Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6221/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X5 03.05.2010-cu il tarixdən 25.02.2021-ci il tarixədək əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Xəzər RETSİ-nin qaz-qaynaqçı vəzifəsində işləmişdir. 25.02.2021-ci il tarixdə əmək funksiyasını yerinə yetirərkən işıq dirəklərinin yerlərini dəyişmək məqsədilə dirəklərin üzərində qaynaq işləri görən zaman metal materialdan olan işıq dirəyinin üzərinə düşməsi nəticəsində xəsarət alaraq həlak olmuşdur. Fakt üzrə Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi açılmış, cinayət işi üzrə vətəndaş X18 Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinmiş, iş üzrə çıxarılmış 1(003)-285/2021 nömrəli hökm qanuni qüvvəsini almışdır. Həmçinin baş vermiş bədbəxt hadisədə cavabdehin təqsiri qanunveriliciliyə uyğun tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında 30.04.2021-ci il tarixli 03/2021 nömrəli aktla təsdiq olunur. Həlak olmamışdan əvvəl iddiaçının ərinin orta aylıq əmək haqqı 560 manat təşkil edirdi. Öhdəsində iddiaçı daxil olmaqla 28.05.2008-ci il təvəllüdlü Məhəmməd Əlimurad oğlu, 23.03.2010-cu il təvəllüdlü Leyla Əlimurad qızı və 1957-ci il təvəllüdlü anası X16 olmuşlar. Ailə üzvləri ilə birlikdə ilə birlikdə çox böyük mənəvi sarsıntı yaşayırlar. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-dən ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin (mərhumun əmək haqqı) 560 manat hər ay 25.02.2021-ci il tarixdən və 50.000 manat mənəvi ziyan kimi, 28.05.2008-ci il təvəllüdlü X1 25.02.2021-ci il tarixdən 28.05.2026-cı il tarixədək hər ay 175 manat, 23.03.2010-cu il təvəllüdlü X4 25.02.2021-ci il tarixdən 23.03.2028-ci il tarixədək hər ay 175 manat, mərhumun himayəsində olmuş nəvələrinə qulluq etməklə məşğul olan və işləməyən X12 25.02.2021-ci il tarixdən hər ay 175 manat məbləğində və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçıya və digər ailə üzvlərinə sığorta ödənişləri olunub, çünki iddiaçının yoldaşı "xxxx" Sığorta Şirkəti tərəfindən sığorta olunmuşdur. Belə ki, iddiaçıya 6381,98 manat, iddiaçının qızı X4 15.733,87 manat, iddiaçının oğlu X1 14.212,456 manat və vəfat edən şəxsin anası X12 15.438,19 manat birdəfəlik sığorta ödənişləri olunmuşdur. Həmçinin, iddiaçı ona dəymiş mənəvi zərəri əsaslandırmamışdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 153151 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X10 arasında 02.09.2005-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 664 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra arvada Babayeva soyadı verilmişdir. İş üzrə Əzizbəyov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 102852 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 28.05.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası İddiaçıdır. İş üzrə Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 517204 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 23.03.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası İddiaçıdır. İş üzrə "xxxx" (indiki "xxxx" ASC) ASC ilə X5 arasında bağlanmış 03.05.2010-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X5 "xxxx" ASC-nin Xəzər RETSİ-nin elektrik qaz-qaynaqçı vəzifəsinə qəbul edilmişdir. İş üzrə Suraxanı rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 153546 nömrəli 18.03.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 25.02.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.03.2021-ci il tarixdə 385 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: travmatik ikincili və ya residivləşən qanaxmadır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş 18.06.2021-ci il tarixli arayışından görünür ki, X6 25.02.2021-ci il tarixədək "xxxx" ASC Xəzər RETSİ-nin İstismar şöbəsində qazqaynaqçısı vəzifəsində işləmişdir. 2020-ci ilin mart ayından 2021-ci ilin fevral ayınadək ona cəmi 5612,81 manat əmək haqqı hesablanmışdır. İş üzrə İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 03/2021 saylı (İZ forması) aktından görünür ki, "xxxx" ASC-nin Xəzər RETSİ-nin qaz-qaynaqçı vəzifəsində işləmiş X5 25.02.2021-ci il tarixdə əmək funksiyasını yerinə yetirərkən işıq dirəklərinin yerlərini dəyişmək məqsədilə dirəklərin üzərində qaynaq işləri görən zaman metal materialdan olan işıq dirəyinin üzərinə düşməsi nəticəsində xəsarət alaraq həlak olmuşdur. İş üzrə Xəzər rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli 1(003)-285/2021 saylı hökmün surətindən görünür ki, X18 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinərək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən X13 təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 2 il sınaq müddətinə təyin olunmuşdur. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş **********00034 saylı sığorta aktından görünür ki, RH**********/20 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə "xxxx" ASCnin əməkdaşı X5 25.02.2021-ci il tarixdə travmatik ikincili və ya residivləşən qanaxma nəticəsində həlak olmuşdur. Sığorta hadisəsi ilə bağlı Ə.Babayevin ailə üzvləri – İddiaçı (X7) 6381,98 manat, X4 (qızı) 15.733,87 manat, X1 (oğlu) 14.212.46 manat, X12 (anası) 15.438,19 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş üzrə 09.09.2021-ci il tarixli, 5,6,7,8 saylı ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən X4 15.733,87 manat, X1 14.212,46 manat, İddiaçı (X4) 6381,98 manat, X12 15.438,19 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı "xxxx" ASC-nin Xəzər RETSİ-nin qaz-qaynaqçı vəzifəsində işləmiş X5 25.02.2021-ci il tarixdə əmək funksiyasını yerinə yetirərkən işıq dirəklərinin yerlərini dəyişmək məqsədilə dirəklərin üzərində qaynaq işləri görən zaman metal materialdan olan işıq dirəyinin üzərinə düşməsi nəticəsində xəsarət alaraq həlak olmuşdur. Sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən Ə.Babayevin ailə üzvlərinə cəmi 51.766,5 manat sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən ailə başçısının ölümü nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. AR Mülki Məcəllənin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1121.1.3-cü və 1121.1.4-cü maddələrinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü- əmək qabiliyyətindən asılı olmayaraq, həmçinin ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər zərərin əvəzinin ödənilməsi hüququ vardır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununa əsasən bu Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.5-ci maddəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Məhkəmə qeyd edir ki, iddiaçının maddi tələbi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.5-ci maddəsinə əsasən ödənclərin verilməsi icbari sığorta olunan şəxslərə şamil edilə bilməz. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi mərhumun ailə üzvlərinə ailə başçısını itirməyə görə birdəfəlik ödənclər verilmişdir. O, halda iddiaçının maddi tələbi əsaslı hesab oluna bilərdi ki, mərhum iş yerində icbari sığorta müqaviləsi bağlamayaydı, bağladığı təqdirdə bu ödənclər sığorta şirkəti tərəfindən onlara verilməyəydi. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə tələb əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi ziyana görə 50.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının həyat yoldaşı əmək funksiyasını yerinə yetirərkən qaynaq işləri görən zaman metal materialdan olan işıq dirəyinin üzərinə düşməsi nəticəsində həlak olması iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, həyat yoldaşının həlak olması nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 10.000 (on min) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azərişıq» ASC-dən mənəvi zərərə görə 10.000 (on min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10.030 (on min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Azərişıq» ASC-dən mənəvi zərərə görə 10.000 (on min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10.030 (on min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6221/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6221/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver