Məhkəmə qərarları › İş №2(006)-623/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-623/2023

07.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-623/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərə görə 100000 (bir yüz min) manat məbləğində kompensasiyanın və 20412 (iyirmi min dörd yüz on iki) manat maddi ziyanın cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1989-cu il tarixində Qazax rayonunda anadan olmuşdur. O, müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra öz müraciəti əsasında 29 avqust 2010-cu il tarixdən Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində gizir kursuna başlamış, burada bir neçə ay ərzində tədris aldıqdan sonra düşmən Ermənistan silahlı birləşmələri ilə keçmiş təmas xəttində yerləşən müxtəlif hərbi hissələrdə gizir rütbəsində xidmətini həyata keçirmişdir. İddiaçı, həmçinin, 2016-cı il aprel döyüşlərinin fəal iştirakçısı olmuşdur. O, 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin davamı kimi 20 may 2017-ci il tarixdə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 04 avqust 2017ci il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 2 ay olmaqla, 20 oktyabr 2017-ci ilə qədər uzadılmışdır. 28 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 20 oktyabr 2017-ci il tarixli hökmü ilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum еdilmişdir. O, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həmin tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmü və məhkəmə hazırlıq iclasının 09 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Pərviz Cəlilova həvalə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 33.1-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş, Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə əhatə olundğu üçün 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsindən həmin Məcəllənin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. 30 iyun 2022-ci il tarixli qərarla iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasənn xitam verilmişdir. Beləliklə, iş üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü (329.2.1-ci maddəsinə tövsif edilməklə) maddəsi ilə irəli sürülmüş ittihama bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı Azərbaycan Ordusunda illər ərzində xidmətinə baxmayaraq, əsassız ittihamlara məruz qalmış, 20 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində həbs olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddəti artırılmış, irəli sürülmüş ittihamla təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum еdilmiş, 20 may 2017-ci il tarixdən 06 avqust 2019-cu il tarixədək həbsdə saxlanılmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən, onun barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən əvvəl sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin may ayında almışdır. Onun orta aylıq əmək haqqı məbləği 756 (yeddi yüz əlli altı) manat təşkil etmişdir. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2019-cu ilin avqust ayına qədər, yəni 27 (iyirmi yeddi ay) ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 20412 (iyirmi min dörd yüz on iki) manat edir (756x27=20412). İddiaçı ona vurulmuş mənəvi zərərə görə isə 100000 (bir yüz min) manat məbləğində kompensasiya tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Qazax rayon Hərbi Komissarlığı tərəfindən verilmiş ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 07 yanvar 2008-ci il tarixdə hərbi xidmətə yararlı hesab edilərək həqiqi hərbi xidmətə çağırılmış, 27 iyul 2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Komandanının 27 iyun 2009-cu il tarixli 7378/h əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Mülki işin materiallarında olan Qazax rayon Hərbi Komissarlığı tərəfindən verilmiş ******* nömrəli hərbi biletin 21-ci səhifəsində olan “Xüsusi qeydlər” hissəsindən görünür ki, Hərbi Xidmət Haqqında Əsasnamənin (HXHƏ) 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) müvafiq olaraq xx.xx.2018-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Tərtər HM-nin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 331.3-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək cəza çəkmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə AR CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 9 ay 14 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin 30 iyun 2022-ci il tarixli qərarından görünür ki, 19 may 2017-ci il tarixdə Tərtər hərbi prokuroru tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılmışdır. 20 may 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 04 avqust 2017-ci il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 2 ay olmaqla, 20 oktyabr 2017-ci il tarixədək uzadılmışdır. 14 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay olmaqla, 19 oktyabr 2017-ci il tarixədək uzadılmışdır. 28 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla cinayət işi aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmənin 20 oktyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə CPM-in 303.3.1, 303.3.3, 303.3.6, 303.3.8 və 398.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmü və məhkəmə hazırlıq iclasının 09 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqinə həvalə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklilk edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə əhatə olundğu üçün 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsindən həmin Məcəllənin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. 30 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru tərəfindən ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə həvalə edilmişdir. Lakin istintaq cinayət işində tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməməsi nəticəsinə gəlmiş və belə hesab etmişdir ki, təqsirləndirilən şəxs İddiaçı əməlində cinayət tərkibinin olmaması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri, ekspert rəyləri, işin faktiki halları, işdə olan və tədqiq edilmiş digər mötəbər sübutlarla təsdiq olunur. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən xitam verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 303 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixli Tərtər Hərbi Məhkəməsinin hökmü ilə AR CM-nin 331.3-cü maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkib və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 9 ay 14 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli xx.xx.2016-xx.xx.2017-ci il tarixləri əhatə edən ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-də olan əmək haqqı hesabına: - xx.xx.2016-cı il tarixdə 705.42 manat; - xx.xx.2016-cı il tarixdə 694.48 manat; - xx.xx.2017-ci il tarixdə 738.00 manat; - xx.xx.2017-ci il tarixdə 484.01 manat; - xx.xx.2017-ci il tarixdə 365.00 manat; - xx.xx.2017-ci il tarixdə 937.16 manat; - xx.xx.2017-ci il tarixdə 593.55 manat məbləğlərində əmək haqqı köçürülmüşdür. Məhkəmə araşdırmaları zamanı hazırki işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı barəsində olan cinayət işinin təsdiq edilmiş surətinin (İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin uzadılması barədə məhkəmə qərarları və onun barəsində olan məhkəmə hökmləri və qərarları, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar və s. sənədlər daxil olmaqla) Azərbaycan Respublikasının Baş Prokurorluğundan və Tərtər Hərbi Prokurorluğundan, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində işlədiyi (müddətdən artıq həqiqi hərbi xidmət keçməsi barədə) müddət barədə və işlədiyi dövrdə əmək haqqı barədə məlumatların Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən və İddiaçı hansı tarixdən və hansı səbəblərə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində işlədiyi vəzifədən xaric edilməsi (müvafiq təsdiqedici sənədlər əlavə edilməklə) barədə məlumatların Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən tələb edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Tərtər Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 22HP102 nömrəli cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğu vasitəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023cü il tarixli 11/127, 11/129 saylı məktublarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərardadı İddiaçı işlədiyi vəzifədən xaric edilmə tarixi və səbəbi barədə məlumat verilmə hissəsində (müvafiq təsdiqedici sənədlər əlavə edilməklə) icra edilməsi və nəcitəsi barədə məhkəməyə məlumat verilməsi üçün aidiyyəti üzrə Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisinə, N nömrəli hərbi hissənihn komandirinə göndərilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vasif Həsənlinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərardadının icrası müvafiq qurumlar tərəfindən təmin edilməmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, 19 may 2017-ci il tarixdə Tərtər hərbi prokuroru tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılmışdır. 20 may 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 04 avqust 2017-ci il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 2 ay olmaqla, 20 oktyabr 2017-ci il tarixədək uzadılmışdır. 14 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay olmaqla, 19 oktyabr 2017-ci il tarixədək uzadılmışdır. 28 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla cinayət işi aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmənin 20 oktyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə CPM-in 303.3.1, 303.3.3, 303.3.6, 303.3.8 və 398.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmü və məhkəmə hazırlıq iclasının 09 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqinə həvalə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklilk edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə əhatə olundğu üçün 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsindən həmin Məcəllənin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. 30 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru tərəfindən ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə həvalə edilmişdir. Lakin istintaq cinayət işində tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməməsi nəticəsinə gəlmiş və belə hesab etmişdir ki, təqsirləndirilən şəxs İddiaçı əməlində cinayət tərkibinin olmaması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri, ekspert rəyləri, işin faktiki halları, işdə olan və tədqiq edilmiş digər mötəbər sübutlarla təsdiq olunur. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli qərarla İddiaçı Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi, İddiaçı 20 may 2017-ci il tarixdən 06 avqust 2019-cu il tarixinə kimi, yəni 2 (iki) il 2 (iki) ay 17 (on yeddi) gün (807 gün) müddətində qanunsuz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 20 may 2017-ci il tarixindən 06 avqust 2019-cu il tarixinə kimi qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində aylıq əmək haqqısından məhrum olmuş, nəticədə ona maddi zərər dəymişdir. Belə ki, məhkəmə qərarı ilə həbs olunduqdan sonra, yəni 20 may 2017-ci il tarixindən faktiki olaraq işdə olma imkanı olmadığına görə ona əmək haqqı ödənilməmiş, həmin tarixə qədər isə iddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin “gizir” rütbəli hərbi qulluqçusu olaraq Azərbaycan Ordusunda xidmət etmiş, onun barəsində hökmün qanuni qüvvəyə minməsi ilə əlaqədar Hərbi Xidmət Haqqında Əsasnamənin (HXHƏ) 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətlərə görə azadlıqdan məhrum olunduğu üçün) müvafiq olaraq xx.xx.2018-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı tərəfindən təqdim edilən kart üzrə çıxarış əsasında müəyyən olunur ki, iddiaçının orta aylıq əmək haqqı məbləği “(705.42 + 694.48 + 738.00 + 484.01 + 365.00 + 937.16 + 593.55) / 6 = 752.93” manat, müvafiq olaraq orta günlük əmək haqqı məbləği isə “752.93 / 30.4 = 24.76” manat təşkil etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanunsuz olaraq həbsdə saxlanıldığı 807 gün müddətində iddiaçıya 19.982 (24.76 * 807 ≈ 19.982) manat məbləğində maddi zərər dəymişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi maddi ziyan hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 19.982 (on doqquz min doqquz yüz səksən iki) manat məbləğində maddi zərərin əvəzi İddiaçı verilməlidir. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). Avropa İnsan Hüquqları Məhkəməsi «Kalaşnikov Rusiyaya qarşı» iş üzrə 15 iyul 2002-ci il tarixli qərarda Konvensiyanın 3-cü maddəsinin, 5-ci maddəsinin 3-cü bəndinin və 6-cı maddənin 1ci bəndinin pozulması faktını müəyyən etməklə yanaşı Konvensiyanın 41-ci maddəsinin zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsi müddəasına istinad edərək dəymiş zərər, mənəvi ziyan, məhkəmə xərcləri və digər məsrəflər məsələsini də müzakirə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur və məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsinin aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsinin qismən, yəni 27.000 (iyirmi yeddi min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, İddiaçı 20 may 2017-ci il tarixindən 06 avqust 2019-cu il tarixinədək, yəni 2 (iki) il 2 (iki) ay 17 (on yeddi) gün həbsdə saxlanılması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratsa da, stres, əzab və əziyyətlər versə də, bunun qarşılığının dəymiş mənəvi ziyana görə iddia edilən 100.000 (yüz min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 19.982 (on doqquz min doqquz yüz səksən iki) manat məbləğində maddi zərərin, 27.000 (iyirmi yeddi min) manat məbləğində mənəvi zərərin əvəzi, ümumilikdə 46.982 (qırx altı min doqquz yüz səksən iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 19.982 (on doqquz min doqquz yüz səksən iki) manat məbləğində maddi zərərin, 27.000 (iyirmi yeddi min) manat məbləğində mənəvi zərərin əvəzi, ümumilikdə 46.982 (qırx altı min doqquz yüz səksən iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar