirilmişdir. Lakin xx.xx.2022-ci il tarixli qərardan da müəyyən edilir ki, iddiaçıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 331.3-cü maddəsi ilə elan edilmiş hissədə bəraət verici əsaslarla, digər hissədə isə (AR CM 331.2-əvvəlki redaksiya) bəraət verici əsaslar olmadam xitam verilmişdir. Yəni İddiaçı bir epizod (AR CM 331.2-əvvəlki redkasiya) üzrə təqsirli bilinmişdir.
28. Məhkəmə qətnamənin 27-ci abzasındakı hüquqi mövqeyinə görə qeyd edir ki, əgər İddiaçı barəsində yalnız əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə cinayət işi məhkəmənin icraatında (və ya ibtidai istintaqda) olsaydı, onun barəsində həbs qətimkan tədbiri seçilməz və nəticədə çalışdığı işdən kənarlaşdırılmazdı.
29. Belə ki, əvvəlki redaksiyada verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsinin sanksiyasında “bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəza” nəzərdə tutulmuşdur.
30. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini 155.3.1-ci maddəsinə əsasən həbs qətimkan tədbiri 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə tətbiqi nəzərdə tutulmuşdur. Həmin maddədə isə (AR CM 331.2-əvvəlki redaksiya) yalnız bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası (sanksiyanın yuxarı həddi) müəyyən edilmişdir ki, bu halda isə iddiaçıya yalnız qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə (əvvəlki redaksiya) həbs qətimkan tədbiri seçilməsi ağlabatan olmamışdır.
31. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, bununla yanaşı iddiaçı barəsində Tərtər Hərbi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli hökmü ləğv olunsa da, həmin hökmlə İddiaçı sırf həmin maddəyə (AR CM 331.2) münasibətdə ona 300 manat məbləğində cərimə cəzası (AR CM 62-ci maddə tətbiq edilməklə) təyin edilmişdir. Bu halda onu göstərir ki, iddiaçıya vaxtında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3 –cü (əvvəlki redaksiyada) maddəsi ilə ittiham elan edilməsəydi, (cinayət işinə xitam verilsəydi) o, əvvəlki işindən uzaqlaşdırılmaz və əmək münasibətlərinə davam edərdi.
32. Məhkəmə iddia tələbinin “dəymiş maddi ziyan kimi 6270 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi yuxarıda qeyd olunan hüquqi mövqeyə görə həmin hissədə təmin edilməlidir.
33. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ona məxsus olan əmək haqqı kartı üzrə xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı orta aylıq əmək haqqı məbləği 1045 manat təşkil etmişdir. (6270 ümumi mədaxil : N ay= 1045 manat). Göründüyü kimi, o, qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində N ay (iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, daha sonra isə öz əvvəlki işinə bərpa edilmişdir) ərzində cəmi 6270 manat (1045 manat x N ay) məbləğində əmək haqqından məhrum olmuşdur.
34. Məhkəmə iddia tələbinin “mənəvi ziyan kimi 100. 000 (bir yüz min) manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
35. Belə ki, mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.
36. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
38. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur.
39. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir.
40. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
41. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
43. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
44. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
45. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri və 12 ay sınaq müddəti müəyyən edilməklə şərti cəza tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.
46. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 1 ay müddətinə həbs qətimkan tədbirinə görə 1000 manat, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbirinə görə 2000 manat (bir ay üzrə 500 manat x 4 ay), 12 aylıq sınaq müddəti müəyyən edilməklə tətbiq edilən şərti cəzaya görə 3600 manat (bir ay üzrə 300 manat x 12 ay) olmaqla ümumilikdə 6600 manat məbləğində müəyyən olunmalıdır.
47. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində mənəvi zərərin, 6270 (altı min iki yüz yetmiş) manat məbləğində maddi zərərin, ümumilikdə 12870 (on iki min səkkiz yüz yetmiş) manat məbləğində pul ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
50. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində mənəvi zərərin, 6270 (altı min iki yüz yetmiş) manat məbləğində maddi zərərin, ümumilikdə 12.870 (on iki min səkkiz yüz yetmiş) manat məbləğində pul tutularaq ona verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov