Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6229/2021 30.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X7 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC-də 11.02.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin tam sığortası üzrə sığortalanmış «Renault Duster» markalı, 99PR251 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 24.03.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü m/r, A.Mustafayev küçəsi, ev 21 mənzil 60 eyvandan beton parçası onun üzərinə düşərək zədələnmişdir. Nəsimi rayonu RPİ 19-cu Polis Şöbəsinin 02.04.2021-ci il tarixli arayışına əsasən 24.03.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü m/r., A.Mustafayev küçəsi, ev 21 mənzil 60 eyvanından beton parçası düşməsi nəticəsində «Renault Duster» markalı, 99PR251 dövlət qeydiyyat nişanlı avtomobil əzilmişdir. Nəsimi rayonu 33 saylı MKİS-nin 16.04.2021-ci il tarixli arayışına əsasən ünvan 1-da X8 qeydiyyatdadır. Zərərçəkənin əmlakının zədələnməsi ilə bağlı 3542 manat məbləğində sığorta ödənişi verilmişdir. Göstərilənlərə əsasən X4 3542 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsinin vəsatəti təmin edilərək iş üzrə cavabdeh X8 əsl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, evdə bacısı – digər cavabdeh təkbaşına yaşayır. Bina özü bərbad vəziyyətdədir. Həmin binada nəinki onların mənzildən, binanın istənilən hissəsindən beton parçasının düşməsi mümkündür. Dəfələrlə müvafiq icra hakimiyyəti orqanlarına binanın təmir olunması ilə bağlı müraciətlər etmələr də, cavabsız qalmışdır. Üstəlik heç kəs sübut edə bilməz ki, həmin beton parçası sırf onların mənzildən qoparaq düşmüşdür. Hadisə baş verdikdən sonrakı vəziyyətə baxmaqla hadisənin necə baş verməsini müəyyənləşdirmək mümkün deyil. İddia ərizəsində dəymiş ziyanla bağlı yazılan məbləğlə bağlı heç nə deyə bilmir, bu məbləği müəyyən etmək mütəxəssislərin işidir. Lakin həmin beton parçasının məhz onlara məxsus mənzildən düşməsini sübut etmək mümkün deyil. Həmçinin qüsur aktı ilə bağlı heç bir mübahisəsinin olmasını bidlirərək məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş kserosurətinə əsasən «Renault Duster» minik markalı, ** PR *** dövlət nömrə nişanlı avtomobil "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş M10170/21 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnamənin təsdiq edilmiş kserosurətinə əsasən "xxxx" MMC-yə məxsus «Renault Duster» markalı ** PR *** dövlət nömrə nişanlı avtomobil 11.02.2021-ci il tarixdən 10.02.2023-cü il tarixədək sığortalanmışdır. Sığorta dəyəri 37.200 manat, şərtsiz azadolma məbləği 500 manat müəyyən edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 09.03.2021-ci il tarixli etibarnamənin təsdiq edilmiş kserosurətindən görünür ki, "xxxx" MMC-yə məxsus «Renault Duster» minik markalı, ağ rəngli, dövlət nömrə nişanlı **-PR-***, mühərrik № C273155, ban № X7LHSRHGD66488328 olan minik avtomobilini idarə etmək hüququ X10 09.03.2021-ci il tarixdən 10.04.2021-ci il tarixədək etibar edilmişdir. İş materiallarında olan 07.04.2021-ci il tarixli qüsur aktının təsdiq olunmuş surətindən görünür ki, «Renault Duster» markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 4120 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 05.05.2021-ci il tarixli M10170/21 №-li sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, nəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış "xxxx" MMC-yə məxsus ** PR *** dövlət qeydiyyat nişanlı «Renault Duster» markalı avtomobil 11.02.2021-ci ildən 10.02.2023-cü il tarixədək sığortalanmış, həmin nəqliyyat vasitəsi 24.03.2021-ci il tarixdə zədələmiş, nəticədə nəqliyyat vasitəsinə dəymiş 3542 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-yə köçürmə yolu ilə ödənilmişdir. İş materiallarında olan 83323 №-li 07.05.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 3542 manat məbləğində pul köçürülmüşdür. İş üzrə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü m/r., A.Mustafayev küçəsi, ev 21, mənzil 51-də qeydiyyatda olan X14 PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 24.03.2021-ci il tarixdə ona məxsus olan «Renault» markalı, ** PR *** dövlət nömrə nişanlı avtomobilin üzərinə yaşadığı binanın 60-cı mənzilinin eyvanından beton parçasının avtomobilin dam hissəsinə düşərək əzmişdir. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 33 saylı MKİS tərəfindən verilmiş 16.04.2021-ci il tarixli arayışına əsasən ev sahibi X8 ünvan 1 ünvanında qeydiyyatdadır. İş üzrə Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.10.2021-ci il tarixli arayışından görünür ki, X2 qəsəbəsi, Mirzə İbrahimov küçəsindəki 6 №-li evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 33 saylı MKİS tərəfindən verilmiş 06.10.2021-ci il tarixli arayışına əsasən X8 ünvan 1 ünvanında qeydiyyatdadır, lakin həmin mənzildə yaşamır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 25.10.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvan ilə iki ədəd mənzil qeydiyyata alınmışdır: 1.Yeni qaydalarla AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 21, M9,m4 olan mənzil X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; 2.Yeni qaydalarla AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 119, M5, m3 olan mənzilin ½ hissəsi Cavabdeh1, ½ hissəsi Cavabdeh2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sənədlərdən görünür ki, - "xxxx" MTK üzvlərinin ümumi iclasının 07.02.2019-cu il tarixli, 5 saylı protokolundan çıxarışına əsasən X9 müəssisənin üzvü qəbul olunmaqla "xxxx" MTK-nın ünvan 3 ünvanında İX mərtəbə, ümumi sahəsi 83 kv.m. olan, 2 otaqlı, 60 saylı mənzilin payçısı olması təsdiq edilməsi, ailə tərkibi 1 nəfər olması, X1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. - "xxxx" MTK tərəfindən verilmiş 07.07.2021-ci il tarixli, 121 saylı maliyyə arayışına əsasən ünvan 3 ünvanında "xxxx" MTK-ya məxsus olan binanın İX mərtəbəsində ümumi sahəsi 83 kv.m. olan, 2 otaqlı, 60 saylı mənzilin pay dəyəri payçı X9 tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03.08.2021-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 21 saylı evin 60 saylı mənzili (Yeni qaydalarla: AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 21, M9,m4) tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətindədir. - Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-679 reyestr nömrəli, 16.10.2016-cı il tarixli şəhadətnamədən görünür ki, 21.09.2014-cü il tarixdə vəfat etmiş İsmayıl İbrahimovun vərəsəsi - oğlu Cavabdeh2dur və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 26.01.2001-ci il tarixdə İsmayıl İbrahimova verilmiş 30/170828 qeydəalma nömrəsi ilə 1137 nömrəli kitabın 170828-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzildən ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.10.2016-cı il tarixli çıxarışlarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 21 saylı evin 60 saylı mənzili (Yeni qaydalarla: AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 119, M5,m3) paylı mülkiyyət hüququ üzrə ½ hissəsi Cavabdeh1, ½ hissəsi Cavabdeh2 mülkiyyətindədir. İş üzrə «Azəriqaz» İB tərəfindən 18 saylı Vəkil Bürosunun vəkili Ədalət Dəmirova ünvanlanmış 11.11.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanına uyğun kod Birliyin abonentlərin uçotu bazasında aşkar olunmadı. ünvan 6 ünvanına uyğun **********00600 saylı kod X3 adına İstehsalat Birliyinn məlumatlar bazasında qeydiyyatdadır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, 24.03.2021-ci il tarixdə paylı (1/2 hissə) mülkiyyət hüququ üzrə Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü m/r., Alı Mustafayev küçəsi, ev 21, mənzil 60 (Yeni qaydalarla: AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 119, M5,m3) eyvanından beton parçası iddiaçıda sığortalanmış "xxxx" MMC-nin mülkiyyətində olan «Renault Duster» markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin düşərək zədələnmiş və həmin ziyanın məbləği olan 3542 manat "xxxx" ASC tərəfindən ödənilmişdir. Məhkəmə iddianın hüquqi cəhətdən əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş hadisəsi nəticəsində sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyindən, onun ödənilmiş ziyan məbləğində ziyan vuran şəxsə subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı hazırki tələblə çıxış etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qeyd olunan maddənin məzmumundan da göründüyü kimi, hazırki cavabdehlər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 02 aprel 2021-ci il tarixli rəsmi arayışına əsasən avtomobilin üzərinə binanın 60-cı mənzilindən beton parçasının düşməsi müəyyən edilmiş və həmin mənzil (otağ) cavabdehlərə məxsus olmuşdur. Zərərin isə qarşısıalınmaz qüvvənin təsirindən olması, həmçinin zərərçəkənin təqsirinində olması müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilmiş diskə əlavə edilməklə fotoşəkillərdən də qeyd olunan beton parçasının sırf 60-cı mənzildən düşərək avtomobilə ziyan dəyməsi də öz təqsdiqini tapmışdır. Məhkəmə həmçinin ziyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktını cavabdehlər mübahisələndirmədiyindən məbləğin yenidən qiymətləndirilməsinə zərurət qalmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, vurulmuş ziyan iddiaçı təşkilat tərəfindən sığortalıya ödənildiyindən, belə olan halda isə iddiaçının vurulmuş ziyanı subroqasiya qaydasında tələb etmək hüququ olduğundan və həmin ziyanın ödənilməsinin cavabdehlərin üzərinə qoyulması qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından yol verildiyindən, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3542 (üç min beş yüz qırx iki) manat məbləğində verilmiş sığorta ödənişinin və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3542 (üç min beş yüz qırx iki) manat məbləğində verilmiş sığorta ödənişinin və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6229/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6229/2021
30.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver