Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6220/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 20.500 manat maddi ziyan, 5000 manat məbləğində mənəvi ziyanın, 30 manat dövlət rüsumu pul tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə AR Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal Rayon ərazisində inşa etdiyi sosial evlərdən güzəştli şərtlərlə 3 otaqlı mənzilin alınmasında köməklik göstərməsi üçün onu aldadaraq 15 avqust 2019-cu il tarixdə 7200 manat pulunu ələ keçirməklə, iddiaçıya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə AR Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayon ərazisində inşa etdiyi sosial evlərdən alacağı mənzillərin sığorta olunması, daha sonra alacağı mənzillər və mağaza sahəsi ilə bağlı müqavilələrinin hazırlanmasının tezləşdirilməsi məqsədi ilə pul lazım olması barədə ona yalan məlumatlar vermiş 600 manat pulunu ələ keçirməklə, ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh təqsiri Yasamal Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli, 1(004)-47/2021 saylı hökmü ilə sübuta yetirilmiş, o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 1 (004)- 10/2021-ci il saylı hökmü ilə ona təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan cəzaya qismən toplanmaqla ona qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-927/2021 saylı, 03.06.2021-ci il tarixli qərarına əsasən Yasamal Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli, 1 (004)-47/2021 saylı hökmü dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 1(004)-10/2021-ci il saylı hökmü ilə ona təyin olunmuş cəzası hazırkı cəza ilə qismən toplanılmaqla 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh cinayət işinin istintaqı zamanı verdiyi ifadələrində tamah niyyəti ilə mənim etibarımdan sui-istifadə etmə və aldatma yolu ilə məndən ümumilikdə 20500 manat məbləğində pul götürdüyünü etiraf etmiş və aldığı pulu öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı ondan aldadaraq aldığı puldan heç bir ödəniş etməmişdir. Cavabdehin cinayət əməli nəticəsində mənə 20500 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, cavabdehin onu aldatması və etibarından sui-istifadə etməklə ona ziyan vurması nəticəsində o və ailəsi daxili iztirab və əzablar çəkmiş, səhhəti korlanmışdır. Ondan hüquq mühafizə orqanlarına şikayət etməklə xeyli vaxt və əsəb sərf etmişdir. Cinayət işinin ibtidai istintaqı, məhkəmə istintaqı zamanı dəfələrlə işindən ayrılmaqla polis idarəsinə, məhkəməvə getmək məcburiyyətində qalmışdır. Bakı Apellyasiya Məhkəməsində hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamalı olmuşdur. Bununla da ona 5000 manat məbləğində mənəvi zərər dəymişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə istirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli, 1(004)-47/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 1 (004)-10/2021-ci il saylı hökmü ilə ona təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan cəzaya qismən toplanmaqla ona qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarından olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 927/2021 saylı, 03.06.2021-ci il tarixli qərarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli, 1 (004)-47/2021 saylı hökmü dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarından olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 1(004)-10/2021-ci il saylı hökmündən görünür ki, Cavabdeh təyin olunmuş cəzası hazırkı cəza ilə qismən toplanılmaqla 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”a görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində qeyd olunur ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Odur ki, məhkəmə iddia tələbini əsaslı sayır və işin hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh 20.500 manat maddi ziyan, 500 manat məbləğində mənəvi ziyanın, 30 manat dövlət rüsumu pul tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20.500 manat maddi ziyan, 500 manat məbləğində mənəvi ziyanın, 30 manat dövlət rüsumu pul tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20.500 (iyirmi min beş yüz) manat maddi ziyan, 500 (beş yüz) manat məbləğində mənəvi ziyan və 30 (otuz) manat dövlət rüsumu pul tutularaq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-6220/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6220/2021
12.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver